Diaspor ilə İş üzrə Dövlət Komitəsində xarici ölkələrdə fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının Xocalı soyqırımının 17-ci ildönümünü qeyd etməsi ilə tədbirlər planı təsdiqlənib. Komitənin mətbuat xidmətindən "Səs" qəzetinə verilən məlumata əsasən, Xocalı faciəsini anmaq məqsədilə bu il də etiraz aksiyaları, konfransların keçirilməsi, sərgilərin təşkili nəzərdə tutulub. Artıq xaricdəki diaspor təşkilatlarımız bu istiqamətdə bir sıra tədbirlər keçiriblər.
AVSTRALİYA
Sidneydə Xocalı faciəsinin 17-ci ildönümü qeyd edilib. Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyi, Sidney Türk Dayanışma Dərnəyi, Azərbaycan Dərnəyi və "Azərbaycanın Səsi" radiosunun birgə təşkil etdiyi anım tədbirində bu şəhərdə yaşayan soydaşlarımız, eləcə də türklər, türkmənlər, digər xalqların diaspor təşkilatlarının rəhbərləri, millət vəkilləri və KİV nümayəndələri, həmçinin, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər. Avstraliya Azərbaycan Türk Dostluq Dərnəyinin sədri İmaməddin Qasımov qonaqlara soyqırımla bağlı məlumat verib.
Tədbirdə, həmçinin, qohumları Xocalı soyqırımında həlak olmuş Hasil Abbasov da çıxış edib. Maquari Universitetində beynəlxalq əlaqələr üzrə magistr təhsili alan Hasil Abbasov, Qarabağ müharibəsində 35-ə yaxın qohumunun öldürüldüyü, şahidi olduğu və digər dəhşətlər barədə danışıb. Həmin universitetin beynəlxalq iqtisadi əlaqələr fakültəsində magistr təhsili alan Tural Məmmədov da faciə ilə bağlı fikirlərini bölüşüb. Tədbirdə soyqırım həqiqətlərini əks etdirən şəkillər sərgilənib.
İSVEÇ
Fevralın 22-də Stokholmda Azərbaycan diasporunun fəalları İsveç parlamentinin spikeri Per Westerberqlə görüşüblər. İsveçdəki "Azərbaycan naminə" Cəmiyyətinin sədri Nadir Hollendrandın verdiyi xəbərə görə, görüşdə 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələrinin Xocalı şəhərində törətdiyi dəhşətli soyqırım aktı barədə geniş danışılıb. Spikerə məlumat verilib ki, soyqırım zamanı 613 nəfər ödürülüb, müxtəlif yaşlı 1000 dinc sakin əlil olub, 106 qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb, 8 ailə tamamilə məhv edilib, 1275 nəfər dinc sakin girov götürülüb. Azərbaycan hökumətinin Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətini Beynəlxalq Cinayət Məhkəməsinə verməsi ilə bağlı araşdırma apardığı barədə də danışan diaspor fəallarımız, Per Westerberqə bütün zəruri tədbirlərdə Azərbaycanın mövqeyini, haqq işini yüksək səviyyədə dəstəklədiyinə görə təşəkkür ediblər.
Görüşdə İsveç parlamentinin rəhbərinə ermənilərin tarix boyu azərbaycanlılara qarşı törətdiyi qanlı faciələrdən bəhs edən "Erməni terroru" kitabı təqdim edilib. Qeyd edək ki, Per Westerberqə İsveçdə indi hakimiyyətdə olan Moderat Partiyasını təmsil edir.
"Azərbaycan naminə" Cəmiyyətin üzvlərinin daha bir görüşü isə müxalifətdə olan Sosial-Demokrat Partiyasının rəhbərliyi ilə olub. Partiyanın lideri Mina Sahlinlə söhbətdə də ermənilərin 17 il əvvəl Xocalıda törətdiyi vəhşiliklər barədə ətraflı məlumat verilib. Soydaşlarımız İsveç parlamentinin deputatları ilə də eyni məzmunlu görüşlər keçiriblər.
BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİYİ
Birləşmiş Ərəb Əmirliklərinin Dubay Əmirliyində fəaliyyət göstərən Azərbaycan Cəmiyyəti Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuş anım tədbiri keçirib. Soydaşlarımızla yanaşı türk, fransız, rus icmalarının, İraq türkmənlərinin və ərəblərin qatıldığı tədbirdə 17 il əvvəl ermənilərin törətdiyi dəhşətli soyqırım haqqında məlumat verilib. Cəmiyyətin sədri Samir İmanov öz çıxışında bildirib ki, 1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri Xocalı şəhərində soyqırım aktı həyata keçirib. Qeyd olunub ki, Xocalı soyqırımı zamanı 613 nəfər ödürülüb, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil olub. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 nəfər valideynlərindən birini itirib. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürülüb, onlardan 150 nəfərin taleyi indi də məlum deyil. Cəmiyyət sədri mərasimə toplaşanlara məlumat verib ki, indi Azərbaycan hökuməti Xocalı soyqırımı ilə bağlı Ermənistan dövlətinin Beynəlxalq Cinayət Məhkəməsinə (Haaqa Məhkəməsi) verməsi yollarını araşdırır.
Tədbirdə Xocalı faciəsini əks etdirən fotoşəkillər nümayiş etdirilib, bu qanlı hadisədən bəhs edən kitablar sərgilənib, onlardan bəziləri qonaqlara paylanıb. Heydər Əliyev Fondunun hazırladığı soyqırımdan bəhs edən film də tədbir iştirakçılarına təqdim olunub.
Qeyd edək ki, fevralın 25-26-da Azərbaycan Cəmiyyətinin sədri Samir İmanovun Dubayın "Al-Bayan" və "Gulf News" qəzetlərində müsahibələri dərc olunacaq.