AŞPA müşahidə missiyası bəyanat yayıb
Azərbaycanda keçirilən Konstitusiyaya əlavə və dəyişiklik edilməsi ilə əlaqədar referendum bir daha xalqımızın demokratik prinsiplərə sədaqətli olduğunu göstərdi. Prosesi yaxından müşahidə etmiş yerli və xarici müşahidəçilər müsbət fikirlər, bəyanatlar səsləndirməkdədirlər. AŞPA müşahidə missiyasının bəyanatında bildirilir ki, Azərbaycan Konstitusiyasına əlavə və dəyişiklik edilməsi ilə əlaqədar keçirilən referendum Azərbaycan xalqının sabitlik və demokratikləşmə elementlərinin genişləndirilməsinə hazır olduğunu göstərir. Referendumun mürəkkəb proses olmasına baxmayaraq, Azərbaycanda səsvermə şəffaf, yaxşı təşkil olunmuş və sakit şəraitdə keçdi.
"AŞ PA nümayəndə heyətinin fikrinə görə, mediada daha geniş müzakirələrin keçirilməsi referendumun məqsədlərinə daha yaxşı xidmət etmiş olardı. Dəyişikliklərin, şübhəsiz olaraq, Konstitusiyanın əhəmiyyəti dərəcədə təkmilləşməsinə səbəb olacağı barədə Venesiya Komissiyasının fikrinə qatılır və Azərbaycan hakimiyyətini onları tam şəkildə yerinə yetirməyə dəvət edirik".
AŞ PA missiyasının rəhbəri Poll Ville deyib ki, referendumun mürəkkəbliyinə baxmayaraq, səsvermə prosesi şəffaf olub, yaxşı təşkil edilib və dinc mühitdə keçirilib. Müşahidə missiyası seçki prosesindəki təkmilləşmələri gələcəkdə daha da genişləndirməyə və davam etdirməyə çağırıb.
MDB müşahidə missiyasınında mövqeyi maraqlıdır:"Ümumxalq səsverməsi Azərbaycanın ictimai həyatının daha da demokratikləşməsi istiqamətində mühüm amildir. Azərbaycan Konstitusiyasına əlavə və dəyişikliklərlə bağlı baş tutmuş referendum ölkə qanunvericiliyinə və MDB məkanında ümumxalq səsverməsinə qarşı ümumi qəbul olunmuş yanaşmalara uyğun şəkildə keçirilib. Bu ümumxalq səsverməsi Azərbaycanın ictimai həyatının daha da demokratikləşməsi istiqamətində mühüm amildir. Ümumxalq səsverməsi ölkənin suverenliyinin əsaslarını möhkəmlədib, stabil sosial-iqtisadi inkişafın əsasına çevrilib".
MDB müşahidə missiyasının 42 üzvü 12 şəhər və rayon səsvermənin gedişini izləyib. Yekun rəydə səsvermə prosesinin sakit və yüksək seçici fəallığı fonunda keçdiyi, MSK-nın effektiv fəaliyyət göstərdiyi qeyd olunub.
MDB Parlament Assambleyasının müşahidə missiyasının rəhbəri Svetlana Orlova bildirib ki, son illər ərzində Azərbaycanda müsbətə doğru ciddi dəyişikliklər baş verib. O, Konstitusiyaya uşaqların hüquqlarının müdafiəsinə dair edilən əlavə və dəyişikliyi xüsusi qeyd edib: "Mən bir qadın kimi uşaq hüquqlarına dair əlavə və dəyişikliyi qeyd etməyə bilmərəm. Çünki əksər ölkələrdə uşaq hüquqlarına riayət edilmir".
S. Orlova MSK-nın effektiv çalışdığını vurğulayaraq referendumun açıq keçdiyini, seçicilərin isə fəallıq göstərdiyini söyləyib: "Xalq indiki hakimiyyətin lehinə öz seçimini etdi". Bununla yanaşı, o, seçicilərin barmaqlarının mürəkkəbə batırılmasının demokratik üsul olmadığını bildirib və səsvermə qutularının dəliyinin darlığına da diqqət çəkib.
Avropa ölkələrinin parlament nümayəndəsindən ibarət müşahidə qrupu, Belçika parlamentinin deputatı, bu ölkənin Avropa Şurası Parlament Assambleyasındakı nümayəndə heyətinin üzvü Alan Deştex və digərləri referendumun fəal, sakit və peşəkarlıqla keçirildiyi, aksiyada ciddi problemlər müşahidə olunmadığı qeyd olunub. Bəyanat müəllifləri Azərbaycanda demokratik təsisatların qurulması prosesini davam etdirməyin lazım olduğunu da bildiriblər. Müşahidə qrupu, həmçinin, ATƏT-i gələcək seçkilərə və referendumlara rəsmi müşahidə missiyaları göndərməyə çağırıb.
Onu da qeyd etmək yerinə düşər ki, referendum zamanı Azərbaycanda 118 seçki dairənin 800 məntəqəsində AVCİYA və "ELS" Müstəqil Araşdırmalar Mərkəzinin birgə keçirdiyi "exit-poll" tədqiqatının yekun nəticələrinə əsasən, bülletenə daxil edilmiş 29 maddə rəyi soruşulan seçicilərin 69,7 faizi tərəfindən dəstəklənib.
"Exit-poll"un nəticələri belə olmuşdur:
12-ci maddə-lehinə 93,7%, əleyhinə 6,3%,
15-ci maddə-lehinə 88,8%, əleyhinə 11,2%,
17-ci maddə-lehinə 92,3%, əleyhinə 7,7%,
18-ci maddə-lehinə 90,1%, əleyhinə 9,9%,
19-cu maddə-lehinə 92,8%, əleyhinə 7,2%,
25-ci maddə-lehinə 89,1%, əleyhinə 10,9%,
29-cu maddə-lehinə 87,8%, əleyhinə 12,2%,
32-ci maddə-lehinə 92,1%, əleyhinə 7,9%,
39-cu maddə-lehinə 90,4%, əleyhinə 9,6%,
48-ci maddə-lehinə 92,1%, əleyhinə 7,9%,
50-ci maddə-lehinə 92,8%, əleyhinə 7,2%,
67-ci maddə-lehinə 90,6%, əleyhinə 9,4%,
71-ci maddə-lehinə 89,9%, əleyhinə 10,1%,
72-ci maddə - lehinə 87,5%, əleyhinə 12,5%,
75-ci maddə-lehinə 94,5%, əleyhinə 6,5%,
84-cü maddə-lehinə 92,4%, əleyhinə 7,6%,
88-ci maddə-lehinə 91,8%, əleyhinə 8,2%,
92-ci maddə-lehinə 88,5%, əleyhinə 11,5%,
95-ci maddə-lehinə 87,3%, əleyhinə 12,7%,
96-cı maddə-lehinə 93,5%, əleyhinə 6,5%,
101-ci maddə-lehinə 93,8%, əleyhinə 6,2%,
108-ci maddə-lehinə 92,1%, əleyhinə 7,9%,
125-ci maddə-lehinə 89,7%, əleyhinə 10,3%,
129-cu maddə-lehinə 89,5%, əleyhinə 10,5%,
130-cu maddə-lehinə 87,1%, əleyhinə 12,9%,
131-ci maddə-lehinə 89,5%, əleyhinə 10,5%,
146-cı maddə-lehinə 90,1%, əleyhinə 9,9%,
149-cu maddə-lehinə 88,1%, əleyhinə 11,9%.a
AVCİA-nın 3000 məntəqədə həyata keçirdiyi monitorinq nəticəsində müəyyən olunub ki, referendumda nəticələrə təsir edəcək qanun pozuntuları qeydə alınmayıb. Təşkilatın rəyində bildirilir ki, ölkənin ayrı-ayrı bölgələrində prosesə müdaxilə halları qeydə alınıb.
AVCİYA Konstitusiyaya təklif olunan əlavə və dəyişikliklərlə bağlı səsverməni baş tutmuş hesab edir: "Biz bəyan edirik ki, Azərbaycanın Avropa Şurası qarşısında götürdüyü öhdəliklərə uyğun olaraq, referendum şəffaf və ədalətli keçib". AVCİYA bu referendumun nəticələrini vətəndaş cəmiyyəti quruculuğu və hüquqi islahatlar sahəsində mühüm mərhələ olduğunu bəyan edir.