PDF Oxu

Əsas

  • 21

“Azərbaycan doğru yoldadır”

“Azərbaycan doğru yoldadır”
Məlum olduğu kimi, aprelin 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Sədrliyi ilə Nazirlər Kabinetinin 2009-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclası keçirilib. Prezident iclasda 2009-cu ilin Azərbaycan iqtisadiyyatı üçün yeni dövrün başlandığını bildirib. Cənab İlham Əliyev ötən 5 ilin bunun üçün əsaslı zəmin yaratdığını bildirib. Qeyd edib ki, ötən 5 ildə ölkə iqtisadiyyatı 2.6 dəfə, sənaye istehsalı 2.5 dəfə artıb. 2003 - 2008-ci illərdə 2 minə qədər məktəb, yüzlərlə səhiyyə, mədəniyyət və digər sosial obyektlər tikilərək istifadəyə verilib, yüz minlərlə yeni iş yeri yaradılıb, minimum əməkhaqqı və pensiyalar, maaşlar xeyli artıb.
Dövlət başçısı qeyd edib ki, mövcud iqtisadi böhran dünyanın bütün dövlətlərinə təsir etsə də, ötən 5 ildə ölkədə keçirilən uğurlu siyasət 2009-cu ilin birinci rübündə də Azərbaycanda sosial iqtisadi inkişafın davamlılığını təmin edib. Bunu ötən 3 ayın göstəriciləri də sübut edir: "Bütün çətinliklərə, böhrana baxmayaraq, Azərbaycanda ilk 3 ayda ümumi daxili məhsul 4.1 faiz artıb. Hesab edirəm ki, böhranlı il üçün bu çox mühüm nəticədir. Ən sevindirici hal ondan ibarətdir ki, bu üç ayda qeyri-neft sektorunun inkişafı təxminən 14 faiz artıb".
Ölkədə hərtəfəli inkişafın dönməz xarakter almasında dövlət başçısının xüsusi zəhmətinin olması da faktdır. Müşavirədə Prezident bütün bunlara güclü iqtisadi siyasət və davamlı islahatların həyata keçirilməsi nəticəsində nail olunduğunu bildirib. Azərbaycanın xarici investorlar üçün cəlbedici ölkə olaraq qaldığını qeyd edən ölkə başçısı, bu günlərdə xarici sərmayə hesabına 300 mln avrodan çox dəyəri olan yeni sement zavodunun tikintisinə başlanmasını bunun əyani sübutu kimi qiymətləndirib.
Beynəlxalq bazarlarda neftin qiymətinin 3-4 dəfə aşağı düşməsinə baxmayaraq, dövlət yerli sahibkarlara himayəsini davam etdirir. Sahibkarlara Kömək Milli Fondundan ayrılan yardımın həcmi bu il də artırılıb.
Qlobal böhranın çox ölkələrə ciddi ziyan vurduğunu önə çəkən bəzi dairələr, Azərbaycanın da bu böhrana davam gətirə bilməyəcəyini, neftin qiymətinin aşağı düşməsinin ölkədə problemlər yaradacağını, həmçinin, xarici və daxili investisiyaların azalacağını qeyd edirdilər.
Lakin cari ilin ilk rübünün nəticələri göstərdi ki, bu deyilənlər təsdiqini tapmayıb. Əksinə, dövlət qlobal böhran şəratində də milli sahibkarlığı dəstəkləyir, böyük layihələr və dövlət proqramlarınn həyata keçriilməsini davam etdirir, iqtisadiyyata dövlət investisiyaları, xarici sərmayə qoyuluşu artır, sosial müdafiə gücləndirilir, ÜDM-in artım tempi normal qaydada davam edir. Regionların sosial iqtisadi inkişaf üçün yeni proqramın icrasına başlandığını bildirən Prezident İlham Əliyev iqtisadi qüdrəti artan və müstəqil siyasət yürüdən Azərbaycanın regionda, həmçinin, dünyada gedən proseslərə təsir gücünü artırdığını qeyd edib.
Dövlət başçısı qeyd edib ki, siyasətdəki cəsarətli addımlar və regional əməkdaşlıqda konstruktiv mövqe beynəlxalq aləmdə Azərbaycanın mövqelərini gücləndirir: "Bu ilin ilk üç ayı bir daha göstərir ki, bizim siyasətimiz düzgündür, bu siyasət Azərbaycan xalqına xeyir gətirir, dövləti, müstəqilliyi daha da möhkəmləndirir".
Hökumətin iclasında Prezident qeyd edib ki, müzakirə olunan məsələlərin gerçəkləşməsi üçün konkret proqramlar, icra mexanizmi və maliyyə resursları var. Ailə-uşaq problemlərini mühüm mahiyyət daşıdığını bildirən dövlət başçısı, xalqımız üçün əvəzolunmaz ali dəyərlərin yaşaması və inkişaf etdirilməsinin diqqət mərkəzində saxlanılmağın vacibliyini vurğulayıb.
Prezident yollar, su kəmərləri, energetika və meliorasiya obyektlərinin tikintisində, həmçinin, ölkə üçün vacib digər infrastruktur layihələrin həyata keçirilməsində ləngimələrə yol verilməməsi ilə bağlı konkret tapşırıqlar verib.
Kənd təsərrüfatı sahəsində görülən işlərdən danışan dövlət başçısının sözlərinə görə, Azərbaycanda istehsal olunan məhsullar ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Aqrar sahənin inkişafına təkan verən əsas amil isə, fermerlərə güzəştli şərtlərlə yanacaq, toxum və gübrələrin verilməsi, subsidiyaların ayrılmasıdır.
Yeri gəlmişkən, qeyd edək ki, indiyədək sahibkarlara, əsasən də, fermerlərə göstərilən dövlət yardımları aqrar sahənin inkişafını təmin edib. Nəticədə ötən il ölkədə məhsul bolluğu yaranıb və bazarda qiymətlər xeyli ucuzlaşıb. Bu da qobal böhran şəraitində əhalinin alıcılıq qabiliyyətinin artmasına səbəb olub.
Bir faktı da vurğulamaq lazımdır ki, 2009-cu ildə sahibkarlara verilən kreditin artırılaraq 130 mln man-a çatdırılıb. Bu da cari ildə ölkədə kənd təsərrüfatının daha yüksək sürətlə inkişaf etməsini şərtləndirəcək.
İclasda ölkədə ekoloji durumun yaxşılaşdırılması məsələsinə də toxunulub. Ölkə başçısı Bakıda, Abşeron yarımadasında 3 mln ağac əkilməsi ilə bağlı tədbirlərin hazırlandığını deyib. Bununla yanaşı, prezident Bakıda obyektlər tikilərkən ağacların kəsilməsi barədə ciddi siqnalların daxil olduğunu da vurğulayıb və belə halların qarşısının alınması üçün müvafiq qurumların rəhbərlərinə ciddi tapşırıqlar verib: "Bundan sonra haradasa, hansısa iş adamı, yaxud vəzifəli şəxsin ərazini hasarlayıb, ağacları kəsib, özü üçün mülk tikdiyini eşitsəm, həmin binalar söküləcək, buna yol verən şəxslər isə cəzalandırılacaq".
Göründüyü kimi, dövlət başçısı ekoloji problemlərin həllinə nə qədər ciddi diqqət verir. Bu da, ilk növbədə, əhalinin sağlam yaşayışının təmin edilməsi və ölkədə turizmin inkişafını şərtləndirəcək.
"Enerji təhlükəsizliyi baxımından özümüzü tam arxayın hiss edirik və Azərbaycanın enerji resurslarına maraq getdikcə artır", - deyən İlham Əliyev neft-qaz siyasətini milli maraqlara və xalqın mənafeyinə xidmət etdiyini vurğulayıb. Prezident ötən il Şərqi Avropa və MDB ölkələrində milli valyutaların devalivasiyaya uğramasına baxmayaraq, Azərbaycanda manatın məzənnəsinin sabit saxlanmasını müsbət hal kimi dəyərləndirib.
Ölkə başçısı bununla yanaşı ölkədə maliyyə intizamının gücləndirilməsinin vacibliyini də vurğulayıb. Onun sözlərinə görə, iqtisadi böhran bir sıra qonşu ölkələrin iqtisadiyyatını iflic vəziyyətə salsa da, Azərbaycanda bu, hiss olunmur: "Bu böhran bir daha göstərdi ki, kim nəyə qadirdir, hansı ölkə hansı imkanlara malikdir. Azərbaycan öz hesabına yaşayır, daxili imkanlara güvənir. Azərbaycan xalqının istedadına, imkanlarına, iqtisadiyyatının gücünə arxalanır, öz siyasi gücünə, bölgədə əldə edilmiş mövqeyə, müstəqil siyasətə arxalanır. Bu yol uğurlar yoludur, sübut olunur ki, bu yolla gedən ölkələr həmişə uğur qazanacaq, onların üzü ağ, alnı açıq olacaq".
Beləliklə, hökumətin 2009-cu ilin ilk 3 ayının yekunlarına həsr olunan yığıncağında müzakirə olunan məsələlər və dövlət başçısının dediyi fikirlər, ölkədə sürətli inkişafın davam etdirilməsi üçün böyük iradə və qətiyyətin otaya qoyulduğunu təsdiqləyir. Dünya üçün belə ağır durumda Azərbaycanın öz sürətli inkişaf yolunda dönmədən irəliləməsi xalqın və dövlətin taleyinin etibarı əllərdə olduğunu aydın göstərir.

Digər xəbərlər