Konstitusiyaya dəyişikliyin mahiyyəti açıqlandı
YAP Nizami rayon təşkilatının sədri Sədaqət Vəliyeva çıxış edərək tədbirin mahiyyəti barədə ətraflı məlumat verdi. Bildirdi ki, "Yeni Azərbaycan" təşviqat qrupunun hər bir üzvü Konstitusiyaya əlavə və dəyişikliklərin ictimaiyyətə dolğun çatdırılmasında, maarifləndirmə işində fəal olmalıdır: "Bu əlavə və dəyişikliklər insan hüquq və azadlıqlarının daha səmərəli qorunmasına, demokratiyanın, yerli özünüidarənin inkişafına xidmət etdiyi üçün əhali tərəfindən dəstəklənəcək. Təbii ki, son sözü 18 mart referendumunda xalq deyəcək".
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin sosial siyasət daimi komissiyasının sədri Hadı Rəcəbli referendumun keçirilməsini zəruri edən şərtlər və ümumxalq müzakirəsinə təklif olunmuş əlavə və dəyişikliklərin mahiyyəti barədə danışdı: "Bugünkü tədbir məndə bu qənaəti yaratdı ki, partiyamızın fəalları ilə Referendum Aktı layihəsini geniş müzakirə etməyə ehtiyac yoxdur. Bu səbəbdən ki, layihədə bütün dəyişikliklər tam aydınlığı ilə qeyd olunub".
H.Rəcəbli bildirdi ki, bu gün qarşıya qoyulan əsas vəzifələrdən biri referenduma hazırlıqla bağlı seminar-müşavirələr keçirib, təşviqat qrupunun nümayəndələrini düşündürən məsələlər ətrafında birgə müzakirə aparmaqdır: "Konstitusiyamıza əlavə və dəyişikliklərin edilməsi zərurətdən yaranan bir məsələdir. Bütün ölkələrdə konstitusiyalara zaman-zaman əlavə və dəyişikliklər edilir. 1992-ci ildən dünyanın 36 ölkəsində Konstitusiyaya bir neçə dəfə dəyişiklik edilib. Bu da təbiidir. Çünki konstitusiyalar, qanunlar mütləq həqəqət kimi qəbul olunmur, inkişaf olduqca daha da təkmilləşir, yeniləşir. Yəni bu və ya digər qanunların dəyişməsi zamanın tələbinə uyğun olaraq baş verir".
H.Rəcəbli Konstitusiyaya əlavə və dəyişikliklərin edilməsinin zərurətdən yaranan bir məsələ olduğunu dedi və qeyd etdi ki, bu dəyişikliklərin edilməsi zamanın tələbidir: "Bütün ölkələrdə konstitusiyalara zaman-zaman əlavə və dəyişikliklər edilir. Bu da təbiidir. Çünki konstitusiyalar, qanunlar qəbul edilərkən, mövcud şərait nəzərə alınır. Bu və ya digər qanunların dəyişməsi zamanın tələbinə uyğun olaraq baş verir. 29 dəyişikliyin böyük əksəriyyəti insan hüquq və azadlıqların qorunmasına xidmət edir. Belə dəyişikliklərdən biri də 101-ci maddədir ki, burada da vətəndaşların seçim hüququ bir daha müdafiə olunur".
Referendum üzrə "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi onu da bildirdi ki, dövlətçilik tariximizdə ilk Konstitusiya 1995-ci ildə qəbul edilib: "Azərbaycan Respublikasının Konstitusiyası ümummilli liderimiz Heydər Əliyevin yaratdığı müstəqil dövlətimizin ilk Konstitusiyasıdır. Məlumdur ki, sovetlər dönəmində Azərbaycanın müttəfiq respublika kimi Konstitusiyası olub, amma biz o zaman müstəqil deyildik. Azərbaycan Respublikasının Konstitusiyasında iki dəfə dəyişikliklər edilib. Belə ki, 1995-ci ildə qəbul etdiyimiz Konstitusiya zamanın tələbinə uyğun olaraq müəyyən dəyişikliyə məruz qalıb. İlk belə dəyişiklik 2002-ci ilin avqust ayında keçirilən ümumxalq səsverməsi zamanı olub. 2002-ci ildən ötən dövrdə bu gün Konstitusiyamıza əlavə və dəyişikliklər edilməsi zərurəti yaranıb. Bəllidir ki, bu dəyişikliklərin təşəbbüskarı da Yeni Azərbaycan Partiyasıdır. Əslində, partiyamız xalqdan gələn istək və arzunu ifadə edib".
H.Rəcəbli 29 dəyişikliyin hər birinin müsbət məna kəsb etdiyini dedi və hər birinin mahiyyəti barədə ətraflı məlumat verdi: "12-ci maddədə edilən dəyişikliyin mahiyyətində çox geniş fikir əhatə olunur. Belə ki, mövcud variantda "İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təmin edilməsi dövlətin ali məqsədidir" fikri qeyd olunurdusa, bu gün təklif olunan variant "Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir" kimi ifadə olunur. Eyni ilə 15-ci maddədə də insan və vətəndaş hüquqlarına söykənən fikir təklif olunub. Əgər mövcud maddədə "Azərbaycan dövləti bazar münasibətləri əsasında iqtisadiyyatın inkişafına şərait yaradır" fikri yazılırdısa, bu gün "sosial yönümlü iqtisadiyyatın inkişafına şərait yaradır" sözləri təklif olunub. Bu iki dəyişikliyin mahiyyətində ulu öndərimiz Heydər Əliyevin yaratdığı müasir, müstəqil Azərbaycanımızın yeni mərhələsi - Prezident İlham Əliyev dövlət quruculuğu mərhələsi ölkədə sosial rifah tipli dövlət qurmaqdır. Sosial tipli dövlətin mahiyyəti isə ondan ibarətdir ki, bu cəmiyyətdə orta təbəqə möhkəmlənsin".
Konstitusiyanın 101-ci maddəsinə nəzərdə tutulan dəyişikliyin əsas müzakirə mövzusu olduğunu bildirən H.Rəcəbli qeyd etdi ki, bəzi müxalifət partiyaları ictimai fikri çaşdırmaq üçün ciddi-cəhdlər göstərir, əks-təbliğat kampaniyalarını genişləndirirlər. Bu dəyişiklik də zamanın tələbindən irəli gələn məsələdir. Xalq aparılan bu təbliğatın əsasında hansı maraqların dayandığını çox yaxşı bilir: "Əminəm ki, "Yeni Azərbaycan" təşviqat qrupu 18 fevraldan start veriləcək təşviqat kampaniyasını yüksək səviyyədə həyata keçirəcək. Bu prosesdə partiyamızın fəalları, rayon və şəhər təşkilatları fəal iştirak edəcəklər".
Təbii ki, bu prosesdə partiyamızın fəalları, rayon və şəhər təşkilatlarının fəal iştirak edəcəyini deyən H.Rəcəbli, eyni zamanda, partiyanın üzvü olmayan "Yeni Azərbaycan" təşviqat qrupunun üzvlərinin də ciddi fəaliyyət göstərəcəyini dedi: "Geniş və çoxşaxəli seçici kütləsini əhatə edərək, referenduma çıxarılan məsələlərin xalq tərəfindən dəstəyinə nail ola biləcəyik. Referenduma çıxarılan məsələlər xalq tərəfindən böyük dəstək qazanacaq və xalq Konstitusiyanın daha da təkmilləşməsinə, onun müasir dövrün tələblərinə uyğunlaşmasına, qanunlarımızın keyfiyyətcə yeniləşməsinə səs verəcək."
Sonda partiya fəalları dəyişikliklərlə bağlı geniş fikir mübadiləsi apardılar.
Tədbirdə YAP Mərkəzi Aparatının təlimatçısı Misirxan Vəliyev iştirak etmişdir.