Dünən Yeni Azərbaycan Partiyasının mərkəzi qərargahında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov keçirilən mətbuat konfransında vətəndaşlara bələdiyyələr və icra hakimiyyətləri tərəfindən satılmış torpaq sahələrinə mülkiyyət hüququ və digər məsələlər barədə geniş məlumat verdi. Bildirdi ki, ümummilli liderimiz Heydər Əliyevin uzaqgörən siyasəti bu gün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir: "Ulu öndər Heydər Əliyevin rəhbərliyi və iştirakı ilə Azərbaycanda MDB məkanında analoqu olmayan torpaq islahatları həyata keçirilmişdir. Aqrar islahatların birinci mərhələsi artıq başa çatmışdır. Bu, o deməkdir ki, ölkədə mövcud olan 2042 kolxoz və sovxoz ləğv olunmuş, onların torpaqları və əməlakı vətəndaşlara paylanmışdır.
Əvvəllər bir mülkiyyət forması var idi. İslahatlar aparılandan sonra üç mülkiyyət forması yaradıldı- dövlət, bələdiyyə və xüsusi mülkiyyət. Dövlət torpaqlarının sahəsi 56,9 faizdir. Bura meşə, yay və qış otlaqları, su fondu və digər dövlət əhəmiyyətli obyektlər daxildir. Bələdiyyə əraziləri və torpaqları haqqında 1999-cu il dekabr ayının 24-də ümummilli lider Heydər Əliyev fərman imzaladı. Bu fərmana əsasən 2666 bələdiyyə yaradıldı. Bunlardan 49-u şəhər bələdiyyəsi idi. Hazırda bələdiyyələrin sayı 2744-ə çatıb. Şəhər bələdiyyələrinin sayı isə 59-dur. Bundan başqa ölkədə 840 min əhaliyə torpaq payı verilib. 41 təsərrüfatda qismən islahat aparılıb. Onların bir hissəsi vətəndaşlara verilib, bir hissəsi isə elit toxumçuluq, cins mal-qaranı qoruyub-saxlamaq məqsədilə dövlət mülkiyyətində saxlanmışdı. Bu günə qədər yalnız iki təsərrüfatda islahat aparılmayıb".
Q.Məmmədov onu da qeyd etdi ki, Azərbaycan aztorpaqlı ölkədir. Adambaşına 0,18 ha torpaq düşür. İşğal olunmuş əraziləri nəzərə alsaq, bu sahə bir qədər də azalar. Buna görə də torpaqları qoruyub, gələcək nəsillərə ötürmək lazımdır: "Torpaq elə bir təbii tarixi cisimdir ki, əgər normal torpaqəmələgəlmə şəraiti olarsa, 300 ilə bir santimetr torpaq qatı əmələ gələ bilər. Bu şərait olmasa, təbii ki, proses getməyə də bilər. Ona görə də ulu öndər Heydər Əliyev 2000-ci ildə "Torpaqlardan istifadəyə və mühafizəsinə dövlət nəzarəti" fərmanını imzaladı. Bu fərmanın əhəmiyyətli xüsusiyyətlərindən biri ondan ibarətdir ki, torpağı erroziyadan, şorlaşmadan, neftlə çirkləmədən və digər amillərdən qorumaq məqsədinə xidmət göstərir. Bununla bağlı Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə əlavə səlahiyyətlər verildi. Məqsəd torpaqlardan səmərlə istifadə etməkdir".
Komitə sədri Q.Məmmədov bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi barədə də geniş akçıqlama verdi. Komitə sədri ulu öndərin siyasi-iqtisadi kursunun davamı kimi, ilk növbədə, digər siyasi-iqtisadi məsələlərlə yanaşı, aqrar sektoru, o cümlədən, torpaq-hüquq və torpaq-istehsal münasibətlərinin dövlət səviyyəsində tənzimlənməsi məsələsini daim diqqət mərkəzində saxlayan Prezident İlham Əliyevin imzaladığı "Bələdiyyə torpaqlarının torpaq hərracları və müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə" fərmanın hansı zərurətdən yarandığına aydınlıq gətirdi.
Q.Məmmədov onu da vurğuladı ki, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi qarşısında dövlət nəzarəti baxımdan problem yaradan, eləcə də, yerlərdən vətəndaşların çoxsaylı ərizə, şikayət və müraciətlərinə səbəb olan amillərdən əsası, məhz yerlərdə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsində və alqı-satqısı işlərində digər qanun pozuntuları ilə yanaşı, qanunvericiliklə müəyyən edilmiş növbəliliyə əməl edilməməsi və yaxud vətəndaşların üstün hüquqlarının nəzərə almaması olmuşdur. Nəticədə bu kimi hallar torpaqların istər alqı-satqısı və istərsə də icarəyə verilməsi zamanı vətəndaşlar arasında bərabər hüquqi imkanların yaradılmasını lazımi səviyyədə təmin etməmişdir. Baxmayaraq ki, istər "Torpaq icarəsi haqqında" və istərsə də "Torpaq bazarı haqqında" Azərbaycan Respublikasının Qanunlarında torpaqların bilavasitə icarəyə və mülkiyyətə verilməsi ilə yanaşı, hərraclar və müsabiqələr vasitəsilə də ayrılması nəzərdə tutulsa da, yerli icra hakimiyyətləri və bələdiyyələr indiyədək yalnız torpaqların bilavasitə ayrılmasına üstünlük vermişlər. Nəticədə yerli icra hakimiyyətləri və bələdiyyələr Prezidentin 2003-cü il 23 oktyabr tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinin və hərraclarının keçirilməsi Qaydaları"na müvafiq olaraq torpaqların hərrac və ya müsabiqəyə çıxarılması üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət etməmişlər. Məhz bu kimi halların aradan qaidırılmasını təmin etmək məqsədilə torpaq bazarının təşkili sahəsində dövlətin siyasətinin əsas prinsiplərinə müvafiq olaraq Prezident İlham Əliyev 23 noyabr 2007-ci il tarixdə sərəncam imzalamışdır və müəyyən edilmişdir ki, Azərbaycanda 2007-ci il dekabrın birindən bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə və icarə hüquqları yalnız torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Bu sərəncam və ona müvafiq olaraq yuxarıda qeyd etdiyimiz qanunun tətbiqindən irəli gələrək Prezident İlham Əliyev ötən il fərmanı imzalamışdır. Qəbul edilən normativ hüquqi sənədlərə əsasən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə dövlət və bələdiyyə mülkiyyətində olan torpaqların mülkiyyətə və ya icarəyə verilməsi ilə bağlı torpaq müsabiqələrinın və hərraclarının təşkilatçısı səlahiyyəti verilmişdir. Belə ki, komitənin rayon və şəhər şöbələri bələdiyyə mülkiyyətinə aid torpaqların yeri və ölçüsünü, məqsədli təyinatını, hüquqi rejimini müvafiq bələdiyyələrlə birlikdə yerquruluşu sənədləri əsasında bir daha dəqiqləşdirir, torpaq hərrac və müsabiqələri anlayışı, onun keçirilməsi qaydaları, iştirakçıların hüquqi imtiyazları, yalnız torpaq hərrac və müsabiqələri vasitəsilə torpaq bazarında hüquqların dövriyyəsinin şəffaflığı və subyektlər arasında bərabər hüquqi imkanların yaradılmasının mümkünlüyü istiqamətində yerlərdə güclü təbliğat-izahat işləri aparılır.
Ümumiyyətlə, torpaqlardan istifadəyə və onların mühafizəsinə dövlət nəzarəti işi gücləndirilməli, qanunsuz istifadə olunan torpaqların geri alınması işləri mərhələli şəkildə təmin edilməli və bu torpaqların torpaq qanunvericiliyinin tələblərinə müvafiq olaraq müsabiqəyə, hərraca çıxarılmasını komitənin mərkəzi Aparatının və şəhər, rayon şöbələrinin müfəttişləri öz səlahiyyətləri çərçivəsində yerli icra hakimiyyəti orqanları və müvafiq bələdiyyələrlə birlikdə təmin etməlidirlər.
Q.Məmmədov komitənin gördüyü işlər arasında ərzaq təhlükəsizliyinin təminatını da xüsusi qeyd etdi. Bildirdi ki, "2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı"nda Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə respublikanın torpaq örtüyündən səmərəli istifadə edilməsi və mühafizəsi üzrə elmi-istehsalat xarakterli müddəaları yerinə yetirmək bir vəzifə olaraq tapşırılmışdır.
Komitə sədri Azərbaycan ərazisində daimi fəaliyyət göstərən Peyk Geodeziya şəbəkəsinin yaradılması haqqında da məlumat verdi. Qeyd etdi ki, şəbəkəyə 37 daimi fəaliyyət göstərən Peyk Geodeziya mərkəzi daxil olacaq. Həmin şəbəkə vasitəsilə Azərbaycanın istənilən yerinə tələb olunan nöqtənin geodeziya koordinatlarını yüksək dəqiqliklə alınması nəzərdə tutulmuşdur. Həmin şəbəkə bir çox məqsədlər üçün istifadə oluna bilər. Bu günə qədər xüsusi seçilmiş ərazilərdə Peyk Geodeziya mərkəzlərinin 27 dayanaq yerləri inşa olunmuşdur.
Komitə tərəfindən hazırlanmış texniki şərtlər Dünya Bankı ilə razılaşdırılmışdır. Yaxın günlərdə Peyk Geodeziya mərkəzlərinin müvafiq avadanlıqla təchiz olunması və şəbəkənin işə salınması ilə bağlı Beynəlxalq Tender elan olunacaq və təxminən 2 aydan sonra Dünya Bankının qaydaları əsasında tenderdə qalib seçilmiş şirkət şəbəkənin qurulması işlərinin icrasına başlayacaq.
Q.Məmmədov Azərbaycan ərazisinin ortofotoxəritələrinin hazırlanmasını da diqqətə çatdırdı. Bildirdi ki, bu subkomponent üzrə Bakı şəhəri və Abşeron yarmadası, respublikanın şəhər və rayon mərkəzlərinin 1:1000, qəsəbə və kənd yaşayış məntəqələrinin, kənd təsərrüfatı təyinatlı və digər ərazilərin 1:5000, sərhəd zolağı, cəbhə xətti və yüksək dağlıq ərazilərinin 1:10000 miqyaslarda ortofotoxəritələrinin hazırlanması nəzərdə tutulub. Bu günə qədər aerofotoçəkiliş işlərinin 70 faizi yerinə yetirilmiş və 1:1000 miqyasda 2000 kv km ərazinin ortofotoxəritələri, həmçinin, peyk çəkilişi materialları əsasında hazırlanmış 8000 kv km ərazinin 1:10000 miqyaslı ortofotoxəritələri də təhvil veirlib.
Komitə sədri ortofotoxəritələr əsasında kadastr xəritələrinin hazırlandığını da bildirdi. Onun sözlərinə görə, bu komponentlə bağlı pilot seçilmiş məhdud ərazidə kadastr xəritələrinin hazırlanması üzrə müvafiq işlər həyata keçirilir və nəticədən asılı olaraq seçilmiş model bütün respublika ərazisinə tətbiq olunacaq: "Ümumilikdə, layihənin məbləği 38 mln ABŞ dol-ı təşkil edir və 2012-ci ilin sonuna qədər layihə ilə nəzərdə tutulan bütün işlər tamamlanmalıdır".