PDF Oxu

Əsas

  • 12

NAXÇIVAN SƏNƏT MƏBƏDİNİN AZƏRBAYCAN TEATR MÜHİTİNDƏKİ MÖVQEYİ

NAXÇIVAN SƏNƏT MƏBƏDİNİN AZƏRBAYCAN TEATR MÜHİTİNDƏKİ MÖVQEYİ

"Naxçıvan teatrı köklü, əsaslı bir teatrdır. Yaxın Şərqin
ən  qocaman  sənət  ocaqlarından  biri olan  Naxçıvan
teatrı  böyük bir yaradıcılıq yolu keçmişdir. Teatr bu
ənənəni bu gün də qoruyub  saxlayır".

HEYDƏR ƏLİYEV


(Əvvəli ötən saylarımızda)

Gözəllik müəyyən dövr ərzində öz əsrarəngizliyi və lirizmi ilə bizi vəcdə gətirib heyran etdiyi, düşündürdüyü, bədii-estetik zövqü oxşadığı kimi, həm də idrakı oynadıb ona təsir edir, humanist-insani duyğular aşılayır. Müəyyən zaman keçdikdən sonra o, öz təravətini itirib yeni bir keyfiyyətə keçir. Sənətkarlıqla yaradılmış hər bir tamaşa da belədir. Zaman keçdikcə o gəncləşməli, yeni ifaçılar və rejissorlar tərəfindən yeniləşməli, zamanın, dövrün ritmi, bədii-estetik tələbləri səviyyəsinə qaldırılmalı, günün tələbi ilə səsləşməlidir. Həqiqətən, respublikamızın həyatında o dövrdə baş verən mühüm dəyişikliklər ədəbiyyatımızın, incəsənətimizin mövzu siqlətinə təsirsiz qalmadı. Bu dəyişikliklər, hər şeydən əvvəl, müsbət qəhrəman problemlərini daha əhatəli və dərindən-dərinə işləmək kimi vacib yaradıcılıq vəzifələrini xüsusi ciddiyyətlə qarşıya qoydu. Qəhrəmanı daha real, daha həyati təsvir etmək, mürəkkəb ictimai mühitdə onun daxili aləmini bütün zənginliyi ilə göstərmək vəzifəsi xüsusilə diqqət mərkəzində durdu. Bu sahədə incəsənət və teatr ictimaiyyəti də kənarda qala bilməzdi. Naxçıvan teatrı zəhmətkeşlərin arzu və istəyini, əməli fəaliyyətini bədii həqiqətə çevirməyi, onların hissinə, şüuruna yol tapıb fəal həyat mövqeyinə doğru istiqamətləndirməyi bacardı. Naxçıvan teatrı tamaşaçıların mənəviyyatca dəyişməsində, onların ictimai-siyasi həyata münasibətlərinin, etik və əxlaqi görüşlərinin formalaşmasında fəal iştirak etdi. Bu gün Naxçıvan teatrı keçmiş yaradıcılıq ənənələrinə arxalanaraq yüksək sənətkarlıq nümunəsi göstərmək əzmi ilə çalışır. Sənətin dünəni ilə bu günü, bugünü ilə sabahı arasında qarşılıqlı rabitə yaradır. Teatrın hər bir tamaşası xarakterik hadisə və məntiqin yeni yozumu ilə tamaşaçılarda maraq doğurur. Buna görə də Naxçıvan teatrı repertuarına daxil etdiyi tarixi əsərlərə də müasirlik mövqeyindən yanaşır, tamaşaçılar arasında ülvi hisslər aşılaya bilmək üçün var gücü ilə fəaliyyət göstərir. Bu gün Naxçıvan teatrını xalqımızın səadəti naminə fədakarlıqla çalışan, hər bir çətinliyə sinə gərən, müasirlərimizin bədii obrazlarını yaratmaq vəzifəsi düşündürür, bu vəzifənin obyektiv və obrazlı həlli üçün imkanlardan məharətlə istifadə olunur. Məlum həqiqətdir ki, son illər ərzində muxtar respublikamızda xalqın maddi-mənəvi həyatında əsaslı dəyişikliklər edilmiş, tamaşaçıların psixologiyasında yeniləşmə prosesi başlamış və böyük nailiyyətlər qazanılmışdır. Bu sağlam ictimai mühit zəhmətkeşlərin siyasi-mənəvi, əxlaqi dünyagörüşünü daha da formalaşdırmışdır. Bu baxımdan axtarış və uğurlar  davam etdirilir. Bugünkü tamaşaçılar teatrdan şəxsi və ictimai idealın qarşılıqlı əlaqəsini və onların bir-birini tamamlamasını tələb edir.
 Azərbaycan mədəniyyətinin və incəsənətinin, o cümlədən, Naxçıvan teatrının inkişafında ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin böyük diqqət və qayğısı özünü bariz surətdə göstərdi. XX əsrin 70-80-ci illərində sənətə və sənət adamlarına, yazıçı və şairlərə, bəstəkar və rəssamlara göstərilən qayğının səmərəli nəticəsi idi ki, Azərbaycan mədəniyyəti, incəsənəti özünün intibah dövrünü yaşadı, dünya mədəniyyəti içərisində öz layiqli yerini tutdu.
Müstəqillik illərində də Naxçıvan teatrının fəaliyyətində ciddi dönüş yarandı. Milli klassik dramaturgiyaya - H.Cavid, C.Məmmədquluzadə, N.Nərimanov, M.F.Axundov kimi ədiblərin əsərlərinə yenidən müraciət olundu. Teatrda milli ruh, milli düşüncə hökm sürdü. H.Cavidin "Topal Teymur", "İblis", "Afət", "Səyavuş", C.Məmmədquluzadənin "Dəli yığınjağı", "Qurbanəli bəy", M.F.Axundovun "Lənkəran xanının vəziri", İ.Əfəndiyevin "Hökmdar və qızı", N.Nərimanovun "Nadir şah", N.Xəzrinin "Atillanın atlıları", Elçinin "Dəlixanadan dəli qaçıb" ("Mənim sevimli dəlim"), K.Ağayevanın "Məhsəti", H.Eyvazlının "Araz sahilində doğan günəş", A. Babayevin "Koroğlunun Çənlibelə qayıdışı" kimi əsərləri qədim sənət ocağının zəngin repertuar mənzərəsindən xəbər verir.
Naxçıvan teatrı həmişə gözəlliyə, mübarizəyə jan atmış, ümumi inkişafa mane olan eybəcərliklərə, ictimai nifrət hissi oyatmışdır. Teatr özünün 125-ci mövsümündə Həsənali Eyvazlının "Araz sahilində doğan günəş", Adil Babayevin "Koroğlunun Çənlibelə qayıdışı" əsərlərini səhnəyə qoymuşdur. 2008-ci ilin aprel ayının 10-da C.Məmmədquluzadə adına Naxçıvan Dövlət Musiqili Dram Teatrında tamaşaya qoyulan "Araz sahilində doğan günəş" əsəri mövzu aktuallığı baxımından diqqəti daha çox cəlb edir. Tarixi hadisələrdən götürülmüş mövzu bu günümüz üçün daha aktualdır. Mövzu düzgün seçilmiş, səhnə formalarından uğurla istifadə edilmişdir. Məharətli aktyor oyunu da tamaşaya uğur qazandırır. Tamaşanın əsas qayəsi odur ki, torpaq bizə ata-baba əmanətidir. Onu qoruyub gələjək nəsillərə çatdırmaq isə hər kəsin vətəndaşlıq borcudur.
Adil Babayevin ümummilli lider Heydər Əliyevin anadan olmasının 85 illiyinə həsr olunmuş "Koroğlunun Çənlibelə qayıdışı" əsərinin ilk tamaşası Naxçıvan teatrının yaradılmasının 125 illik yubiley ilində - ulu ondərin anadan olduğu gün, may ayının 10-da sənətsevərlərə təqdim olundu. Tamaşada 1990-cı illərdə Azərbaycanın düşdüyü ağır vəziyyətdən və dahi şəxsiyyət Heydər Əliyevin ölkəni həmin fəlakətdən xilas etməsindən bəhs olunur. Hər iki tamaşanın quruluşçu rejissoru Kamran Quliyev, quruluşçu rəssamları Əbülfəz Axundov və Hüseynqulu Əliyev, musiqi tərtibatçısı Şəmsəddin Qasımov olmuşlar.
Görkəmli alim, sənətşünaslıq doktoru Cəfər Cəfərov Azərbaycan teatrının inkişafında Naxçıvan teatrının tutduğu mövqeyi qiymətləndirərək yazırdı: "Müstəqil olaraq meydana gələn Naxçıvan teatrı Azərbaycanın başqa şəhərlərində yaranan teatr mərkəzlərindən daha güclü idi və Azərbaycanda teatr sənətinin inkişafına daha səmərəli təsir göstərirdi. Naxçıvan  Azərbaycan teatrına E. Sultanov, M. T. Sidqi, C. Məmmədquluzadə, B. Kəngərli, H. Cavid, Ə. Qəmküsar, K. Ziya, R. Təhmasib kimi görkəmli dramaturq, aktyor və teatr təşkilatçıları vermişdir".
(Ardı var)

Digər xəbərlər