“Yanğın Təhlükəsizliyi haqqında” qanuna dəyişiklik ediləcək
Dünən Milli Məclisin təhlükəsizlik və müdafiə komitəsinin iclası keçirilib. Komitə üzvləri "Yanğın təhlükəsizliyi haqqında" Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsini müzakirə ediblər. Milli Məclis sədrinin birinci müavini, komitə sədri Ziyafət Əsgərov bildirib ki, sözügedən qanun 1997-ci ildə qəbul olunub. 2006-cı ilin dekabrında isə "Dövlət Yanğın Nəzarəti Xidməti haqqında" Əsasnamə təsdiq edilmişdir.
Fövqəladə Hallar Nazirliyinin yaranması və bir sıra dövlət strukturlarının bu nazirliyin balansına keçməsi, eləcə də sonradan aparılan bir sıra struktur dəyişiklikləri qanuna əlavələr və dəyişikliklər edilməsi zərurətini yaradıb. Deputatlar qanunvericilik bazasının təkmilləşdirilməsi baxımından yeni layihənin qəbulunu məqsədəuyğun sayıblar. Qeyd olunub ki, bütün dəyişikliklər yanğın təhlükəsizliyi və nəzarəti sahəsində görülən işlərin səmərəsini artıracaq. Sonda qanun layihəsi təsdiqlənmək üçün parlamentin ümumi iclasında müzakirəyə tövsiyə olunub.
Bundan başqa Milli Məclisin mədəniyyət komitəsinin iclası keçirilib. Əvvəlcə komitənin sədri Nizami Cəfərov gündəlikdəki qanun layihələri barədə ümumi məlumat verib. Sonra Milli Məclisin sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova qanunlara təklif olunan əlavə və dəyişiklikləri şərh edib. Şöbə müdiri deyib ki, "Milli arxiv fondu haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklərdə Xarici İşlər Nazirliyinin Milli Arxiv Fonduna verdiyi sənədlər də xüsusi razılıq əsasında öyrəniləcək.
"Şəhərsalmanın əsasları haqqında" Qanuna əlavələr və dəyişikliklər edilməsi barədə" qanun layihəsi isə tikinti sahəsində təhlükəsizliyin möhkəmləndirilməsinə xidmət edəcək. A.Abbasova bildirib ki, ölkədə tikinti qaydalarının pozulması hallarının qarşısını almaq məqsədi ilə parlament Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə bəzi dəyişikliklər edib. Bununla da şəhərsalma və tikinti işlərində müvafiq normaların pozulmasına görə məsuliyyəti artırmışdır. "Şəhərsalmanın əsasları haqqında" Qanuna təklif olunan əlavə və dəyişikliklər də bunun məntiqi davamıdır.
Müzakirələrin sonunda hər iki qanun layihəsi təsdiqlənmək üçün Milli Məclisin ümumi iclasına tövsiyə olunub.