Biz yeni tariximizin məsuliyyətli dövrünü yaşayırıq. Referendum günü tarixi bir gün olaraq tarix kitablarına düşəcəkdir. Tarixdə çox səhvlər buraxmışıq. Bu məqamda səhv buraxmamalıyıq. Səhvlərimiz ucbatından son yüz ildə torpağımızın sahəsi 116 min kv km -dən 86,6 min kv km-ə qədər azalıbdır. Hələ Qarabağı demirəm.
Əsas və vacib şərt
Dövlət quruculuğunun müstəqillikdən sonrakı başlanğıc fazasında əsas şərt dövləti müasir dövrün tələblərinə uyğun qurmaq və yaşatmağı bacarmaqdır. Bu məqsədə nail olmaq üçün Makiavelli demişkən, istənilən vasitə məqbuldur. Şükürlər olsun dövlətimiz ulu öndər Heydər Əliyev tərəfindən qurulubdur. O, bu haqda 2001-ci ilin oktyabrın 18- də "Gülüstan" sarayında dünyaya bəyan etdi. İndi əsas məsələ dövləti yaşatmağı bacarmaqdır.
Keçid dövrünü 100 il və ya daha öncə keçmiş və oturuşmuş dövlətlərdə bu gün demokratik prinsiplərə riayyət etmək, hamı tərəfindən dərk və qəbul edilən faydalı həyat normasıdır. Baxmayaraq Çörçillə görə demokratiyanın özü də qüsurludur, ancaq bəşəriyyət, hələ ki, bundan yaxşı bir şey fikirləşib tapmayıb. Azərbaycanda da hər kəs bunu bilir. Bununla bərabər Azərbaycanın özəllikləri də nəzərə alınmalıdır.
Azərbaycan Qərblə Şərqin, Şimalla Cənubun, müsəlman dünyası ilə xristian dünyasının kəsişdiyi çox mürəkkəb geosiyasi məkanda yerləşir. Qonşularımızın da münasibəti məlumdur. Belə mürəkkəb məkanda, yeni qurulan dövləti saxlamaq çox çətin məsələdir. Necə ki, birinci respublikanı saxlaya bilmədik.
Ayrıca götürülmüş bir dövlətin inkişafının başlanğıc, orta və qərarlaşmış fazasında yaşadığı qanunlar eyni olmayıb, xeyli müxtəlifdir. İctimai həyat üçün doğru olan bu qanunauyğunluq, təbiət hadisələri üçün də doğrudur. Bir meyvə ağacının 1 və 10 yaşlarında yaşadığı qanunlar və yerinə yetirdiyi funksiyalar xeyli müxtəlifdir. Bu gün 18 yaşlı Azərbaycan dövlətini, yaşı 300 ildən çox olan ABŞ dövləti ilə müqayisə etmək qüsurlu düşüncədir. Bu səbəbdən də keçid dövrünün təbii yaşama qanunları, stabil quruluşdan xeyli fərqlidir. Bu fərqliliyi doğuran səbəb, zaman keçdikcə hadisələrin, proseslərin parametrlərinin dəyişməsidir. Misal üçün, stabil quruluşların apardığı xarici siyasət, daxili siyasətdən törəyir.
Keçid dövrünü yaşayan dövlətlərdə isə çox vaxt bunun tərsinədir, daxili siyasət xarici siyasətdən (Qarabağ problemi ilə Azərbaycan buna misaldır) törəyir. Keçid dövrünü yaşayan dövlətlərdə "iqtidar-müxalifət" münasibətləri oturuşmuş dövlətlərdən xeyli fərqlidir. Keçid dövrünün başlanğıcında üzdə olan siyasətçilər haqqında, adətən, informasiya az olur. Zaman keçdikcə bu informasiya qıtlığı azalır. Başlanğıcda mələk kimi görünən siyasilər zamanın işığında sonralar olduğu kimi görünürlər. İnformasiya qıtlığı səbəbindən keçid dövrünün başlanğıcında qəbul olunan qərarların xətası, keçid dövrünün sonunda qəbul olunan qərarların xətasından daha çox olur.
Dövlət quruculuğunun zəruri və kafi şərti
Dövləti yaşatmağı bacarmaq şərti, dövlət sükanının təsadüfi əllərə keçməsinin qarşısını qətiyyətlə alınmasını tələb edir. Belə təhlükədən sığortalamağı bacarmaq lazımdır. Son prezident seçkilərində siyasi səhnədə elə namizəd gördük ki, onun adını ilk dəfə eşidirdik. Belə şəxsin prezident seçilmə ehtimalı sıfıra bərabər olduğunu isbat etmək mümkün deyil. Çünki bəzən situasiya diktə edir. Şahlıq quşu onun başına qona bilərdi, ağıla gələn başa da gələ bilər. Fərd səhv edə bilər, toplum səhv etməməlidir.
Dövlət quruculuğunun başlanğıc fazasında, dövləti yaşatmağı bacarmaq şərti, həm də permanent hakimiyyət dəyişikliyi yolverilməz olduğunu tələb edir. Başqa sözlə, 1991-1993 - cü illərdə başımıza gələnlər (bu müddət ərzində prezident vəzifəsini beş nəfər icra etmişdir) bir daha təkrar olmamalıdır. "Keçid dövrünə fəlsəfi baxış" kitabımda (səh. 33, Bakı,1997) Azərbaycan təcrübəsini nəzərdə tutaraq belə bir fikir söyləmişdim: "Əgər bir dövləti xəritədən silmək istəyirsinizsə, onda qısa müddət ərzində permanent keçid dövrləri yaradın. 5-6 keçiddən sonra həmin dövlət süqut edəcək və xəritədən silinəcəkdir. Çünki hər keçiddən sonra cəmiyyətin bütün təbəqələri ağır zərbələr alır və 5-6 zərbədən sonra cəmiyyət tarazlığını saxlaya bilməyib dağılar". Bu yerdə bir daha vurğulamaq yerinə düşər ki, 70 yaşını Naxçıvanda YAP -çıların əhatəsində qeyd edən Heydər Əliyev Bakıya hakimiyyətə gəlməsəydi, onda ölkədə hadisə və proseslərin hansı istiqamətdə inkişaf edəcəyini təsəvvür edirsinizmi? Xarici və daxili qüvvələrin təsiri altında kimsə hökmən hakimiyyətə gələcəkdi. Çünki müqəddəs yerlər boş qalmır. Ancaq əminliklə demək olar ki, tab gətirə bilməyib, növbəti hakimiyyət dəyişikliyinə səbəb olacaqdı. Ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsi dövlətin dağılmasının qarşısını aldı, kəsilməz hakimiyyət dəyişikliyinə son qoydu və ikinci respublikanı yaşatmağı bacardı və bu səbəbdən də tarixi şəxsiyyətə çevrildi.
Beləliklə, zəif şəxslərin hakimiyyətə gəlməsi bir tərəfdən dövlət idarəçiliyində problemlə yaradır, digər tərəfdən permanent hakimiyyət dəyişikliklərinə şərait yaradır. Bu səbəbdən də dövləti süquta apara bilən siyasi proseslərin inkişafı yolverilməzdir. İnanıram ki, keçid dövrü bitəndən sonra bütün keçmiş sovet respublikalarında, o cümlədən də, Azərbaycanda, Qazaxıstada, lap RF özündə də ABŞ bənzər, İngiltərəyə bənzər seçkilər keçiriləcəkdir. İqtidar - müxalifət münasibətlər bu ölkələrdə olduğu kimi olacaqdır. Hesab edirəm ki, keçmiş sovet respublikalarında keçirilən və Qərbin bəzən tənqidinə məruz qalan seçkilər, referendumlar hakimiyyət hərisliyindən yox, daha çox milli məsuliyyətdən və "dövlətin özünü qoruma instinktindən" doğur. Gələcəkdə siyasətçilərimiz haqqında məlumatımız tam və dolğun olandan sonra, onda seçkilər də Avropasayağı olacaqdır. Mənim düşüncəmə görə, dövlət quruculuğunun zəruri şərti müstəqillik, kafi şərti isə dövləti yaşatmaq bacarığıdır. Azərbaycanın yerləşdiyi məkanda qurulan dövlət, qüdrətli olmasa yaşaya bilməz.
Qüdrətli dövlət və ümummilli ideya
Bir il öncə "Heydər Əliyev və ümummilli ideya"(Azərbaycan" qəzeti, 12. IV. 2008 ) adlı məqalədə göstərmişdim ki, ötən əsrin 90- cı illərinin əvvəlində ölkə əhalisinin, həm iqtidarın, həm müxalifətin, həm də ölkədən kənarda yaşayan bütün azərbaycanlıların ümummilli ideyası "müstəqillik" ideyası olmuşdur. Bu ideya ətrafında bütün xalqı birləşdirmişdi. Müstəqillik ideyasından sonrakı dövr də bizim üçün ümum milli ideya nə ola bilər, sualına cavab axtarılmışdır. Məqalədə göstərilmişdir ki, "Qüdrətli dövlət" və ya "Güclü Azərbaycan" ideyası bizim üçün ümummilli ideya ola bilər. Bənzər ideyalar, bir çox inkişaf etmiş dövlətlərin milli ideyasının əsasını təşkil edir. Bunun üçün dünya dövlətlərinin gerblərinə baxmaq kifayətdir. Dünya dövlətlərinin çoxunun dövlət rəmzlərində (xüsusilə də, gerbində) qüdrət və güc simvolları olan qartal, pələng, tac, şir, qılınc, əjdaha və bunun kimi elementlərdən istifadə edirlər. Torpağın ən güclü canlısı şir və pələng, səmanınkı isə qartal olduğundan bunlardan daha çox istifadə olunur.
"Azərbaycan Respublikasının Konstitusiyasına əlavələr və dəyişikliklər"lə bağlı cəmiyyətdə geniş müzakirələr gedir. Ölkənin müxtəlif siyasi partiyaları və həm də vətəndaş cəmiyyətinin müxtəlif təbəqələri tərəfindən müxtəlif təşviqat qrupları yaradılıbdır. Bu qruplar Konstitusiyanın 29 maddəsinə təklif olunan 41 dəyişiklərlə bağlı seçicilər arasında, TV-də, radiolarda və KİV-lərdə geniş təşviqat işi aparırlar. Bu təşviqatın və dəyişikliklərin məğzini bir cümlə ilə ifadə etmək mümkündürmü?
Bu suala cavab verməzdən öncə qədim bir Şərq pritçasını yada salmaq istəyirəm: Hindistan şahı Bağdad xəlifəsinə 4 dəvə yükü kitab hədiyyəsi göndərmək istəyir. Sonra fikirləşir və hər dörd kitabdan birini seçdirərək bir dəvə yükünə qədər azaldır. Bir az götür-qoy etdikdən sonra fikrini dəyişir və bir dəvə yükü kitabın əvəzinə seçib dörd kitab göndərməyə üstünlük verir. Nəhayət, son qərarı belə olur ki, bu dörd kitabın hərəsindən bir dəyərli cümlə seçib xəlifəyə göndərsin. Beləliklə, 4 dəyərli cümlə dörd dəvə yükü kitabı əvəz edir. Bu misalın işığında yuxarıda qoyulan suala cavab verək.
Hesab edirəm ki, yuxarıdakı suala Yeni Azərbaycan Partiyasının Təşviqat Qrupu uğurlu cavab tapıb və öz təşviqatını "Güclü Dövlət Naminə" devizi altında həyata keçirir. "Güclü dövlət" və ya "qüdrətli dövlət" ideyası bu referendumun əsas fəlsəfəsini təşkil edir. Əslində, referendum nə fərdə, nə də kütləyə ünvanlanıb, referendum dövlətin qüdrətli olmasına yönəlibdir. Qüdrətli dövlət, qüdrətli xalq və qüdrətli fərd deməkdir. "Qüdrətli dövlət" milli ideyadır, həm də ümummilli ideyaya gedən yolun başlanğıcıdır. Ümummilli ideyaya milli birlik yaratmaq gücünə malikdir. Çünki dövlət qüdrətli olanda, o, içərisindən keçdiyi bütün proses və hadisələrin idarəedən tərəfi (subyekti) olur, idarəolunan tərəfi (obyekti) yox. Bu səbəbdən də bütün seçiciləri "Güclü Dövlət Naminə" fəlsəfəsinə səs verməyə çağırıram.