PDF Oxu

Əsas

  • 17

“Qondarma erməni soyqırımı” tarixin saxtalaşdırılmış səhifəsidir

“Qondarma erməni soyqırımı” tarixin saxtalaşdırılmış səhifəsidir

(Əvvəli ötən sayımızda)

Azərbaycanın ictimai, siyasi, iqtisadi, mədəni həyatında baş verən ən mühüm hadisələrin işıqlandırılması məqsədilə "Səs" qəzetinin təşkil etdiyi ənənəvi dəyirmi masalar ictimaiyyət tərəfindən böyük marağa səbəb olmuşdur. Mövcud reallıqları Azərbaycanın tanınmış siyasi və ictimai xadimləri, millət vəkilləri, tarixçi-alimləri və digər sahələrin mütəxəssisləri ilə müzakirə edib, həlli istiqamətində fikirləri paylaşmaq qəzetin əsas vəzifəsi olaraq qarşıya qoyulmuşdur.
Budəfəki dəyirmi masanın mövzusu "Qondarma erməni soyqırımı"na həsr edilmişdir. Osmanlı imperiyası dövründə baş verən olaylara tarixi baxımdan qiymət vermək, ermənilərin iyrənc, iddialı baxışlarını faktlar əsasında ortaya qoyub, əsrlər boyu bir məqsəd və amal yolunda işğalçılıq siyasəti ilə çıxış etmək niyyətlərinə bir daha nəzər salmaq məqsədilə dəyirmi masa təşkil olunmuşdur.   
Dəyirmi masaya millət vəkili Musa Quliyev, Azərbaycan Turizm İnstitutunun dosenti, tarix elmləri namizədi Məhərrəm Zülfüqarlı, Azərbaycan Respublikasının Prezidenti Yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, tarix elmləri namizədi Elman Nəsirov, Bakı Dövlət Universitetinin dosenti, tarix elmləri namizədi Boran Əziz və b. dəvət olunmuşlar.  

"Səs" qəzetinin əməkdaşı:

- Bugünkü mövzumuz qondarma erməni soyqırımına  həsr olunub. İstərdik ki, tarixin müxtəlif dönəmlərində baş verən olaylara nəzər yetirib, Osmanlı imperiyası dövründə baş verən hadisələrin mahiyyətinə, dəyərinə aydınlıq gətirək. Bu hadisələr mövcud reallıqları hansı formada əks etdirir və erməni soyqırımı ilə bağlı faktlar, dəlillər bizə nə deyir? Bir tarixçi, tədqiqatçı kimi, əslində, o illərdə hansı hadisələrin baş verməsinə aydınlıq gətirməyinizi istərdik.

Elman Nəsirov:

- Mən digər bir məsələyə diqqət çəkmək istərdim. Bu da bir həqiqətdir ki, ermənilər manevr etmək qabiliyyətinə malikdirlər. Məsələn, son zamanlar Ermənistanda hakimiyyətə yaxın olan politoloqlar qeyd edirlər ki, bu qondarma "erməni soyqırımı" heç də bütövlükdə hökumətin məsələsi deyil. Bu, onların lobbilərinin, diasporasının dünyada apardığı işdir. Bu, onların məsələsidir. Belə ki, Türkiyə iddia edir ki, Ermənistan bu barədə siyasətini dəyişsin. Amma bu, onların işi deyil. Hətta bugünkü S.Sarkisyan hökuməti bunu istəməsə belə diaspora Avropada, ABŞ-da bu işlə məşğuldur. O ki qaldı Ermənistanın Türkiyə ilə bağlı ərazi iddialarına, onlar bunun da bir mif olduğunu bildirirlər. Çünki kiçik Ermənistanın nəhəng Türkiyədən belə bir torpaq almaq iddiasında olması real deyil, ideoloji bir məsələdir. Amma Dağlıq Qarabağ məsələsinə gəldikdə isə, bu, sırf Ermənistan dövlətinin siyasəti ilə bağlıdır, bunu qətiyyən genosid məsələsi və ya digər məsələlərlə müqayisə etmək olmaz. Onlar bildirirlər ki, Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə Dağlıq Qarabağ məsələsi arasında paralellik aparmaq olmaz, bunlar tamamilə başqa-başqa şeylərdir. Onlar belə bir mövqedən çıxış edirlər ki, biz bu niyyətdə olsaydıq, 15 il bundan qabaq bunu edərdik. Bu gün, həqiqətən də, qondarma erməni soyqırımı məsələsində ermənilərin manevr etmək imkanları var. Onlara çox təzyiq olunanda da deyirlər ki, bizim heç belə bir niyyətimiz də yoxdur və biz bununla məşğul olmuruq. Əslində, bu, sürüşkən mövqe tutmaqla yenə də öz niyyətində qalmaq üçün atılan bir addımdır. Amma ki, əslində, elə diaspora ilə Ermənistan hökuməti koordinasiya edilmiş şəkildə işləyirlər.

Boran Əziz:

- Ermənilərin tarixən güclünün yanında olmaq bacarığı hələ sasanilərin, ərəblərin, monqolların və b-nın hücumları zamanı çox aydın şəkildə görünür. Amma mən bir məsələyə diqqət yetirmək istərdim ki, uzun illər görmədiyimiz işi üzərimizdən atmağa, özümüzü müdafiə etməyə çalışırıq. Bu gün bizim imkanımız var ki, elə başımıza gələnləri dünya ictimaiyyətinə çatdıraq. Mən elə ötən əsrin 80-ci illərində ermənilərini törətdiyi soyqırımları nəzərdə tuturam. Axı, bu, uzaq bir keçmişdə olmayıb ki, bunu da hansısa bir müharibə zərurəti ilə və s. izah etsinlər. Bu cəhətdən biz bir hücum taktikası seçməliyik. Biz ermənilərin Qardağlı, Meşəli vəXocalıda həyata keçirdiyi soyqırımları həm müsəlman ölkələrinin, həm də Avropanın nəzərinə çatdırmalıyıq ki, bu gün özlərini yazıq, fağır göstərən ermənilər ötən əsrin 80-ci illərindən Azərbaycan xalqının başına hansı müsibətləri açmışlar. Digər bir tərəfdən, çox qəribədir ki, dünyada ermənilərdən başqa heç bir xalq, hətta yəhudilər də dünyada ən çox soyqırıma məruz qaldıqları halda, bunu şouya çevirməyi özlərinə rəva bilmirlər. Amma ermənilər bundan hər il istifadə edərək torpaq qoparmaq və ya hansısa güzəşt əldə etmək niyyətində olurlar. Ona görə də, mən belə düşünürəm ki, bizim fəaliyyətimizin digər bir istiqaməti də, xüsusilə, XX əsrin 80-ci illərində ermənilərin Azərbaycan xalqına qarşı həyata keçirdiyi bu qəddarlığı, vəhşiliyi dünya ictimaiyyətinə çatdırmaqdan ibarət olmalıdır. Bu gün 1915-ci ildə guya baş vermiş erməni soyqırımı ilə bağlı Türkiyəni ittiham edənlər ermənilərin işğalçılıq siyasətini görməzliyə vuranlardır. BMT-də bu məsələ müzakirə olunanda, onlar ya bitərəf qaldılar, ya da əleyhinə səs verdilər.


DÜNYANI MARAQLAR VƏ GÜCLƏR İDARƏ EDİR

Musa Quliyev:

- Məsələ burasındadır ki, hazırda dünyanı ədalət idarə etmir. Əgər dünyanı ədalət idarə etsəydi, onda sizin dediklərinizi etmək olardı. Lakin çox təəssüf ki, dünyanı maraqlar və güclər idarə edir, dünyada ikili standartlar tətbiq olunur. İslam-xristian qarşıdurması mövcuddur ki, bu da islam dininin yayılmasından, genişlənməsindən, daha çox vüsət almasından qorxan xristian dünyasının və xristian kilsəsinin xofundan doğan bir qarşıdurmadır. Məhz bu ikili standartlar bizi sıxır və qardaş Türkiyəni ermənilər qarşısında əliyalın qoyur.
Burada Avropa Birliyinə girmək məsələsindən söz açıldı. Bu gün AB-yə üzv olan ölkələrin bəzilərinin inkişaf səviyyəsinə baxsaq, görərik ki, onlar nəinki Türkiyə hətta Azərbaycanla da müqayisə edilə bilməz. Türkiyə əgər AB-yə üzv olarsa, o, əhalisinin sayına görə bu təşkilatda ən çox deputat yeri qazanan üzv olacaq. Problem də məhz bu məsələ üzərində yaranır. Halbuki Fransa dünyaya özünü demokratiyanın, humanizmin carçısı kimi göstərsə də, belə bir qərar qəbul edib ki, soyqırımı tanımamağa görə hüquqi məsuliyyət daşıyacaqsan. Bu da elə həmin o ikili standartlardır, ədalətsiz və maraqlara xidmət edən bir mövqedir.
Mən o fikirlə tam şərikəm ki, Azərbaycanın da,  Türkiyənin də yeganə yolu güclü, qüdrətli dövlət olmağındadır. Bizim gücümüz olmasaydı, bu manevr imkanlarımız da olmazdı.
Mən tam əminəm ki, soyqırımı məsələsinin tanınmasında ən az maraqlı olan elə erməni diasporunun özüdür. Əgər bu gün bu məsələ Türkiyə tərəfindən tanınsa və təzminat ödənilsə, onda bu qurumun heç bir əhəmiyyəti qalmır. Onlar da bunu çox gözəl bilirlər və bu fəaliyyətləri ilə xeyli pul qazanırlar. Ermənilər də çox yaxşı bilirlər ki, onlar müxtəlif dövlətlərin əlində alətdirlər. Onlar bunu da çox yaxşı bilirlər ki, qüdrətli Türkiyənin və qüdrətli Azərbaycanın əhatəsində onlarla əlaqə yaratmaq lazımdır. Mən Yerevanda 2006-cı ildə bir tədbirdə olarkən, müşahidə etdim ki, onlar müxtəlif dövlətlərin mövqelərinin toqquşması nəticəsində öz siyasətlərini həyata keçirə bilirlər.
Qəzetin əməkdaşı:

- Bu gün ermənilərin istər Qarabağda, istərsə də Türkiyədə törətdiyi əməlləri və onların türk dünyasına qarşı apardığı mübarizəni müsəlman-xristian qarşıdurması kimi qiymətləndirmək olarmı?

BU GÜN DÜNYADA HÜQUQUN GÜCÜ DEYİL, GÜCÜN HÜQUQU İŞLƏYİR

Elman Nəsirov:

- Bilirsiniz, mən də o fikirlə tam şərikəm ki, əslində, bu gün dünyada hüququn gücü deyil, gücün hüququ işləyir. Bizim yerləşdiyimiz regionda da bir deyil, bir neçə güc mərkəzi cəmləşib. Bu, həm ABŞ, Rusiya, Türkiyə, İran kimi dövlətlərin, həm də NATO, AB kimi təşkilatların timsalında özünü göstərir. Bu baxımdan da, bu məsələnin həllində əsas məsələ bizim və Ermənistanın razılığa gəlməsi deyil. Bu, daha çox böyük dövlətlərin kompromisə gəlməsindən asılıdır. Yəni, Bakı ilə Yerevan bunu həll etməyə qadir deyil. Onlar bunu həll etsə belə onlar buna imkan verməz. Burada maraqlar uyğunlaşdırılmalıdır və Moskva ilə Vaşinqton arasında münasibətlərin normallaşması, düşünürəm ki, münaqişənin həllinə də kömək edə bilər. İki tərəf arasında münasibətlərin kəskinləşməsi də öz əksini, ilk növbədə, Dağlıq Qarabağ münaqişəsində tapacaq.
ABŞ-da Barak Obama hakimiyyətə gəldikdən sonra, hər şeyə yenidən başlamaq tendensiyası irəli sürülür. Eyni zamanda, NATO-nun 60 illik yubileyində Rusiya ilə münasibətlərə yendən baxılıb və əlaqələrin bərpası və inkişafı ilə bağlı bir tendensiya irəli sürülüb. Bu kontekstdə biz məsələnin həllinə baxsaq, görərik ki, imkanlar daha da genişlənib. Xüsusilə, son hadisələr fonunda, yəni, Türkiyə-Ermənistan münasibətlərinin normallaşması və bu prosesdə ABŞ-ın Türkiyəyə təzyiqləri və eyni zamanda, həmin təzyiqlərin Azərbaycana münasibətdə öz əksini tapması, Azərbaycanın çoxmanevrli siyasət həyata keçirməsi və regionda baş verən digər hadisələr onu deməyə əsas verir ki, münaqişənin həlli ilə bağlı yeni reallıqlar yaranır və bu proseslərdə əsas oyunçu rolunda Moskva çıxış edir.  Sözümün yekununda onu demək istəyirəm ki,  yeni proseslər gedir və bu proseslərin məntiqi sonluğu məsələnin mərhələli həll planında irəliləyişə gətirib çıxaracaq.

Boran Əziz:

- Müzakirə zamanı qeyd olundu ki, Qafqaz indi ziddiyyətlərin mərkəzinə çevrilib. Bunun həll olunması üçün də dövlətlərin hansınınsa zəifləyib aradan çıxması, ya da ümumi razılığa gəlməsi şərtdir. Amma mən məsələyə başqa tərəfdən yanaşmaq istəyirəm ki, ümumiyyətlə, bu ərazi məsələsində problemin güzəştli həll edilməsi və ya edilməməsi zaman keçdikcə tədqiqatçıların qınaq yerinə çevrilir. Çox yaxşı haldır ki. indiki vəziyyətdə tələsik qərar verərək saziş imzalanması deyil, Azərbaycan xalqının obyektiv maraqları çərçivəsində məsələnin həlli əsas götürülür.       
           
Musa Quliyev:

- Azərbaycanın Prezidentinin dediyi kimi, Dağlıq Qarabağ münaqişəsinin həlli, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Düşünürəm ki, bu, çox önəmli tarixi qərardır.

Digər xəbərlər