İlham Əliyev: “Bizim gəlirlərin toplanmasında çox şəffaf maliyyə sistemimiz mövcuddur”
Prezident İlham Əliyevin nüfuzlu "Uoll strit Cornel" qəzetinə verdiyi müsahibə Azərbaycanın xarici siyasət oriyentləri, ölkəmizin dünya və regional siyasətdə rolu, bölgədə cərəyan edən geosiyasi hadisələrə baxışı və ölkəmizin həmin proseslərdə iştirak səviyyəsinə dair bəzi məsələlərə dolğun şəkildə münasibət bildirilməsi baxımından olduqca əhəmiyyətli və təqdirəlayiqdir. Müsahibədə dövlət başçısı qlobal problemlər, regionda baş verən olaylar, Dağlıq Qarabağ probleminin nizamlanması istiqamətində aparılan danışıqlar prosesi barədə də fikirlərini bildirib.
Ekspertlərin fikrincə, müsahibədə əksini tapan fikirlər bu gün Azərbaycanın öz milli maraq və mənafelərinə uyğun siyasət həyata keçirdiyini və dünyadakı təhdidlərə cavab vermək iqtidarına malik olduğunu təsdiqləyir. Həmçinin, əksər analitiklərin və ekspertlərin fikrincə, dünyanın mötəbər kütləvi informasiya vasitələrindən olan bu qəzetin Azərbaycana üz tutması, dövlət başçısı cənab İlham Əliyevlə geniş müsahibə hazırlaması heç də səbəbsiz deyildir. Belə ki, artıq ölkəmiz regionun aparıcı dövlətinə çevrilmişdir və Azərbaycanın iştirakı olmadan heç bir regional layihə reallaşdırılmır, ölkəmiz ümumi daxili məhsul artımının tempinə görə bütün dünyada birinci yerdədir. Bu qəbildən olan faktları çox sadalamaq olar. Üstəlik, bütün beynəlxalq təşkilatlarda artıq Prezident İlham Əliyevi region siyasətçiləri arasında lider kimi qəbul edirlər. Onu da qeyd edək ki, bu müsahibə nəticəsində dünya ictimaiyyəti regionda və dünyadakı bütün ictimai-siyasi proseslərə Azərbaycanın münasibəti, mövqeyi ilə tanış olmaq imkanı qazanmışdır.
Müsahibədə öncə Dağlıq Qarabağ problemi ilə bağlı fikirlərini açıqlayan dövlət başçısı İlham Əliyevin sözlərinə görə, rəsmi Bakı danışıqların on ildən artıq bir müddət ərzində Ermənistanın qeyri-konstruktiv mövqeyi ucbatından nəticəsiz davam etməsinə baxmayaraq, hələ də münaqişənin sülh yolu ilə həllinə sadiqdir. BMT Təhlükəsizlik Şurasının qətnamələrinə istinad edən dövlət başçısı tam əminliklə bildirib ki, münaqişə yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır və başqa bir alternativ mövcud deyil: "On beş ildir atəşkəs rejimi mövcuddur, lakin təəssüf ki, münaqişə hələ də həll olunmayıbdır. Bizim mövqeyimiz tam aydındır: münaqişə beynəlxalq hüquq normaları əsasında, Ermənistan qoşunlarının ərazilərimizdən dərhal çıxarılması ilə bağlı BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həll olunmalıdır. Amma əfsus ki, Ermənistan beynəlxalq hüquq normalarına əməl etmir və bu, münaqişənin həll olunmamasının əsas səbəbidir. Danışıqlarda irəliləyiş olmuşdur, amma bu, kifayət deyildir".
Qeyd edək ki, həmsədrlərin iştirakı ilə Azərbaycan və Ermənistan prezidentlərinin Davos Forumu çərçivəsində keçirilən son görüşündə münaqişənin detalları geniş müzakirə olunsa da, hələlik, konkret nəticələrə gəlmək mümkün olmayıb. Lakin Prezident İlham Əliyev Davosda verdiyi bəyanatlarda rəsmi Bakının öz prinsiplərinə sadiq qaldığını bəyan etməklə əslində, söhbətin Ermənistanın güzəştlərə hazırlaşmasına işarə vurmuş, bununla da işğalçı rejimin ciddi fakt qarşısında qaldığını vurğulamışdır. Təsadüfi deyil ki, bu fikir Ermənistan ictimai rəyinə də hakim kəsilib və işğalçı ölkənin siyasi dairələri prezidentlərin son görüşünün rəsmi Yerevanın mövqelərinin sarsılması ilə müşahidə olunduğunu bildirirlər.
Dövlət başçısı müsahibədə son vaxtlar bir çox dövlətlərin başı üstünü qara kabus kimi alaraq, onları ciddi şəkildə qayğılandıran enerji təhdidlərinin Azərbaycandan yan keçməsi barədə məsələyə də münasibət bildirmişdir. Qeyd edək ki, müasir dünya reallıqlarına nəzərən neft-qaz ehtiyatları ilə zəngin bir çox dövlətlərin də enerji təhlükəsizliyi sahəsində ciddi problemlərin olduğunu söyləyə bilərik. Etibarlı enerji təhlükəsizliyinin təminatı məsələsi düşünülmüş strategiya əsasında genişmiqyaslı tədbirlərin həyata keçirilməsini nəzərdə tutur və heç də sırf təbii sərvətlərin zənginliyi ilə şərtlənmir. Bunun üçün, ilk növbədə, qabaqcıl texnologiya əsasında geniş və alternativ enerji daşıyıcıları şəbəkəsi yaradılmalı, zəruri infrastruktur formalaşdırılmalıdır. Xaricdən enerji asılılığının azaldılması baxımından elektrik enerjisi, neft və qaz istehsalı sənayeləri əlaqəli fəaliyyət göstərməli, boru kəmərlərinin geosiyasi nöqteyi-nəzərdən təhlükəsiz marşrutlarla çəkilişi təmin olunmalı, habelə, alternativ enerji mənbələrinin işə salınması istiqamətində ciddi addımlar atılmalıdır. Təsadüfi deyil ki, bunu dövlət başçısı müsahibəsində də vurğulamışdır: "Mən buraya Budapeştdə keçirilən Nabucco sammitindən gəlirəm. Düşünürəm ki, daha böyük anlaşma baxımından həmin tədbir çox əhəmiyyətli oldu. Layihənin statusu və perspektivləri kimi suallar nəzərdən keçirildi. Bildiyiniz kimi, uzun illərdir ki, biz Nabucco haqqında çox eşidirdik, lakin səmimi desək, bu istiqamətdə əməli addımlar görmürük. İndi daha aydın olur ki, layihə avropalılar üçün əhəmiyyətlidir. Layihənin həyata keçirilməsinə gəlincə, əlbəttə ki, hər hansı bir mənbədən xeyli maliyyə yardımı edilməlidir. Bu, banklar, mərkəzləşmiş maliyyə paketi ola bilər. Nabucco konsorsiumuna daxil olan şirkətlər üçün böyük həcmdə vəsaiti toplamaq asan olmayacaqdır. Əsas şərt ondan ibarətdir ki, güclü maliyyə dəstəyi olmalıdır. Bunun olmaması layihənin həyata keçirilməsinə maneə yarada bilər. Sualınızda haqlı olaraq, qeyd edirsiniz ki, biz nə qədər gözləyəcəyik. Biz çox məmnunuq ki, qazımızı başqa ölkələrin bazarlarına nəql etmək üçün müasir infrastruktur qurmağa müvəffəq olmuşuq".
Onu da qeyd edək ki, son vaxtlar Ukrayna- Rusiya neft qarşıdurmasından narahat olan Avropa Birliyi Azərbaycanla energetika sahəsində əməkdaşlığı gücləndirmək niyyətindədir. Bu məqsədlə, Avropa Komissiyasının hazırladığı yeni energetika strategiyasında Azərbaycana xüsusi yer ayrılıb. Layihədə Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin mühüm rolu qeyd olunur. Avropa Komissiyasının təqdim etdiyi planda bildirilir ki, Avropa Birliyinin yeni energetika strategiyasının gerçəkləşməsində bu kəmər mühüm əhəmiyyət kəsb edəcəkdir. Layihədə qeyd olunur ki, bu səbəbdən də, Avropa Birliyi Özbəkistan və Türkmənistanla danışıqlara başlamalı, Azərbaycan və Qazaxıstanla əlaqələri möhkəmləndirməlidir.
Energetika sahəsində tanınmış ekspert Cim Dingel hesab edir ki, Avropanın Rusiya enerjisindən birmənalı asılılığına son qoymaq üçün həm neft, həm də qaz ixracında enerjidaşıyıcılarını nəql edən kəmərlərin sayı artırılmalıdır. Burada təkcə Rusiyadan deyil, həm də Xəzər hövzəsindən enerjidaşıyıcılarının Avropaya nəqlini intensivləşdirmək lazımdır: "Avropa üçüncü ölkələrdən öz enerji asılılığından yaranan risqləri azaltmaq üçün bu yolu seçməlidir". ABŞ-da nəşr olunan "International herald tribun" qəzeti isə Ukrayna-Rusiya enerji qalmaqalından bəhs edərkən diqqəti Azərbaycana yönəldib: "Bakı-Tbilisi-Ceyhan yeni neft təminatı mənbəyi kimi Qərb üçün mühüm strateji əhəmiyyət kəsb edir". Qəzetin yazdığına görə, bu gün Qərb Rusiyanın energetik imperializminə qarşı çıxır: "Azərbaycan bahalı rus qazını almaqdan imtina etdi, bundan əlavə, Azərbaycan Rusiyanın nəzarətində olan kəmərlə neft ixracını dayandırdı. Rəsmi Bakı yaxın qonşusu olan Gürcüstana qaz ixrac etməyə razılıq verdi. Nəticədə Gürcüstanın gələcəkdə Rusiya asılılığından tam xilas olmaq perspektivi var və bu mənada bu ölkənin vəziyyəti Rusiyadan qaz alan Avropa Birliyi ölkələrinin durumundan daha yaxşıdır".
Yeri gəlmişkən, Türkiyənin "Milliyyət" qəzetinin yazdığına görə, Adananın Heydər Əliyev adına Ceyhan limanından bu vaxta qədər 60,3 mln barrel neft tankerlərə yüklənərək Avropa ölkələrinə göndərilib: "Bu vaxta qədər Heydər Əliyev terminalına neft daşımaq üçün 84 tanker yan alıb. Terminalda isə hələ daşınması gözlənilən ehtiyat 2,18 mln barrel neft qalmaqdadır. Xəzər neftinin 50 faizdən çoxu İtaliyaya daşınıb. Neft alıcılarının siyahısında ABŞ, İsrail, Braziliya və Fransa ön sıralardadır".
Haaqa Beynəlxalq Münasibətlər İnstitutu isə bildirir ki, Qərbin Rusiya və Yaxın Şərqdən enerji asılılığını azaltmaq üçün yürütdüyü siyasət regionun önəmini daha da artırır. Qurumun eksperti Marsel de Haas "RINP" jurnalında çıxan məqaləsində Cənubi Qafqazdakı geostrateji vəziyyəti araşdırıb. Onun fikrincə, regionda mübarizə aparan qüvvələrin əsas silahları yürütdükləri hərbi və təhlükəsizlik siyasətidir. Ekspert bu mübarizədə Azərbaycan və Gürcüstanın, o cümlədən, həmin ölkələrin ərazilərindəki separatçı rejimlərin və Türkiyə, İran, ABŞ, Rusiya, Çinin iştirak etdiyini bildirir. Bundan əlavə, ekspertə görə, müxtəlif təşkilatlar da bu oyundan kənarda qalmırlar.
Prezidentin müsahibəsində diqqəti cəlb edən məqamlardan biri də, son dövrlər dünyada hökm sürən maliyyə böhranı və onun acı nəticələri ilə bağlıdır. Qeyd edək ki, bu tendensiya əksər dünya ölkələrini iflic etsə də, Azərbaycan özünün praqmatik və çevik addımları ilə ondan sığortalanıb. Sözsüz ki, bunun əsas səbəblərindən biri, həm də odur ki, Azərbaycanda qeyri-neft bölməsində ixrac potensialının artırılması ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Bu tədbirlər planında kommunal sahədə islahatların aparılması, o cümlədən, onun strukturunun dəyişdirilməsi, sahə üzrə iqtisadi cəhətdən əsaslandırılmış tariflərin müəyyənləşdirilməsi, əhalinin aztəminatlı təbəqələrinə ünvanlı sosial yardımların verilməsinin daha da təkmilləşdirilməsi nəzərdə tutulub.
Prezident İlham Əliyevin qarşısında duran ən mühüm məqsədlərdən biri isə kiçik və orta sahibkarlığın himayə edilməsi ilə bağlıdır. Böyük Britaniya təcrübəsinə əsaslanaraq deyə bilərik ki, bu ölkədə hazırda 3,5 mln kiçik və orta sahibkarlıqla məşğul olan qurumlar fəaliyyət göstərir. Onların Böyük Britaniyada ümumi daxili məhsulun artımında iştirak göstəriciləri təxminən 45%-dir. Təbii ki, Azərbaycanda da kiçik və orta sahibkarlığın inkişafı istiqamətində indiyə kimi bir çox işlər görülüb. Məhz bunun nəticəsidir ki, Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin şəkildə aşağı düşməsinə dözüm nümayiş etdirir və bu tendensiya ölkədə mənfi hallarla müşahidə olunmur. Bunun təfərrüatları Prezidentin müsahibəsində daha dəqiqliyi ilə ifadə olunmuşdur: "Əsas ixracımızı, təbii ki, neft və qaz təşkil edir. Neftin qiymətlərinin aşağı düşməsi, əlbəttə ki, ÜDM-in artımını da azaldacaq. Çünki ixrac edilən həcm eyni qalacaq, lakin qiymət aşağı olacaqdır. Lakin iqtisadiyyatın digər sektorlarının çox böyük potensialı var. Son bir neçə il ərzində həyata keçirdiyimiz islahatlar artıq yaxşı nəticələr verir. Kənd təsərrüfatı sahəsində çox yaxşı potensialımız var. Kiçik və orta sahibkarlıqda möhkəm potensial mövcuddur. İnfrastruktur layihələri çox uğurla həyata keçirilir. Azərbaycanda qeyri-neft sektorunda ÜDM-in artımı 15,7 faiz olmuşdur. Beləliklə, bütün bunlar əsas amillər və həyata keçirdiyimiz islahatlardır. Həmin amillər bu cür artımın əsas səbəblərindən biridir. Neft və qaz digər ölkələrdə də hasil edilir.
Yeri gəlmişkən, deyim ki, Xəzəryanı beş dövlət arasında Azərbaycan enerji resursları, hasilat və ixrac baxımından ən böyük ölkə sayılmır. Əsas nailiyyətlərimiz islahatlar sayəsində mümkün olmuşdur. Eyni zamanda, əlavə edə bilərəm ki, ötən il Dünya Bankı özünün "Doing Business" icmalında Azərbaycanı dünyanın bir saylı islahatçı ölkəsi elan etmişdir. Bundan əlavə, bizim gəlirlərin toplanmasında çox şəffaf maliyyə sistemimiz mövcuddur".
Şübhəsiz ki, Azərbaycan Prezidentinin "Uoll strit Cornel" qəzetinə müsahibəsi ölkəmizin zəngin inkişaf perspektivlərindən xəbər verir. Bir daha təsdiqləyir ki, ölkəmizin bu günü və gələcəyi etibarlı əllərdədir...