Ölkə həyatında baş verən ən mühüm proseslərə daha çevik formada reaksiya verərək, istənilən ictimai-siyasi, sosial məsələnin əsas predmeti barəsində geniş oxucu kütləsini əhatə edən "Səs" qəzetinin təşkil etdiyi dəyirmi masaları cəmiyyətimiz böyük diqqət və maraqla izləməkdədir. Davamlı şəkildə qəzetin redaksiyasında keçirilən dəyirmi masanın bugünkü mövzusu "Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi" oldu.
Dəyirmi masada "Səs" qəzetinin baş redaktoru, "Səs" İnformasiya Agentliyinin baş direktoru Bəhruz Quliyev, "İki sahil" qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, Azərbaycan Respublikası Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurası katibliyinin icraçı direktoru Fərasət Qurbanov, "Azad Azərbaycan" qəzetinin baş redaktoru Vəli Vəliyev, "Tolerantlıq" Sosial Araşdırmalar Birliyinin sədri Azər Rəşidoğlu, Türkiyə Universitetləri Məzunları ictimai birliyinin sədri Çingiz Bayramov, "Olaylar" qəzetinin baş redaktoru Yunus Oğuz, "525-ci" qəzetin baş redaktoru Rəşad Məcid, "Yeni Azərbaycan" qəzetinin baş redakoru Hikmət Babaoğlu, Yeni Nəsil Jurnalistlər ictimai birliyin sədri Arif Əliyev, Beynəlxalq Diaspora Mərkəzinin sədri, "Diaspora" jurnalının təsisçisi İsmayıl Ağayev, "Bizim Yol" qəzetinin baş redaktoru Bahəddin Həziyev, "Azərbaycan" qəzetinin baş redaktor müavini Zeynal Vəfa, Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Yeni Yazarlar və Sənətçilər Qurumunun sədri Aydın Xan, "Bakı Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev iştirak edirdilər.
Bəhruz Quliyev:
- "Səs" qəzeti və "Səs" İnformasiya Agentliyi mütəmadi olaraq ən aktual məsələləri müzakirə mövzusuna çevirir. Bugünkü dəyirmi masanın mövzusu "Vətəndaş cəmiyyəti institutlarına dövlət dəstəyi"dir. Daha dəqiq desək, vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayan KİV-ə və QHT-lərə dövlət dəstəyi ilə bağlıdır. İstərdik ki, aparılacaq müzakirələrdə iştirak edənlər ölkədə QHT-lərin və mətbuatın inkişafı istiqamətində görülən işlərdən və Azərbaycan Respublikası Prezident İlham Əliyev tərəfindən bu sahənin inkişafı üçün verdiyi fərman və sərəncamların mahiyyətindən danışaq.
Qeyd edim ki, QHT-lərə dövlət dəstəyi şurası artıq bir neçə ildir ki, fəaliyyət göstərir və QHT-lərin cəmiyyətin maarifləndirilməsi və inkişafı üçün verdikləri layihələr şura tərəfindən maliyyələşdirilir. Bu günlərdə Prezident İlham Əliyevin Sərəncamı ilə "Kütləvi informasiya vasitələrinin inkişafına Yardım Fondu"nun yaradılması isə KİV-in daha şaxəli inkişafında böyük töhfə olacaq. Bu baxımdan, inanırıq ki, Azərbaycanda mətbuatın inkişafına dair atılan addımlar ölkədə azad sözün və vətəndaş cəmiyyətinin formalaşmasında mühüm rol oynayacaq.
Vüqar Rəhimzadə:
- Əvvəla, "Səs" qəzetinə öz təşəkkürümü bildirirəm. Hesab edirəm ki, Prezident yanında KİV-lərə Dövlət Dəstəyi Şurasının yaradılması əlamətdar, ümumiyyətlə, mətbuatın inkişafına böyük təsir göstərən hadisədir. Bütövlükdə, mətbuatın texniki imkanlarının artırılmasına, sosial şəraitin yaxşılaşmasına yönəldilmiş təsirdir. Düşünürəm ki, bu təsiri obyektivliyi qoruyan, dövlətçiliyə, milli ruhda fəaliyyət göstərən mətbuat orqanlarına şamil olunsun. İdarə heyətinin üzvləri bu məsələni müzakirə edib, 9 mətbuat və 9 jurnalist təşkilatın nümayəndələrirnin namizədliyi irəli sürülüb. Mətbuat Şurası tərəfindən irəli sürülmüş 18 nəfərdən ibarət namizədlər arasında seçim olacaq. 6 nəfər müşahidə şurasına üzv, 3 nəfər də aidiyyatı dövlət orqanları tərəfindən burada təmsil olunacaq.
Prezident tərəfindən fərmanın imzalanması mətbuat üçün mühüm əhəmiyyət kəsb edən hadisədir. Bu siyasət zaman-zaman davam edib və bu gün də bunun məntiqi nəticəsini gördük. Mətbuat işçisi kimi bu hadisəni çox yüksək qiymətləndirirəm. Düşünürəm ki, gələcəkdə maliyyənin bölgü məsələsinə obyektiv yanaşılacaq. Aparıcı qəzetlər bu maliyyə yardımından bəhrələnəcək, şəxsi mənafeyini güdən qəzetlər yardımdan kənarda qalacaq.
Rəşad Məcid:
- Azərbaycanda qəzetlərin maliyyə vəziyyəti, yazılı KİV-ə ayrılan reklam bazarı çox məhduddur. Ölkənin iqtisadi inkişafı ilə adekvat deyil. Bu baxımdan, Azərbaycanın yazılı KİV-i iqtisadi çətinliklər keçirir. Bu, hər kəsə bəllidir. Mətbuat Şurasının üzvləri, müxtəlif ekspertlər bundan necə çıxmağın yolları barədə müzakirələr aparıb. Müxtəlif təkliflər səslənib. Bu təkliflər Mətbuatın İnkişafına Dövlət Dəstəyi Haqqında Konsepsiyada cəmləşədi. Bu konsepsiya Azərbaycan Prezidenti tərəfindən 2008-ci ilin iyunun 31-də qəbul olundu. Orada yazılı KİV-in indiki iqtisadi durumu və vəziyyətdən çıxış yolları barədə ümumi fikirlər toplanmışdı. Bu vəziyyətdən çıxmaq və mətbuata hansısa dövlətin kömək göstərməsi üçün məhz KİV-lərin İnkişafına Yardım Fondu yaradıldı. Hesab edirəm ki, müsbət addımdır, keçid dövrü və mətbuat üçün normal şərait yaranana qədər fond qəzetlərin daha da geriləməsinə, sıradan çıxmasına mane olacaq. Müəyyən iqtisadi dirçəlişə, sabitliyi gətirib çıxaracaq.
Hikmət Babaoğlu:
- Mətbuatın bugünkü gününü hansı yerdə, məqamda, keyfiyyətdə, vəziyyətdə fəaliyyət göstərdiyimizi müəyyənləşdirmək üçün bir balaca tarixə ekskurs etmək lazımdır. Bilirsiniz ki, 1990-cı ilin axırlarından başlayaraq ölkədə mətbuatın inkişafını təmin etmək üçün dövlət tərəfindən xüsusi məqsədyönlü addımlar atılıb. 1998-ci ildə Azərbaycanda dövlət sirrini mühafizə edən xüsusi qurum vardı, o, ləğv edildi. 1999-cı ildə KİV-lər haqqında qanun qəbul olundu, 2000-ci ildə bu sahəyə nəzarət edən xüsusi dövlət qurumu olan Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bütün bunlar Azərbaycan juranlistikasının tam müstəqil fəaliyyətini təmin etmək üçün atılan addımlar idi. Eyni zamanda, bunun arxasında dayanan başqa bir məsələ ondan ibarət idi ki, mətbuat, həmçinin, öz iqtisadi problemlərini həll edə biləcək, müstəqil sütunlar üzərində dura biləcək gücə çevrilsin. Təəssüf ki, ölkədə bu gün mətbuat deyəndə, ilk növbədə, gözümüzün önünə gələn yazılı mətbuatdır və bu yazılı mətbuatın çoxlu konseptləri: elektron, internet və s. mətbuat vasitələri meydana çıxır. Belə olan şəraitdə yazılı mətbuatın əsas iqtisadi əsaslarını təmin edən abunə yazılışı və ya qəzet satışında müəyyən problemlər yaranır. Təbii şəkildə burada azalma baş verir. Buradan belə bir nəticə çıxır ki, ilk növbədə, mətbuatın iqtisadi əsaslarını təmin edəcək başlıca bazanın bir qismi, təbii, konkret nəticə ilə sıradan çıxmaqdadır. Yəni, bu, tək Azərbaycan mətbuatının problemi deyil, bütün dünya mətbuatının problemlərindən biridir.
Əflatun Amaşov:
- Mətbuata Dövlət Dəstəyi ilə bağlı fondun yaranması ilə əlaqədar ölkə başçısı fərman verib. Sənəddə göstərilir ki, bir ay müddətində fondun müşahidə şurası formalaşmalı, icraçı direktor təyin olunmalıdır. Bundan sonra fond özünün proqramı və fəaliyyəti ilə bağlı sənədlər üzərində işləyəcək. Bu işə görə 1 mln 300 min man nəzərdə tutulub. Fond tam formalaşandan, öz sənədlərini müəyyənləşdirəndən sonra bu barədə danışmaq olar. Ancaq indiki şəraitdə Azərbaycan mətbutı ilə bağlı bizdə xalq təsəvvürü var. KİV-in sayı, onların maliyyə durumu, bazarla bağlı məlumatlar var.
Azərbaycanda bu gün mətbuat bazarı öyrənilmir. Mətbuat vasitələrinin əsas hissəsi ideloji bufer rolunda çıxış edir. Çox təəssüf ki, biz mətbuat vasitələrini biznes müstəvisinə çıxara bilməmişik. Ancaq mətbuat dedikdə, onun bir nesə sahəsi olmalıdır. Mənə elə gəlir ki, fond yaranandan sonra, ilk öncə, Azərbaycan mətbuatının indiki durumu öyrənilməlidir. Durum öyrəniləndən sonra buradakı problemlər müəyyənləşməlidir. O problemlərin aradan qaldırılması istiqamətində müəyyən işlər görülməlidir.
Yunus Oğuz:
- Səhv etmirəmsə, Mətbuat Şurası artıq müəyyənləşdirib ki, kimlərə həmin yardımdan verilə bilməz. Bunlar etik qaydalarını pozan, üstündə cinayət işi, borcları olan, xarici vətəndaş qarşısında öhdəliyi olan və s. qəzetlərdir. Yardım kimə verilməlidir? Bu yardım yaxşıların işini daha da yaxşılaşdırmaq üçündür. Burada qaranlıq bir məsələ də var ki, internet bizim hamımızın həyatına girib. İnternet sayıtlarına da yardım olunacaqmı? Bir məsələ də burada problemdir. Çünki elə qəzetlər var ki, həm internetini yaradır, həm də qəzeti buraxır. İnsanlar internetə daha çox girib həmin qəzeti oxyurlar, nəinki satışında.
Digər tərəfdən, cənab Prezidentin imzaladığı əsasnamədə kifayət qədər göstərilib ki, fond hansı mənbələrdən maliyyələşə bilər. Həm müşahidə şurasının üzvləri, həm icraçı direktorlar xaricdən gələn qrantları mərkəzləşmiş şəkildə yardım fonduna istiqamətləndirməlidirlər. Təkcə büdcədən gələn vəsaitlə bir şey etmək olmaz. Burada kredit, qrant forması var. Bir neçə qəzetin birləşib konsesuns yaratması və onların kredit götürüb hansısa bir işə yönəltməsi, həmin qəzetlərin maddi bazasının gücləndirlməsinə səbəb ola bilər. Bir var qəzet 30 min manat kredit götürsün, biri var 7-8 qəzet hardasa daha çox vəsait götürüb müəyyən bir işin, biznesinin qurulmasına kömək etsin.
Bəhruz Quliyev:
- Burada fikir səsləndi ki, köhnə qəzetlərə vəsait ayrılsın, qəzet daha da inkişaf etsin. Yeni bəzi qəzetlər iddia edir ki, bu inkişaf fondudursa, yeniləri inkişaf etməlidir. Ümumiyyətlə, maliyyə veriləndə, hansı kriteriyalar ölçülməlidir?
Arif Əliyev:
- Söhbət gedir ki, bu vəsait necə bölünəcək. Burada bir qədər yanlışlıq məhz ondadır ki, diqqət bunun üzərinə yönəldilib. Fond havada qalmış, havadan asılmış struktur deyil. Fond konsepsiyanın tərkib hissəsidir. Ona görə də, ilk növbədə, bu konsepsiyanı daha geniş dairənin bilməsi üçün hər dəfə stat gətirilir. Bu konsepsiyanın bəzi hissələri dərc olunmalıdır, hansı ki, onların bilavasitə fonda aidiyyatı var. Fondun başlıca məqsədi konsepsiyanın həyata keçirilməsi üçün yardım göstərməkdir, onun bir çox istiqamətlərini müəyyənləşdirməkdir. Açığı görmürəm ki, bu vəsait KİV arasında və yaxud hansısa media strukturları arasında bölüşdürülsün. Düşünürəm ki, buna bir qədər başqa cür yanaşmaq lazımdır. 1 mln 3 min man-lıq fond ildə dünyada mediaya xərclənən pulların 0,6-0,7 faizidir. Açıq cəmiyyət inistitunun media layihələrinin dəyəri milli fondları çıxmaq şərtilə 50 mln dol-dır. Məbləğin özü ağır, acgöz media sahəsi üçün böyük məbləğ deyil. Ona görə də, bu vəsaitdən səmərəli istifadə etmək lazımdır. Elə layihələri əsas seçmək lazımdır ki, bundan həm gündəlik, həm də həftəlik qəzetlər yararlana bilsin. Eyni zamanda, infrastrukturların hazırlanmasına, inkişafına yönəldilməlidir. Yanaşma tərzini bir qədər dəyişsək, başqa cür düşünsək, konsepsiyanın özündə hazır cavablar var. Əsas istiqamətlər nədir? Fond yaradılandan sonra prioritet istiqamətləri elan etmək, konsersium layihələrə üstünlük vermək lazımdır. Bəxtimiz onda gətirdi ki, QHT-lərə dəstək fondu ilə bağlı mübahisələr, məhz bu vaxta düşdü. Harada qərəzli yanaşma çoxdursa, orada sağlam fikirlər var. O fikirləri, sadəcə, götürüb təsdiq etsək, yəni, həmin modeli götürsək, çox gözəl mexanizm alınar.
Fərasət Qurbanov:
- Bu ölkədə vətəndaş cəmiyyəti inistitutlarının inkişafı sahəsində atılan mühüm addımdır. Buna görə KİV-də çalışanları təbrik edirəm. Burada qərəzli fikirlər də söylənir, həmçinin, başqa ifadələr də işlənə bilər. Əgər QHT-lər istər maliyyə yardımı müsabiqəsinin prinsiplərindən, istərsə də prioritet istiqamətlərindən narazı deyilsə, onda bu seçim mexanizminin nəticələrinə hörmətlə yanaşılmalıdır. Yox, əgər mexanizmin özündə qüsur varsa, onda zəhmət olmasa, bununla bağlı təkliflərlə çıxış etsin. Çox təəssüf ki, QHT-lərə Dövlət Dəstəyi Şurası müsabiqənin nəticələrini elan etdikdən sonra, bəzi QHT nümayəndələri qərəzi axtarmağa cəhd göstərir, həmçinin, müsabiqənin nəticələrindən narazılığını ifadə etməyə çalışırlar.
Necə düşünürsünüz, 569 təşkilatdan 568-i maliyyələşsəydi, həmin bir təşkilat razı qalardı, yoxsa narazı? Əlbəttə, narazı qalardı. Yaxud da ki, əksinə. Bu razı və narazıların olması təbii haldır. Ona görə də, hesab edirəm ki, müzakirələri hansı qərəz üzərində deyil, ilk növbədə, düzgün mexanizmlər üzərində qurmaq lazımdır.
(Ardı var)