STRATEJİ MÜTTƏFİQLİYİN SARSILMAZ İFADƏSİ
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın Bakıya rəsmi səfəri yerli və xarici kütləvi informasiya vasitələrinin diqqətində olan əsas mövzulardan biridir. Xüsusilə, Türkiyə mətbuatı səfərin gedişi, aparılan danışıqlar, keçirilən görüşlər barədə operativ olaraq bütün məlumatları yayıb. Türkiyə Baş nazirinin Azərbaycana rəsmi səfərinin bu qədər böyük maraq kəsb etməsinin səbəbləri məlumdur. Son iki ayda məlum hadisələrlə bağlı yaşanan gərginlik bütün nəzər-diqqəti məhz bu mövzuya yönəldib. Lakin R.T.Ərdoğanın səfəri və Bakıda verdiyi bəyanatlar bütün bu narahatlıqların üstündən xətt çəkdi, bu iki qardaş ölkə arasındakı münasibətlərin sarsılmazlığını növbəti dəfə təsdiqlədi...
Türkiyə Baş nazirinin səfəri barədə reportajarlar Türkiyənin ən populyar telekanaları "TRT-1", "TRT-Avrasiya", "TRT-2", "TRT-Int", "Kanal-D", "ATV", "SOU-TV", "NTV", "Si-En-En-Türk", "Xəbər-Türk" "Samanyolu-TV", "TQRT", "TV-8", "TV-7", "Flaş TV" vasitəsilə artıq bütün dünyaya yayımlanıb. Həmçinin, "Hürriyyət", "Milliyyət", "Sabah", "Axşam", "Türkiyə", "Zaman", "Yeni Şəfəq", "Radikal", "Tərcüman", "Ortadoğu", "Posta", "Cümhuriyyət" kimi nüfuzlu nəşrlər Baş nazirin səfəri ilə bağlı təhlillər verib. Onlarla qəzet və jurnal bu səfərin Türkiyə-Azərbaycan strateji münasibətlərinə vəd etdiyi uğurları, gerçəklikləri araşdırıb. "Erməni sindromu"na qarşı bu iki dövlətin birgə mübarizə strategiyası geniş təhlil edilib.
"Sabah" qəzeti Azərbaycan-Türkiyə əməkdaşlığının inkişaf dinamikasına nəzər salaraq, iki strateji müttəfiq dövlətin daha sıx inteqrasiyaya can atmasını təbii qarşılayıb və bildirib ki, Baş nazirin səfəri Azərbaycan xalqı və hökumətindəki bütün şübhələrə son qoydu. Qəzet Azərbaycanın və onun yerləşdiyi geosiyasi məkanın Türkiyə üçün böyük əhəmiyyət kəsb etməsi faktına toxunaraq, bildirir ki, bir müddət əvvəl Ermənistanla sərhdlərin açılacağı barədə yaranmış ajiotajın xülya olduğu üzə çıxıb: "Türkiyənini Orta Asiya ilə bağlayan bütün kommunikasiya vasitələri Azərbaycanın ərazisindən keçir. Azərbaycan Türkiyə-Orta Asiya işbirliyinin mövcudluğunu şərtləndirən və buna təminat verən yeganə ölkədir və təbii ki, bu strateji məntəqə erməni lobbisinin uydurma "genosid" nağıllarına qurban verilə bilməzdi". Qəzet hər iki ölkənin etnik bağlılılığı faktını, dil, din, kültür ortaqlığını bir daha xatırladaraq, Prezident İlham Əliyevin irəli sürdüyü belə bir tezislə şərik olduğunu da bildirib: "Bizim gücümüz bir yerdə olmağımızdadır".
"Türkiyə" qəzeti isə Azərbaycan Prezidenti və Türkiyə Baş nazirinin Bakıda mətbuat qarşısında verdikləri bəyanatın detallarına toxunub. Qəzet yazır ki, hər iki liderin bəyanatı bütün sahələrdə Türkiyə-Azərbaycan strateji əməkdaşlığının sarsılmazlığını ifadə edir: "Tərəflər Azərbaycan-Türkiyə strateji əməkdaşlığının davam etdirilməsi naminə siyasi iradə nümayiş etdiriblər. Bəyanatlarda diplomatik, iqtisadi, mədəni və s. müstəvilərdə əməkdaşlığın inkişaf proritetləri öz əksini tapıb. Erməni məsələsi qapadılıb və arxivə atılıb".
"Türkiyə Ermənistana öz qapılarını açmayacaq. Bu fakt birmənalıdır və onun üzərində aparılan manipulyasiyanın perspektivi yoxdur". Baş nazir R.T.Ərdoğanın Bakıya rəsmi səfərinin nəticələrindən bu qənaətə gələn "Milliyyət" qəzeti isə Azərbaycanın Türkiyə üçün strateji əhəmiyyətini xüsusi olaraq qeyd edir. Məqalədə Ankaranın Bakı ilə strateji müttəfiqlik sahəsində yeni baxışlarının ortaya çıxması qabardılıb. Qeyd olunur ki, sürətlə dəyişməkdə olan geosiyasi reallıqlar müttəfiqlik münasibətlərində yeni dəyərlərin prioritet kimi qəbul edilməsini tələb edir: "AB-nin üzvü olan bəzi ölkələr Türkiyənin regiondakı nüfuzunu həzm edə bilmir. Buna görə də, bəzən ona və müttəfiqlərinə sərf etməyən təkliflərlə çıxış edir. Məsələn, həmin təkliflərdən biri Türkiyənin Ermənistan sərhədlərinin açılması ilə bağlıdır. Bəlli olduğu kimi, AB hələ Kopenhagen sammitində belə bir qərar qəbul etişdi ki, "əgər ölkə AB-yə qəbul olunmaq istəyirsə, ölüm hökmünün ləğvi, kürd icmasına öz dilində təhsil almaq hüququnun verilməsi, uydurma "erməni soyqırımı"nın tanınması ilə yanaşı Ermənistanla sərhədlərini də açmalıdır".
Təbii ki, bütün təzyiq və təhdidlərə baxmayaraq, Türkiyə hökumətinin mövqeyi real həyatda "Bir millət - iki dövlət" düsturunun əbədiyaşarlığını da sübuta yetirdi. Baş nazir Bakıdakı bəyanatlarında da qeyd etdi ki, Türkiyə ictimai rəyində və onun başçılıq etdiyi hökumətdə Dağlıq Qarabağ münaqişəsinə maraq Azərbaycanın milli mənafelərinə əsaslanıb və bu siyasət dəyişməz olaraq qalır: "Dağlıq Qarabağın işğalı bir səbəbdir. Sərhədlərin bağlanması bir nəticədir. Dağlıq Qarabağ işğal edildiyi üçün Türkiyə sərhədləri bağlamışdır. İşğala son qoyulmayınca bilavasitə sərhədlərin açılması da mümkün deyildir. Bunu çox açıq şəkildə bir çox yerdə ifadə etdiyim kimi, bu gün Bakıda da bunu ifadə edirəm. Təbii ki, burada digər bir atılmalı olan addım Minsk Qrupu üçlüyünün - ABŞ, Rusiya, Fransa - 18 ildir sürən müzakirələri sürətləndirməsi və qısa bir zamanda nəticə əldə olunması vacibdir. Burada da, yenə inanıram ki, son qərar dəyərli qardaşım Əliyevlə Ermənistan Prezidenti Sarkisyanın görüşlərində əldə ediləcəkdir. Ondan sonra bizim də üzərimizə bir vəzifə düşərsə, həmin vəzifəni icra edərik".
Prezident İlham Əliyev də Türkiyə Baş nazirinin Bakıya rəsmi səfərini yüksək qiymətləndirərək iki qardaş ölkə arasında münasibətlərin durmadan inkişaf etdiyini və bu münasibətlərin bütün region üçün örnək olduğunu vurğulayıb. Dövlət başçısı bildirib ki, bu səfər ölkələrimiz və onların hökumətləri arasındakı qardaşlıq əlaqələrinin təcəssümünə çevrildi: "Türkiyə ilə Azərbaycan arasında əlaqələr, həmişə olduğu kimi, çox yüksək səviyyədədir. Bizim xalqlarımız qardaş xalqlardır və bu birlik, qardaşlıq, əlbəttə ki, ikitərəfli əlaqələrin inkişafına xüsusi önəm verir. Biz bu gün həm ikitərəfli məsələləri geniş müzakirə etdik, həm də bölgədə mövcud olan vəziyyət nəzərdən keçirildi. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həlli yolları müzakirə olundu və danışıqlar prosesi haqqında mən hörmətli cənab Baş nazirə öz fikirlərimi bildirdim. Regional vəziyyət, regionda baş verən hadisələr, şübhəsiz ki, diqqətimizdən kənarda qalmadı. Eyni zamanda, Türkiyə ilə Azərbaycan arasında iqtisadi əlaqələr, enerji sektorunda əldə edilmiş nailiyyətlər və perspektivlər haqqında da çox səmimi söhbətimiz olmuşdur".
Türkiyə Baş nazirinin Bakıya rəsmi səfəri digər rakurslardan da müzakirə olunur. Xarici ekspertlər əminliklə bildirirlər ki, Türkiyə Baş nazirinin Bakıya səfəri hərbi-texniki əməkdaşlıq sahəsində də yeni perspektivlər açıb. Xüsusilə, 1999-cu ildə imzalanan Trabzon Bəyannaməsindən irəli gələn vəzifələrin icrası ilə bağlı fikir mübadiləsi aparılıb. Bu, bəyannamə beynəxalq terrorizmə qarşı birgə mübarizəni ehtiva edir. Ümumiyyətlə, 1999-cu ildən ötən 10 il ərzində regionda cərəyan edən hadisələr təsdiqləyir ki, Türkiyə-Azərbaycan strateji müttəfiqliyi Cənubi Qafqazın geosiyasi təhlükəsizliyinə təminat verən yeganə amil olaraq qalır. Təbii ki, bölgəni əhatə edən neft və qaz kəmərlərinin təhlükəsizlik problemləri bu, əməkdaşlığın daha da dərinləşdirilməsini tələb edir. Onu da xatırladaq ki, həm Türkiyə, həm də Azərbaycan Birləşmiş Ştatların rəhbərlik etdiyi antiterror koalisiyasının fəal üzvləridir. Şübhə yoxdur ki, İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın görüşündə bu, tendensiya geniş müzakirə predmetinə çevrilib.
Lakin ilk növbədə, etiraf edək ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişaf etdirilməsi hər iki dövlətin prioritet sahəsidir və bu amili nəzərə alan tərəflər davamlı siyasət yürüdür. Bölgədə yeganə iki qardaş ölkə olan Azərbaycanla Türkiyənin əlaqələrinin necə olmasından bütövlükdə geosiyasi düzənin taleyi asılıdır. Faktiki olaraq, neçə illərdir ki, məhz bu məsələ əsas müzakirə obyektidir və təsadüfi deyil ki, bu məsələ T.Ərdoğanın bəyanatında da öz əksini tapdı: "Bizim tarixi birliyimiz müzakirə mövzusu deyil. Buna kölgə salmaq istəyənlərə də, şübhəsiz ki, bu görüşlərimiz ən gözəl cavabı vermiş olacaqdır. Bizim bu görüşümüzdə də müzakirə edilən ən önəmli məsələ şübhəsiz ki, budur. Bir az sonra parlamentdə edəcəyim çıxışda bunları çox açıq şəkildə ifadə edəcəyəm. Təbii ki, ikitərəfli əlaqələrimizin təməlində bizim "bir millət - iki dövlət" anlayışımız eynilə davam etməkdədir. Xüsusilə, Azərbaycanın Dağlıq Qarabağ məsələsindəki həssaslığı, həmçinin, bizim də həssaslığımızdır. Dağlıq Qarabağ məsələsində bu günə qədər yol verilmiş bəzi möhtəkirlikləri Türkiyə olaraq, Türkiyə Cümhuriyyətinin hazırkı hökuməti olaraq bizim qəbul etməyimiz mümkün deyildir. Bu günə qədər necə qəbul edilməyibsə, bu gün də eyni şəkildə qəbul edilə bilməz, inanıram ki, belə bir şey bundan sonra da əsla qəbul edilməyəcəkdir".
O da etiraf edilməlidir ki, bölgədə geosiyasi təhlükəsizliyin təmin edilməsi, ilk növbədə, Türkiyə-Azərbaycan münasibətlərindən irəli gələn tendensiyadır, lakin bu, kontekstdən Ankaranın özəl maraqlarını da nəzərə almaq lazımdır. Çünki həqiqətən də, son illər bölgədə Türkiyənin milli mənafelərinə xələl gətirən hadisələr baş verməkdədir. Bu tendensiyalar getdikcə daha təhlükəli xarakter daşıyır. Bu baxımdan, diqqəti Ermənistan amili üzərində cəmləşdirmək daha maraqlı olardı. Bəlli olduğu kimi, bu ölkə son illər kütləvi silahlanmaya külli miqdarda vəsait ayırır. Lakin Ermənistanın hərbi doktrinasının müdafiə xarakteri daşıdığına böyük şübhələr var. Bunu Rusiya-Ermənistan hərbi əlaqələri də təsdiqləyə bilər. Qeyri-rəsmi məlumatlara əsasən artıq Rusiyanın Ermənistan ərazisindəki hərbi bazalarındakı qulluqçuların sayı 80 min nəfərə çatıb. Eyni zamanda, sərhədlərin birgə mühafizəsi adı altında Rusiya Türkiyə ilə sərhəddə ən müasir raket komplekslərini yerləşdirib. Bu isə Ankaranın milli təhlükəsizliyinə qarşı yönələn diversiya xarakterli addım hesab edilə bilər. Həmçinin, onu da nəzərə almaq lazımdır ki, anti-Türkiyə xarakterli fəaliyyətə qurşanan bəzi hərbi-siyasi qruplaşmaların da, Ermənistan ərazisindən tranzit kimi istifadə etməsinə dair çoxlu sayda faktlar var. Onlar Ermənistanın hərbi-siyasi rəhbərliyinin dəstəyi ilə sərbəst fəaliyyət göstərir və istənilən an sərhədi keçə bilirlər. Eyni zamanda, bir müddət əvvəl Türkiyədə kütləvi insan qırğını ilə sonuclanan terror aktlarının da, məhz həmin qruplar tərəfindən törədilməsi ilə bağlı istintaqın əlində çoxlu sayda sübutlar var. Aparılan araşdırmalar nəticəsində məlum olmuşdur ki, həmin şəxslər uzun illər Ermənistan və Azərbaycanın işğal edilmiş ərazilərində hərbi təlimlər keçiblər. Bu baxımdan, təbii ki, Türkiyə Ermənistan amilinə biganə qala bilməz. Heç də təsadüfi deyil ki, Türkiyə Baş naziri məhz Bakıdan Ermənistana himayədarlıq edən Rusiyaya yola düşdü.
Bütün bunlara rəğmən, onu da etiraf etməliyik ki, Türkiyə-Azərbaycan münasibətlərindəki bugünkü yüksək etimad və əməkdaşlıq mühiti, həm də Prezident İlham Əliyevin davamlı siyasi xəttinə əsaslanır. Hətta məlum son hadisələr baş verərkən rəsmi Bakı öz təmkini itirmədi, əbədi qardaşlıq və dostluq əlaqələrinə sadiq qaldı. Prezident İlham Əliyev həm də rəsmi olaraq bildirdi ki, bu münasibətlər daim irəliyə doğru gedəcəkdir: "Beynəlxalq məsələlərdə Türkiyə ilə Azərbaycan bir çox hallarda vahid mövqedən çıxış edir. Əlbəttə, bu bölgədə yerləşdiyimizə görə biz istəyirik ki, bölgədə sülh nə qədər mümkünsə, tez təmin olunsun, Azərbaycanın ərazi bütövlüyü bərpa olunsun və beləliklə, bölgə geniş mənada əməkdaşlıq çərçivəsində inkişaf etsin. Mən aparılan danışıqlardan və keçirdiyimiz söhbətlərdən razıyam. Hesab edirəm ki, hər zaman olduğu kimi, səmimi söhbətlər bir çox məsələyə aydınlıq gətirdi və ən önəmlisi gələcək birgə fəaliyyət və əməkdaşlıq üçün çox gözəl şərait yaratdı".