Gəncədə “Yeni Azərbaycan” təşviqat qrupunun seminar-məşğələsi keçirilib
Seminarda Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının və "Yeni Azərbaycan" təşviqat qrupunun Gəncə şöbəsinin sədri İsrafil İsmayılov, "Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndəsi, millət vəkili, akademik Nizami Cəfərov, YAP Siyasi Şurasının üzvü, millət vəkili Rafiq Məmmədhəsənov, "Yeni Azərbaycan" təşviqat qrupunun səlahiyyətli nümayəndəsi, Milli Məclisin Dövlət və hüquq siyasəti komissiyasının sədr müavini Rövşən Rzayev, millət vəkili Aydın Abbasov, YAP Mərkəzi Aparatının məsul işçisi Rəfail Gülməmmədov və YAP Naftalan, Samux, Kəlbəcər rayon təşkilatının sədrləri iştirak edirdilər.
Tədbiri giriş sözü ilə Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatının sədri İsrafil İsmayılov açaraq Gəncə şəhərində də referenduma ciddi hazırlıq işlərinin aparıldığını bildirdi. O qeyd etdi ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyası artıq "Yeni Azərbaycan" referendum üzrə təşviqat qrupunu qeydə almışdır. Demək olar ki, 18 mart 2009-cu ildə "Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" keçiriləcək referendum xalqın öz arzu və istəyinin nəticəsidir. Onun sözlərinə görə referenduma hazırlıq işləri YAP İcra Katibliyinin bütün tövsiyə və tapşırıqlarına əsasən nəzərdə tutulmuş qaydada yerinə yetirilir.
"Yeni Azərbaycan" təşviqat qrupunun nümayəndəsi, millət vəkili, akademik Nizami Cəfərov çıxış edərək bildirdi ki, Azərbaycan Respublikası Milli Məclisinin qərarı ilə "Azərbaycan Respublikası Konstitusiyasına əlavə və dəyişikliklər edilməsi haqqında" referendum layihəsinin 18 mart 2009-cu ildə ümumxalq səsverməsinə - referenduma çıxarılmasını tamamilə qanunauyğun bir proses kimi qarşılamaq lazımdır. Demokratik və hüquqi dövlət quruculuğu yolu ilə irəliləyən müstəqil Azərbaycan Respublikası bu gün özünə ictimai-siyasi həyatda xüsusi yer tutmuşdur.
YAP Siyasi Şurasının üzvü, millət vəkili Rafiq Məmmədhəsənov çıxışında Azərbaycan Respublikası Konstitusiyasının 15-ci maddəsinə olunmuş əlavə ilə əlaqədar olaraq bildirdi ki, ölkəmizdə azad sahibkarlığın inkişafı istiqamətində həyata keçirilən kompleks tədbirlər, dövlətimizin sahibkarlara yaratdığı münbit şərait, Azərbaycan Respublikası iqtisadiyyatının bazar münasibətləri əsasında sürətli inkişafı deməkdir. Dövlətimizin həyata keçirdiyi bu siyasət və qəbul olunan qərarlar yekunda ölkəmizin iqtisadi qüdrətinin yüksəlməsinə, hərtərəfli inkişafına gətirib çıxartmışdır.
Sonra çıxış edən Milli Məclisin Dövlət və hüquq siyasəti komissiyasının sədr müavini Rövşən Rzayev qeyd etdi ki, müasir dövrdə hər bir dövlətin demokratik və hüquqi cəmiyyət quruculuğu onun insan hüquq və azadlıqlarına münasibəti əsasında müəyyən olunur. Ölkə Konstitusiyasına təklif olunan əlavə və dəyişikliklər insan hüquqlarının qorunub saxlanmasına, dövlətin konstitusion əsaslarının daha da möhkəmlənməsinə xidmət edir.
Millət vəkili Aydın Abbasov bildirdi ki, 18 mart 2009-cu ildə keçiriləcək ümumxalq səsverməsi-referendumu ilə bağlı Azərbaycan Respublikası Konstitusiyasının 29 maddəsinə əlavə və dəyişikliklər edilmişdir. Bu dəyişikliklərin hər biri dövlətimizin istər siyasi istərsə də iqtisadi inkişafı üçün xüsusilə vacibdir. Bu gün biz bütün dünyaya sübut etməliyik ki, Azərbaycan dövləti tam demokratik bir dövlətdir. Seminar geniş fikir mübadiləsi ilə yekunlaşdırıldı.