Zəmzəm gəldi, Atəş gəldi, Yel gəldi,
Təzə ömür, təzə məhsul, il gəldi
- deyə oxuya-oxuya işıqlı dünyaya çıxırlar. Deyilənə görə, həmin gün ilaxır çərşənbə idi. Selə, Atəşə, Yelə və Torpağa tapınmanı bütövlükdə özündə əks etdirən ilaxır çərşənbələrin islamdan və zərdüşlükdən əvvəlki görüşləri ilə bağlı olduğunu göstərir. Axır çərşənbə bəzən yanlış olaraq Yellə bağlı da izah edilir. Lakin mənbələrə və müşahidələrə əsaslanaraq, demək mümkündür ki, Novruz torpağın oyanması, yəni, əkin mövsümünün başlanması ilə səciyyələnir. Torpaqdan əvvəl oyanan Su, Od və Yelin başlıca məqsədi torpağı oyatmaqdır. Axır çərşənbə mərasim, ayin, etiqad, oyun və şənliklərlə daha çox zəngindir. Bu çərşənbədə əvvəlki çərşənbələrdə icra olunan bütün ayinlər kütləvi xalq şənlikləri kimi qeyd olunur. Şənliklər sübh tezdən suya tapınma ayini ilə başlanır. Adamlar su üstünə çıxıb, su üstündən atdanaraq, dərdini, arzusunu suya danışıb, ondan imdad diləyirlər. Gün ərzində müxtəlif ayinlər keçirilir. Axır çərşənbənin axşamı şənliklər daha da güclənir. Tonqallar alovlanır, bacalardan torbalar atılır, qulaq falları qurulur və xoş ovqatlı ayinlər həyata keçirilir. Bu çərşənbə ilə bağlı olan ayinlər zaman-zaman yaşanır və xalq öz milli Novruz bayramını böyük əhvali-ruhiyyə ilə qeyd etmiş və bu gün də ruh yüksəkliyi insanların mənəvi dünyasında yaşayır.
Çərşənbə axşamı ilə bağlı müxtəlif inanclar, ayinlər və s. mövcuddur. İnanclar: çərşənbə axşamı libas üstə libas geyən heç vaxt çılpaq olmaz; çərşənbə axşamı qulağı cingildəyənə müjdə gələr. Çərşənbə adətləri: axır çərşənbə günü ilin müqəddəs yeməkləri 7 cür xörək və ya şirniyyat bişirilir, səməni halvası hazırlanır. Axır çərşənbə süfrəsində yeyilmiş balığın çanaq sümüyünü iki barmaq arasından atarlar. Arxası üstə düşərsə ürəyinizdəki niyyət etdiyiniz ilk övladınız qız, üzü üstə düşərsə oğlan olacaq. Sınamalar - ilk olaraq göyərçinlər əkin-biçin sahəsindən uçarsa, həmin ilin bolluq ili olacağını göstərir. Əgər əks halda quru yerlərə evlərin damına qonarlarsa, ilin quraqlıq, kasadlıq ili olacağını göstərir. Bayram süfrəsi üçün göyərdilmiş səməninin ortadan saralması qıraqlarının yaşıl qalması ilin taxıl qıtlığı olacağına işarədir.
Son çərşənbədə həyət-bacada tonqallar qalanır, insanlar tonqalın üstündən atılıb ağrı-acılarının oda tökülməsini arzu edirlər: "ağırlığım-uğurluğum, qadam-balam tonqalda yansın", yaxud, "ağırlığım-uğurluğum odlara, tonqaldan mənimlə atılmayan yadlara". Burada məqsəd qışdan qalan dərdin, ağrı-acının adamın canından tökülməsi, insanın sağlam ruhla, saf qəlblə bayrama qovuşmaq istəyidir.
Həmin gün bayram süfrəsində balığın olması bərəkət rəmzi hesab edilir. Bişmiş və ya qurudulmuş bütöv balığı süfrəyə gətirər, bir tərəfinə su, digər tərəfinə isə düyü qoyar, balığın gözünə baxıb, arzu tutarlar. Sonra balıqdan bir az yeyər və inanarlar ki, arzular tezliklə çin olacaq.
Qulaq falına çıxmaq, qapılara papaq atmaq bu bayramın tərkib hissələridir. Küsülüləri barışdırmaq, xəstələrə baş çəkmək, körpələrə libas almaq da bu bayrama aid xüsusiyyətlərdəndir.
Bu günə el arasında həm də niyyət, dilək çərşənbəsi deyilir. İnanca görə, həmin gün ürəkdə tutulan xoş diləklərin hamısı hasil olur. Odur ki, həmin gün mütləq xoş sözlər danışılmalıdır. Axı kimsə qulaq falına çıxıb qapıya gələ bilər. Çərşənbə axşamı ailədə könül açan sözlər danışıb, dava-dalaş etməzlər ki, qulaq falına çıxan şəxs xoşagəlməz ifadələr eşidib evinə ümidsizlik içərisində dönsün. Süfrənin əsas bəzəyi al-əlvan boyadılmış şadlıq rəmzi olan yumurta, bir də baharın gəlişini əks etdirən səmənidir. Novruz sevinci, əhvali-ruhiyyəsi ilə yaşayan xalq ta qədimdən bu bayramı təkcə evdə keçirməklə kifayətlənməmiş, rəsmi bir şəkildə (Sovet rejmində olan məlum səbəblərə görə qadağa, olunmuş illəri nəzərə almasaq) qeyd etmişlər.
Bu gün ilin son çərşənbə bayramıdır. Çərşənbələrin sultanı hesab edilən Torpaq çərşənbəsinin qədimdən bir çox özünəməxsus adət-ənənələri olub və indi də yaşamaqdadır. Qeyd etdiyimiz kimi, Su, Od, Yel çərşənbələrindən sonra gələn Torpaq çərşənbəsi torpağın oyanmasına işarədir.
Bu gün bayram münasibətilə Bakıda təntənəli mərasim keçiriləcək. Atəşgahdan götürülən od faytonların və atlıların müşayiəti ilə şəhərin mərkəzinə gətiriləcək. Axşam alpinistlər alovu Qız qalasına qaldıracaqlar.
Martın 20-də Azərbaycan xalqı bayram axşamını qeyd edəcək. Xatırladım ki, bu il martın 20-si saat 22.25-də təhvil olunacaq.
Evinizin xeyir-bərəkəti, ruzisi bol olsun, ocağınız gur yansın! Bayramınız mübarək!