PDF Oxu

Əsas

  • 13

Belarus-Azərbaycan əlaqələri möhkəm əsaslara söykənir

Belarus-Azərbaycan əlaqələri möhkəm əsaslara söykənir
Milli Məclisin sədri Oqtay Əsədov Belarusun ölkəmizdəki səfiri Nikolay Pastkeviçlə görüşüb. Milli Məclisin mətbuat xidmətindən bildirmişlər ki, O.Əsədov qonağa dövlətlərimizin başçılarının qarşılıqlı səfərləri zamanı aparılan danışıqlar və imzalanan sənədlər münasibətlərimizin daha da dərinləşməsi üçün geniş imkanlar açdığını bildirib.
Milli Məclisin fəaliyyəti, qanun yaradıcılığı sahəsində görülən işlər barədə məlumat verən O.Əsədov parlamentlərimiz arasında əlaqələrin genişləndirilməsində dostluq qruplarının fəaliyyətini yüksək qiymətləndirib. Milli Məclisin sədri diqqətə çatdırıb ki, Azərbaycanın başlıca problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün dövlətimizin başçısı böyük səylər göstərir. Biz problemin beynəlxalq hüquq normaları çərçivəsində ədalətli həllinin tərəfdarıyıq.
2003-cü ilin oktyabrında Minskdə Azərbaycan İcmaları Konqresinin təsis olunmasını əlamətdar hal kimi dəyərləndirən Milli Məclisin sədri, ölkələrimiz və xalqlarımız arasında münasibətlərin möhkəmləndirilməsi naminə fəaliyyətində səfirə uğurlar arzulayıb.
Səfir Nikolay Pastkeviç 2009-cu il martın 18-də ölkəmizdə keçirilmiş referendumda müşahidəçi qismində bir sıra seçki məntəqələrində olduğunu və ümumxalq səsverməsinin dünya standartlarına, demokratik prinsiplərə uyğun keçirildiyinə görə Milli Məclisin sədri Oqtay Əsədovu təbrik edərək bildirib ki, Azərbaycan-Belarus əməkdaşlığının kökləri çox qədimdir. Hələ sovetlər dövründə Belarusla Azərbaycan arasında sıx münasibətlər olmuş, ölkələrimiz müstəqilliyini bərpa etdikdən sonra bu əlaqələrin inkişafı yeni məzmun kəsb edib. Diplomat qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyevin Belarusa ilk rəsmi səfəri bu əlaqələrin yeni səviyyəyə qalxması üçün münbit şərait yaradıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Digər xəbərlər