PDF Oxu

Əsas

  • 15

Maliyyə böhranı Ermənistanı cənginə alıb

Maliyyə böhranı Ermənistanı cənginə alıb
Son aylar dünyada yaşanan maliyyə böhranı fonunda Ermənistanın özünü necə apardığını izləmək maraq doğurur. İqtisadiyyatı istisnasız olaraq Moskvadan tənzimlənən Ermənistanın düşdüyü vəziyyəti qısaca xarakterizə etməli olsaq, ilk növbədə, siyasi isteriya əlamətini vurğulaya bilərik.
İllərdir ki, komplimentar xarici siyasəti ilə öyünən Ermənistanın siyasi-diplomatik vurnuxmaları göz qabağındadır. Lakin tərəfdaşlıq üçün seçilən ölkələrin Yerevana nə ilə kömək edəcəkləri sual doğurur. Məsələ ondadır ki, Ermənistanın geniş xarici sərmayəni cəlb edən təsərrüfat infrastrukturu  və   təbii ehtiyatları  yoxdur.
Bu yerdə Qərbin iqtisadi dairələrinin ən nüfuzlu ekspert rəyi sayılan Böyük Britaniyanın "Ekonomist" jurnalının mülahizələrini qeyd etmək yerinə düşər. Ermənistanın iqtisadi mənzərəsini dərindən təhlil edən jurnalın qənaətinə görə, nə qədər ki, bu ölkə qonşuları  ilə münasibətləri sahmanlamayacaq, onun iqtisadi inkişafından, o cümlədən, böyük investisiyaların gəlməsindən danışmaq real olmayacaq.  Jurnal qeyd edir ki, Azərbaycan və Türkiyəyə tərəfindən qapıları bağlanmış Ermənistanda əhalinin alıcılıq qabiliyyətinin MDB üzrə ən aşağı həddə olması təəccüb doğurmur. Hazırda Ermənistana yönəldilən xarici investisiyaların həcmi ildə cəmi 100-130 mln dol təşkil edir ki, onun da yarıdan çoxu xaricdə yaşayan erməni biznesmenlərinin payına düşür. Ermənistanın müstəqil dövlət olduğu 18 il ərzində ölkədə hansısa iri investisiya layihəsinin gəlmədiyini vurğulayan  jurnal, hətta Yerevanın strateji tərəfdaşı olan Rusiyanın da bu baxımdan istisna olmadığını vurğulayır.
Ermənistan rəsmiləri ölkənin komplimentar xarici siyasəti, hamı ilə əlverişli əlaqələrin qurulduğu barədə nə qədər ucuz təbliğat aparsalar da, gerçəkdə özünüaldanışla məşğul  olduqlarının fərqindədirlər. Ermənistan başa düşür ki, məhz Azərbaycan və Türkiyə ilə münasibətləri qurmadan getdikcə daralmaqda olan böhran və iflas çevrəsindən çıxa  bilməyəcək. Son günlər Ermənistanın rəsmilərinin dilindən səslənən çıxışlar, o cümlədən, XİN başçısının Türkiyə və Azərbaycana  iqtisadi əməkdaşlıq təklif edən bəyanatı siyasi-diplomatik burulğanda qalan Yerevanın isterik davranışından xəbər verir. Bu isteriyadan qurtulmağın isə bircə yolu var - Ermənistan bir dövlət kimi gələcəyini göz önündə tutaraq indiyədək yeritdiyi aqressivliyə, Azərbaycana qarşı apardığı işğalçılıq siyasətinə son qoymalıdır. Onsuz da bu siyasətin Ermənistana praktik olaraq heç  nə vermədiyi gün  kimi aydındır.
Yeri gəlmişkən, Fransanın "LE DELTW" qəzetinin son sayında müəllifi Anait Şahnazarova olan "Nəyə görə insanlar Masisdən gedirlər?" başlıqlı məqalədə Ermənistanın üzbəüz qaldığı reallıqlardan bəhs edilir. İndi ermənilər Azərbaycan mətbuatının "yalan və böhtan" yazmasından şikayət edə bilməyəcəklər, çünki  Ermənistan şəhərlərinin yavaş-yavaş ölü  ərazilərə çevrildiyini, məhz  fransalı erməni jurnalist də təsdiqləyir. Müəllif konkret olaraq Masisdən bəhs edir. Əhalisinin təqribən 29 min nəfər olduğunu vurğulayan müəllif,  bu şəhərdə rəsmi olaraq, 1427 işsizin qeydə alındığını yazır. Lakin A.Şahnazarova reallıqda bu rəqəmin üç dəfə böyük olduğunu bildirir. Masis meri Saşa Akopyan jurnalistə müsahibəsində şəhərin problemləri barədə açıqlamalar verib. Mer şəhərdə işsizliyin aradan qaldırılmasını işləməyən müəssisələrin yenidən işə salınmasında görür. Masisdə yerləşən konserv zavodunun suriyalı iş adamı tərəfindən alındığını, lakin yeni sahibin zavodun fəaliyyətini indiyədək bərpa etmədiyini vurğulayan S.Akopyan əlavə edir ki, mal-qara saxlayaraq bazara yağ, pendir və ət çıxarmalarına baxmayaraq, əhali başqa yerdə həyatını qurmağa cəhd etməyə meyillidir.
Amma mer yaranmış vəziyyətdən necə çıxmağın yolunu göstərmir. Bunu onun yerinə A.Şahnazarova edir və müsahibəni bu cümlə ilə bitirir - "İndi Masisdə yeni kilsə tikilir. Şəhər sakinlərinin bir çoxunun arzuları reallaşacaq və insanlarda gələcəyə inam peyda olacaq". Çox səmərəli təklifdir, elə deyilmi? Problemləri kilsə  tikməklə həll etmək! Həyatdan ümidini itirmişlərin məkanına çevrilmiş Ermənistana, görünür, bundan sonra  çox sayda kilsə tikmək lazım olacaq.

Digər xəbərlər