PDF Oxu

Əsas

  • 13

Erməni lobbisi Türkiyəni məhv etmək planını işə salıb

Erməni lobbisi Türkiyəni məhv etmək planını işə salıb
Son günlər Türkiyə-Ermənistan sərhədinin açılacağı barədə müzakirlər intensivləşir. Hətta xarici mətbuat iddia edir ki, aprelin 16-da Türkiyə və Ermənistan xarici işlər nazirlərinin Ankarada keçiriləcək görüşü zamanı bu məqsədələ sazişin imzalanması nəzərdə tutulub. Təbii ki, Ermənistanla sərhədlərin açılması Türkiyənin nüfuzuna vurulan ən böyük zərbə olardı. Lakin rəsmi Ankaranın ciddi təzyiqlər qarşısında qaldığı da real faktdır və Türkiyənin indiki hökuməti olduqca güzəştli mövqe tutub.
Beynəlxalq sponsorlar qismində isə Birləşmiş Ştatlar və Avropa Birliyi çıxış edir. İstər ABŞ-ın, istərsə də AB-nin bu xüsusda strateji maraqlarının olduğu və onların təmin olunması üçün Türkiyəyə təzyiqlər edildiyi bildirilir. Məsələnin təfərrüatına keçməzdən öncə Türkiyənin Ermənistanla əlaqələr və sərhədlərin açılması ilə bağlı irəli sürdüyü 3 prinsipial şərti yada salaq. Həmin şərtlərə görə, Türkiyə yalnız o halda Ermənistanla diplomatik münasibətlər qurar və sərhədləri açar ki, Ermənistan:
1. Türkiyəyə qarşı tarixi düşmənçiliyə və "soyqırımı" iddialarına son qoysun və bu mövzunu siyasi müstəvidən çıxarıb tarixçilərin öhdəsinə buraxsın,
2. Türkiyəyə qarşı torpaq iddialarına dair müddəaları özünün Konstitusiyasından çıxarsın,
3. Azərbaycanın işğal olunmuş ərazilərini azad etsin və Naxçıvanın Azərbaycanın qalan hissəsi ilə əlaqəsinin təhlükəsizliyinə təminat versin.
Prinsipial şərt o deməkdir ki, onların hər üçü yerinə yetirilməyincə Türkiyənin Ermənistanla əlaqə qurması mümkün deyil. Ermənistanın indiyədək nümayiş etdirdiyi davranış isə bu yöndə irəliləyiş gözləməyə əsas vermir.
Odur ki, hazırkı vəziyyətdə də bu şərtlərin Ermənistan tərəfindən yerinə yetirilməsini (yaxud yetiriləcəyini), eyni zamanda, həmin şərtlərin Türkiyə tərəfindən təftiş edilməsini (yaxud edilə biləcəyini) düşünməyə əsas verən hər hansı fakt yoxdur. Amma bu yöndə çeşidli təşəbbüslər, təsir və təşviqedici hərəkətlər yox deyil. Yuxarıda qeyd etdiyimiz kimi, bu addımlar ilk növbədə, AB-dən və ABŞ-dan gəlir. Avropa Parlamenti erməni lobbisinin və Türkiyə ilə tarixi haqq-hesabları olan Avropa dairələrinin təsiri altında hər il qəbul etdiyi qətnamədə Türkiyənin Ermənistanla münasibətlərinin qurulmasını bu ölkənin AB-yə qəbulu üçün şərtlərdən biri kimi göstərir. Birləşmiş Ştatların bu istiqamətdə təşəbbüsləri də sirr deyil. Özü də həm AB, həm də ABŞ Türkiyə-Ermənistan sərhədinin açılmasını ümumilikdə Cənubi Qafqazda sülh və sabitlik, konkret olaraq isə Ermənistan-Azərbaycan münaqişəsinin həlli üçün müsbət bir faktor kimi təqdim etməyə çalışırlar. Xüsusilə, ABŞ bu yöndə Ankara ilə mütəmadi müzakirələr aparır.
Sonuncu dəfə bu məsələ Türkiyə prezidenti Abdullah Gülün Ermənistana futbol matçına gedişində müzakirə mövzusu olmuşdu. Məhz onun səfərindən sonra Türkiyənin Ermənistanla sərhədləri açmağa hazırlaşdığı yönündə fikirlər intensivlik qazandı. Hətta bu günlərdə Bakıda olan ABŞ-ın Harvard Universitetinin professoru, Xəzər Araşdırmaları Mərkəzinin rəhbəri Brenda Şaffer müsahibəsində iddia etdi ki, baş nazir R.Ərdoğan ABŞ-a son səfəri zamanı Harvardda keçirilmiş konfransda ölkəsinin Ermənistanla sərhədləri açmağa tərəfdar olduğunu bildiribmiş. Düzdür, xanım B.Şaffer məsələyə aydınlıq gətirmədi ki, R.Ərdoğan bu fikri hansı kontekstdə deyib. Çünki indiyə qədər də Türkiyə rəsmiləri dəfələrlə bəyan ediblər ki, onlar Ankaranın Yerevanla normal münasibətlər qurmasına, o cümlədən, sərhədlərin açılmasına tərəfdardırlar, amma bunun üçün Ermənistan yuxarıda sadaladığımız şərtləri yerinə yetirməlidir. Amerikalı politoloqun qənaətinə görə, Vaşinqton dairələri Türkiyə-Ermənistan sərhədinin açılmasını həm də ona görə istəyirlər ki, bu halda Ermənistanın Türkiyədən iqtisadi asılılığı faktoru üzə çıxacaq və bu da, öz növbəsində, Yerevanın Qarabağ danışıqlarında konstruktiv olmasına təsir edəcək.
Yeri gəlmişkən, qeyd edək ki, Türkiyə Ermənistanla sərhədləri 1993-cü ildə Kəlbəcər rayonu işğal olunandan sonra bağlayıb. O vaxtadək, yəni 1992-ci ildə Şuşa və Laçın işğal olunandan sonra və Qarabağ cəbhəsində fəal hərbi əməliyyatların getdiyi dövrdə Ermənistanın Türkiyə ilə qeyri-rəsmi iqtisadi-ticari əlaqələri olub. O cümlədən, Ermənistanın xaricdən aldığı yüklərin, humanitar yardımın böyük bir qismi bu ölkəyə Türkiyə tranziti ilə - Qars-Gümrü dəmir yolu ilə daxil olurdu. Bir sıra təhlilçilər bu vəziyyəti belə izah edirlər ki, o zaman Ermənistanın Azərbaycana qarşı işğalçılıq hərəkətləri hələ geniş şəkil almamışdı, üstəlik, Azərbaycan Qarabağ cəbhəsində müəyyən üstünlüyə (1992-ci ilin yayı) malik idi. Eyni zamanda, Ermənistanın o vaxtkı rəhbəri Levon Ter-Petrosyan bu yöndə çox tədbirli diplomatiya yeridirdi. L.Ter-Petrosyanın Türkiyəyə qarşı "soyqırımı" kampaniyasını dayandırması, PKK tərəfdarlarını Ermənistandan çıxarması və "Daşnaksütyun"un fəaliyyətini qadağan etməsi Ankarada müsbət rezonans doğurmuşdu.
Ermənistanın təcavüzünün genişlənməsi və 1993-cü ilin olayları Türkiyəni sərt addımlar atmağa məcbur etdi. Ermənistanla nəinki avtomobil və dəmir yolu əlaqələri bağlandı, həmçinin, Türkiyə hava məkanı üzərindən Ermənistana təyyarələrin uçuşu da qadağan edildi. Qeyd etdiyimiz kimi, Qərb dairələri atəşkəs razılaşmasından sonra Türkiyəni Ermənistana qarşı blokadanı yumşaltmağa çalışırdılar və bir neçə ildən sonra Türkiyə yalnız humanitar təyinatlı yük daşıyan təyyarələrin ölkənin hava məkanından keçməsi üçün dəhliz açmağa razı oldu. Lakin Ermənistanı və Qərb dairələrindəki erməni lobbisini maraqlandıran başlıca məsələ Türkiyə ilə birbaşa sərhəd əlaqələridir. Özü də ermənilər üçün bu əlaqələrin gətirəcəyi iqtisadi dividendlər əsas faktor deyil. Hərçənd erməni mütəxəssislərinin hesablamalarına görə, sərhədlərin açılması ilə iki ölkənin illik ticarət dövriyyəsi 700-800 milyon dollara çata bilər. Amma Ermənistanın əldə edəcəyi siyasi dividend bundan qat-qat böyük ola bilər.
Ankaranın Bakının razılığı olmadan Ermənistana sərhəd qapısı açmasının Azərbaycanda doğuracağı rezonans, iki qardaş və strateji tərəfdaş dövlətin münasibətlərinin soyuqlaşması və ermənilərin beynəlxalq müstəvidə başlayacağı kampaniyanın ("Görürsünüz, Türkiyəni sərhədləri açmağa məcbur etdik!") Qarabağ nazamlanması üçün nə demək olduğunu təsəvvür etmək çətin deyil. İndiyədək Türkiyə rəsmiləri müxtəlif səviyyələrdə dəfələrlə bəyan edirdilər ki, Türkiyə-Ermənistan sərhəd qapısının açarı Azərbaycanın əlindədir. Lakin göründüyü kimi, bu siyasətdə bəzi sapmalar var.
Təbii ki, rəsmi Bakı bu oyuna seyriçi qalmaycaq. Prezident İlham Əliyevin üç-dörd il öncə dediyi kimi, "Əgər Türkiyə öz qapılarını Ermənistana açarsa, deməli, Dağlıq Qarabağ məsələsinin həlli, ümumiyyətlə, mümkün olmayacaq. Çünki Azərbaycanın əlindən çox mühüm bir alət çıxacaq və bu danışıqların dayanmasına və xoşagəlməz nəticələrə gətirəcək. Türkiyə böyük, qüdrətli dövlətdir. Mən əminəm ki, Türkiyə bütün bu təzyiqlərə davam gətirəcək. Türkiyə-Azərbaycan qardaşlığı bizim üçün də, türk xalqı üçün də hər bir şeydən üstündür". Hər halda, ümid etməyə dəyər ki, Türkiyə hökuməti belə bir yanlış addım atmayacaq...

Digər xəbərlər