PDF Oxu

Əsas

  • 23

Türkiyə Azərbaycanı itirmək istəməz

Türkiyə Azərbaycanı itirmək istəməz
Aprel ayında Türkiyə-Ermənistan sərhədinin açılması ilə bağlı yayılan informasiyalar həm Azərbaycanda, həm də Türkiyədə ən çox müzakirə olunan məsələlərdən sayılır. Bir müddət öncə bir sıra beynəlxalq təşkilatların nümayəndələri və hətta TBMM-in millət vəkilləri tərəfindən bu cür halın yaşanacağı ilə bağlı yayılan xəbərlər hər iki tərəfdən narazılıqla qarşılanır. Xatırladaq ki, bir müddət öncə, Türkiyə prezidenti Gülün Yerevana səfəri zamanı belə bir məsələ gündəmə gəlsə də, sonradan Türkiyənin xarici işlər naziri Əli Babacan tərəfindən təkzib edilmişdi.
Amma bu istiqamətdə görüşün baş tutması təsdiqlənmişdi və nəticədə həm AKP hakimiyyəti hətta öz milləti tərəfindən əsas qınaq obyektinə çevrilmişdi. Əslində, sərhəd məsəlsində bir sıra ekspertlərin belə rəyləri toqquşur. Bir qism hesab edir ki, sərhədlərin qapalı qalması Ermənistanın işğal olunan Azərbaycan torpaqlarından çıxmasında stimul rolunu oynaya bilər, digər qism isə belə hesab edir ki, Ermənistanın dünyadan təcrid olunması məsələnin həllini ləngidir və bəzi qüvvələrin Ermənistan üzərində hökmranlığını artırır. Prinsip etibarı ilə hər iki məsələdə müəyyən detalları müzakirə etmək mümkündür, amma məsələyə yanaşma tərzinə baxsaq, həllin yeni problemin yaranması hesabına ortaya gələ bilmə perspektivi ilə qarşılaşırıq.
Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı məsələ bu sərhədlərin bağlanmasının səhərisi günündən etibarən başlanıb. Erməni təbliğatı, hər zaman olduğu kimi, irəli sürülən şərtlərdən deyil, sadəcə, sərhədlərin açılmasının vacibliyindən danışır. 1993-cü ildə Türkiyə Respublikası Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsi səbəbinə görə, bu dövlətlə sərhədlərini qapatdı. Dövlətlərarası münasibətlər isə müəyyən dövrdən sonra müəyyən güzəştlərlə bərpa olundu. 1994-95-ci illərdə İstanbul və Yerevan arasında hava əlaqəsi quruldu. Daha sonra iqtisadi əlaqələrin minimal səviyyədə müşahidəsi mümkün oldu. Siyasi əlaqələr isə, Ermənistan nə qədər cəhd etsə də, qurulmadı. Səbəb Türkiyənin ortaya qoyduğu şərtlər idi. Şərtlər isə elə də ağır deyildi. Sadəcə, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarından çıxacaq və dünyaya yaymaq istədiyi qondarma "soyqırımı"ndan əl çəkməlidir. Amma erməni xisləti bu haqlı şərtlərin həyata keçməsinə imkan vermədi. Ermənistan nə işğal etdiyi torpaqlardan çıxdı, nə də öz yalan iddialarından əl çəkdi. Hətta ötən il futbol oyununu izləmək üçün Ermənistana getməklə guya diplomatik jest edən Abdullah Gülün bu addımının qarşılığında stadiondan çıxmamış Sarkisyan bildirmişdi ki, biz "soyqırımı" məsələsində israrlıyıq.
Nəticədə belə bir sual yaranır ki, niyə Ermənistan Türkiyə ilə əlaqələrin qurulması məsələsində indiki qədər heç zaman ciddi istəkdə olmayıb? Səbəb nədir? Bu faktdır ki, Sarkisyan rejimi artıq dərk edir ki, regionda zorakı siyasət yeritmək onların özlərinə ziyan vurur. Bu məsələdə iqtisadi faktor başlıca səbəbdir. Qonşuları ilə düşmənçilik siyasəti aparan və özünü bütün iqtisadi layihələrdən təcrid edən Ermənistan hazırkı iqtisadi böhranın ortaya qoyduğu fəsadlar nəticəsində dizi üstədir. Xarici havadarların ianələrinin və sədəqələrinin hesabına ölkəsini keçindirən Sarkisyan yeganə çıxış yolunu min bir təzyiqlə də olsa, kimin əli ilə də olsa, Türkiyə ilə sərhədləri açmaqda görür. Digər tərəfdən, ABŞ-da olan erməni diasporası yenə də aldandığını anladı. Belə ki, hər dəfə prezident seçkiləri zamanı namizədlərin yalançı "soyqırım"ı tanıyacam vədinə əməl etməməsi məsələsinə Obama da riayət etdi. Sadəcə, səs qazanmaq üçün deyilən bir fikrin təsdiqlənməyəcəyi bəlli idi. Çünki hazırda ABŞ üçün Türkiyə Ermənistandan ən azı 4 baş üstündür. Qondarma "soyqırımı" tanımaqla Avrasiyanın qovşağında ən yaxın müttəfiqdən əl çəkmək heç də ağıllı iş sayılmazdı.
Hazırda ən böyük gərginlik sərhədlər məsələsi ilə bağılıdır. Həm Azərbaycan, həm də Türkiyə KİV-ində dərc olunan xəbərlər onu deməyə əsas verir ki, vəziyyət olduqca qarışıqdır. Azərbaycan tərəfinin bəzi məqamlarda israrlı mövqeyi bəlkə də artıq yavaş-yavaş ərimək istəyən, iqtisadi böhrandan yeni bazar (Ermənistan) vasitəsilə can qurtarmaq istəyən Türkiyənin qarşısını aldı. Qəti mövqe bildirilməsi Türkiyəni çətinə saldı. Təbii ki, Türkiyə də anlayır ki, bu gün nail olduğu bütün uğurların bazasında böyük mənada bir Azərbaycan faktoru dayanır. Avropada tanınması üçün Türkiyənin ən böyük dividendləri Bakı-Tbilisi-Ceyhan ixrac boru neft kəməri, Bakı-Tbilisi-Qars dəmiryolu, Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri olmuşdu. İndiki məqamda Türkiyənin əhdinə xilaf çıxması onun özünə də sərf etmir. Onsuz da Azərbaycan öz problemlərini həll etmək iqtidarındadır. Amma Türkiyənin Azərbaycan kimi bir tərəfdaşı və qardaşı itirmək istəməsi ağlabatan deyil.

Digər xəbərlər