PDF Oxu

Əsas

  • 14

İZVESTİYA-AZƏRBAYCAN TEMATİK ƏLAVƏ

İZVESTİYA-AZƏRBAYCAN TEMATİK ƏLAVƏ

"İzvestiya" qəzetinin 30 aprel tarixli nömrəsində Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının fəaliyyətinə, ölkəmizdə uşaqlara və gənclərə dövlət qayğısına həsr olunmuş tematik əlavə verilmişdir. AzərTAc həmin materialları oxuculara təqdim edir.
Layihə Azərbaycan Prezidentinin mətbuat xidmətinin köməyi ilə hazırlanıb.
Moskvada Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) təsis konfransı olub. Təşkilata Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri Leyla Əliyeva başçılıq edir.
Sülalə telləri ilə bağlı olan nüfuzlu və tanınmış siyasətçi nəsillərinə dünyanın hər bir dövlətində rast gəlmək olar. Əliyevlər ailəsi müasir Azərbaycanın aparıcı sosial-siyasi və mədəni sülalələrindən biridir. Əlbəttə, hər bir ölkə üçün yüksək elitanın tanınmış soyadlarını daşıyan üzvlərinin Vətəndən kənarda irəli getməsi, müvəffəqiyyət qazanması ictimai diplomatiyanın xeyrinədir, iki ölkənin birlikləri arasında sosial-humanitar əlaqələr yaradılmasına kömək edən qeyri-formal resursları gücləndirir. Heydər Əliyev Fondunun Rusiyadakı nümayəndəliyinin rəhbəri, Azərbaycan Prezidenti İlham Əliyevin qızı, "Baku" jurnalının baş redaktoru və RAGT-nin rəhbəri Leyla Əliyeva məhz bu cür, iki ölkəni birləşdirən şəxsdir. O, məlahətli gənc qadın, maraqlı müsahib və parlaq şəxsiyyət olmaqla yanaşı, həm də Azərbaycanın və Rusiyanın gənclər siyasətinin elçisidir.
RAGT-nin yaradılması Rusiya kimi böyük bir ölkənin müxtəlif guşələrində yaşayan, işləyən və təhsil alan, lakin tarixi Vətənləri ilə sıx əlaqələri qoruyub saxlamağa çalışan gənc azərbaycanlıları birləşdirmək üçün Leyla Əliyevanın komandasının uzun müddət ərzində apardığı gərgin işin yekunu olub. Moskvada keçirilən təsis konfransına azərbaycanlı gənclərin 80-dən yuxarı klub və təşəbbüs qrupunu təmsil edən 300-ə yaxın nümayəndə gəlmişdi.
Onların buraya toplaşmaqda məqsədi nə idi? RAGT-nin Rusiya gənclərinin müxtəlif etnik qrupları arasında tolerantlıq və qarşılıqlı anlaşma mühiti yaratmaq çağırışı bütün rusiyalılara ünvanlanıb. Məhz bu səbəbdən Rusiyanın ən ucqar regionlarından gəlmiş gənc nümayəndələr Rusiyada yaşayan bütün millətlərdən olan gənclərə müraciətlərində bir neçə mühüm məqamı vurğulayıblar. Birincisi, RAGT bu qəbildən olan bütün tolerant ictimai təşkilatlar üçün açıqdır və RAGT-nin üzvləri birgə layihələrdə iştirak etməyə hazırdırlar. İkincisi, RAGT-nin üzvləri savadlılıq, uğurlu fəaliyyət nümunəsi olmağa, Rusiyanın ictimai həyatında fəal iştirak etməyə hazır olmağa çalışacaqlar. Bu, özlüyündə heç də az əhəmiyyət kəsb etmir. Üçüncüsü, aydındır ki, RAGT həmfikir və dost insanların kollektividir. Lakin bu təşkilatda birləşən gənclər, ilk növbədə, Rusiyanın məsuliyyətli və vətənpərvər əhval-ruhiyyəli vətəndaşları kimi göstərməyə çalışacaqlar. Bu çağırış Azərbaycanın ənənəvi diaspor təşkilatlarının nümayəndələri tərəfindən əvvəllər də bu və ya digər formada səslənib. Lakin indiki halda söhbət sovet mentallığı, habelə Rusiya ilə müttəfiq respublika kimi Azərbaycanın qarşılıqlı münasibətlərinin əvvəlki tarixi ilə demək olar ki, əlaqəsi olmayan yeni nəsildən gedir. Ona görə də çağırış indi daha səmimi və ümidverici səslənir.
Konfransda və qeyri-rəsmi görüşlərdə Azərbaycanın Rusiyadakı imici haqqında çox söhbətlər olub. Leyla Əliyeva yeni təşkilatın üzvlərini salamlayaraq, diqqəti Azərbaycanın humanitar sahədə irəliləməsi mexanizmlərinin təkmilləşdirilməsi məsələsinə yaradıcılıqla yanaşmağın zəruriliyinə cəlb edib. RAGT-nin lideri qeyd etmişdir ki, Azərbaycan mədəniyyətinin daha adekvat təbliğ edilməsi üçün yeni üsullar fikirləşib tapmaq lazımdır, RAGT Rusiya ilə Azərbaycanın bu istiqamətdə qarşılıqlı fəaliyyətinin yeni ideyalarının mənbəyinə çevrilə bilər. Leyla Əliyeva deyib: "İnanıram ki, RAGT fəal struktur olacaq, bizim bütün ideya və planlarımız gənclərimizin sıx birləşməsinə, Azərbaycan və Rusiya xalqları arasında dostluğun möhkəmlənməsinə xidmət edən konkret layihələr şəklində gerçəkləşəcəkdir".
Konfransda çıxış edən nümayəndələrin əksəriyyəti qızlar idi. Onların çıxışlarında müsbət enerji, işin uğuruna inam hiss olunurdu. Məsələn, İvanovo vilayətindən gəlmiş Failə Quliyeva qeyd edib ki, yeni təşkilatın bu vilayətdə fəaliyyəti yerli sosial layihələrin həyata keçirilməsinə kömək etməyə yönəlib və bütün işlər uğurlu nəticələr verir. "Gəlinlər şəhəri"nin nümayəndəsi RAGT-nin internet saytının yaradılmasını da yüksək qiymətləndirərək demişdir ki, bu sayt azərbaycanlı gənclərin regionlar arasında əlaqələrin tənzimlənməsinə yönəlmiş səylərini birləşdirməyə şərait yaradacaq. RAGT-nin Vladivostokdakı təşəbbüs qrupunun nümayəndəsi Adım Qazıyev də əmindir ki, gənclərin işində çox şey bu və ya digər regionda fəaliyyət göstərən diaspor təşkilatlarından asılıdır: "Vətəndən uzaqda olsaq da, hər birimiz öz köklərimizə sıx bağlıyıq". Gənclər təşkilatının bütün fəalları öz qarşılarında ilk baxışda bir-birinə zidd olan iki məqsəd görürlər: gənc həmvətənlərinin Rusiya cəmiyyətinə inteqrasiyasına kömək etmək və Azərbaycan mədəniyyətini, Azərbaycan dilini, Azərbaycan ənənələrini qoruyub saxlamaq. Bütün bunlar inteqral şəkildə əlaqələndirilə bilər. Xüsusən ona görə ki, gənclər başa düşürlər: əgər sən öz tarixi Vətəninlə əlaqələri itirmirsənsə, bu, çox yaxşıdır, lakin bundan daha vacibi - həmin Vətənin Rusiyada səlahiyyətli təmsilçisi olmaqdır.
Çox şey gənclər mühitində formalaşan əhval-ruhiyyədən asılıdır. Bu halda şəxsi şəbəkə əlaqələri, formal maneə və məhdudiyyətləri aradan qaldıran internet kimi qeyri-formal kommunikasiya kanalları mühüm rol oynayır. Leyla Əliyeva hazırda təhsil aldığı Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutundakı azərbaycanlı gənclər klubuna rəhbərlik edir. Prezident qızının Rusiyanın müxtəlif ali məktəblərində təhsil alan və müxtəlif şəhərlərdə yaşayan azərbaycanlı gəncləri öz ətrafında cəmləşdirən şəxsə çevrilməsi qanunauyğun haldır. O, həm də bir etnik submədəniyyətin məhdudiyyət çərçivələrini aradan qaldıran körpü yaradır. Heydər Əliyev Fondunun Moskvadakı, Leyla Əliyevanın başçılıq etdiyi nümayəndəliyi və RAGT Rusiya və Azərbaycan ali məktəbləri arasında əlaqələrin möhkəmlənməsinə birlikdə kömək edəcək, gələcəkdə isə onlar rusiyalı tərəfdaşları ilə birlikdə Rusiya məktəblilərini və tələbələri Azərbaycanla, azərbaycanlı məktəbli və tələbələri Rusiya ilə tanış etmək formatında mədəni mübadilə proqramlarını həyata keçirmək niyyətindədirlər. Şübhəsiz, perspektivdə bu fəaliyyət ölkələrimizin qarşılıqlı münasibətlərində hələ mövcud olan bir sıra neqativ stereotipləri aradan qaldırmağa kömək edəcək.
Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının təsis konfransından sonra Leyla Əliyevadan aldığımız musahibəni sizə təqdim edirik.

Oleq SIQANOV

MƏRHƏMƏT

XİLAS EDİLMİŞ UŞAĞIN TƏBƏSSÜMÜ NAMİNƏ

Əlil uşaqlar üçün layihələrin əksəriyyəti Heydər Əliyev Fondu tərəfindən həyata keçirilir. Əli Əliyevin 14 yaşı var. O, uşaqlıqdan əlildir, serebral iflicin ağır formasından əziyyət çəkir. Qoltuq ağacları ilə çətinliklə yeriyir. Heydər Əliyev Fondunun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın Uşaq və Ailələrə Dəstək Mərkəzinə hədiyyə etdiyi mikroavtobusla həftədə iki dəfə Şüvəlanda yerləşən mərkəzə gəlir. Mərkəzin isti, rahat otaqlarında uşaqları mehriban və peşəkar mütəxəssislər qarşılayır.

Qaliyə ƏLİYEVA

Uşaq və Ailələrə Dəstək Mərkəzi 2005-ci ildə "Save the children" ümumdünya fondunun təşəbbüsü ilə problemli uşaqlara yardım məqsədi ilə yaradılmışdır. Fondun Azərbaycan nümayəndəliyinin əlaqələndiricisi Zakir İsmayılovun sözlərinə görə, dövlət himayəsinə keçməzdən əvvəl fondun layihələrini maliyyələşdirməyə ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) yardım edirdi.
Hazırda mərkəz Ailə, Qadın və Uşaq Məsələləri üzrə Dövlət Komitəsinin balansındadır. Mərkəzin direktoru Ceyran Rəhmatullayevanın sözlərinə görə, dövlət ən yaxşı sponsordur. Üstünlüklər göz qarşısındadır: işlər dəqiq planlaşdırılmışdır, xeyriyyəçilərin əhval-ruhiyyəsindən asılı deyildir. Mərkəz, əsasən, Daun sindromu, uşaq serebral iflici, autizm, nitqin pozulması, ümumi psixi və fiziki inkişafdan geri qalma kimi xəstəliklərdən əziyyət çəkən uşaqlara yardım göstərir. Ancaq buraya tam sağlam uşaqlar da gəlir. Onlarla ünsiyyət zamanı xəstə uşaqlar öz problemlərini unudur, psixoloqların, sosioloqların, müəllimlərin köməyi ilə yaşıdları ilə düzgün davranmağı öyrənir, kompyuter dərsləri keçir, rus və ingilis dillərini, riyaziyyatı öyrənir, əl işləri ilə məşğul olurlar. İkinci belə mərkəz Bakıdan 400 kilometr aralı, Goranboyda yerləşir. Bu müəssisələr ilk gündən Heydər Əliyev Fondunun diqqət mərkəzindədir. Heydər Əliyev Fondu əsas məqsədi elmin, təhsilin, mədəniyyətin, səhiyyənin və idmanın inkişafını təmin edən, habelə gənc nəslin tərbiyəsinə yönəldilmiş layihələrin dəstəklənməsi olan qeyri-kommersiya təşkilatıdır. Fond ən müasir avadanlıqla təchiz edilmiş ümumtəhsil məktəblərinin tikilməsi, mədəniyyət, təhsil və səhiyyə obyektlərinin açılması ilə fəal məşğuldur. Təxminən 5 il ərzində fondun əsas layihələri - "Yeniləşən Azərbaycana yeni məktəb" (layihə çərçivəsində ölkənin ucqar bölgələrində 200-dən çox məktəb tikilmişdir), "Talassemiyasız həyat" (layihə çərçivəsində gündüz stasionarı olan Talassemiya Mərkəzinin tikintisi başa çatdırılmışdır), "Diabetli uşaqlara ən yüksək qayğı", "Uşaq evləri və internat məktəblərinin inkişafı" layihələri uğurla həyata keçirilmişdir.
Əlil və yetim uşaqlar Heydər Əliyev Fondunun xüsusi qayğısı ilə əhatə olunmuşlar. Ölkənin demək olar ki, bütün internat məktəbləri və uşaq evləri Fondun və onun rəhbəri Mehriban Əliyevanın şəxsi himayəsi altındadır. Yeni tikilən və xüsusi avadanlıqla təchiz edilən internat məktəblərindən və sanatoriyalardan başqa hələ ötən əsrin 1930-cu və 1940-cı illərində tikilmiş köhnə binalar da əsaslı təmir olunmuş, burada müalicəvi bədən tərbiyəsi otaqları, idman zalları və musiqi salonları, yeməkxana, yaradıcılıq studiyaları, kompyuter, tikiş və toxuculuq kabinetləri yaradılmışdır.
Bu yaxınlarda Bakı ətrafında Heydər Əliyev Fondunun təşəbbüsü ilə uşaq evlərində tərbiyə alan 18-dən çox yaşı olan qızlar üçün 100 nəfərlik 50 mənzilli yaşayış binası istifadəyə verilmişdir. Binanın bütün mənzilləri mebel, televizor, paltaryuyan maşın və digər məişət avadanlığı ilə təchiz edilmişdir. Evin açılış mərasimində çıxış edən Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bildirmişdir ki, binanın tikintisi cəmiyyəti çoxdan narahat edən ciddi problemin həllinə yönəldilmişdir. Əvvəllər uşaq evlərini tərk edən qızlar taleyin ümidinə qalırdılar və onların gələcək həyat yolunu izləmək mümkün olmurdu. Yeni ev bu problemin həllinə müəyyən dərəcədə kömək edəcəkdir.
Fondun fəaliyyətində daha bir mühüm hadisə kor və zəif görən uşaqların fortepianoda və milli alətlərdə (kamança, nağara) çalmağı öyrəndikləri və xanəndəlik sənətinə yiyələndikləri Bakıdakı musiqi məktəblərindən birinin əsaslı təmiridir.
Ümumiyyərlə, Fond bu kateqoriyadan olan uşaqlar üçün layihələrə xüsusi diqqət yetirir. Məsələn, "Kor və zəif görən uşaqların İKT-dən istifadə etməsinin təmin olunması layihəsi" həyata keçirilir. İlin sonunadək xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün Reabilitasiya Mərkəzinin tikintisi başa çatacaqdır.

GƏNC İSTEDADLAR İSTEDADLAR ÜÇ ÇEŞMƏDƏN QAYNAQLANIR

Məşhur amerikalı musiqiçi Rene Kaufman iki il bundan əvvəl Azərbaycanın bəzi regionlarında konsert proqramları ilə çıxış etmişdir. Səfər müddətində o, Bakıdakı 2 nömrəli internat-məktəbdə tərbiyə alan yeniyetmələrdən ibarət nəfəsli alətlər orkestri ilə də tanış olmuş və bu uşaqların, həqiqətən peşəkar ifası onu heyran etmişdi. Necə deyərlər, Kaufmanın ayağı düşərli olmuşdur: həmin görüşdən təxminən 3 ay sonra azərbaycanlı gənc musiqiçilərlə ABŞ-ın Bakıdakı səfirliyi arasında yaranmış möhkəm əlaqələr bu gün də davam edir.

Qaliya ZİSKİND

Məlum olduğu kimi, hər il iyulun 4-də Amerikanın Müstəqillik günü qeyd edilir. ABŞ-ın Azərbaycandakı səfiri Ann Ders bu münasibətlə təşkil olunan konsertə həmin orkestri rəsmən dəvət etmişdi. ABŞ-ın Azərbaycandakı səfirliyinin mədəniyyət məsələləri üzrə attaşesi Dmitri Taraxovski həmin konsertdən aldığı təəssüratları bölüşərək demişdir: "Gözəl ifadır! Mən gənc musiqiçilərin ifasında Amerikanın və Azərbaycanın dövlət himnlərini, "Karmen" operasından fraqmentləri, "Macar rəqsi"ni, "Günəşli vadinin serenadası"nı, Fikrət Əmirovun və Rauf Hacıyevin əsərlərini dinlədikcə fikirləşirdim: doğrudanmı, bu əsərləri uşaqlar ifa edir!"
Bu musiqi kollektivi hələ keçən əsrin yetmişinci illərindən Azərbaycanda və onun hüdudlarından kənarda məşhurdur. Ötən müddətdə orkestrin üzvləri dəyişsə də, onun rəhbəri yenə də Rafael Bağıroviç Əzimovdur. Yüksək sənətə xidmət etdiyi 30 ildən artıq dövrdə o, musiqiçi peşələrinin nadir bir növünün iki yüzdən çox nümayəndəsini yetişdirmişdir. Nəfəs alətlərində çalan peşəkar musiqiçilər indi ABŞ və Kanadanın, Almaniya və Türkiyənin, İsrail və Rusiyanın, Qazaxıstan və Belarusun simfonik və nəfəs alətləri orkestrlərində çalışırlar. Ölkəmizdə isə Əzimovun yetirmələrinə Müdafiə Nazirliyinin, Sərhəd Qoşunlarının və Daxili İşlər Nazirliyinin hərbi orkestrlərində, habelə Azərbaycan Dövlət Opera və Balet teatrının orkestrində rast gəlmək olar. Onlar vaxtilə Moskva, Dnepropetrovsk, Almatı və Bakının küçə və meydanlarında marş keçmiş, hər il Qələbə bayramında iştirak etmiş, 3 dəfə ümumittifaq nəfəs alətləri musiqisi müsabiqəsinin laureatları adına layiq görülmüş, nüvə silahı əleyhinə "Nevada-Semipalatinsk" hərəkatının dəvəti ilə Qazaxıstanın uşaq onkoloji klinikalarında olmuş, Azərbaycanın bütün bölgələrində konsertlər vermişlər. İstedadlı uşaqların üzə çıxarılmasını və inkişafını təmin edən şəraitin yaradılması, onların potensial imkanlarının reallaşdırılması müasir Azərbaycan cəmiyyətinin prioritet vəzifələrindən biridir. Bu məsələnin həllinə yanaşmalar çox müxtəlifdir. Ona görə də üç il bundan əvvəl qəbul edilmiş "Xüsusi istedadlı uşaqların və gənclərin yaradıcılıq potensialının inkişafı" Dövlət Proqramı çərçivəsində bu gün ölkədə geniş vüsət almış praktiki işin nəzəri və metodik əsası kimi çıxış edən konsepsiya olduqca aktualdır. Gənc istedadların axtarışını sistemləşdirməyə, onların yaradıcı potensialını inkişaf etdirməyə və səmərəli təhsil almaları üçün zəruri şərait yaradılmasına yönəlmiş bu proqramın əlaqələndirilməsi Təhsil Nazirliyinə tapşırılmışdır. Nazirliyin bu istiqamətdə ilk təkliflərindən biri dünya olimpiadalarında qızıl və gümüş medallar qazanmış abituriyentlərin ali məktəblərə imtahansız qəbul edilməsidir. Hər il keçirilən dünya fizika, kimya, informatika, biologiya və riyaziyyat olimpiadalarında Azərbaycandan orta hesabla min nəfərdən çox məktəbli iştirak edir. Məsələn, kimya üzrə Beynəlxalq Mendeleyev olimpiadasında iştirak etmiş azərbaycanlı məktəblilərdən bir neçəsi hazırda Lomonosov adına MDU-nun kimya fakültəsində təhsil alır. Gənclər arasında beynəlxalq elmi olimpiadanın prezidenti Masno Hintinq demişdir: "Azərbaycan özünün elmə maraq göstərən istedadlı gəncləri ilə fəxr edə bilər". Xatırladaq ki, 15 yaşlı gənclər arasında növbəti beynəlxalq elmi olimpiada bu il dekabr ayında Heydər Əliyev Fondunun, Təhsil Nazirliyinin, habelə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Bakıda keçiriləcəkdir. Həmin olimpiadada dünyanın 50 ölkəsinin nümayəndələri iştirak edəcəklər. Bu gün Azərbaycanda bütün fəaliyyət sahələrində baş verən qlobal dəyişikliklərlə əlaqədar qeyri-ordinar təfəkkürlü yaradıcı və fəal insanlara tələbat daha da artır.
Məlum olduğu kimi, insan dünyaya dahi kimi gəlmir. Sonradan dahi olur. Qabiliyyət və istedad bizə təbiət tərəfindən bəxş edilir, lakin insanlar bu keyfiyyətlərini yalnız gənc yaşlarından ağır zəhmətə qatlaşmaq sayəsində üzə çıxara bilərlər. Mütəxəssislərin fikrincə, bu prosesə tərbiyənin üç təməli - ailə, məktəb və dövlət qoşulduqda onun səmərəsi daha yüksək olur.
2009-cu il Azərbaycanda Uşaq İli elan edilmişdir. Bununla əlaqədar hansı tədbirlər nəzərdə tutulmuş və bütövlükdə ölkədə uşaqlara qayğı sahəsində dövlət siyasətinin prioritetləri barədə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri, siyasi elmlər doktoru Hicran Hüseynovanın məlumat verməsini xahiş etdik.

Qaliyə ƏLİYEVA

SUAL: Statusuna uyğun olaraq Sizin idarə Uşaq İli tədbirlərinin keçirilməsində başlıca rol oynayır. Uşaq İli çərçivəsində hansı fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir?

CAVAB: Təsdiq olunmuş plan bir neçə dövlət strukturunu əhatə etsə də, bütün tədbirlərin keçirilməsinə məsuliyyəti bizim komitə daşıyır. Hər şeydən əvvəl, əsas fəaliyyət istiqamətləri müəyyənləşdirilmişdir. Birincisi, Azərbaycan uşaqları haqqında geniş məlumat bankı yaradılır. Bu məqsədlə xüsusi internet-portal hazırlayırıq. Müvafiq tövsiyələr tərtib etmək üçün müasir Azərbaycan ailəsinin modeli hazırlanır. Bundan əlavə, Uşaq İli çərçivəsində bir neçə festivalın (o cümlədən diqqəti bir daha uşaq hüquqlarının müdafiəsi probleminə cəlb etmək məqsədi ilə beynəlxalq festivalların) keçirilməsi, əhali arasında, xüsusilə BMT Konvensiyasının müddəalarının izah olunmasına dair geniş maarifləndirmə işinin aparılmasının və əlbəttə, inklyuziv təhsil, uşaq sağlamlığının qorunması, de-institusionallaşdırma, istedadlı uşaqlarla bağlı tədbirlərin davam etdirilməsi planlaşdırılmışdır. Qeyd olunan mövzularla əlaqədar ölkəmizdə qəbul edilmiş dövlət proqramları uğurla həyata keçirilir. Bizim vəzifəmiz - Uşaq İli çərçivəsində onlara yeni impuls vermək və bu istiqamətdə görülən işləri canlandırmaqdır.

SUAL: Uşaq evləri və internatlarla iş nə vəziyyətdədir?

CAVAB: Bu işimizin çox mühüm hissəsidir. Ölkədə uşaq evlərində tərbiyə alan yetimlər hələ də çoxdur və bizim vəzifəmiz onları yetkinlik yaşına çatdırmaq deyil, həm də gələcək həyatlarında kömək göstərməkdir. Heydər Əliyev Fondunun və xüsusən Fondun prezidenti, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın himayəsi sayəsində xüsusi uşaq müəssisələrinə lazımi kömək göstərilir, ciddi layihələr həyata keçirilir. Ölkənin bir çox regionlarında internat məktəblərinin məzunları üçün xüsusi yataqxanalar inşa edilir, yerli sahibkarların və icra hakimiyyətlərinin köməyi ilə onların işlə təmin olunması məsələsi həll olunur. Əgər uşaq istedadlıdırsa və ali təhsil almaq istəyirsə, biz onlara yardım edirik, əgər təhsil pulludursa, sponsorlar tapırıq. Bəzi hallarda böyüyən nəslin, istedadlı gənclərin təhsilinə və peşə yüksəlişinə məqsədyönlü qayğı göstərən dövlətin özü sponsorluq edir.

SUAL: Sizin komitədə istedadlı uşaqların üzə çıxarılması sistemi mövcuddurmu?

CAVAB: Bir qayda olaraq hər il mayın 15-də ölkəmizdə qeyd olunan Ailə Günü ərəfəsində bu bayrama həsr olunmuş müxtəlif tədbirlər, müsabiqələr, sərgilər, festivallar və s. keçirilir. Əksər hallarda balaca idmançıların, rəssamların, musiqiçilərin istedadı elə həmin tədbirlərdə aşkar edilir. Yeri gəlmişkən, artıq bir neçə ildir ki, Azərbaycanda istedadlı uşaqlarla bağlı Dövlət proqramı həyata keçirilir. Bir çox istedadlı uşaq Prezident təqaüdü alır və öz təhsilini davam etdirmək, dünyanın nüfuzlu təhsil müəssisələrində öz qabiliyyətlərini inkişaf etdirmək imkanı əldə edirlər.

SUAL: Beynəlxalq strukturlarla necə əməkdaşlıq edirsiniz?

CAVAB: Hesab edirəm ki, kifayət qədər məhsuldar. Bizim Avropa Şurasının, BMT-nin, xüsusən Əhalinin Məskunlaşması Fondunun (UNFPA) müvafiq strukturları, qaçqınların və məcburi köçkünlərin problemləri ilə məşğul olan bir neçə beynəlxalq təşkilatla sıx və işgüzar əlaqələrimiz yaranmışdır. Bununla əlaqədar Heydər Əliyev Fondu ilə birlikdə "Qadınlara qarşı zorakılıqsız XXI əsr" genişmiqyaslı layihə üzərində apardığımız işi xüsusi qeyd etmək istəyirəm. Layihə çərçivəsində ölkənin əksər rayonlarında böhran mərkəzləri yaradılır, qadın və uşaqlar öz problemlərini həll etmək üçün həmin mərkəzlərə müraciət edə biləcəklər.

SUAL: Komitəniz öz işi ilə bağlı müxtəlif dövlət strukturları ilə qarşılıqlı fəaliyyət göstərir - daxili işlər, ədliyyə, səhiyyə, təhsil nazirlikləri, sosial müdafiə orqanları...

CAVAB... Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə də. Sual oluna bilər ki, onların bizə nə aidiyyəti var? Bəs, xaricdən gətirilən müxtəlif allergiya doğuran keyfiyyətsiz oyuncaqlar, bəs uşaq qidası? Dövlət buna nəzarət etməldir. Bu baxımdan yuxarıda adları çəkilən idarələrlə sıx və səmərəli iş aparırıq, əksər tədbirləri birgə keçiririk və bu, yaxşı nəticələr verir.

SUAL: Uşaq əməyindən istifadə bütün dünyada kəskin problem kimi qarşıda durur. Azərbaycanda buna dövlət tərəfindən nəzarət edilirmi, yoxsa bu iş qeyri-hökumət sektorunun ixtiyarına verilib?

CAVAB: Şübhəsiz, bu problem dövlətin nəzarəti altındadır. Əvvəla, qanun var və burada aktiv əmək fəaliyyəti ilə məşğul olmağın dəqiq yaş həddi müəyyənləşdirilib. Bu qanunun pozulmasına görə cinayət məsuliyyəti nəzərdə tutulmuşdur. Biz uşaqların əvəzinə qərar vermək hüququnun onlara məxsus olduğunu düşünən valideynlərə uşaq hüquqlarına dair Konvensiyanın müvafiq müddəalarını izah edirik. Bəri başdan deyim ki, ölkəmiz üçün bu o qədər də kəskin problem deyil. Düzdür, uşaqlar, xüsusən, kənd yerlərində ailə biznesinə cəlb olunurlar, lakin bu əmək fəaliyyətinin ağır forması deyil.

SUAL: Sizin fikrinizcə uşaqlara qayğı göstərilməsinin hansı sahəsi bu gün daha çox problem yaradır?

CAVAB: Mən xüsusi fərqlənən konkret bir sahəni göstərmək istəmirəm. Hətta ən ağır illərdə, keçid dövründə dövlət uşaqlara böyük qayğı göstərib. Sirr deyil ki, bizim ən ciddi problemimiz - Qarabağ münaqişəsi nəticəsində doğma yurdlarından didərgin düşmüş qaçqınların və məcburi köçkünlərin uşaqlarıdır. Onların normal həyata cəlb olunması necə təşkil edilməlidir? Onlar yeni şəraitə necə uyğunlaşdırılmalıdır? Hətta dövlətin qaçqın ailələrinə kömək göstərilməsi üçün külli miqdarda vəsait ayırdığını nəzərə alsaq, belə uşaqlar normal həyat tərzindən qoparılmışlar. Bu uşaqlar tamamilə başqa şəraitdə böyümüşlər, onların həm psixoloji və həm də sosial problemləri çoxdur. Bizim mütəxəssislərin gördüyü işlərin xeyli hissəsi bu qəbildən olan uşaqların müxtəlif problemlərinin həll edilməsinə yönəlmişdir.

SUAL: Necə bilirsiniz, uşaqlara yalnız valideynlərin qayğısı kifayətdirmi, yoxsa dövlətin bu işdə rolu əvəzsizdir?

CAVAB: Əminəm ki, valideynlərin uşaqları üçün daşıdığı məsuliyyətin dərəcəsi artmalı və dövlətin nəzarəti altında olmalıdır. Xüsusən həm uşaqlar və həm də qadınlarla əlaqədar mükəmməl dövlət siyasəti həyata keçirilirsə, onun prioritetləri müəyyənləşdirilibsə bu, qarşıya qoyulmuş vəzifələrin həllinin tamamilə yeni səviyyəsidir.

Digər xəbərlər