Ölkə həyatında baş verən ən mühüm proseslərə daha çevik formada reaksiya verərək, istənilən ictimai-siyasi, sosial məsələnin əsas predmeti barəsində geniş oxucu kütləsini əhatə edən "Səs" qəzetinin təşkil etdiyi dəyirmi masaları cəmiyyətimiz böyük diqqət və maraqla izləməkdədir. Davamlı şəkildə qəzetin redaksiyasında keçirilən dəyirmi masanın bugünkü mövzusu "Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi" oldu.
Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası Katibliyinin icraçı direktoru Fərasət Qurbanov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Vəli Vəliyev, "Tolerantlıq" Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu, Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri Çingiz Bayramov, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin baş redakoru Hikmət Babaoğlu, Yeni Nəsil Jurnalistlər ictimai birliyinin sədri Arif Əliyev, Beynəlxalq Diaspora Mərkəzinin sədri, "Diaspora" jurnalının təsisçisi İsmayıl Ağayev, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Vəfa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev iştirak edirdilər.
(Əvvəli ötən sayımızda)
Bəhruz Quliyev:
- "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi mütəmadi olaraq ən aktual məsələləri müzakirə mövzusuna çevirir. Bugünkü dəyirmi masanın mövzusu "Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi"dir. Daha dəqiq desək, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayan KİV-ə və QHT-lərə dövlət dəstəyi ilə bağlıdır. İstərdik ki, aparılacaq müzakirələrdə iştirak edənlər ölkədə QHT-lərin, mətbuatın inkişafı istiqamətində görülən işlərdən və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən bu sahənin inkişafı üçün verdiyi fərman və sərəncamların mahiyyətindən danışaq.
Qeyd edim ki, QHT-lərə dövlət dəstəyi şurası artıq bir neçə ildir ki, fəaliyyət göstərir və QHT-lərin cəmiyyətin maarifləndirilməsi və inkişafı üçün verdikləri layihələr şura tərəfindən maliyyələşdirilir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə "Kütləvi informasiya vasitələrinin inkişafına Yardım Fondu"nun yaradılması isə KİV-in daha şaxəli inkişafına böyük töhfə olacaq. Bu baxımdan, inanırıq ki, Azərbaycanda mətbuatın inkişafına dair atılan addımlar ölkədə azad sözün və vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayacaq.
Əflatun Amaşov:
- Konsepsiyada yardımın formalarını müəyyənləşdirərkən açıq-aydın göstərilir ki, yardımlar konkurs və konkurssuz əsasda ola bilər. Konkurs əsasında olan yardımlar qrantlardır, orada istiqamətlər göstərilir. Eyni zamanda, biznes layihələridir ki, KİV həmin layihələri həyata keçirməklə özünün iqtisadi dayaqlarını möhkəmləndirir. Konsepsiyada əsas məqsəd ondan ibarətdir ki, KİV-in maddi bazası möhkəmlənsin və onların müstəqilliyi artsın. Burada jurnalistlərin peşəkarlığı, məsuliyyəti artsın. Sosial problemlərində müəyyən irəliləyişlər olsun. Azərbaycan mətbuatında indiyə qədər belə sənəd hazırlanmayıb. Eyni zamanda, büdcədən digər yardımlar nəzərdə tutulub. Burada söhbət region mətbuatından, onun sosial, mədəni, uşaq mətbuatı, eyni zamanda, büdcədən ayrılan subsidyalar, sosial reklamlarla bağlı söhbət getdi. Reklamları mətbuatda yerləşdirilməsi müəyyən mərhələlər kimi iqisadi dayaqların möhkəmlənməsinə xidmət edən istiqamətlərdə olmalıdır. İlk növbədə, Azərbaycan mətbuatının indiki durumunu öyrənməliyik. Bunun üçün, ilk növbədə, çox ciddi araşdırmalar olmalıdır. Mətbəələrdə, satışda, yayımda hansı problemlər var. Maliyyə istiqamətləri konsepsiyada var. Bunları müəyyənləşdirdikdən sonra fond öz istiqamətini gücləndirə bilər.
Hikmət Babaoğlu:
- Ayrılan yardım informasiya cəmiyyətini təmin edəcək resursları hərəkətə gətirmək daha çox vacibdir. Yəni, kim fikirləşirsə, birdəfəlik bu fond Azərbaycan mətbuatının prblemlərini həll edəcək, bu, həll olunmayacaq. Çünki mətbuat informasiya cəmiyyətini təmin edəcək resurslar özləri hərəkətə gəlməyincə inkişaf etmiş mətbuatı görə bilməyəcəyik. Məncə, yardım fondu bir növ bu sahədə katalizator, yəni, digər resursları hərəkətə gətirmək üçün stimullaşdırıcı rol oynayacaq. Şikayət edirik ki, Azərbaycanda reklam, qəzetlərin biznes strukturları, demək olar ki, yoxdur. Diqqət edəndə, görürük ki, əldə olunan və mətbuatın əsas iqtisadi gəlirləri reklamlardan və abunədəndir. Azərbaycanda böyük qəzet satışı və abunə potensialı var. Eyni zamanda, iqtisadi biznes strukturları mövcuddur ki, bunlar da həmin fərmandan sonra atacaqları addımda qərar verməlidir.
Azər Rəşidoğlu:
- Müzakirələrin predmetində bir neçə məsələ durur. Obyektiv qəzetlərə vəsait ayrılacaq, bu qəzetlər hansıdır? Kim qiymət verə bilər ki, obyektiv kriteryası necə olmalıdır. Etik qaydaları kim pozur? Bax, bunu kim müəyyənləşdirəcək? Mətbuat Şurasının müəyyənləşdirdiyinə, tutaq ki, mən inanmayacağam. Cəmiyyətin hansısa müəyyən bir hissəsi inanmayacaq. Sualı başqa cür qoyaq. Etik qaydalarını hansı qəzetlər pozur? Reklam bazarı niyə məhduddur? Azərbaycanda siyasiləşməmiş çox az qəzet var. Qəzet, əslində, bütün dünyada biznes sahəsidir. İnformasiyada əmtəədir, əmtəə də bazara çıxarılır və satılır. Sadəcə olaraq, infomasiya hansı şəkildə təqdim olunarsa, söhbət ondan gedə bilər. Şəxsi münasibətlərdən asılı olmayaraq, Azərbaycan mətbuatını yaradanlar insanlar var. Biz hələ bu gün olmayan məbləğin bölüşdürülməsindən söhbət ediriksə, Azərbaycan mətbuatının ciddi problemləri var.
Aydın Quliyev:
- Vəsaitin necə xərclənməsi barədə fikirlər müxtəlifdir. Bu, təbii haldır. Burada həmişə ictimai maraqlarla yanaşı, təmsil etdiyi mətbuatın da marağını görürük. Çalışır ki, onun da qəzeti nə isə alsın. Fikrimcə, ayrılmış vəsaitin necə bölüşdürülməsi sualları ilə paralel olaraq, iki sual üzərində daha aktual, daha geniş müzakirələr aparmalıyıq. Birincisi, Mətbuatın İnkişafına Dəstək Fondunun, ilk növbədə, ictimai və beynəlxalq reytinqini qoruyub saxlamaq. Necə etməliyik ki, bu fond özünün reytinqini qoruyub saxlaya bilsin və onun atdığı addım küçələrdə lağ obyektinə çevrilməsin və çox mötəbər qərarlar kimi qəbul olsun. Biz bunu necə etməliyik? Təbii ki, kiminsə düşəncəsində, başında hazır trafaret yoxdur. Amma çox istəyərdim ki, bundan sonra bu istiqamətdə müzakirələr aparaq. Fondun ictimai reytinqini necə qoryub saxlayaq sualının cavabını axtaraq. İkinci tərəfi, elə müzakirələr getməlidir ki, ölkənin indiki vəziyyətini, iqtisadiyyatını, xaricdən daxil olan vəsaitlər s. çox amailləri nəzərə alaq. Bu gün dövlət cəmi 1 mln 3 min vəsait ayırıb. Gələn il büdcə vəsaiti artırılmayacaq. Ən yaxşı halda bu qədər qalacaq. Bəs necə etməliyik ki, fonda dövlət büdcəsindən ayrılmış vəsait yox, başqa vəsaitlər də cəlb edilsin. Yəni, başqa beynəlxalq təşkilatların, digər ölkələrin vəsaitlərinin cəlb olunması, ən vacibi odur ki, ölkənin daxilində vətəndaş cəmiyyətinin özünün hüquqi-fiziki şəxsləri gəlirə cəlb edilsin. Necə edək ki, fondun vəsaitinin məbləğini artıraq. Biz məsələyə ayrılan vəsaitin paylaşdırılması formasında baxılacaq. Mətbuat Şurasının bununla bağlı təşəbbüsləri olacaq. Ötən il birdəfəlik yardımla bağlı Mətbuat Şurasının təşəbbüsü var idi). Buna da nail olmaq üçün həlledici, səmərəli rolu ancaq fondun reytinqini, etimadını qoruyub saxlamaqdır.
Mətbuatın həmrəyliyinə gəldikdə, burada söhbət, dövlət, ictimai, milli maraqlardan gedir. Türkiyə-Ermənistan sərhədlərinin açılması, doğrudan da, təhlükə idi. Bu, bir ehtimal olsa da, böyük təhlükə idi. Çox yaxşı ki, həm orada, həm də burada mətbuat, QHT-lər, dövlət orqanları, partiyalar adekvat reaksiyalar verdi. Burada bəzi mətbuat orqanlarının bu tendensiyadan kənarda qalması, müəyyən partiya maraqlarına söykənməsi və yaxud başqa səbəblər deyilirsə, onları da qəbul edirəm. Bu da hər kəsin özünün Azərbaycan tarixi qarşısında məsuliyyətidir. Qəzetlər arxivə gedir, 20 ildən sonra açıb baxacaqlar ki, kimin mövqeyi nədən ibarət olub. Bu məsələdə hər kəs tarix qarşısında özü fərdi qaydada məsuliyyət daşıyır.
Çingiz Bayramov:
- Bu gün mətbuatın probleminə dövlətin yanaşması təqdirəlayiqdir. Azərbaycan iqtisadiyyatı inkişaf edir. İnkişaf etdikcə hər bir sahəyə diqqət günbəgün artmaqdadır. Bu da sevindirici haldır. Ayrılan vəsait mətbuatın özünə yetməsə də, bundan səmərəli istifadə edilməlidir. QHT-lərdən fərli olaraq, təbii ki, qəzet kommersiya vasitəsidir. Bu, səmərəli şəkildə həm texniki bazasının inkişafına, həm də pul qoyub pul götürmək məsələsinə yönəlsə daha yaxşı olar. Sevindirici haldır ki, xarici ölkələrdən fərqli olaraq Azərbaycanda qəzet redaktorları sırf jurnalistika ilə məşğul olanlardır. Qardaş Türkiyəyə baxdıqda, tam fərqlidir. Orada media rəhbərləri hamısı ticarətçilər, fərqli insanlardır. Burada əyləşənlər bir gün zəngin olub, özləri digər təşkilatlara, cəmiyyətə yardım etməlidir. Dövlətin qayğısı var və vəsait dövlətin, millətin maraqlarına xidmət edən layihələrə sərf olunmalıdır.
Bəhruz Quliyev:
- Burada təkliflər var ki, rəsmi qəzetlərə yardımlar edilməməlidir. Siz necə fikirləşirsiniz?
Zeynal Vəfa:
- Sovet hökuməti dövründə 4-5 qəzet çıxırdı. Həmin 4-5 qəzetə 1 mln 3 min man ayrılsaydı, biz bunu alqışlayardıq. İndi 500-600 qəzet çıxır. Hamısı da çətin vəziyyətədir. "Azərbaycan" qəzeti keçmiş "Kommunist" qəzeti idi. Vaxtilə yarım milyon tirajla çıxırdı, indi isə, həmin qəzet 8 min tirajla çıxmır. Heç kim abunə olmaq istəmir. Bütün qəzetlər kimi biz də çətin vəziyyətdəyik. Ölkə başçısı dünyada tüğyan edən böhran vəziyyətində təqdirəlayiq addımı atdı və 1 mln 300 min man vəsait ayırdı. Burada hər şey deyildi, amma vəsaiti artırmaq barədə söhbət getmədi. Hərə öz beynini ortalığa qoyub fikirləşməlidir ki, vəsaiti hansı yollarla artıraq.
Aydın Xan:
- Son vaxtlar ictimai təchizatlara qarşı mənfi münasibətin formalaşması barədə xoşagəlməyən hadisələr baş verir. Əslində, qəbul etməliyik ki, dövlətçiliyin yeni mərhələsindəyik və islahatlar gedir. İslahatlar siyasi sferadan bir çox təchizatları ictimai sferaya gətirib. İctimai sfera deyəndə, mətbuatla QHT-ləri heç cür ayıra bilmirik. Çünki bunlar qarşılıqlı işləyir. Dəstək Şurası tərəfindən maliyyələşən layihələrə baxdım. Layihələrin 60 faizi KİV-ə işləyən layihələrdir. Təşkilat hər hansı bir problem ətrafında layihə və həm də onun internet sayıtının yaradılması ilə bağlı müəyyən proqramlar ortalığa qoyub. O cümlədən, bizim təşkilat da uşaq və gənclər üçün inovativ layihə fikirləşib. Yəni, layihəmiz elektron kitabxana və yeni medianın yaradılması ilə bağlıdır. Aydın məsələdir ki, istənilən məbləğdə vəsait ayrıla bilməz. Fikirləşirik ki, layihənin davamını gələn müsabiqələrdə və yaxud xarici donorlara təqdim edə bilərik. Dediyim kimi, iki təchizat bir yerdə cəmiyyətin yeni mərhələsində öz töhfələrini verməlidir. Dəstək Şurasının çox maraqlı bir çıxışı oldu. Şikayətlərlə bağlı yaradılacaq apellyasiya qurumuna iki jurnalist dəvət ediblər. Bu, KİV-də də baş verəcək. QHT şurasından ekspert dəvət edə bilərsiniz. İstərdim ki, hər iki təşkilatın qarşısında olan və çox ciddi məsələyə fikrimi bildirim.
Medvedev artıq Rusiyanın internet resurslarının inkişafı ilə bağlı öz fikirlərin bölüşdürdü. Cəmiyyətə çox böyük mesaj verdi. Bu mesaj nədən ibarət idi? Yəni, dünya artıq virtuallaşır. ABŞ-ın "Vaşinqton Post" qəzeti planlaşdırır ki, artıq 5 ildən sonra bütövlükdə qəzet variantını ixtisar edib ancaq virtual internet variantını saxlasın. Onda Azərbaycanda çap olunan və ayda bir dəfə çıxan 500 tirajlı qəzet nə düşünür? Dövlət, əslində, bu pulu ona görə ayırıb ki, yazılı mətbuat özünün elektron variantını yaratsın və inovativ fəaliyyətlə məşğul olsun. Dövlətin başqa proqramları var ki, KİV və QHT-lərə ayrılan bu maliyyə resurslarını uyğunlaşdıra bilər.
Elektron hökumət proqramı var ki, həmin proqrama görə, bütün bölgələrdə pulsuz internetə qoşulmaq olar. Artıq rabitə xidmətini ödəmədən birbaşa internetə girmək olur. Eyni zamanda, xalq kompüteri deyilən proqram var. Bu proqramlarla KİV-ə yönəlmiş qrantları birləşdirə bilərik. Yəni, birinci növbədə, KİV-lər ən azı öz internet saytlarının resursların möhkəmləndirməli, yaratmalıdırlar. Maksimum çalışmaq lazımdır ki, Bakıda oturanla hansısa bölgədə oturan eyni vaxtda bu resurslardan istifadə edə bilsin. Amma resurslarımız çox dəhşətlidir. Gündə rusdilli, hətta Azərbaycan resurslarına girənlərin sayı 10 minlərlə ölçülür. Resurslara girən azərbaycanlıların sayı isə 2500-3000-dir. Təklifim də var: "İqtisadi zonalarımızda yayım şurası deyilən təşkilat yaradılmalıdır. Həmin yayım şurası qəzetlərin abunəsi ilə məşğul olmalıdır. Eyni zamanda, orada qəzet və informasiya agentliklərinin jurnalist postlarını yaratmaq olar.
Vüqar Rəhimzadə:
- Burada iştirak edən həmkarlarım adından "Səs" qəzetinə təşəkkür edirəm ki, bu məsələyə diqqət ayırdı və bizi buraya topladı. Burada narazılıq da oldu. Dövlət, Mətbuat Şurası özü maraqlıdır ki, yeni yaradılmış qurum obyektiv şəkildə fəaliyyət göstərsin, reallaşsın, həyata keçirilsin. Təkliflər, deyilən sözlər, məhz bu obyektivliyə yönəlib. İnanıram ki, bu işlər uğurla nəticələnəcək. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevə ürəkdən təşəkkür edirəm. Azərbaycan mətbuatı tarixində mətbuatın inkişafı üçün bu fondun yaradılması əlamətdar hadisədir.