PDF Oxu

Əsas

  • 14

ADNA-da baş verən qanlı olayın izləri uzun illər silinməyəcək

ADNA-da baş verən qanlı olayın izləri uzun illər silinməyəcək
"Dialab" Tibb Mərkəzi "Azadlıq" qəzetində yazılanlara etiraz edir
Aprelin 30-da Azərbaycan Dövlət Neft Akademiyasında törədilən qanlı olay hər bir azərbaycanlını, eləcə də, Azərbaycan xalqına dost olan millətləri də sarsıdıb. Vətənə, torpağa bağlı insanlar günahsız tələbə - gənclərin, müəllimlərin gülləbaran edilməsini insanlığa, bəşəri dəyərlərə basqı kimi qiymətləndiriblər. Təbii ki, baş verən olaya operativ müdaxilə etməklə, kütləvi insan qırğınının qarşısını alan Azərbaycan hüquq-mühafizə orqanları cinayətkarları və onların arxasında dayanan sifarişçi qaniçənləri aşkar edərək, ədalət məhkəməsi qarşısına çıxarılmasını təmin edəcək. Hələlik isə, səbr etmək və istintaqın araşdırmalarını gözləmək lazımdır. Təəssüf ki, bəzi qəzetlər və siyasi qruplar insanların əsəbləri ilə oynayan, bir növ cəmiyyətdə çaşqınlıq yaratmağa xidmət edən mövqe sərgiləyirlər. Bu da bəzi ekspertlərin dediyi kimi, qanlı olayı təşkil edən cinayətkarlarla həmrəylikdən başqa bir şey deyil. "Azadlıq", "Yeni Müsavat", "Bizim yol" və bu kimi müxalifət qazanının dibini yalayan siyasiləşmiş qəzetlər baş verən qanlı olayla bağlı Qərb kinolarında nümayiş etdirilən və körpə uşaqları riqqətə gətirən "KQB", "FTB" əməkdaşları kimi şərhlər, analizlər verir, gah da Don Kixotluq edib, fərziyələr irəli sürürlər. Bəzən isə, xəfiyyə rolunun ifaçıları ayrı-ayrı özəl tibb klinikalarını, dövlət qurumlarını hədəfə alıb, onlar barəsində ağzıgöyçəklik edirlər. Bulaq üstündə dayanıb, onun-bunun qeybətini edən qadınlarsayağı şayiələr yayırlar. "Azadlıq" qəzetinin 5 may 2009-cu il tarixli sayında "Dialab" Tibb Mərkəzi hədəf seçilənlərdəndir. Qəzet "Dialab"ın adından ADNA-nın binasına yapışdırılan elanda guya tibb mərkəzi gül bayramının keçirilməsinə etiraz etdiyi qeyd edilib.
Redaksiyamızda olan "Dialab" Tibb Mərkəzinin direktoru Alim Piri oğlu Əliyev "Azadlıq" qəzetində yazılanlara etiraz etdiyini bildirdi: "Hər bir azərbaycanlı kimi, mən və "Dialab" Tibb Mərkəzində çalışanlar ADNA-da baş verən qanlı olaydan sarsıntı keçirdik. ADNA-da törədilən qanlı olayda vəfat edənlərin ailələrinə başsağlığı verir, yaralananlara isə Allahdan şəfa diləyirik. Bu olay bizlər üçün hüzndür, uzun illər unudulmayacaq bir faciədir".
A.Əliyevin dediyinə görə, sarsıntılar keçirdiyimiz bir zamanda "Azadlıq" kimi siyasiləşmiş qəzetlər bizlərdən öz siyasi məqsədləri üçün istifadə etməyə cəhd etmələri yalnız təəssüf hissi doğurur. Tibb mərkəzi olaraq, qəzetin təsisçisinə qəti etirazımızı bildiririk: "Hesab edirəm ki, cəmiyyətdə çaşqınlıq yaradılmasına cəhd göstərilməsi heç kimə, o cümlədən, siyasi qüvvələrə başucalığı gətirməz. Biz tibb işçiləri olaraq, neqativ yol tutan işbazlardan bəd əməllərindən çəkinməyə çağırırıq. Həkimlər sülhə, barışığa meyil göstərən təbəqədir. Bu prinsip Hipokrat andının tələbləridir. Biz bu tələblərdən irəli gələrək hər bir insana yardım göstərir, onların sağlamlığında dayanmağa çalışırıq. Bunu yaxşı olardı ki, "Azadlıq" qəzetinin təsisçisi də başa düşsün".

Digər xəbərlər