PDF Oxu

Əsas

  • 11

XOCALIYA ƏDALƏT

XOCALIYA ƏDALƏT
"Xocalıya ədalət" beynəlxalq məlumat-təşviqat kampaniyasının və onun internet saytının (www.justiceforkhojaly.org) dünyanın aparıcı mərkəzlərində təqdimatı davam edir.
"Xocalıya ədalət" ("Justice for Khojaly") beynəlxalq məlumat və təşviqat kampaniyası İslam Konfransı Təşkilatına (İKT) üzv qurum olan Dialoq və Əməkdaşlıq uğrunda İslam Konfransı Gənclər Forumunun (DƏ-İKGF) mədəniyyətlərarası dialoq üzrə baş əlaqələndiricisi Leyla xanım Əliyevanın təşəbbüsü ilə ötən ilin mayında elan edilmişdi.
1992-ci il fevralın 26-da Azərbaycanın Xocalı şəhərində törədilmiş insanlığa qarşı cinayətin dünya ictimaiyyətinə çatdırılması, bu cinayətə hüquqi-siyasi və mənəvi qiymətin verilməsi üçün Xocalı soyqırımı ilə bağı həqiqətlərin təbliği və bu sahədə səmərəli təşviqatın aparılması məqsədlərini daşıyan kampaniyanın beynəlxalq səviyyədə rəsmi startı bu həftə ərzində dünyanın müxtəlif paytaxtlarında keçiriləcəkdir.
Eyni zamanda, təqdimatı keçiriləcək www.justiceforkhojaly.org internet saytı "Xocalıya ədalət" kampaniyasının virtual aləmdə yayılması və kampaniyanın həyata keçirilməsinin sistemləşdirilməsi məqsədlərini daşıyır və geniş ictimai iştirak üçün nəzərdə tutulmuşdur.
Son iki gündə kampaniya və onun internet saytının təqdimatı dünyanın aşağıdakı şəhərlərində keçirilmişdir:
LONDON (Böyük Britaniya). Fevralın 24-də Londonun İmperiya Hərb Muzeyində "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və onun internet saytının təqdimatı keçirilmişdir.
Kampaniyanın Böyük Britaniya üzrə yerli əlaqələndiricisi xanım Britt Montimerin keçirdiyi təqdimatda Böyük Britaniya parlamentinin üzvü Mayk Henkok, dövlət qurumlarının, o cümlədən Xarici İşlər Nazirliyinin rəsmiləri, Londonda akkreditə olunmuş səfirliklərin nümayəndələri, Qafqaz regionu üzrə ixtisaslaşmış tədqiqat mərkəzlərinin təmsilçiləri, jurnalistlər, Azərbaycan və türk icmalarının üzvləri iştirak etmişlər.
HYUSTON (ABŞ). Fevralın 24-də "Xocalıya ədalət" beynəlxalq kampaniyasının startı çərçivəsində Azərbaycan-Amerika Şurasının təşkilatçılığı ilə Hyuston şəhərində kampaniyanın və onun internet saytının təqdimat mərasimi keçirilmişdir.
Tədbirdə yerli ictimaiyyətin, həmçinin Azərbaycan və türk diasporunun nümayəndələri iştirak etmişlər.
BERN (İsveçrə). Fevralın 25-də Bern şəhərində İsveçrə Federal hökumətinə məxsus "Politforum"da kampaniyanın və onun saytının təqdimatı olmuşdur.
Tədbirdə İsveçrə hökumətinin nümayəndələri, parlament üzvləri, QHT-lərin, Berndə akkreditə olunan diplomatik korpusun və KİV-in nümayəndələri iştirak etmişlər. Eyni zamanda, tədbirdə Heydər Əliyev Fondu tərəfindən hazırlanmış "War Against Azerbaijan - Targeting Cultural Heritage" ("Azərbaycana qarşı müharibə: Mədəni irsin hədəfə alınması") kitabının təqdimatı və Fond tərəfindən təqdim olunmuş fotoşəkillərin sərgisi təşkil olunmuşdur.
Tədbirdə Xocalı haqqında film nümayiş etdirilmiş, "Xocalıya ədalət" kampaniyasını dəstəkləyən bəyanat imzalanmışdır.
ƏR-RİYAD (Səudiyyə Ərəbistanı). Fevralın 25-də Səudiyyə Ərəbistanının məşhur mətbuat zallarından olan "Riyad Palace"-də ölkənin ictimai-siyasi dairələrinin, beynəlxalq təşkilatların və İslam Konfransı Təşkilatı katibliyinin nümayəndələrinin, diplomatik korpus təmsilçilərinin və KİV-lərin iştirakı ilə "Xocalıya ədalət" beynəlxalq kampaniyasının və kampaniyanın internet saytının təqdimatı keçirilmişdir. Tədbir çərçivəsində Xocalı faciəsi ilə bağlı fotosərgi təşkil olunmuş və film nümayiş etdirilmişdir.

Digər xəbərlər