PDF Oxu

Əsas

  • 17

Ulu öndərin siyasəti bizi uca zirvələrə aparır

Ulu öndərin siyasəti bizi uca zirvələrə aparır
Dünən 317 saylı dövlət orta ümumtəhsil məktəbində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə çıxış edən məktəbin direktoru Əliqismət Səfərov, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığına nəzər salaraq, Onun Azərbaycan xalqı qarşısındakı xidmətlərindən söhbət açdı. Qeyd etdi ki, Heydər Əliyev Tanrının bu xalqa ən böyük bəxşişi idi: "Ulu öndərin tarixi xidmətləri olduqca böyükdür. İlk növbədə, O, Azərbaycanı dağılmaqdan xilas etdi. Müstəqilliyimiz Onun dövründə möhkəmləndi və Azərbaycan sayılıb-seçilən dövlətlər sırasına daxil oldu. Ümummilli liderimizin ən yüksək xidmətlərindən biri də bu idi ki, çox bacarıqlı, yüksək siyasi səriştəsi olan İlham Əliyevin Azərbaycana rəhbər seçilməsini tövsiyə etdi. Xalq Heydər Əliyevə qəlbən inandığından, İlham Əliyevin prezidentliyə namizədliyini də ruh yüksəkliyi ilə dəstəkləyərək, 2003-cü ildə cənab İlham Əliyevi özünün rəhbəri seçdi".
Ə.Səfərov ötən müddət ərzində görülən işlərin nəticəsinə nəzər saldıqda, xalqın öz seçimində yanılmadığını söylədi. Bu inam, bu ehtiram cənab İlham Əliyevin ikinci dəfə Azərbaycan Prezidenti seçilməsinə gətirib çıxardı. Azərbaycan xalqı xoşbəxt xalqdır. Çünki onun Heydər Əliyev kimi dahi rəhbəri olub. Biz də xoşbəxtik ki, bu gün böyük siyasət xadiminin ideyalarının reallaşdığı bir Vətənin sakinləriyik. "Ulu öndər Heydər Əliyev ölməz, əbədiyaşar bir şəxsiyyətdir. O, cismən aramızda olmasa da, bizim qəlbimizdə yaşayır. Bu xalq onun ideyalarından güc alaraq zirvələri fəth edir. Bu ideyaların həyata keçirilməsində cənab Prezidentimiz İlham Əliyevin xidmətləri əvəzsizdir" deyə məktəb direktoru çıxışını yekunlaşdırdı.
Daha sonra tədbirdə çıxış edən valideynlər, ölkəmizin son zamanlar aparılan islahatlar nəticəsində qüdrətləndiyini bildirdilər. Qeyd olundu ki, ulu öndər Heydər Əliyevin əsasını qoyduğu ideyaların məhz Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi sayəsində Azərbaycan Qafqazda lider dövlətə çevrilib. Artıq dünya bizim dövləti ən islahatçı dövlət kimi tanıyır. Azərbaycanın regionlarında sürətli inkişaf başlanılıb. Bunlar hamısı Heydər Əliyev dühasından güc alan cənab İlham Əliyevin ağır zəhməti, uzaqgörən siyasəti nəticəsində mümkün olub.
Tədbirdə məktəbin şagirdləri Nicat Ağayev, Nəzir Baloğlanov, Könül Atakişiyeva, Könül Eyvazova, Qəmsiyə Əliyevanın da çıxışları olub. Ulu öndərin Azərbaycanı xoşbəxt, firavan görmək arzusuna toxunan şagirdlər, Onun bu xoşbəxtliyi öz xalqına bəxş etdiyini söylədilər. Ən başlıcası isə dağıdıcı müharibəyə son qoydu: "Biz şagirdlər artıq öz evlərimizdə rahat şəkildə yaşaya və təhsil ala bilirik. İnanırıq ki, Heydər Əliyevin yeritdiyi sülh siyasəti qalib gələcək və erməni quldurları doğma torpaqlarımızdan tezliklə çıxarılacaq".
Qeyd edək ki, məktəbin şagirdləri, tədbirin aparıcıları Almaz İsmayılova, Qönçə Quliyeva, Sevinc Cümşüdlü və Nicat Allahverdiyevin ifasında ümummilli lider Heydər Əliyevin həyat və yaradıcılığına həsr olunan şeirlər səsləndirildi.

Digər xəbərlər