Səbail Elektrik Şəbəkəsində saxtakarlıqlar baş alıb getməkdədir
Səbail rayon elektrik şəbəkəsində abonentlərin üzləşdiyi süründürməçilik, idarə əməkdaşlarının əlavə pul almaq üçün müxtəlif hoqqalardan istifadə etmələri narazılıq, həm də narahatlıq doğuran məsələlərdəndir. Redaksiyamıza Səbail rayon elektrik satışı və təchizatı idarəsindən yalnız fevral ayı ərzində 14 şikayət məktubu daxil olub. Bu şikayətlər müxtəlif xarakterlidir. Biri Səbail rayon elektrik satışı və təchizatı idarəsinin əməkdaşlarının 1996-2000-ci illərin elektrik enerjisinə, digəri sayğac quraşdırılmasına görə, pul istənilmələrindən, başqa birisi isə, rəisin ştatdankənar qoçu dəstəsinin üzvlərinin onları təhqir etməsindən şikayət edirlər.
Səbail rayonu 20-ci sahə, Salyan yolu 16, mənzil 6-da yaşayan Valeh Məhərrəmov isə, Səbail rayonunun elektrik satışı və təchizat idarəsinin əməkdaşlarının saxtakar əməllərinin qurbanı olmasından şikayət edir. V.Məhərrəmov şikayət məktubunda bildirir ki, onun evinə 11 dekabr 2008-ci ildə sayğac quraşdırsalar da, sayğacın quruşdırılma protokolunu (N-329672) onlara 8 yanvar 2009-cu ildə təqdim etmişlər. Bu da qəbzlə dekabr ayı üçün yanvarda ödənilən on manatı kölgə altına almışdır. Şikayətçinin fikirlərinə görə, idarənin əməkdaşı Elmuraz Mansurov öz montyor həmkarları ilə iki ay ərzində hansısa olmayan "şoçiki" tələb etmişdir ki, onun göstəricisinə əsaslanıb yalançı cərimə yazsın.
E.Mansurov fevralın 6-da onların evinə gələrək, 87 manat 36 qəpiklik qəbz və 08.01-2009-cu il tarixli sayğacın protokolunu təqdim etmişdir. Qəbzdə qeyd edilən məbləğin 53 manat 80 qəpiyi sayğacın dövlət qiymətidir. 33 manat 80 qəpik isə, sayğacın dekabrın 11-dən yığılan məbləğdir. Göründüyü kimi, dekabrda qəbzlə ödənilən 10 manatın üstü məharətlə örtülmüşdür. "Mən isə bu göstəricilərdən kənar başqa qəbzlə əlavə 10 manat ödəmişəm. Səhvin düzəldilməsi və əlavə ödədiyim 10 manatın qaytarılmasını istəsəm də, idarənin kompüteri Elmurazın bu saxtakarlığına "göz yummuşdur" deyə şikayətçi bildirmişdir.
Şikayətçi V.Məhərrəmov qanuna müvafiq addımlar ataraq dəfələrlə idarəyə ayaq döydüyünü, amma üzləşdiyi saxtakarlıq faktının düzəldilməsinə nail ola bilmədiyini qeyd edir: "İdarə rəisi Yusif Feyziyevlə görüşüb, problemin həll edilməsi üçün ondan kömək istəməyə çalışdım. Amma məni bu və ya digər otaqlara göndərməklə kifayətləndilər."
Son olaraq şikayətçi Səbail rayon elektrik satışı və təchizatı idarəsində baş alıb getməkdə olan özbaşınalıqlardan Səbail rayon sakinlərinin böyük əksəriyyətinin narahatlıq keçirdiyini bildirir. Onu da qeyd edir ki, bu narazılıqla bağlı Bakı Elektrik Şəbəkəsinin rəhbərliyinə teleqram göndərməyə hazırlaşır.
Yeri gəlmişkən, onu da qeyd edək ki, Sabunçu rayonu elektrik satışı və təchizatı idarəsindən də dad döyənlərin sayı kifayət qədərdir. Bakıxanov qəsəbəsi, Fətəliyev 68 ünvanında yaşayan sakinlərin redaksiyamıza göndərdiyi məktubda idarə əməkdaşlarının özlərini küçə uşaqları kimi aparmalarından təngə gəldiklərini bildirirlər: "İdarə rəisi ultimativ şəkildə bizlərə bildirir ki, Bakı Elektrik Şəbəkəsinin rəisi onun tələbə yoldaşı olduğundan, hər hansı şikayətdən narahatlıq keçirmir. Əksinə, yuxarı strukturlara şikayət edənlər ən yüksək cərimələrə məruz qalacaqlar."
Sabunçu rayonunun elektrik enerjisinin satışı və təchizat idarəsinin əməkdaşlarının qeyri-qanuni əməlləri ilə bağlı uzun-uzadı fikirlər qeyd etmək olardı. Amma sadəcə, Molla Nəsrəddin demişkən, "o kənddə baş verənlər bu kənddə olanlardan fərqlənmir".