Türk filmlərinin Azərbaycan dilində səsləndirilməsinə ehtiyac varmı?
Milli Teleradio Şurası (MTRŞ) xarici dillərdə, o cümlədən, türk dilində olan kinofilmlərin, verilişlərin Azərbaycan dilində səslənməsi haqqında qərar qəbul edib. MTRŞ-nin bu qərarı ilə əlaqədar müxtəlif fikirlər səsləndirilir. Belə ki, rəyi soruşulanlar xarici dillərdə olan verilişlərin Azərbaycan dilində səslənməsi ilə bağlı qərarı birmənalı şəkildə müsbət qarşılayırlar. Türk dilində olan filmlərin, verilişlərin Azərbaycan dilində səsləndirilməsinə münasibət isə bir qədər fərqlidir.
Şahbaz Şamıoğlu,
AMEA-nın Nizami adına Ədəbiyyat İnstitutunun əməkdaşı, filologiya elmləri namizədi:
- Bildiyimiz kimi, Milli Teleradio Şurası mövcud qanunvericilikdən çıxış edir. Ona görə də, həmin qanunvericiliyi və yaxud MTRŞ-nin qərarını müzakirə edə bilmərəm. Ancaq bir şəxs olaraq, onu deyə bilərəm ki, Azərbaycan və türk dilləri çox yaxındır, bunlar eyni kökdən olan dillərdir. Ona görə də, türk dilini əcnəbi dili hesab etmirəm və belə başa düşürəm ki, Azərbaycan teleradio məkanında türk kinofilmlərinin, serialarının verilməsi müsbət haldır. Türk dili o əcnəbi dillərdən deyil ki, o, Azərbaycan dilinin inkişafını əngəlləsin və yaxud onu sıxışdırsın. Əksinə, Azərbaycan dili özünəməxsusluğu ilə seçilən, zəngin türk dillərindən biridir. Bu gün biz də kökcə türk dilində danışdığımızdan Azərbaycan teleməkanında türkdilli verilişlərin yayımlanmasını zəruri hesab edirəm. Məsələyə başqa prizmadan da yanaşa bilərik. Hazırda Türk Dövlətləri Parlament Asambleyasının yaradılması istiqamətində iş gedir. Ortaq türkcənin formalaşması ideyası da xeyli müddətdir ki, aktuallıq kəsb edir. Təbii ki, bizim efirlərimizi türk serialları və verilişləri tuta bilməz. Çıxış yolu kimi belə etmək olardı ki, hər bir telekanal həftə ərzində bir dəfə, bir türk serialını nümayiş edə bilər. Əgər Azərbaycan Milli Teleradeio Şurası öz qərarına yenidən baxarsa, mən onu ancaq alqışlayaram.
Vilayət Əliyev,
ADPU-nun prorektoru, filologiya elmləri doktoru, professor:
- Azərbaycan dilinin qorunması və dilimizdə olan verilişlərin sayının artırılması haqqında fikirlərə tərəfdaram və çox sevinirəm ki, Milli Teleradio Şurası çox düzgün hərəkət edir. Ümumiyyətlə, Azərbaycan dili qorunmalıdır və onun keşiyində hər birimiz durmalıyıq. Lakin Azərbaycan teleməkanında türk filmlərinin dilimizə tərcümə edilməsini qəbul etmirəm. Çünki orada aktyorların peşəkar çıxışları bizim aktyorların çıxışlarından fərqlənir. Ona görə də, bir daha qeyd etmək istəyirəm ki, türk filmlərinin Azərbaycan dilinə tərcümə edilməsinə ehtiyac yoxdur. Çünki Azərbaycan və Türkiyə xalqları eyni kökdəndir və onların arasında heç bir fərq yoxdur.
Çingiz Bayramov,
Türkiyə Universitetləri Məzunları İctimayi Birliyinin sədri:
- Azərbaycan Milli Teleradio Şurasının son qərarı bizim ictimai birlik və eləcə də, ölkə ictimaiyyəti tərəfindən, təbii ki, birmənalı qarşılanmadı. Yəni, bu məsələyə öz münasibətimi bildirmək istəyirəm ki, məsələyə başqa cür yanaşmaq lazımdır. Bizim qanunlarımız çox mütərəqqidir. Bu mənada hamıya bərabər yanaşmanı prinsipcə, təqdir etmək gərəkdir. Hüquqi baxımdan, bu yanaşmanı haqlı sayıram. Lakin mənəvi cəhətdən buna haqq qazandırmaq olmaz. Azərbaycan və türk dilləri bir-birinə oxşar dillərdir. Bizim ölkəmizdə yaşayanlar - uşaqdan tutmuş böyüyə qədər türk dilini çox gözəl başa düşürlər. Biz türk serialarının Azərbaycan dilində tərcüməsinə qarşıyıq, yəni bu hal bizim qardaş Türkiyə üçün də yaxşı hal deyil ki, Azərbaycanda bu seriallar tərcümə edilib, verilsin. Öz təşkilatmız adından etiraz edirəm və inanıram ki, Azərbaycan Milli Teleradio Şurası belə bir qərarı bir daha gözdən keçirərək ləğv edəcək.