DEMOKRATİK İNKİŞAFIN YENİ TARİXİ MƏRHƏLƏSİ
Azərbaycan xalqı növbəti dəfə öz sözünü dedi. Martın 18-də keçirilmiş demokratik, azad və ədalətli ümumxalq səsverməsi - referendumdan sonra cəmiyyətimiz yeni demokratik inkişaf mərhələsinə qədəm qoydu. Bütün dövrlərdə olduğu kimi, xalqın iradəsinə qarşı çıxan ifrat radikal müxalifətin aqressivliyi bu dəfə də onları iflasa apardı...
Hər bir xalqın öz iradəsini ifadə etməsinin ən mühüm forması demokratik və azad səsvermə yolu ilə öz fikrini bildirməsidir. Bütün dünyada ümumxalq səsverməsi dövlətin və ictimai həyatın idarə olunmasında vətəndaşların ən kütləvi iştirak formasıdır. Təsadüfi deyil ki, müasir dövrdə səsvermə ilə bağlı demokratik institutların inkişafı hüquqi dövlətin əsas istiqamətlərindən birinə çevrilmişdir. Demokratiya sahəsində böyük uğurlar əldə etmiş dövlətlərin seçki praktikası da göstərir ki, hər bir mərhələdə demokratiyanı təmin edən şərtlər sırasında siyasi iradə amili ilə yanaşı, təkmil qanunvericiliyin mövcudluğu da olduqca vacibdir.
Bu mənada tam əminliklə demək olar ki, 18 mart referendumu Azərbaycan Respublikası qanunvericiliyinin və Seçki Məcəlləsinin tələblərinə, beynəlxalq standartlara uyğun keçirilmiş, hakimiyyət orqanları referendumun beynəlxalq meyarlar əsasında, demokratik, şəffaf keçirilməsi üçün bütün zəruri şəraiti təmin etmişlər. Referendumun yekunu ilə bağlı beynəlxalq qurumların və xarici dövlətlərin müşahidəçilərinin müsbət rəyləri isə ölkəmizdə seçki təcrübəsinin ildən-ilə yüksəldiyini və qarşıdakı dövrdə də bu müsbət tendensiyanın davam edəcəyini deməyə əsas yaradır. 18 mart referendumunun nəticələri birmənalı olaraq, təsdiqləyir ki, demokratik dövlət quruculuğu yolunda inamla irəliləyən Azərbaycanda bütün sahələr üzrə həyata keçirilən islahatlar müsbət nəticələrini verməkdədir.
Etiraf edilməlidir ki, hakimiyyət orqanları ilk gündən bu prosesə ümummilli maraqlar kontekstindən yanaşmağa nail oldular. Referendum Aktının layihəsi rəsmi qəzetlərdə dərc edildi, layihə Milli Məclisin və MSK-nın internet səhifələrində yerləşdirildi. Həmçinin, layihəyə uyğun olaraq Azərbaycan Respublikasının Konstitusiyasının ümumxalq səsverməsinə çıxarılmış hissələrinin MSK tərəfindən hazırlanmış müqayisəli təqdimatı, seçicilərin sayı nəzərə alınmaqla çap edildi və 5 mln-a yaxın vətəndaşa çatdırıldı. Referenduma çağırış, onun keçirilmə tarixi və səsvermə qaydaları barədə məlumatlar 28 növ plakat şəklində çap edilərək bütün yaşayış məntəqələrinin ərazilərində asıldı.
Ən əsası isə qeydə alınmış 9 təşviqat qrupuna respublikanın bütün ərazisində təbliğat və təşviqat kampaniyası aparmaq üçün hər cür imkanlar yaradıldı. Həmçinin, bu müddət ərzində televiziya və radiolarda onlarla çıxış oldu, mətbuatda yüzlərlə məqalə dərc edildi. Hakimiyyət orqanlarının bu ümumxalq səsverməsinə ciddi diqqətinin bariz nümunələrindən biri də referendumun gedişini 24 beynəlxalq təşkilatdan 172 beynəlxalq müşahidəçi, 20 xarici KİV nümayəndəsi, 47 min yerli müşahidəçi və yerli KİV təmsilçiləri izləmələrinə şərait yaratması hesab edilə bilər. Xarici KİV-lərdən "Röyter", "Frans Press", "Anadolu Ayans", "Əl-Cəzirə", TRT, "Le Fiqaro", BBC kimi tanınmış və nüfuzlu media qurumlarının referendum prosesini izləməsi, Azərbaycan hakimiyyətinin demokratiyaya sədaqətinin bariz nümunəsinə çevrildi. Həmçinin, Avropa Şurasının Parlament Assambleyasının, MDB Parlament Assambleyasının və MDB Müşahidə Missiyasının nümayəndələri, habelə, Fransa, Böyük Britaniya, Portuqaliya, Ukrayna, İspaniya, Bolqarıstan və digər ölkələrin parlament nümayəndələrinin də müşahidəçiliyi çox böyük önəm kəsb etdi. Həmçinin, bir sıra ölkələrin Azərbaycandakı səfirlikləri, o cümlədən, ABŞ səfirliyi 19, Rusiya səfirliyi 18, Böyük Britaniya səfirliyi 14 müşahidəçi ilə referendumun gedişini izlədi. Mühüm nüanslardan biri də odur ki, martın 18-də gün ərzində kütləvi informasiya vasitələrinin təmsilçiləri Mərkəzi Seçki Komissiyası, Seçkilər İnformasiya Mərkəzi, dairə və məntəqə seçki komissiyalarının fəaliyyətini izlədilər, lakin onlara maneçilik törədilməsi və fəaliyyətlərinin məhdudlaşdırılması ilə bağlı hər hansı fakt müşahidə olunmadı.
Səsvermə prosesinin gedişi də sırf qanunvericiliyin tələblərinə əsaslandı. Seçicilərin adlarının yoxlanması Seçki Məcəlləsinin müddəalarına müvafiq olaraq həyata keçirilmiş, bütün seçki məntəqələri lazımi texniki avadanlıqla təchiz olunmuş, səsverməyə gələnlərin baş barmağının görünməyən mürəkkəblə işarələnməsi qaydasına ciddi riayət edilmişdir. Həmçinin, məntəqə seçki komissiyalarının üzvləri öz funksiyalarına ciddi əməl etmişlər. Təqdirəlayiq haldır ki, səsvermə zamanı məntəqə seçki komissiyaları üzvlərinin və digər şəxslərin seçicilərin seçim hüquqlarına müdaxilə olunması hallarına rast gəlinməmişdir.
Bütün bunlara rəğmən, heç də təsadüfi deyil ki, martın 18-də keçirilmiş ümumxalq səsverməsini izləyən beynəlxalq müşahidəçilər seçicilərin fəallığından və seçkinin təşkilindən razılıq ifadə ediblər. Azərbaycan Respublikasının Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklərlə bağlı martın 18-də keçirilmiş referendum dünya ölkələri üçün bir nümunə, təcrübə ola bilər. Bunu ümumxalq səsverməsini izləyən beynəlxalq müşahidəçilərin söylədiyi müsbət fikirlərin nəticəsi kimi qiymətləndirmək olar. Müxalif qüvvələrin keçirilmiş ümumxalq səsverməsi ilə bağlı yaydığı informasiyaların əsassız olduğunu göstərmək üçün beynəlxalq müşahidəçilərin referendumla əlaqədar fikirlərinə istinad etmək daha məqsədəuyğun olardı.
Fransa parlamentinin deputatı, Fransanın Avropa Şurası Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Voisin Mişel: "Azərbaycanda seçkilərin mütəmadi keçirilməsi müsbət haldır. Hər il müxtəlif seçkilərin keçirilməsi vətəndaşları demokratik təsisatlara alışdırır və bu müsbət haldır. Səsvermə prosesi texniki baxımdan yüksək səviyyədə təşkil olunub. Konstitusiyaya əlavə və dəyişikliklərə gəldikdə isə, burada antidemokratik məqamlara rast gəlməmişəm".
Belçika parlamentinin üzvü, Belçikanın NATO Parlament Assambleyasında nümayəndə heyətinin rəhbəri Harmegines Yvon: "Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı keçirilən referendumun gedişi ilə bağlı təəssüratlarım müsbətdir. Seçki məntəqələrində səsvermə prosesi texniki baxımdan yüksək səviyyədə təşkil olunub. Müşahidə apardığım seçki məntəqələrində seçici fəallığı yaxşıdır. Müqayisə üçün deyə bilərəm ki, seçkilərin keçirilməsi prosesi Belçikada keçirilən seçkilərdən fərqlənmir. Sadəcə, Azərbaycanda səsverməyə çıxarılan əlavə və dəyişikliklərin sayı çoxdur. Amma vətəndaşlar bu seçkilərdə mütləq iştirak etməlidir, çünki səsverməyə çıxarılan müddəalar ölkənin Əsas Qanunu ilə bağlıdır".
Bolqarıstan nümayəndə heyətinin imzaladığı bəyanatda da referendumun demokratik prinsiplərə əsaslandığı tam qətiyyətlə bildirilir: "Bizim fikrimizcə, ümumxalq səsverməsi (referendum) Azərbaycan Konstitusiyası və Seçki Məcəlləsinin tələblərinə əsasən AB və AŞPA-nın üzvü olan ölkələrin qabaqcıl təcrübəsi, demokratik dəyərlər və beynəlxalq standartlara uyğun şəkildə keçirilmişdir. Referendum sakit və normal şəraitdə başa çatmışdır. Bu referendum ölkə hakimiyyətinin Azərbaycan xalqının azad seçiminə hörmətlə yanaşdığını və seçicilərin Konstitusiyaya təklif olunan dəyişikliklərin lehinə və ya əleyhinə seçimini təmin etmək gücünü sübut edir. Biz bəyan edirik ki, 18 mart ümumxalq səsverməsi (referendum) Azərbaycan qanunvericiliyinin və Seçki Məcəlləsinin tələblərinə, Avropa ölkələrinin demokratik təcrübəsinə, dəyərlərinə uyğun keçirilmişdir".
MDB müşahidə missiyasının rəhbəri, MDB İcraiyyə Komitəsinin sədr müavini Toktasın Buzubayev: "Təklif olunan dəyişikliklər dərin mahiyyətə malikdir. Azərbaycanda Konstitusiyanın təkmilləşdirilməsi baxımından böyük iş görülüb. Xüsusilə, xoşuma gələn məqam odur ki, Azərbaycan Əsas Qanuna edilən dəyişikliklərlə sosial-iqtisadi yönümlü kursa meyillənir. Səsverməyə çıxarılan hər əlavə və dəyişiklikdən insanlara qayğı hissi aşıb-daşır. Referenduma çox yaxşı hazırlıq işi aparılıb, çox ciddi iş görülüb. Müşahidə apardığımız məntəqələrdə seçici aktivliyi yüksək olub. Bu, referendumla bağlı yaxşı maarifləndirmə işi aparılması ilə bağlıdır. Hələ gün yarı olmamış baş çəkdiyimiz məntəqələrdə seçicilərin 50 faizi səsvermə hüququndan istifadə etmişdi. Biz qərargahla daim əlaqə saxlamışıq, hələlik, hansısa şikayət daxil olmayıb. Seçki məntəqələrində veb-kameraların quraşdırılması yüksək qiymətləndirilməlidir. Veb-kameralardan kütləvi istifadə olunur, onlar tək Bakı, digər şəhərlərdə yox, regionlarda da quraşdırılıb. Məntəqələr, hələlik, 100 faiz kameralarla təmin olunmasa da, bu, çox yaxşı işdir. Mən özüm də onlayn rejimində seçkilərin gedişini izləmişəm. Seçicilərə təqdim olunan sualların çoxluğunu nəzərə alaraq bütün seçki məntəqələrində kabinələrin sayını artırıblar, seçki məntəqələrində əlavə seçki qutuları da saxlanır ki, qutular dolduğu halda yeniləri ilə əvəz etsinlər. Bizə bildiriblər ki, referendum üçün 1000-dən artıq yeni qutu əldə olunub".
Estoniya parlamentinin üzvü, beynəlxalq müşahidəçi Toomas Alatalu: "Səsvermə prosesi yaxşı gedir. Əhali gəlib rahat səs verir. Müşahidəçilər arasında qadınların çox olmasını da yüksək qiymətləndiririk. Bu, könüllülüyün yüksək olduğunu göstərir".
Beləliklə, bütün bunları ümumiləşdirərək bir daha belə bir qənaətə gələ bilərik ki, müasir dövrdə hər bir dövlətin demokratik inkişafı və cəmiyyətdə liberal dəyərlərin bərqarar olma səviyyəsi, ilk növbədə, xalqın səsverməsi əsasında müəyyənləşir. Demokratik inkişafın, sivil münasibətlərin ayrılmaz hissəsinə çevrilmiş bu dəyərlər hüquqi dövlət quruculuğu yolu ilə inamla irəliləyən, bu sahədə ciddi nailiyyətlərə imza atan, zəngin təcrübə qazanmaqla ən inkişaf etmiş Avropa ölkələri ilə bir sırada addımlayan Azərbaycanın da ictimai-siyasi həyatında özünə möhkəm yer tapmışdır.
O da məlumdur ki, hər bir normativ hüquqi akt kimi, Konstitusiyanın da zamanın ruhu, cəmiyyətin iradəsi ilə uzlaşması, yeniliklərə adekvat reaksiya verməsi son dərəcə vacibdir. Demokratiyanın sonu görünmədiyi kimi, insan hüquq və azadlıqlarının daha yüksək səviyyədə təminatı ilə bağlı islahatları da konkret çərçivə ilə məhdudlaşdırmaq mümkün deyildir. Odur ki, qanunvericiliyin cəmiyyətin inkişaf ahənginə uyğunlaşdırılması, ictimai münasibətlərin tənzimlənməsində daha çevik, işlək hüquqi mexanizmlərin formalaşdırılması demokratik və hüquqi dövlət quruculuğunun mühüm şərtlərindən sayılır.
Əgər 18 mart referendumuna çıxarılmış əlavə və dəyişikliklərin mahiyyətinə diqqət yetirsək, açıq-aydın görə bilərik ki, bu islahatların əsas məğzi insan hüquq və azadlıqlarının təminatına geniş şərait yaratmaq və beləliklə, Azərbaycan dövlətinin konstitusion əsaslarını daha da möhkəmləndirməkdən ibarətdir. Başlıca məqsəd isə Konstitusiyada olan müddəaları dövrün, zamanın tələbinə, eləcə də Azərbaycanın dünyadakı yerinə, milli və beynəlxalq qanunvericiliyin müddəalarına uyğun olaraq təkmilləşdirməkdir. Unutmayaq ki, Konstitusiya təkcə bir hüquqi akt deyil, həm də ideoloji sənəddir, ən əsası isə milli qanunvericiliyin mənbəyidir. Bu mənada 18 mart referendumu insan və vətəndaş hüquq və azadlıqlarının təminatlı müdafiəsinə, dövlətin idarə olunmasında onların iştirakının genişləndirilməsinə, o cümlədən, mütərəqqi qanunların hazırlanmasında vətəndaşların ən müxtəlif təbəqələrinin cəlb olunmasına xidmət edir.
Bir sözlə, 18 mart referendumu Azərbaycan üçün demokratiya yolunda yeni bir mərhələdir və referendumunun nəticələri bir daha təsdiqlədi ki, xalqımız öz seçimində heç vaxt yanılmayıb...