Bundan sonra Xarici İşlər Nazirliyinin arxivi qapalı olacaq
Dünən Parlamentin Mədəniyyət Komitəsinin keçirilən iclasında "Milli arxiv fondu haqqında" qanuna əlavə edilməsi barədə" və "Şəhərsalmanın əsasları haqqında" qanuna dəyişikliklər və əlavə edilməsi barədə" qanun layihələri ətrafında müzakirələr aparıldı. Qanun layihələri barədə məlumat verən parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri Adilə Abbasova bildirdi ki, "Milli arxiv fondu haqqında" qanunun 8-ci maddəsinin 3-cü hissəsinə "penitensiar xidmət" sözlərindən sonra "xarici işlər" sözlərinin əlavə edilməsi təklif olunur. Eyni zamanda, "Şəhərsalmanın əsasları haqqında" qanunun 25-ci maddəsinin 1-ci hissəsinə dəyişikliklər və əlavə olunması təklif edilir.
A.Abbasova bildirdi ki, ikinci qanun layihəsinə təklif olunan dəyişikliklər və əlavəyə görə, "xüsusi razılıq (lisenziya) olmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların layihələşdirilməsi, mühəndis-axtarış və tikinti-quraşdırma işləri ilə məşğul olduqda, baş planlarda, müfəssəl planlaşdırma, ərazi-tikinti layihələrində və mövcud ərazilərin memarlıq-planlaşdırma həllərində müvafiq rəy alınmadan dəyişiklik edildikdə, mühəndis-axtarış işləri və layihə sənədlərinin dövlət ekspertizası aparılmadan I və II məsuliyyət səviyyəli bina və qurğuların tikintisi həyata keçirildikdə, mühəndis-axtarış və tikinti-quraşdırma işlərinin yerinə yetirilməsi zamanı tikinti norma və qaydaları pozulduqda, tikintisi başa çatmış bina və qurğuların istismara verilməsi qaydaları pozulduqda" məsuliyyət və cərimə nəzərdə tutulur. Həmçinin, təklif olundu ki, qanun layihəsinin müvafiq maddəsinin 7, 10, 12 və 15-ci abzasları çıxarılsın. 11-ci abzas müvafiq olaraq 7-ci abzas hesab edilsin, həmin hissəyə aşağıdakı məzmunda 8-ci abzas əlavə olunsun. Yəni, "tikintidə təhlükəsizliyə nəzarət edən orqanın fəaliyyətinə maneəçilik törədildikdə və həmin orqanın göstərişlərinə əməl edilmədikdə" məsuliyyət və cərimə nəzərdə tutulur: "Bildiyiniz kimi, adıçəkilən qanuna təklif olunan dəyişikliklər, əlavə İnzibati Xətalar və Cinayət məcəllələrində öz əksini tapıb. İndi isə, onların "Şəhərsalmanın əsasları haqqında" qanuna salınması təklif olunur. Onu da qeyd edim ki, sözügedən qanundakı tələblər, yəni, norma və qaydalar pozulduqda fiziki şəxslər 300-600 man, vəzifəli şəxslər isə 1500-3000 manat civarında cərimə ödəməli olacaqlar".
Birinci məsələ barədə möqeyini açıqlayan Mədəniyyət komitəsinin sədri Nizami Cəfərov bildirdi ki, "Milli arxiv fondu haqqında" qanuna edilən əlavə çox mühüm əhəmiyyət daşıyır. Çünki indiyənə qədər Azərbaycanda iki cür arxivlər - ümummilli və xüsusi arxivlər mövcud olub. Ümmumilli arxivlər həmişə tədqiqatçıların, araşdırmaçıların, ümumiyyətlə, geniş ictimaiyyətin üzünə daim açıq olub və indi də belədir. Amma xüsusi arxivlər məxsus olduqları dövlət orqanlarının ciddi nəzarətində olublar və olmaqdadır. Yəni, onlara hər cür giriş - çıxış, müdaxilə yolverilməz sayılıb və sayılmaqdadır: "Məsələn, Milli Təhlükəsizlik Nazirliyinin, Dövlət Sərhəd Qoşunları Xidmətinin və digər hüquq-mühafizə nazirliklərinin arxivləri qapalı olub. Yəni, onlardan kim necə istədi, istifadə edə bilməyib. İndi isə bu sıraya Xarici İşlər Nazirliyinin arxivi əlavə olunur. Qabaqlar bu nazirliyin arxivində elə də ciddi dövlət sirləri olan materiallar olmayıb. Ancaq indi bu nazirlik daha mühüm işlərlə məşğul olduğuna görə onun arxivindən kənar şəxslərin istifadəsinə qadağa qoyulur. Bu da, əlbəttə, çox mühüm əhəmiyyət daşıyır".
Sonar geniş müzakirələr açılmadan hər iki qanun layihəsi parlamentin plenar iclasına tövsiyə olunub.
Sonra komitə üzvləri cari məsələlərlə bağlı müzakirələr aparıblar. Parlamentin Sosial qanunvericilik şöbəsinin müdiri A.Abbasova "Mədəniyyət haqqında" mövcud qanunun yeniləşdirilməsinin vacibliyini bildirdi. Onun sözlərinə görə, bu qanuna əlavələr və dəyişiklikləri nəzərdə tutan yeni qanun layihəsinin hazırlanmasına və qəbuluna çox böyük ehtiyac var.
Sözügedən komitənin sədri N.Cəfərov da hər iki təklifi dəstəklədiyini bildirdi.