PDF Oxu

Əsas

  • 16

“Azərbaycan Qərb üçün xammal mənbəyi mövqeyindən çıxaraq , Avropanın bir hissəsinə çevrilə bilər”

“Azərbaycan Qərb üçün xammal mənbəyi mövqeyindən çıxaraq , Avropanın bir hissəsinə çevrilə bilər”
"Cənub dəhlizi" üzrə Praqada keçirilmiş zirvə toplantısı yerli və xarici kütləvi informasiya vasitələrinin diqqət mərkəzindədir. Qeyd edək ki, Azərbaycan bu sammitdə dövlət başçısı səviyyəsində iştirak edərək sammitin yekun sənədini imzalamış və bununla da "Cənub dəhlizi" nin reallaşmasına dəstək verdiyini rəsmi səviyyədə bəyan etmişdir. Xarici mətbuat da Praqa sammitinin keçirilməsini mühüm siyasi hadisə hesab edərək öz səhifələrində buna yer ayırmışdır...
"Los Angeles Times" hesab edir ki, "Praqa sammitinin nəticələri bir daha göstərdi ki, Avropa Birliyinin indi qarşısına qoyduğu iki məqsəd var. Onlar region dövlətlərini mümkün qədər qısa zamanda, özü də effektiv şəkildə Rusiyanın təsirindən kənarlaşdırmaqla, həmin ölkələrin Avratlantik məkana inteqrasiyası istiqamətli siyasətini intensivləşdirmək, habelə, regionun enerjidaşıyıcıları ehtiyatlarından yararlanaraq karbohidrogen təminatı sahəsində Rusiyadan asılılıqdan yaxa qurtarmaqdır".
"Praqa sammitinin üçüncü və Avropa Birliyinin, hələlik, etiraf etmək istəmədiyi nəticəsi də var. İş ondadır ki, postsovet ölkələrində, xüsusilə də, Ermənistan, Türkmənistan, Qazaxıstan və Özbəkistanda daxili siyasi, həmçinin, hüquqi islahatlar sürətləndirilərsə, vəziyyət Avropanın xeyrinə daha sürətlə dəyişə bilər. Məsələn, belə islahatlar nəticəsində Azərbaycan Qərb üçün xammal mənbəyi və rahat geosiyasi tranzit məkanı mövqeyindən çıxaraq Avropanın real olaraq bir hissəsinə çevrilə bilər. Praqa sammiti, əsasən, enerji təhlükəsizliyi məsələlərinə həsr olunsa da, orada Avropa Birliyinin faktiki yox, ideoloji və siyasi baxımdan Şərqə, postsovet məkanına doğru genişlənməsi məsələlərinin qabardılması bizi sevindirməyə bilməz. Ümid edək ki, Avropa bu dəfə neftlə qazı, bir də siyasi maraqlarını demokratiyadan üstün tutmayacaq" qəzet yazır.
"Deutsch Welle" əmindir ki, Avropa Birliyi ilə Cənubi Qafqaz ölkələri, xüsusilə də, Azərbaycan və Gürcüstan arasında əlaqələr birtərəfli yolu xatırlatmamalıdır: "Avropa Birliyi indi daha çox kommunikasiya və energetika məsələlərinə diqqət yetirir. Bakı və Tbilisi isə real əməkdaşlıq, ikitərəfli hərəkət, Brüsselin istəklərinin reallığını sübut etməsi üçün ilkin dönəmlərdə viza rejiminin sadələşdirməsini istəyir. Azərbaycanla Gürcüstanı anlamaq olar. Onların qarşısına indiyədək yalnız tələb və şərtlər qoyulur, vədlər verilir, planlara qatılmağa dəvətlər yollanır. Qərb Bakı və Tbilisidən birmənalı şəkildə Atlantik inteqrasiya yolunu tutmalarını istəyir. Anladıq. Bəs əvəzində, bu ölkələrə biz nə veririk? Vədlər və proqramlar bir yana, real işlər nədir?"
Məşhur "The Economist" dərgisi isə, əksinə, Praqa sammitinin çox önəmli olduğunu vurğulayır. NATO-nun Gürcüstanda birgə təlimlər keçirməyə başladığı ərəfəyə təsadüf edən sammit Rusiya üçün ciddi xəbərdarlıqdır. "NATO Azərbaycan və Gürcüstanla "Sülh Naminə Tərəfdaşlıq" proqramı çərçivəsində işbirliyi ilə kifayətlənmək niyyətində deyil. Şimali Atlantika Alyansı bu dəfə fəallaşaraq bölgə dövlətlərini Kremlin zəhərli təsir, daha doğrusu, təzyiq cəhdlərindən qurtarmaq üçün Bakı ilə Tbilisiyə daxili asayiş, terrorla mübarizə və təhlükəsizliyin təminatı sahəsində işbirliyi təklif edir. Bu, aşkar işbirliyi və əməkdaşlıq dəvəti olmaqla yanaşı, NATO-nun davranış strategiyasındakı ciddi dəyişikliklərdən xəbər verir. NATO artıq Azərbaycanla Gürcüstanda dövlət və milli təhlükəsizliyin təminatı, habelə, antiterror fəaliyyətində hamiliyə hazırdır. Brüssel taktikanı dəyişir. Həmin dəyişiklikləri konkret ifadə etsək, demokratik dəyərlərlə bağlı fərqli mövqelər sıx əməkdaşlığa mane olmayacaq".
"The New York Times" Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən bəhs edərək bildirir ki, Azərbaycan və Ermənistan prezidentlərinin Praqada keçirilən görüşü tərəflər arasında çox ciddi, konseptual anlaşılmazlıqların mövcudluğunu bir daha nümayiş etdirdi. Minsk Qrupunun həmsədrləri danışıqlar prosesində irəliləyişə nail olunduğunu deyirlər. "Onların sözlərinə görə, Minsk Qrupunun həmsədrlərinin indi əsas məqsədləri İlham Əliyevlə Serj Sarkisyan arasında Praqada əldə edilmiş razılaşmanı danışıqlar prosesində əhəmiyyətli irəliləyişə inikas etdirmək, yekun sülh müqaviləsində əksini tapacaq müddəalara döndərməkdir. Dağlıq Qarabağ münaqişəsinin dinc yolla nizamlanması prosesində əsas məsələlər Azərbaycan və Ermənistanın qarabağlı ermənilərin təhlükəsizliyinə və azərbaycanlı məcburi köçkünlərin evlərinə qayıdışlarına təminat vermələri, münaqişə bölgəsində beynəlxalq sülhməramlı qüvvələrin yerləşdirilməsi, Ermənistan və Dağlıq Qarabağın silahlı birləşmələrinin işğal altında saxladıqları Azərbaycan ərazilərindən çıxarılmaları, deportasiya edilmiş əhalinin qayıdışı, Kəlbəcər və Laçın rayonlarının statusları ilə bağlı danışıqların aparılması, Dağlıq Qarabağın statusunun yekun referendum vasitəsilə təyin edilməsinə qədər müvəqqəti statusun müəyyənləşdirilməsi, Azərbaycanla Ermənistan arasında bütün nəqliyyat kommunikasiyaları və ticarət yollarının açılması, Azərbaycanın Ermənistana qarşı tətbiq etdiyi blokadanın aradan qaldırılması, habelə, Azərbaycan və Ermənistanın atəşkəs rejiminə tam riayət edərək hərbi qüvvə tətbiqindən çəkinmələri, radikal və militar ruhlu ritorikaya son qoymaq, xalq diplomatiyası və güzəştli qərarların müzakirələrini gücləndirmək, Azərbaycan və Ermənistan parlamentlərini belə müzakirələrə sövq etmək, ən nəhayət, azərbaycanlarla ermənilər arasında əlaqələrdəki sədləri tədricən aradan qaldırmaqdır. Həmsədrlər nikbin bəyanatlar verir, irəliləyişin mümkünlüyündən danışırlar. Lakin sadalanan müddəaların həyata keçirilməsi üçün indiki səylərin ən azı iki dəfə gücləndirilməsi tələb olunur" qəzet yazıb.
"Chosun İlbo" bildirir ki, Azərbaycan və Ermənistan artıq Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının baza prinsiplərini razılaşdırıblar. "Dövlət başçıları Praqadakı görüş əsnasında apardıqları müzakirələrdə baza prinsiplərin mürəkkəb toplusunu reallaşdırmaq üçün əsas məsələlərdə razılaşıblar. Tərəflər nizamlanmanın "Madrid prinsipləri"ni qəbul edib. Bu prinsiplər isə ərazi bütövlüyü, millətin öz müqəddəratını təyinetmə hüququnun tanınması və münaqişəni həll etmək üçün güc tətbiqindən çəkinməkdir".
"The Dayton Daily News" zənn edir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yaxın vaxtlarda əhəmiyyətli irəliləyiş ola bilər. Müzakirələrdə Avropa Birliyi və ABŞ-ın fəallığını böyük qıcıqla qarşılayan, Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünün danışıqlar prosesinin Qərbin tam nəzarətinə keçməsi istiqamətində əhəmiyyətli addım ola biləcəyini anlayan Rusiya baş verənlərə müdaxiləsini daha da sərtləşdirəcək. Azərbaycan və Ermənistanın dövlət başçılarının iyunda Sankt-Peterburqda keçiriləcək iqtisadi forumda bir araya gətirəcək Kreml Dağlıq Qarabağ probleminin nizamlanmasına yönəlmiş yekun razılaşmanın məhz orada əldə edilməsinə çalışır. "Kreml dəfələrlə bildirib ki, Cənubi Qafqaz onun strateji maraq dairəsidir və kənar qüvvələrin bu regionda fəallığını alqışlamır. Kənar qüvvə dedikdə Moskvanın Qərb və Avropa Birliyini nəzərdə tutduğu aydındır. Belədə Rusiya ən yaxın vaxtlarda təzyiqləri artıracaq, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə razılaşmanın məhz Kremli təyin edən formatda əldə olunması üçün bütün vasitələrə əl atacaq. Moskva tərəfləri razılaşdırmaq üçün ermənilərə pul, azərbaycanlılara isə ucuz silah təklif edib. Üstəlik də, hər iki dövlətə böyük qardaş hamiliyi- şirnikləndirici təkliflərdir. Moskvanın daha çox pressinqə və ultimatumlara bənzəyən bu təkliflərini zərərsizləşdirmək üçünsə Qərb fəal olmalı, tələsməlidir. Bizdən fərqli olaraq, Kreml postsovet məkanındakı ölkələri çox ağır seçim qarşısında qoya bilir".
Onu da qeyd edək ki, Azərbaycan və Ermənistan prezidentlərinin Praqa görüşünə beynəlxalq aləmin bu cür yüksək marağı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda həlledici dövrün başlanmasından xəbər verir...

Digər xəbərlər