PDF Oxu

Əsas

  • 9

Milli Məclisdə görüşlər keçirilib

Milli Məclisdə görüşlər keçirilib
Milli Məclisin mətbuat xidmətinin "Səs"ə verdiyi məlumatında bildirilir ki, spiker Oqtay Əsədov ATƏT Parlament Assambleyası Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkeri qəbul etdi. Görüşdə sədr xüsusi nümayəndənin regiona səfərinin bölgədəki bugünkü vəziyyəti öyrənmək baxımından çox əhəmiyyətli olduğunu bildirdi: "Cənubi Qafqazda mövcud olan münaqişələr regionun inkişafına və təhlükəsizliyə böyük maneə törədir. Gürcüstanda ötən ilin avqustunda baş vermiş böhran aydın şəkildə göstərdi ki, Dağlıq Qarabağ kimi münaqişələrin həllinin yubadılması ağır nəticələrə gətirib çıxara bilər. Azərbaycanın Avropanın enerji təhlükəsizliyinin təminatında rolunu və geosiyasi mövqeyini nəzərə alsaq, yeni böhranın Avropanın maraqlarına necə zərbə vura biləcəyini təxmin etmək çətin deyil. Vəziyyətin bu şəkildə qalması bölgənin Avropa strukturlarına inteqrasiyası işinə də maneə törədir". Spiker onu da bildirdi ki, Ermənistan-Azərbaycan münaqişəsinin, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk Qrupu 15 ildən artıqdır ki, bu məsələni araşdırır. Təəssüf ki, real nəticə hələ ki, yoxdur. Bu, haqlı olaraq, Azərbaycan tərəfini narahat edir: "Problemin həllində Avropa daha maraqlı olmalıdır. Çünki qitənin enerji təminatında, bölgədə sabitliyin bərqərar olmasında Azərbaycan mühüm rol oynayır. Minsk Qrupunun həmsədrləri öz səylərini artırmalıdırlar. Ərazi bütövlüyü məsələsinin sual altına alınması yolverilməzdir. Öz müqəddəratını təyin etmə yalnız dövlətin ərazi bütövlüyü çərçivəsində həyata keçirilə bilər". O.Əsədov bir sıra beynəlxalq təşkilatların problemin həllinə ikili standartlarla yanaşdığını dedi: "İşğalçı ilə işğala məruz qalan arasında fərq qoyulmur. Hətta insan ölümü ilə nəticələnmiş Ermənistandakı prezident seçkilərinə göz yumulur. Azərbaycanda keçirilən yüksək səviyyəli seçkilərdə isə nöqsanlar axtarılır. Bütün bunlar təəssüf doğurmaya bilməz. Beynəlxalq birliyin, o cümlədən, ATƏT Parlament Assambleyasının səyləri nəticəsində Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi tezliklə beynəlxalq hüquq normaları çərçivəsində öz məntiqi həllini tapacaqdır". Azərbaycana dəfələrlə səfərləri zamanı gördüyü dəyişiklikdən və inkişafdan məmnun olduğunu diqqətə çatdıran ATƏT Parlament Assambleyası Prezidentinin Dağlıq Qarabağ münaqişəsi üzrə xüsusi nümayəndəsi Qoran Lenmarkeri Milli Məclisin təmir olunmuş yeni inzibati binası, ümumiyyətlə, Azərbaycandakı inkişafın həyatın bütün sahələrində hiss olunduğunu xüsusi vurğuladı. ATƏT-in Parlament Assambleyasının təmsilçisi cənab Qoran Lenmarker demokratik cəmiyyətin qurulmasında və ölkənin beynəlxalq əlaqələrinin inkişafında parlamentlərin rolunu yüksək dəyərləndirdi. Sonra o, regiona budəfəki səfərindən söz açaraq ötən ilin avqust ayından ötən müddətdə bölgədə keyfiyyətcə yeni şəraitin yarandığını diqqətə çatdırdı. Qeyd edildi ki, regiondakı münaqişələrin tezliklə aradan qaldırılması günün tələbidir. Söhbətdə Cənubi Qafqazdakı ictimai-siyasi vəziyyət, bölgədəki münaqişələrin həlli yolları, bölgənin Avropa strukturlarına inteqrasiyası və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı. Görüşdə Milli Məclis Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər iştirak edirdilər.

Digər xəbərlər