Əhalinin referenduma marağı yüksəkdir
Dünən Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov KİV nümayəndələri üçün referendumla bağlı seçki məntəqələrində veb-kameraların quraşdırılması prosesinə baxış keçirilməsi ilə bağlı mətbuat konfransı keçirdi.
Veb-kameralara texniki nəzarət mərkəzində keçirilən tədbirdə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovla bərabər rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov iştirak etdi. Veb-kameraların quraşdırılmasında iştirak edən mütəxəssislər bildirdilər ki, hazırda bütün seçki məntəqələri ilə birbaşa əlaqə yaradılıb və kameralar işlək vəziyyətdədir.
MSK sədri M.Pənahov jurnalistlərə açıqlamasında bildirdi ki, səsvermə günü istənilən internet istifadəçisi MSK-nın rəsmi saytına daxil olmaqla səsvermənin gedişini canlı olaraq izləyə bilər.
MSK sədri onu da bildirdi ki, ilk dəfə olaraq seçki məntəqələrinə veb-kameraların quraşdırılması 2008-ci il prezident seçkiləri prosesində həyata keçirilib. Onu sözlərinə görə, referendumla bağlı ölkə ərazisindəki seçki məntəqələrinin yalnız 10 faizinə - 500 seçki məntəqəsinə kamera quraşdırılıb.
MSK sədri, həmçinin, pulsuz efir vaxtından istifadə edən təşviqat qruplarının televiziya çıxışlarının müşahidə olunduğunu qeyd edərək, onu da vurğuladı ki, bu proses zamanı da heç bir qanunsuzluğa yol verilmir.
M.Pənahov martın 18-nə təyin olunmuş referendumun təbliğat-təşviqat kampaniyası ilə əlaqədar MSK-ya heç bir şikayətin daxil olmadığını da bildirdi. Qeyd etdi ki, yerlərdə keçirilən tədbirlər barədə də MSK-ya heç bir müraciət daxil olmayıb. Bu isə, onu göstərir ki, yerlərdə təşviqat hərtərəfli aparılır və cəmiyyətin daha çox təbəqələri bu prosesdə fəal surətdə iştirak edirlər: "Ona görə də, əminliklə deyə bilərik ki, martın 18-də keçiriləcək referendumda əhali fəal iştirak edəcəkdir və yetərsayın olmaması gözlənilmir.
İndiyə qədər Azərbaycanda keçirilən seçkilərdə və referendumda əhali yüksək fəallıqla iştirak etmişdir. Ona görə də, martın 18-də keçiriləcək referenduma 25 faizdən az seçicinin gəlməsi ehtimalı yoxdur".
MSK sədri onu da bildirdi ki, komissiya əhalinin referenduma dəvət edilməsi ilə bağlı maarifləndirmə işləri aparıb. Əhalinin referenduma marağı yüksəkdir.