PDF Oxu

Əsas

  • 10

Azərbaycanın iqtisadiyyatı möhkəm təməllərə söykənir

Azərbaycanın iqtisadiyyatı möhkəm təməllərə söykənir
(Əvvəli ötən sayımızda):
Bəhruz Quliyev:
- "Səs" qəzeti müxtəlif mövzularda mütəmadi olaraq dəyirmi masalar keçirir, hətta prezident seçkiləri ərəfəsində "Regionların inkişafı, uğurlar və perspektivlər" mövzusunda da dəyirmi masalar təşkil edilmişdir. Əminəm ki, keçirdiyimiz dəyirmi masalar cəmiyyətimizdə sevinclə qarşılanır. Ən aktual mövzuları müzakirəyə çıxara bilirik. Bugünkü dəyirmi masamız beynəlxalq maliyyə böhranının Azərbaycana təsiri və bu sahədə görülən işləri əhatə edir. Ümumiyyətlə, ictimaiyyət üçün çox maraqlıdır ki, hazırda beynəlxalq aləmdə böhranla bağlı vəziyyət necədir? Konkret olaraq maliyyə böhranını Azərbaycan necə qarşılayır və anti-inflyasiya, anti-böhran tədbirləri necə gedir? İstərdik ki, məhz bu prinsiplər burada iştirak edən ekspertlər tərəfindən bir daha nəzərdən keçirilsin.

Xanhüseyn Kazımlı:
- Bir çox hallarda bildirilir ki, dünyada baş verən maliyyə böhranını dalğası ABŞ-ı vurdu, Azərbaycanı da bundan xilas etmək mümkün deyil. Bu məsələdə ABŞ-la Azərbaycanı eyniləşdirmək olmaz. Çünki bu ölkənin özünə görə, Azərbaycanın isə özünə görə problemləri mövcuddur. Eyni zamanda, nəzərə almaq lazımdır ki, dünyada mövcud olan 11 iqlimdən 9-u Azərbaycanın  payına düşür. Sadəcə, mövcud potensiallarımızdan düzgün istifadə edilməsi istiqamətində ölkə Prezidentinin bildirmiş olduğu müddəalara hakimiyyət orqanları tərəfindən əməl olunması hesab edirəm ki, səslənən təhlükələrə tamamilə cavab olacaq. Amma nəzərə almaq lazımdır ki, tədbir görmək üçün zəruri potensial lazımdır. Digər ölkələrdə isə, bu potensiallar mövcud olmasa da, Azərbaycanın böyük imkanları vardır.

Vahid Əhmədov:
- Azərbaycanda mövcud imkanlardan düzgün istifadə olunsa, ölkəni istənilən bir iqtisadi təhlükdən etibarlı şəkildə qorumaq olar. Amma bir faktoru da etiraf etmək lazımdır ki, bir çox hallarda ölkəmizdə fəaliyyət göstərən sahibkarlar üçün süni problemlər yaradılır. Bütün bunlar isə istehsalın və istehlakın qiymətinin artmasına səbəb olur. Ona görə, istənilən bir məqamda ölkədə azad sahikarlıq subyektlərinin formalaşması üçün şərait yaradılmalıdır.

Elnur Sadıqov:
- Bu yaxınlarda bir beynəlxalq tədbirdə iştirak etdim. Orada hamını, xüsusilə də, Pribaltikadan olan müəllimləri bu suallar maraqlandırırdı. Niyə maliyyə böhranı Azərbaycanı titrətmir? Niyə Azərbaycan bu böhrandan sakit keçir? Çünki MDB məkanında olan bütün dövlətlər, Azərbaycan istisna olunmaqla, bu gün maliyyə böhranından əziyyət çəkir. Hətta bir professor mənə bildirdi ki, siz bu vəziyyətdən necə çıxış yolu tapmısınız? Amma Ukraynadan olan həmkarımız bildirdi ki, darıxmayın, bu yaxınlarda problem sizə də gəlib çatacaq. Yəni, hamımız bir vahid məkandan çıxmışıq, eyni fazada hamımız bu istiqamətdə getmişik. Amma bu problem hələ bizə təsir göstərmir. Onun ölkəmizə təsiri isə mütləq olacaq. Bu,  hansı formada olacaq? Hələlik, məlum deyil. Biz bunun üçün qabaqlacıyı tədbirlər görməliyik. Onu qeyd edim ki, özünü maliyyələşdirmə dərəcələri heç nə verməyəcək. Hazırda ölkəmizdə kommersiya banklarının 5 faizlə verdiyi kreditləri həmin kommersiya bankları 8 faizə satır. İkinci bir tərəfdən,  nəzərə almaq lazımdır ki, bu imkanlardan necə istifadə etmək olar. Burada ən optimal çıxış yolu isə dövlətin uzun müddətə təminat verdiyi qiymətli kağızlardan istifadə etmək lazımdır. Çünki dövlət bir tənzimlənmə sistemidir. Kimsə pul qazananda, düşünürsə ki, inzibati tədbir lazım deyil, əksinə artıq inzibatı tədbirlər zəruridir. Ona görə də məsələləri konkret qoymaq lazımdır. Artıq dövlətin hüququ var ki, bazar prinsiplərini bir kənara qoyub, inzibati tədbirləri tətbiq etsin. Əks təqdirdə, bunu başqa cür idarə etmək mümkün olmayacaq. 

Vahid Əhmədov:
- Azərbaycanın dövlət büdcəsində bir il vəsait daxil olmasa da, ölkənin ehtiyat fondu vardır. Bundan istifadə edib, bu böhrandan normal şəkildə çıxmaq olar. Amma bunu təşkil etmək lazımdır. Əgər biz oturub gözləsək ki, heç bir maliyyə böhranı Azərbaycana təsir göstərməyəcək, bu, düzgün deyil. Dünya bazarında neftin qiyməti 150 dollar olanda, başa düşməliydik ki, bunun enməsi də baş verəcək. Çünki bu, mümkün olan məsələ deyil. Neftin maya dəyərinin çox aşağı bir səviyyədə olduğunu nəzərə alaraq bunu proqnozlaşdırmaq olardı. Məhz ona görə də neftin qiyməti qeyd etdiyimiz səviyyədə olan zaman biz hazırlığımızı görməliydik. Bununla bağlı bizim hələ 2006-cı ildə təkliflərimiz vardır. Həmin təkliflərdə bildirmişdik ki, Azərbaycanın neftdən asılılığını qorumaq lazımdır. Hətta belə bir təklif də irəli sürmüşdük ki, neftsiz büdcə yaranmalıdır. Məhz belə olan təqdirdə, biz digər sahələrin ölkə büdcəsinə nə qədər təsir imkanına malik olduğunu qiymətləndirə bilərdik. Çünki 2011-ci ildən sonra neft hasilatında azalmanın müşahidə edilməsi labüddür. Buna hazırlığı artıq çoxdan görmək lazım idi. Eyni zamanda, nəzərə almaq lazımdır ki, heç bir Azərbaycan vətəndaşı istəməz ki, qlobal maliyyə böhranı ölkəsinə təsir göstərsin.
Hamımız istəyirik ki, bunun qarşısını müəyyən vasitələrlə alaq. Artıq bu gün ölkə banklarında kreditlərin verilməsində problemlər mövcuddur. Sahibkarlar fəaliyyət dairələrini genişləndirmək üçün kredit almaq problemi ilə üzləşiblər. Bizim də məqsədimiz odur ki, bu böhrandan Azərbaycan çox yüngül bir tərzdə çıxsın ki, əhali əziyyət çəkməsin.

Xanhüseyn Kazımlı:
- Bir həqiqət də ondan ibarətdir ki, keçmişdə ABŞ-da və Avropanın digər ölkələrində olan böyük böhranların çıxış yolu aqrar sektorla, bank sektorunun fəaliyyətinin səmərəli əlaqəsində tapıldı. Amma bir məsələni də vurğulayım ki, Azərbaycan reallığını unutmaq olmaz. Çünki bu gün ölkəmizin istənilən bir regionunda olsaq, orada hər bir ailənin anbarında ən azından 15 ton taxılının olduğunu və onu sata bilmədiklərindən yaranan narazılığı müşahidə etmək olar. Hesab edirəm ki, Azərbaycana təbiətin bəxş etdiyi bu qədər imkanların müqabilində biz öləkmizdə normal inkişafı istədiyimiz formada təmin edə bilərik. Ona görə də Azərbaycanda tədarük sisteminin yaradılması artıq zərurətə çevrilib. Çünki bir çox hallarda regionlarda yaradılmış sahibkarlıq subyektlərində hazır məhsulun qimyəti ayrı-ayrı şəxslər tərəfindən təyin olunur. Burada dövlətin nəzarəti tamamilə ələ alması olduqca vacibdir. Çünki yaxın zamanlarda yanacaq məhsullarının qimyəti artırılacaq. Amma yanacağın qiyməti ondan iki il sonra da artırılmır. Digər tərəfdən misal olaraq Lənkərandan Bakıya tərəvəz daşıyan avtomobillər yanacağın qimyətinin artırılacağını bəhanə gətirərək yükün daşınma qiymətini öz istəyinə uyğun qaldırır. Yəni ölkəmizdə təbliğat, informasiya, müvafiq icra hakimiyyətlərinin bu sahədə tənzimləyici səlahiyyətləri düzgün yerinə yetirilərsə, bu ölkə Prezidenti tərəfindən irəli sürülən qlobal müddəaların dairəsini daha da genişləndirilə bilər.

Vüqar Bayramov:
- Bu gün banklarda Milli Bankın uçot dərəcəsini endirməsi ilə bağlı qərarları, eyni zamanda ölkə Prezidenti İlham Əliyevin maliyyə qrumlarının növbəti üç il ərzində mənfəət vergisindən azad edilməsi ilə bağlı imzaladığı Sərəncam təqdirəlayiqdir. Digər tərəfdən həmin maliyyə qrumlarının birbaşa yardımlara ehtiyacı vardır. Hansı ki, ABŞ, Avropa və inkişafda olan digər ölkələrdə bunu həyata keçirirlər. Əgər bank böhran keçirirsə, onun mənfəəti yoxdursa, o zaman mənfəət vergisinin olub-olmaması və neçə faiz olmasının bank üçün heç bir əhəmiyyəti yoxdur. Ona görə də banklara birbaşa yardımların və eyni zamanda, uzunmüddətli kreditlərin verilməsi çox vacibdir. Bir məsələni də nəzərə almaq lazımdır ki, Dövlət Neft Fondu xaricdəki vəsaitlərini bir faizlə edir. Amma bu gün Azərbaycan kommersiya bankları vəsait axtarırlar. Qlobal maliyyə böhranı başlayana qədər Azərbaycanın iki kommersiya bankının reytinqi ən yüksək reytinqə bərabər idi. Məhz bu baxımdan da ABŞ -da və Avropanın bir sıra ölkələrində olduğu kimi, Azərbaycanda da banklara birdəfəlik və uzun müddətli kreditlərin verilməsi çox vacibdir. Belə olan təqdirdə, ölkə bankları öz rekvizitliyini bərpa edə bilər. Çünki reykivizitliyini bərpa edə bilməsə, o zaman mövcud problemi aradan qaldırmaq mükün olmayacaq. Həmçinin, bu cür davam etdiyi şəraitdə tikinti sektorunda ixtisarların qarşısını almaq mümkün olmayacaq. Bu baxımdan da təklif edərdim ki, həmin o xidməti yardımlar həyata keçirilsin.

Bəhruz Quliyev:
- "Səs" qəzetinin dünyada baş verən maliyyə böhranının Azərbaycanə təsiri mövzusunda təşkil etdiyi bu dəyirmi masada iştirak etdiyinizə görə hər birinizə dərin minnətdarlığımı bildirirəm.

Digər xəbərlər