PDF Oxu

Əsas

  • 14

Xocalı soyqırımı – bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət

Xocalı soyqırımı – bəşəriyyətə qarşı yönəlmiş tarixi cinayət

XX əsrin ən qanlı hadisələrdən biri olan Xocalı soyqırımı fevralın 25-dən 26-na keçən gecə baş verib. XX əsrin ən ağır və dəhşətli soyqırımı nəticəsində Xocalıda ermənilər 613 nəfəri qəddarcasına qətlə yetirib, 1275 nəfər isə əsir götürüblər. Əsir götürülənlərdən 1165 nəfərini geri qaytarmaq mümkün olub. 8 ailə büsbütün məhv edilib, 27 ailənin hərəsindən yalnız bir nəfər sağ qalıb, 230 ailə başçısını itirib. 200 nəfər müxtəlif dərəcədə şikəst olub. Xocalı faciəsi təkcə bir şəhərin faciəsi deyil, bu, xalqımızın tarixində qanla yazılmış ən müdhiş səhifələrdən biridir.
"Səs" qəzeti ölkəmizin həyatında mühüm əhəmiyyət kəsb edən, günün aktual və prioritet mövzuları ətrafında silsilə xarakterli dəyirmi masalar təşkil edir. Növbəti dəyirmi masanın mövzusu Xocalı soyqırımının 17-ci ildönümünə həsr olunmuşdu. Dəyirmi masada Xocalı şəhər icra hakimiyyəti başçısının müavini, Yeni Azərbaycan Partiyası Xocalı şəhər təşkilatının sədri Vahid Əliyev, Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin sədri, Diaspora ilə İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Ramil Həsənov, "Xocalı Şəhidlərini Tanıtma" ictimai birliyinin sədri, tədqiqatçı-jurnalist Səriyyə Müslümqızı, Xocalı şəhərinin keçmiş baş memarı Şahlar Zülfüqarov, Xocalı şəhər icra hakimiyyətinin ictimai-siyasi şöbəsinin baş referenti Nadir Rəşidov, Qaçqın və Məcburi Köçkünlərin İşi üzrə Dövlət Komitəsinin Xocalı şəhəri üzrə məsləhətçisi Surxay Quliyev, Xocalı şəhər icra hakimiyyətinin nümayəndəsi Yavər Əzimov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin əməkdaşı, tarix elmləri doktoru Əli Məmmədov, ADPU-nun Azərbaycan tarixi kafedrasının dosenti Nazir Əsədov, "Türkiyə Universitetləri Məzunları" ictimai birliyinin sədri Çingiz Bayramov və "Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası" təşkilatının sədri Gülsel Səfərova iştirak edirdilər.

(Əvvəli ötən sayımızda)

"Səs" qəzetinin əməkdaşı:

- Xocalı şəhərində ermənilər ən dəhşətli soyqırımı törətmişlər. Necə düşünürsünüz, Xocalı soyqırımının baş verməsində daha çox daxili, yoxsa xarici amillərin rolunu qeyd etmək olar? Ümumiyyətlə, o dövrdəki ictimai-siyasi vəziyyət necə idi?

"ERMƏNİLƏR HƏMİŞƏ TÜRKLƏRƏ QARŞI TƏBLİĞAT APARIBLAR"
 
Surxay Quliyev:

- Burada Xocalı faciəsinin başvermə səbəbləri və əhaliyə divan tutulması barədə müxtəlif fikirlər səsləndi. Amma bir şeyi təklif edərdim ki, bu faciənin baş verdiyi gün qeyri-iş günü kimi qeyd olunsun. Yəni, adi məktəbli də dərsə getməyəndə bilsin ki, niyə bu gün Xocalıda azərbaycanlılara qarşı amansız qətliamlar törədilib. Uzun müddət ermənilərin arasında yaşamış bir şəxs kimi, onu deyə bilərəm ki, onlar həmişə türklərə qarşı anti-təbliğat aparıblar. Hələ 1970-ci illərdə biz orada yaşadığımız üçün erməni toylarında iştirak edirdik. Həmin erməni toylarında onlar öz dillərində bir mahnı oxuyurdular. O, mahnının nəqarət hissəsi "it türklər sənin səsin gələndə, ilan kimi dil çalan Andranik" kəlmələri ilə bitirdi. Bu mahnını hələ 1970-1975-ci illərdə biz erməni toylarında eşidəndə, oranı tərk edirdik. Amma toyun səhərisi günü soruşanda ki, "siz niyə belə edirsiniz?" Bu məsələni ümumiyyətlə danırdılar.
 
Vahid Əliyev:

- Bu məsələ ilə bağlı bir təklif də, mən vermək istəyirəm. Çünki əksəriyyət xarici dövlətlərə turistlər gələndə onlar marşrutun istiqamətini elə seçirlər ki, ölkəyə təşrif buyurmuş qonaqlar həmin xalqın tarixi ilə bağlı abidə və yaxud memorial bir kompleksi görə bilsin. Ona görə də, çox yaxşı olar ki, turist kimi Azərbaycana dəvət olunan qonaqlar və digər şəxslərin marşurut istiqaməti 1990-cı ilin 20 yanvarında şəhid olmuş oğul və qızlarımızı anmaq üçün Şəhidər Xiyabanını, eyni zamanda, Xocalı faciəsi ilə bağlı qoyulmuş abidənin önündən keçsin. Məhz bu halda, hər ölkəmizə gələn qonaq Azərbaycan həqiqətini anlaya bilər.

"XOCALI HƏQİQƏTLƏRİ BEYNƏLXALQ İCTİMAİYYƏTƏ DAHA DÜRÜST FORMADA TƏQDİM OLUNMALIDIR"

Səriyyə Müslümqızı:

- Bir məsələni qeyd edim ki, Azərbaycanda üç minə qədər ədliyyə nazirliyində qeydiyyatdan keçmiş ictimai birlik, təşkilat, cəmiyyət var. Bu gün bir kiçik monitorinq aparsaq, görərik ki, həmin təşkilatların heç birinin tərkibində bir nəfər də olsun Xocalı sakini yoxdur. Həmin təşkilatların nümayəndələri mütəmadi olaraq xarici dövlətlərə gedir və orada müəyyən işlərlə məşğul olur. Əgər onların xaricə gedən nümayəndə heyətinin tərkibində bir Xocalı sakini olsa, bu faciənin də əsil həqiqətləri beynəlxalq ictimaiyyətə  intensiv və dürüst formada çatdırıla bilər. Çünki həmin təşkilatların nümayəndələri səfərlərdə olarkən, onlar Xocalı soyqırımı ilə bağlı doğru-dürüst informasiya çatdıra bilmirlər. Bir məqamı da vurğulayım ki, bizim xarici ölkələrdə yaşayan xeyli sayda ziyalılarımız var. Məhz onların malik olduğu imkanlardan yararlanaraq, əsil Azərbaycan həqiqətlərini beynəlxalq ictimaiyyətə çatdıra bilərik. Amma çox təəssüflər olsun ki, bu, belə deyil. Eyni zamanda, həmin faciədə həlak olmuş şəxslərin ölü şəkillərini xarici ölkələrə aparırlar. İlk növbədə, onların normal şəkillərini həmin ölkələrin ictimaiyyətinə çatdırmaq lızımdır. Çünki beynəlxalq ictimaiyyət məhz bu cür  prinsipləri qəbul edir. Bizim əlimizdə olan kitab da, sənəd, əslində, yazılı faktdır. Məhz bu kitabda Xocalı soyqırımında qadın və uşaq faciəsi məsələsi öz əksini tapıb. Dünyada ilk dəfə uşaq faciəsini məhz burada daha qabarıq şəkildə əks etdirmişik.

Qəzetin əməkdaşı:

- Bilmək istərdik ki, Xocalıya ermənilər hansı istiqamətdən hücuma keçmişdilər və onun qarşısını almaq üçün müdafiə tədbirləri necə həyata keçirilirdi?

"O VAXT DÖVLƏT ÖZ ƏRAZİSİNİ VƏ VƏTƏNDAŞINI QORUMAQDA ÇOX ACİZ İDİ"

Yavər Əzimov:

- Həmin vaxtlar Xocalıda rəhbər vəzifədə işləmiş bir şəxs kimi, onu deyə bilərəm ki, bu gün bizə Xacalı sakinləri daha çox müəyyən dairələrdən şikayətçi kimi müraciət edirlər. Amma bizimlə müqayisədə ermənilər heç vaxt şikayət etmirlər. Burada iştirak edən şəxslərin əksəriyyəti bilir ki, ermənilər ambulator xəstəxananın qarşısında üç nazik qüllə ucaldıb, hər il özlərinin qondarma soyqırımı günü işləmirlər və gedib orada səcdə edirdilər. Eyni zamanda, onlar bu məsələni nəinki, təkcə həmin gün, digər vaxtlarda da yaddan çıxarmır və öz uşaqlarına da bu məsələ ilə bağlı geniş məlumatlar verirlər. Onlar lap kiçik yaşlarında olan uşaqlarına diqtə edirdilər ki, türk gəlib səni öldürəcəkdir. Ona görə də, "həmişə hücuma hazır olmalısan". Buradan da tamam aydın olur ki, məhz biz türk olduğumuz üçün bizə qarşı bu qədər amansız və qəddar olublar. Onlar həmişə türkün qanına susayıblar.

"XOCALININ İŞĞAL PLANINI ƏVVƏLCƏDƏN HAMI BİLİRDİ"
  
   Eyni zamanda, 1992-ci ilin fevral ayının 25-dən, 26-a keçən gecə Xocalıda baş vermiş hadisələrə nəzər saldıqda, məlum olur ki, o vaxt dövlət öz ərizisini və vətəndaşını qorumaqda çox aciz idi. Tarixə nəzər saldıqda, 1988-ci ildə Xocalıya şəhər statusunun verilməsi və bundan sonra onun rayon kimi regionda mühüm əhəmiyyətə malik olması bir çox mətləblərə indi də işıq salmış olur. O, vaxtlar burada əyləşən şəxslərin əksəriyyəti Xocalıda mühüm vəzifələrdə işləməklə yanaşı, orada böyük quruculuq-abadlıq işləri ilə məşğul idi. Çünki biz əmin idik ki, bizim arxamızda dövlət daima möhkəm dayanacaq. Ancaq 1992-ci il fevralın 25-dən 26-na keçən gecə bunu görmədik. Həmin gecə ermənilər rus "qardaş"ları ilə birlikdə Xocalıda olan dinc sakinlərə divan tutdu. Bundan əvvəlki proseslərə nəzər salsaq, görərik ki, ermənilər Xocalını işğal etmək və oradakı dinc əhaliyə qarşı amansızcasına divan tutmaq üçün uzun illər plan hazırlayıb. Çünki 1988-ci ildə ermənilər Xocalıya hücum etmiş və böyük itkilər verərək, geri çəkilməli olmuşdu.  Məhz bu prinsipə görə də, onlar 1992-ci ildən qəti şəkildə Xocalıya hücum etmək barədə qərara gəldilər. Çünki onlar Xocalıda özləri üçün yaranacaq təhlükədən ehtiyatlanırdılar. 1992-ci ilin fevralına qədər Xocalının böyük sürətlə güclənməsi və inkişaf etməsi onların məhz bu cür addım atmasına təkan vermiş oldu. Ona görə də ermənilər Xankəndində olan rusların 366-cı motoatıcı diviziyasının köməkliyi ilə 1992-ci ilin fevral ayının 25-dən 26-na keçən gecə hücuma keçdilər. Həmin vaxt ermənilər hətta ruslara məxsus 366-cı alayı tamamilə əllərinə almış, diviziya komandiri Zuri Zabiqarov və orada olan erməni komandirləri Aqanesyanla birlikdə bu hücümun təşkilində müstəsna xidmətlər göstərmişdilər. Bununla yanaşı, hər kəs bilir ki, ermənilərin üzdəniraq yazarı olan Zori Balayan açıq şəkildə öz uydurma yazılarında bildirirdi ki, Xocalı "boğazda olan xərçəng xəstəliyidir". Yəni, Dağlıq Qarabağın bütünlüklə erməniləşməsində Xocalını ermənilər başlıca maneə kimi görürdülər. Məhz Z.Balayan öz yazılarında da bildirirdi ki, "tanka-tank, atoma-atom, nəyə qarşı olursa-olsun, biz Xocalını erəmnilərə qaytarmalıyıq". Çünki biz Xocalı hadisəsindən öncə əsir tutulmuş ermənidən alınmış planda təsvir olunmuşdu ki, Xocalı necə alınacaq və bura hansı istiqamətdən hücumlar ediləcək. Bütün bunlar bizə məlum idi. Eyni zamanda, bu hadisədən bir müddət öncə Xankəndində yerləşən rus "KQB"-sinin işçisi ayaqyalın bizim yanımıza qaçıb gələndə bildirirdi ki, planda nəzərdə tutulub ki, birinci Meşəli, sonra Kərgicahan, bundan sonra Malıbəyli və Quşçular ermənilər tərəfindən işğal olunacaq. Məhz sonradan da ermənilər tərəfindən hazırlanmış  məlum plan əsasında adlarını qeyd etdiyimiz ərazilər işğal olundu. Onu da qeyd edim ki, ermənilər cüzi qüvvə ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə saat 11-də Xocalını dörd tərəfdən ağır hərbi texnika ilə mühasirəyə aldılar. Həmin vaxt onlar birinci Xocalıda olan aeroportu atəşə tutdular və Novagurd kəndi istiqamətində şəhərə hücum etməyə başladılar. Hücum əməliyyatlarında daha çox rus əsgərləri iştirak edirdi. Onlar qarşılarına çıxan bütün maneələri təmizlədikdən sonra Xocala igidlərinin müqavimətini qıraraq şəhərə daxil ola bildilər. Bundan sonra isə azğınlaşmış düşmən Xocalıda olan dinc əhaliyə xüsusi amansızlıqla divan tutdu. Burada əsas məqam ondan ibarətdir ki, ermənilər bildirirlər ki, azərbaycanlılardan ötəri çıxış dəhlizi qoymuşduq. Bunu o vatkı ölkə prezidenti Ayaz Mütəllibov da yüksək tribunadan qışqıra-qışqıra bildirirdi. Ermənilərin hücumu vaxtı Xocalıda daha çox dinc sakin Qara qaya deyilən istiqamətdə öldürülmüşdü. Çünki, həmin ərazi Xocalının Əsgəran istiqamətində olan ərazisi idi ki, məhz qaçmaq istəyən dincə əhalidi də buraya cəmləşmişdi.

"XOCALININ VERİLMƏSİNDƏ XALQ CƏBHƏSİNİN MARAĞI VARDI"

Nazir Əsədov:

- O dövr Azərbaycanda yüksək vəzifə tutan şəxslər, bu məsələyə ciddi yanaşardılar və onlarda bir türkçülüq qanı, bir azərbaycançılıq qanı olardı. Onlar Xocalı faciəsinin baş verəcəyini görürdülər. Çünki burada səsləndiyi kimi, Xocalının rəhbərləri, yerli insanlar orada Rəşidə Behbudqızının şeyxülislama göndərdiyi teleqramını, danışığını oxuyunda adamın başının tükləri qabarır. Yəni, bütün bu dediklərimiz və ortada olan mövcud faktlar onu deməyə əsas verir ki, Xocalı soyqırımının qarşısını almaq olardı. Amma nəyə görə belə bir addım atılmadı? Təkcə səriştəsiz ölkə rəhbərlərinin ucbatındanmı bu hadisə baş verdi? Tutaq ki, o vaxt müdafiə nazirimiz hərbçi deyildi. Bundan əlavə Fəhmin Hacıyev kimi şəxslər vardı. Bir məqam isə ondan ibarətdir ki, Xocalının məhv olmasında Fəhmin Hacıyevin böyük rolu var. Maraqlı bir fakt isə ondan ibarətdir ki, son məqamda Xocalıya hücum əməliyyatı hazırlanmışdı. Nəyə görə bu, baş tutmadı? Məhz bu məsələlərin də tam təfsilatı Bakıda o dövr siyasi hakimiyyət uğurunda mübarizəyə gəlib çıxır. Çünki həmin vaxt bir tərəfdə müxalifətdə olan Xalq Cəbhəsi qüvvələri mövcud idi. Digər tərəfdə isə ölkədə o dövrkü iqtidar mövcudluğunu saxlamağa çalışırdı. Həmin iqtidarın arxasında isə Moskva dayanırdı. Moskvanın isə bu məsələlərdə böyük marağı var idi. O zaman hamıya məlum idi ki, Mixail Qorbaçov Qarabağı satıb. Müəyyən məclislərdə söz vermişdir ki, Dağlıq Qarabağ Ermənistana veriləcəkdir. Məhz belə bir planı qura bilmədikdən sonra isə Dağlıq Qarabağda xüsusi idarə yaradıldı və təşkilat komitəsi təsis edildi. Bunlar isə özlüyündə formal olan bir məsələ idi. Əslində, bunlar bir növ ermənilərin silahlanması və müəyyən boş nöqtələri tutması üçün vaxt qazanmaqdan başqa bir şey deyildi. Nəticədə isə baş verənlər o dövr hakimiyyət uğrunda mübarizə ilə əlaqələndirilirdi. O dövrün qəzetlərində də belə bir məlumat yayılmışdı ki, Xocalının verilməsində Xalq Cəbhəsinin marağı vardı. Çünki onlar A.Mütəllibov hakimiyyətini sıradan çıxarmaq istəyirdilər. Eyni zamanda, burada Moskvanın böyük maraqları da özünü göstərirdi ki, Xocalıda belə bir qırğın baş versin və Azərbaycan xılqının gözü qorxsun. Yəni, onlar bu addımları ilə demək istəyirdilər ki, "Xocalını bu cür etdik, Azərbaycanı da belə edərik". A.Mütəllibov isə Moskvanın diqtəsi ilə oyun oynayırdı. Bununla yanaşı, onu demək istəyirəm ki, təkcə A.Mütəllibovun dövründə deyil, hətta, Kamran Bağırovun vaxtında da bu cür hadisələrin baş verməsi üçün planlar hızırlanırdı. Ona görə də bu gün biz obyektiv tədqiqat aparıb, xalqa obyektiv məlumat verməyəndə, fikirlər haçalanır. Bir qədər tarixə nəzər saldıqda, ölkəmizin ərazisində mövcud olmuş qədim türk dövləti  Albaniyanın mərkəzi Xocalı şəhəri olmuşdur. Amma çox təəsüflər olsun ki, Xocalı soyqırımının və ümumilikdə həmin vaxt orada baş verən hadisələrin tədqiqi üçün bir mərkəz mövcud deyil.

Çingiz Bayramov:

- Xocalı faciəsinin baş verməsinə və ümumilikdə həmin ərəfədə ölkədə baş verən vəziyyətə nəzər saldıqda, aydın olur ki, Azərbaycan xalqına qarşı belə bir qırğının törədilməsi artıq qaçılmaz bir foktora çevrilmişdi. Ona görə də xalqımızın başına gətirilən bütün müsibətləri, bu gün malik olduğumuz imkanlardan istifadə edərək, beynəlxalq ictimaiyyətə çatdırmalıyıq. Eyni zamanda, tarixə nəzər saldıqda, aydın olur ki, vaxtaşırı olaraq Azərbaycan xalqına amansızcasına divan tutan erməni daşnakları Osmanlı imperiyasının dövründə sakit bir millət idi. Amma sonradan bu imperiya dağıldıqdan sonra ermənilərin Qafqazda nüfuz savaşına çıxması onların arxasında dayanan qüvvələrin gücünə bağlı olan məsələ idi. Çünki Qafqazlarda öz maraqlarını reallaşdırmaq niyyətində olan Rusiya ermənilərin əli ilə burada daim münaqişə yaradırdı. Bütün bunlar isə, birmənalı olaraq, Azərbaycan xalqına qarşı yönələn addımlar sırasındandır.
(Ardı var)

Digər xəbərlər