PDF Oxu

Əsas

  • 17

HEYDƏR ƏLİYEV - MİLLİ DÖVLƏTÇİLİYİMİZİN MEMARI

HEYDƏR ƏLİYEV - MİLLİ DÖVLƏTÇİLİYİMİZİN MEMARI

Tarixin müxtəlif mərhələlərinə nəzər salsaq, milyonların içərisində öz uzaqgörənliyi, qətiyyəti və iradəsi ilə seçilən liderlərin və fenomenal şəxsiyyətlərin baş verən hadisələrə təsir imkanları, bu  hadisələrin istiqamətini düzgün məcraya yönəltmək bacarığı  səhifə-səhifə göz önündə canlanar.

(I yazı)

Tale həm də bəzən xalqları, ölkələri sərt sınaqlara çəkir, üzücü müharibələr, sosial kataklizmlər, tənəzzül və böhran minilliklərin nailiyyətlərini təhlükə altına alır, tarixi tərəqqi məhvə sürüklənir. Belə hallarda cəmiyyət bəşəri bir xilaskarın gəlişinə ehtiyac duyur. Həmin şəxsiyyət öz xilaskarlıq missiyasını yerinə yetirdikdən sonra tarixdə əbədi iz  qoyur...
Ümummilli liderimiz Heydər Əliyev də Azərbaycan xalqının tarixinə və taleyinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşmüşdür. Böyük öndər Azərbaycanın tərəqqi və inkişaf yolunu bir dövlət olaraq dahiliklə müəyyənləşdirmiş, milli-mənəvi dəyərlərimizin, müstəqil dövlətçiliyimizin konseptual əsaslarını işləyib hazırlamış, ehkamlaşmış köhnə stereotiplər çərçivəsini dağıdaraq milli ruhun, milli ideologiyanın yüksəlişinə təkan vermişdir.
Azərbaycan tarixinin və çağdaş həyatının təxminən son 40 ili ulu öndərimiz Heydər Əliyevlə, Onun çoxtərəfli və genişmiqyaslı zəngin əməli-nəzəri və siyasi fəaliyyəti ilə bağlı olmuşdur. Bu dövrdə ulu öndərin rəhbərliyi altında Azərbaycan xalqı, tarixi baxımdan bir əsrdən digər əsrə, bir ictimai-siyasi quruluşdan digərinə, asılılıqdan müstəqilliyə, bir ideoloji müstəvidən digər ideoloji mühitə qədəm qoymuşdur. Bu dövrə nəzər salarkən ölkəmizin nə qədər dəyişib inkişaf etdiyini istər-istəməz etiraf etməli olursan. Bu illər ərzində Azərbaycan xalqı, sözün həqiqi mənasında, misilsiz inkişaf yolu keçmişdir. Ən başlıcası, demokratik, müstəqil, dünyəvi və hüquqi Azərbaycan dövləti bərqərar olmuşdur. Bu, xalqımızın həm iqtisadi, həm siyasi, həm də mənəvi sərvətidir. Bu tarixi qələbəni lazımınca qiymətləndirmək, qorumaq, möhkəmlətmək, ona dönməz xarakter vermək Azərbaycan milli ideologiyasının mahiyyət  və məzmununu təşkil edir.
Danılmaz faktdır ki, müstəqil Azərbaycan dövlətçiliyinin təməlini qoymuş ümummilli liderimiz Heydər Əliyev həm də müstəqillik ideologiyasının banisi və müəllifidir. Ulu öndərimiz Heydər Əliyev mahir dövlətşünas və rəhbər kimi xalqı üçün nə mümkündürsə onu etmiş və həm də özünün davamçısı və siyasi varisi üçün zəngin ideya irsi və böyük mənəvi-ideoloji varidat qoymuşdur. Bu zəngin nəzəri-siyasi irsin tərkibində milli müstəqillik, müasirlik və azərbaycançılıq ideologiyası mühüm yer tutur. Ulu öndərimiz bu haqda demişdir: "... Bütün həyatımı təhlil edəndə görürəm ki, hər halda bir başlıca hadisə var, o da budur ki, mən Azərbaycanın müstəqilliyini təmin edə bilmişəm. Onu daxili çəkişmələr alovunda, dağıntılar və qan içində olmağa qoymamışam".
Ümummilli liderimiz Heydər Əliyevin tarixin ən çətin, məsuliyyətli dövrlərində Azərbaycanın milli mövcudluğunu yaşatmaq kimi ağır yükün altına girən fenomenal şəxsiyyət olduğu danılmazdır. Ulu öndər siyasi və dövlətçilik fəaliyyətinin bütün mərhələlərində vətənə, xalqa, torpağa sonsuz məhəbbət hissi ilə, qurub-yaratmaq arzusu ilə yaşamış, milli ideallara bağlı olmuşdur. Ümummilli lider bütün zəngin və mənalı həyatı boyu həmişə xalqını, vətənini düşünmüş, Azərbaycanın ən çətin məqamlarında onu üzləşdiyi faciələrdən xilas etmək üçün misilsiz fədakarlıqlar göstərmişdir.
Hələ Azərbaycana ilk rəhbərliyi dövründə böyük təzyiqlərlə, təqiblərlə üzləşməsinə baxmayaraq, Heydər Əliyev dühası heç bir çətinlikdən qorxmayaraq xalqda tarixi keçmişi, dili, mədəniyyəti, milli adət-ənənələri haqqında əsaslı təsəvvürlər formalaşdırmağa nail olmuşdur. Heydər Əliyev fenomeninin Azərbaycana uzunmüddətli rəhbərliyinin ən sanballı göstəricisi də məhz azərbaycançılıq ideyasının, milli özünüdərkin inkişafı, xalqın tarixi yaddaşının özünə qaytarılması prinsipləri əsasında milli dövlətçilik arzularının və hisslərinin güclənməsi, real siyasi faktlara çevrilməsidir.
Tarixi təcrübə ulu öndərimiz  Heydər Əliyevin böyük uzaqgörənliklə söylədiyi bu fikirləri bir daha təsdiq etdi ki, "hüquqi cəhətdən müstəqil olmaqla real müstəqillik arasında çox böyük məsafə və olduqca ciddi maneələr var". Elan olunmuş dövlət müstəqilliyini qorumaq, möhkəmləndirmək və ona dönməz, əbədi xarakter vermək üçün olduqca böyük işlər görülməlidir. Təəssüf ki, suverenliyin siyasi-iqtisadi, mənəvi-psixoloji, hərbi-hüquqi, ictimai-siyasi təməli qoyulan ilk illərdə Azərbaycanda hakimiyyət naşı əllərə düşdü, çox böyük imkanlardan istifadə edilmədi. Halbuki İttifaqın dağılması ərəfəsində bir çox mütəxəssislərin apardığı təhlillər göstərirdi ki, keçmiş SSRİ-də cəmi  bir neçə respublika tam müstəqil olaraq öz iqtisadiyyatını idarə edə bilər. Bu respublikalardan biri də məhz Azərbaycan idi. Hələ sovet dövründə, ulu öndərimiz Heydər Əliyevin rəhbər olduğu dövrdə respublikamızın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaranmışdı. Çox təəssüf ki, dövlət müstəqilliyinin ilk dövrlərində Azərbaycana rəhbərlik edən şəxslər dünyanın çox sürətlə dəyişən siyasi mənzərəsini nəzərə almağa qadir deyildilər. Ulu öndərimiz Heydər Əliyevin sonralar qeyd etdiyi kimi, mövcud geosiyasi vəziyyət yeni strategiyanın formalaşmasını tələb edirdi.
1992-ci ildə hakimiyyətə normal siyasi mübarizə nəticəsində yox, güc yolu ilə gələn AXC-Müsavat təmsilçiləri artıq 1993-cü ilin əvvəllərində xalqın etimadını tamamilə itirdiklərini  görürdülər. Sivil dünyada belədir ki, xalqın etibarını itirdiyini və ölkəni idarə edə bilmədiyini görən iqtidar, vəziyyətin böhranlı həddə çatmasını gözləmədən istefa verir. Amma təəssüflər olsun ki,  həmin şəxslər hakimiyyətdən sivil yolla getmək üçün özlərində siyasi iradə və mədəniyyət tapmaqda da aciz idilər. Yenicə müstəqil olmuş ölkə isə dərin xaos, anarxiya, hakimiyyətsizlik ucbatından parçalanmaq, suverenliyini itirmək üzrə idi.
Nəhayət, 1993-cü ilin iyun hadisələri artıq uzun müddət idi ki, xalqın israrla dövlət idarəçiliyinə çağırdığı  ulu öndərimiz Heydər Əliyevin hakimiyyətə dönüşünü intensivləşdirdi. Məhz belə bir taleyüklü məqamda xalq unikal siyasi və şəxsi keyfiyyətləri ilə bütün azərbaycanlıların hər zaman qürur mənbəyi olmuş Heydər Əliyevi hakimiyyətə çağıraraq ölkəyə rəhbərliyi ona həvalə etdi. 1993-cü il  prezident seçkiləri ərəfəsində Milli Məclisin Sədri kimi həm də Azərbaycan Prezidentinin səlahiyyətlərini həyata keçirən  ulu öndərimiz  Heydər Əliyev öz proqramını belə bəyan etdi: "Azərbaycan Respublikasında demokratik, hüquqi dövlət qurulmalıdır. Azərbaycan Respublikası demokratiya yolu ilə getməlidir, heç vaxt totalitar sistemə, kommunist rejiminə qayıtmamalıdır. Azərbaycan Respublikasında siyasi plüralizm hökm sürməlidir. İnsan, söz, din, dil azadlığı - bunların hamısı bərqərar edilməlidir. İnsan hüquqlarının qorunması bizim əsas məqsədlərimizdən biri, dövlət orqanlarının, hüquq-mühafizə orqanlarının əsas vəzifələrindən biri olmalıdır. Dövlətin hüquqları da qorunmalıdır. Biz iqtisadiyyatda köklü islahatlar aparıb bazar iqtisadiyyatına keçməliyik. Bizim borcumuz bütün Azərbaycanın simasını dəyişdirməkdir, Azərbaycanı inkişaf etmiş, sivilizasiyalı, demokratik prinsiplərlə yaşayan bir dövlətə, cəmiyyətə çevirməkdir, Azərbaycan vətəndaşlarının gələcək həyatını azadlıq, demokratiya yolu ilə təmin etməkdir. Biz bu yolun yolçusuyuq, bu  yolla da gedəcəyik. Bu yol xalq yoludur".
Amma onilliklər boyu formalaşmış bir sistemdən demokratik, bazar iqtisadiyyatına əsaslanan cəmiyyətə keçid yolunda mürəkkəb problemlərlə üzləşəcəyimiz də ulu öndərimiz Heydər Əliyevə məlum idi. Xüsusən 1991-1993-cü illərdə ölkədə davam edən hakimiyyət çəkişmələri, iqtisadi potensialın məqsədyönlü şəkildə dağıdılması vəziyyəti bütün sahələrdə bir qədər də gərginləşdirmişdi. Ancaq irəliyə doğru getmək üçün çətinliklərlə dolu yalnız bir yol var idi və Heydər Əliyev bu yolun bütün məsuliyyətini üzərinə götürdü. 1993-cü il oktyabrın 3-də keçirilən seçkilərdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müstəqil respublikamızın Prezidenti seçildi. Bu, xalqın mütəşəkkilliklə iştirak etdiyi və özünün yeganə namizədinə yekdilliklə səs verdiyi ilk demokratik seçkilər idi.
Xalqın çağırışına əməl edən Böyük azərbaycanlı hakimiyyətə gələn kimi, ilk növbədə, qanunsuz silahlı dəstələrin fəaliyyətinə son qoydu, separatçıları yerində oturtdu, daxildə asayişi bərpa etdi. Beləliklə, Azərbaycan parçalanıb dağılmaq və müstəqilliyini itirmək təhlükəsindən qurtuldu. Qısa bir müddət ərzində ölkədəki böhran vəziyyəti aradan qaldırıldı, vətəndaş müharibəsinin qarşısı alındı, cəbhədə atəşkəsə nail olundu.
Böyük dövlətlərin geosiyasi mübarizə meydanı sayılan bir respublikada bunlara nail olmaq asan deyildi. Çoxları Azərbaycanda siyasi sabitliyin yaradılacağına inamını itirmişdi. Lakin ümummilli liderimizin simasında hakimiyyətə inam yarandı, cəmiyyət başa düşdü ki, o, taleyin ümidinə buraxılmamışdır, onu bütün çətinliklərdən qurtarıb inamla gələcəyə aparan müdrik rəhbəri vardır. Qarşıda duran ən mühüm vəzifələrdən biri müstəqil Azərbaycan Respublikasının dövrün tələblərinə uyğun dövlət və idarəetmə strukturlarını yaratmaq idi və ulu öndərimiz Heydər Əliyev bu vəzifəni də özünəməxsus ustalıqla həll etdi. Ölkəmizdə hüquqi islahatların həyata keçirilməsi üçün, hər şeydən əvvəl, yeni konsepsiya işlənib hazırlanmalı idi ki, bu konsepsiya azad cəmiyyətin formalaşmasına, demokratik, hüquqi dövlət quruculuğuna, qanunun aliliyinə və bununla da insan hüquqları və azadlıqlarının müdafiəsinə təminat yaratsın.
1993-cü ildə ümummilli lider Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə gəlişi ilə ölkə, həm də  xaosdan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart hadisələrində Heydər Əliyev özünün siyasi yenilməzliyi və qətiyyəti ilə Azərbaycan dövlətçiliyini ağır faciələrdən xilas edə bildi. 1995-ci ildə qəbul olunmuş Konstitusiya ilə Azərbaycan demokratik, hüquqi, dünyəvi dövlət kimi ilk dəfə olaraq insan hüquqlarının prioritetliyini və hakimiyyət bölgüsünü özünün gələcək inkişaf yolu kimi müəyyənləşdirdi. 1995-ci ildə müstəqil Azərbaycanın ilk parlamentinə keçirilən seçkilər isə dövlət müstəqilliyinin möhkəmləndirilməsi prosesinin hüquqi bazasının yaradılmasına geniş imkanlar açdı. Beləliklə, Azərbaycanın beynəlxalq arenada özünəlayiq yer tutması, beynəlxalq münasibətlərin subyektinə çevrilməsi istiqamətində qlobal işlərə start verildi.
Ümummilli liderimiz Heydər Əliyevin dövlətçiliyimiz qarşısındakı ən böyük xidmətlərindən biri də müstəqil Azərbaycanın uğurlu neft strategiyasını hazırlayaraq həyata keçirməsidir. Bu strategiyanın reallaşdırılması nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində öz geostrateji mövqeyini möhkəmləndirə bildi, qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə şans qazandı.
Regional layihələrə və beynəlxalq müqavilələrə qoşulan Azərbaycan, özünün geopolitik mövqeyinə, təbii ehtiyatlarına, iqtisadi potensialına güvənərək bir çox dövlətlərlə və beynəlxalq qurumlarla əməkdaşlıq zəminində böyük "İpək yolu"nun bərpası, Şərq-Qərb nəqliyyat dəhlizinin yaradılması, Xəzərin karbohidrogen ehtiyatlarının işlənməsi və dünya bazarına çıxarılması layihələrini ardıcıl həyata keçirir.
Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra, ölkə daxilində möhkəm təməllərə əsaslanan siyasi sabitliyin bərqərar olunması, qanunçuluğun gücləndirilməsi, xarici sərmayələrə dövlət təminatının verilməsi və digər zəruri addımlar isə Azərbaycanın yeni neft strategiyasının işlənib hazırlanmasına və həyata keçirilməsinə zəmin formalaşdırdı. Uzun sürən danışıqlardan sonra 1994-cü ilin 20 sentyabrında Bakıda dünyanın 11 transmilli neft şirkətinin iştirakı ilə çağdaş tariximizə "Əsrin müqaviləsi" adı altında daxil olan neft kontraktının təntənəli imzalanma mərasimi keçirildi. Azərbaycan MDB məkanında Qərbin iri neft şirkətləri ilə böyük miqyasda saziş imzalayan ilk dövlət olmaqla yanaşı, Xəzər dənizində beynəlxalq əməkdaşlığın da bünövrəsini qoydu.
Ümummilli liderimiz Heydər Əliyevin dövlət quruculuğu fəaliyyətinin bütün mərhələləri və anları həm də Azərbaycan milli ideologiyasının yaranması, formalaşması, təbliği və təşviqi anları olmuşdur. O, gördüyü hər bir işi ideoloji cəhətdən əsaslandırmağı, onun fəlsəfi, elmi, siyasi mahiyyətini olduqca yığcam və məntiqi arqumentlərlə şərh etməyi dahiyanə bir ustalıqla bacarırdı.
Milli təhlükəsizliyin təmin edilməsinə nail olmaq, onun daxili və xarici parametrlərini dəqiq müəyyənləşdirmək və onları uzlaşdırmaq Heydər Əliyev təliminin təməl prinsiplərindən biridir. Dünyəvi qloballaşma və modernləşmə prosesinin geniş vüsət aldığı bir dövrdə ümumi bəşəri inkişaf dinamikasından kənarda qalmaq olmazdı. Hindistanın görkəmli dövlət xadimi C.Nehrunun yazdığı kimi: "Bizim idealımız və məqsədimiz tarixi meyillərə zidd gedə bilməz". Dünyadan təcrid olunmaq milli təhlükəsizliyə zəmanət vermir. Odur ki, indiki dövrün qeyri-adiliyi və ondan irəli gələn tələblərlə hesablaşmaq lazım gəlirdi.
Ulu öndərimiz Heydər Əliyev müstəqilliyimizin, Azərbaycan dövlətçiliyinin təhlükə mənbələrini və ona qarşı mübarizə metodlarını müasirləri arasında daha aydın görürdü. Heydər Əliyev bütün fəaliyyəti boyu ideoloji mübarizə cəbhəsində bir anlıq fasiləyə, istirahətə yol vermədən daim döyüş və müdafiə mövqeyində dayanmışdı.  Naşı adamlara elə gəlir ki, əgər düşmənin odlu silahları atəş açmırsa, deməli, onlar artıq susmuşdu. Xeyr, ideoloji cəbhənin döyüşçüləri gözə görünməsə də, onların təxribatçı silahı heç vaxt susmur. Əksinə, müstəqilliyimizi möhkəmləndirmək uğrunda xalqımızın hər bir uğuru düşməni daha da quduzlaşdırır, onları yeni-yeni ağlagəlməz vasitələrə əl atmağa sövq edir. Mürtəce dairələrin müstəqil Azərbaycanın nəinki yanacaq resurslarında, hətta onun ən adi nemətlərində belə maraqları var. Odur ki, ulu öndərimiz təkrar-təkrar deyirdi: "Dövlət - dövlətçiliyi qorumalıdır!" ...

Digər xəbərlər