AŞPA demokratiyanın boğulmasına göz yumdu
Bir sıra hallarda eyni məsələlərə ikili standartlarla münasibət göstərən beynəlxalq aləm yenə də erməni zorakılığına haqq qazandırmağa, erməni saxtakarlığını ört-basdır etməyə çalışır. Uzun müddətdir ki, AŞPA-da müzakirə olunan Ermənistanda keçirilən 2008-ci il prezident seçkiləri ilə bağlı müzakirələr yenə də müəmmalı bir qətnamə ilə sona çatdırılıb. Əslində, gözdən pərdə asmaqdan başqa bir işə yaramayan bu qətnamə birbaşa erməni saxtakarlığını dəstəkləməsə də, beynəlxalq güclərin məsələyə nümayiş etdirdiyi münasibət yalnız təəssüf doğurur.
Məsələyə aydın prizmadan yanaşanda da, bəlli olur ki, ermənilərə yenə də güzəşt olunub. İki gün öncə ilkin qətnamə layihəsində Ermənistanın səsvermə hüququndan məhrum edilməsi nəzərdə tutulsa da, AŞPA Monitorinq Komitəsi qətnaməyə dəyişiklik edib. Dəyişikliyə əsasən, Ermənistan AŞPA-da səsvermə hüququndan məhrum edilmir, lakin ölkədə demokratikləşmə prosesində ciddi irəliləyişlər olmasa, qurum aprel sessiyasında bu məsələyə yenidən qayıtmaq hüququnu özündə saxlayır. Qəbul olunan qətnamədə Ermənistanda prezident seçkilərindən sonra etiraz aksiyalarında iştirak edən şəxslərin azadlıqdan məhrum edilməsindən narahatlıq ifadə olunur. AŞPA həmin şəxslərin siyasi motivlərlə həbs olunduğunu bəyan edib. Qurum, həmçinin, Ermənistan prezidentinin AŞ insan hüquqları komissarının təklifini nəzərə alaraq, 1-2 mart hadisələrini təhqiq etmək üçün ekspertlər qrupu yaradılmasına sərəncam verməsini müsbət qiymətləndirib. Sənəddə qeyd olunur ki, bu qrupun fəaliyyətinin ictimaiyyətdən gizli saxlanması görülən işlərə xalqın inamını azaldır. AŞPA bütün siyasi qüvvələri ekspertlər qrupunun işini siyasiləşdirməkdən çəkinməyə, hakimiyyəti isə bütün dövlət orqanlarının təhqiqat qrupu ilə əməkdaşlıq etməsi üçün şərait yaratmağa çağırır. Qurum, həmçinin, 1-2 mart hadisələri zamanı həbs olunan şəxslərin dərhal azadlığa buraxılması ilə bağlı AŞPA-nın çağırışlarına məhəl qoyulmamasından təəssüfləndiyini də bildirir. Sənəddə bildirilir ki, həmin hadisələr zamanı həbs olunan şəxslərlə bağlı aparılan istintaq, əsasən, polislərin ifadələrinə əsaslanıb.
Bütün dünya ölkələrini təmsil edən müşahidəçilərin, beynəlxalq təşkilatların nümayəndələrinin gözü qarşısında baş vermiş zorakılıq, qətliam ikinci plana keçirilir. Bu isə, yuxarıda qeyd etdiyimiz kimi, ermənilər məsələsində ikili standartlarla yanaşılmasından irəli gəlir.
Əslində, məsələ Avropanın qiymət verdiyi qədər bəsit deyildi və ermənilərə edilən bu "güzəşt" hansısa proseslərdən keçib gəlmişdi. Belə ki, bu ilin fevralında Ermənistanda keçirilən prezident seçkilərinin nəticələri və seçkidən sonra yaşananlar böyük qalmaqalla müşayiət olunmuşdu. Seçki saxtakarlığına etiraz edən dinc əhaliyə martın 1-də keçirilən aksiyada divan tutuldu. AŞPA-nın Ermənistan üzrə həmməruzəçiləri Jorj Kolombye (Fransa) və Con Preskott (Böyük Britaniya) qurumda verdikləri hesabatda bildirmişdilər ki, keçirilən prezident seçkilərindən sonra narazı xalq kütləsinə martın 1 və 2-də mitinq zamanı hakimiyyət qüvvələri tərəfindən zor tətbiq olunub və nəticədə onlarca dinc nümayişçi həlak olub, yüzlərlə adam yaralanıb və 200-dən artıq insan həbs edilib.
Ermənistanda baş vermiş bu hadisələr AŞPA-nın aprel və iyun sessiyalarında geniş müzakirə olundu. 1609 və 1620 saylı qətnamələr qəbul edildi, yaranan situasiyanını aradan qaldırılması üçün Ermənistana dəfələrlə vaxt verildi. Hələ ötən ilin aprel sessiyasında "Ermənistanda demokratik təsisatların vəziyyəti" adlı hesabatla çıxış edən bu ölkə üzrə həmməruzəçilər Ermənistanın beynəlxalq qurumda səsvermə hüququndan mərhum edilməsini önə çəkdilər. Onlar, həmçinin, 100-dən artıq müxalifətçinin, o cümlədən, 3 deputatın həbs olunmasını diqqətə çatdırmışdılar. Ermənistan məhkəməsi tərəfindən həbs olunan müxalifətçilərə və parlamentin deputatlarına qarşı elan edilən bütün ittihamları da ləğv etməyi təklif edən həmməruzəçilər həmin insanların heç bir cinayət işləmədiklərini önə çəkmişdilər. Bundan başqa, qurum Ermənistan hökumətini bütün həbs olunanları azad etməyə səsləmişdi və "Sərbəst toplaşma haqqında" qanuna da müəyyən dəyişikliklər olunmasını vacib saymışdılar. Həmməruzəçilər qanunun Avropa standartlarına cavab vermədiyini əsas gətirmişdilər.
Sənədin ən əsas bəndində isə AŞPA-da Ermənistanı səsvermə hüququndan mərhum edilməsi məsələsi qeyd edilmişdi. Sənəd qəbul olunmuşdu və Ermənistan hakimiyyətinə AŞPA-nın yay sessiyasına qədər müddət verilmişdi. Yay sessiyasında isə bu müddət dekabra qədər uzadılmışdı.
Məsələni yerindəcə öyrənmək üçün AŞPA tərəfindən təşkil edilmiş xüsusi nümayəndə heyəti bu müddət ərzində bir neçə dəfə Yerevana səfər etdi. Onlar hakimiyyət rəsmiləri, güc strukturlarının, müxalifətin nümayəndələri ilə görüşlər keçirdi. Aydınlaşdırıldı ki, AŞPA-nın Ermənistan rəhbərliyi qarşısında qoyduğu tələblərin əksəriyyəti həll olunmamış qalır. Dinc nümayişçilərə atəş açılmasına göstəriş verən polis və hökumət qüvvələri cinayət məsuliyyətinə cəlb edilməyib, həbs olunmuş günahsız nümayişçilərin azadlığa buraxılması məsələsi hələ həllini tapmayıb. Ölkədə sərbəst toplaşmaq hüququna əməl edilməyindən insanların söz və fikir azadlıqlarına qadağa qoyulub, bununla da Ermənistan Avropa Şurasına üzv olarkən götürdüyü öhdəlikdə göstərilmiş Avropa İnsan Hüquqları Konvensiyasının 11-ci bəndini kobud şəkildə pozub.
Həmməruzəçilər ölkə rəsmilərinin 1-2 mart hadisələri barədə AŞPA-nın qəbul etdiyi 1609 və 1620 saylı qətnamələrindən irəli gələn iradların aradan qaldırılmasına vəd vermələrinə baxmayaraq, bu sahədə irəliləyiş əldə edilmədiyini bildirdilər və Ermənistanın AŞPA-da səsvermə hüququndan məhrum edilməsi, artıq qanuni prosedura çevrilmək vəziyyətini aldı. Müzakirələrdə komitə üzvləri Ermənistan Prezidentinin 2008-ci il oktyabrın 23-də 1-2 mart hadisələrini araşdırmaq üçün ekspertlərdən ibarət xüsusi qrup yaradılması barədə dekret imzaladığını xatırlatdı, amma bu qrupun fəaliyyətində nəzərəçarpacaq irəliləyiş olmadığını qeyd etdilər. Onlar dinc nümayiş zamanı onlarca insanın ölümündə günahkar olanların bu günə qədər məsuliyyətə cəlb edilməməsindən narahatlıqlarının diqqətə çatdırdılar. Avropalı deputatlar qeyd etmişdilər ki, insanların siyasi motivlərə görə həbs edilməsi göstərir ki, Ermənistanda siyasi məhbus problemi mövcuddur. Avropa Şurasının İnsan Hüquqları üzrə komissarı Tomas Hammarberq isə mart hadisələri ilə bağlı Ermənistana etdiyi səfərlər barədə məlumat verən zaman həbs edilmiş insanların hüquqlarının pozulduğu, bu işdə günahkar olanların hələ indiyə qədər cəzasız qalmaları və s. faktları önə çəkmişdi.
Amma bütün bu faktlara baxmayaraq, AŞPA yenə də öz "humanistliyini" göstərdi. Bu "humanistlik" nəticəsində də Ermənistanda hakimiyyəti zəbt etmiş hərbi xunta bütün demokratik təsisatları ayaqlar altına alır, prinsipləri pozur. Qərb isə hələ də vaxt verməklə məşğuldur...