İORDANİYA
Azərbaycanın İordaniyadakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar mərasim keçirilmişdir. Tədbirdə İordaniyanın rəsmi və ictimai dairələrinin nümayəndələri, bu ölkədə yaşayan həmvətənlərimiz iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları səfirlikdə ulu öndərin əziz xatirəsini xoş sözlərlə anmış, Heydər Əliyevlə bağlı xatirələrini söyləmiş, xalqımızın ümummilli liderinin həyatı və fəaliyyəti ilə bağlı fotosərgiyə baxmışlar. Sonra tədbir iştirakçıları Əmmanda ulu öndərin adını daşıyan prospektə gedərək burada aparılan abadlıq işləri ilə tanış olmuşlar. Ətrafda yaşayan Abbadi qəbiləsinin nümayəndələri ilə görüşdə ölkəmizin İordaniyadakı səfiri Elman Araslı Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri, müstəqil Azərbaycan dövlətinin bərpa olunması, suverenliyimizin qorunub saxlanması istiqamətindəki fəaliyyəti haqqında geniş məlumat vermişdir. İordaniya-Azərbaycan Dostluq Cəmiyyətinin baş katibi Xalid Hamşavi ölkəmizə səfərindən, İordaniya nümayəndə heyətinin tərkibində Heydər Əliyevlə görüşündən, məhz ulu öndərin səyləri nəticəsində ölkələrimiz arasında xoş münasibətlərin formalaşmasından danışmışdır. Tədbir zamanı İordaniya ilə Azərbaycan arasında sıx dostluq münasibətlərinin bu gündə davam etdiyi vurğulanmışdır.
AĞDAM
Ağdamda ümummili lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibəti ilə tədbir keçirilmişdir. Rayon İcra Hakimiyyətinin (RIH), müəssisə və təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri əvvəlcə ulu öndərin Quzanlı qəsəbəsinin mərkəzindəki abidəsi önünə gül-çiçək dəstələri düzmüş, xatirəsini ehtiramla yad etmişlər. Quzanlı qəsəbə mədəniyyət evində keçirilən yığıncaqda RİH-in başçısı Həsən Sarıyev, Yeni Azərbaycan Partiyası (YAP) Ağdam rayon təşkilatının sədri Qədulla Səfərov və başqaları çıxış edərək, dahi rəhbərin dövlətçilik fəaliyyətindən, təhsilin, mədəniyyətin, səhiyyənin inkişafındakı rolundan, Azərbaycan xalqı üçün xilaskarlıq missiyasından danışmışlar. Tədbirdə bir qrup gəncə YAP-ın vəsiqələri verilmişdir.
QAZAXISTAN
Azərbaycanın Qazaxıstandakı səfirliyi Qazaxıstan-Azərbaycan Mədəniyyət və Dostluq Assosiasiyası, "Nur Otan" partiyası, İqtisadiyyat, Maliyyə və Beynəlxalq Ticarət Universiteti ilə birgə ümummilli lider Heydər Əliyevin 86-cı ildönümü ilə bağlı elmi konfrans keçirmişdir.
Ölkənin Milli Arxiv binasında keçirilən tədbirdə səfir Lətif Qəndilov Heydər Əliyevin zəngin həyat və fəaliyyətindən, türk dünyasının böyük oğlunun Azərbaycan xalqı qarşısındakı misilsiz xidmətlərindən söz açmış, müasir Azərbaycanın qurucusu və banisi kimi dövlətçiliyimizin möhkəmləndirilməsi sahəsindəki müstəsna rolundan danışmışdır. Fəlsəfə elmləri doktoru professor K.Kazkenov, professor V.Kaçenov bildirmişlər ki, Heydər Əliyev dünya şöhrətli siyasi xadim olmuş, keçmiş SSRİ-nin ali rəhbərliyində ən yüksək pilləyə qalxmışdır. Qazaxıstanla Azərbaycan arasında hərtərəfli əlaqələrin yaradılması və inkişafında ulu öndərin rolu xüsusi vurğulanmışdır.
BƏRDƏ
Ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü Bərdə rayonunda geniş qeyd olunmuşdur. Rayon İcra Hakimiyyətinin (RİH), idarə, müəssisə və təşkilatların kollektivləri, ictimaiyyət nümaynədələri əvvəlcə dahi rəhbərin şəhərin mərkəzi meydanındakı abidəsi önünə tər çiçək dəstələri düzmüş, xatirəsini yad etmişlər. Sonra rayon şahmat məktəbinin açılışı olmuşdur. Mərasimdə çıxış edən RİH-in başçısı İlham Ağayev rayon sakinlərini şahmat məktəbinin açılışı münasibətilə təbrik etmiş, ölkə rəhbərliyinin idmana və idmançılara göstərdiyi qayğıdan danışmışdır. Rəmzi qırmızı lent kəsildikdən sonra binaya baxış keçirilmişdir. Ümummilli lider Heydər Əliyevin 86-cı ildönümü ilə əlaqədar tədbirlər silsiləsi Olimpiya idman kompleksində davam etdirilmişdir. RİH-in başçısı İlham Ağayev, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Emin Calalov çıxış edərək, dahi rəhbərin xalqımızın firavan həyatı naminə yorulmaz fəaliyyətindən danışmışlar. Tədbirdə ulu öndərin 86 illiyi ilə bağlı rayonda keçirilmiş idman yarışlarında, həmçinin respublika çempionatlarında yer tutmuş idmançılara hədiyyələr təqdim edilmişdir.
Tədbirin sonunda məktəblilərin ifasında kompozisiya nümayiş olunmuşdur.
ALMANİYA
Berlində ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş tədbir keçirilmişdir. Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin (AAKM) təşkilatçılığı və ölkəmizin Almaniyadakı səfirliyinin dəstəyi ilə təşkil olunmuş mərasimdə Azərbaycan, türk diaspor təşkilatlarının üzvləri və yerli ictimaiyyət nümayəndələri iştirak etmişlər. Ümummilli liderə həsr olunmuş "Azərbaycan mədəniyyətinin hamisi" filmi göstərilmişdir. Tədbirdə Azərbaycanın Almaniyadakı səfiri Pərviz Şahbazov, AAKM-in icraçı direktoru Samirə Patser-İsmayılova, Avropa Azərbaycanlıları Konqresinin fəxri prezidenti Bahəddin Qaya çıxış etmişlər. Ulu öndər Heydər Əliyevin görkəmli memar Ömər Eldarov tərəfindən yaradılmış büstü Berlin-Bakı qalereyasının dəstəyi ilə tədbir iştirakçılarının diqqətinə təqdim olunmuşdur.
QIRĞIZISTAN
Azərbaycanın Qırğızıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar mərasim keçirilmişdir. Tədbirdə Bişkekin ali məktəblərində təhsil alan tələbələr, diasporumuzun üzvləri, jurnalistlər iştirak etmişlər.
Əvvəlcə mərasim iştirakçıları ulu öndərin səfirlikdəki büstü önünə əklil qoyulmuş, Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı fotosərgiyə baxmışlar. Ölkəmizin Qırğızıstandakı səfiri Arif Ağayev Heydər Əliyevin Vətən və xalq qarşısındakı xidmətləri, müstəqil Azərbaycanın dirçəldilməsi, suverenliyimizin qorunub saxlanması istiqamətindəki fəaliyyəti haqqında geniş məlumat vermişdir.
Diasporumuzun üzvləri öz çıxışlarında Heydər Əliyevi dünya şöhrətli siyasi xadim, türk dünyasının müdrik oğlu kimi xarakterizə etmişlər.
* * *
Həmin gün ümummilli liderin anadan olmasının ildönümü ilə əlaqədar Bişkekdə "Manas" Universitetində keçirilən mərasimə Qırğızıstan parlamentinin üzvləri, Xarici İşlər Nazirliyinin nümayəndələri, səfirlər, ədəbiyyat, incəsənət və mədəniyyət xadimləri, Universitetin professor-müəllim və tələbə heyəti, diasporumuzun üzvləri, yerli və xarici KİV-lərin nümayəndələri qatılmışlar.
Tədbirin əvvəlində Qırğızıstanın və Azərbaycanın dövlət himnləri səslənmişdir. Səfir Arif Ağayev çıxışında tanınmış siyasi xadim Heydər Əliyevin şərəfli və mənalı ömür yolundan, Azərbaycan dövlətinin dünyada tanınmasından, xaricdə yaşayan soydaşlarımıza göstərdiyi qayğıdan geniş söhbət açmışdır. Türkiyənin Qırğızıstandakı səfiri xanım Serpil Alpman, universitetin rektoru Uğur Oral və başqaları öz çıxışlarında Heydər Əliyevin müasir Azərbaycan dövlətçiliyinin qurulması və inkişafındakı müstəsna xidmətlərindən danışmışlar. Bildirilmişdir ki, ulu öndərin türkdilli xalqların yaxınlaşması istiqamətində gördüyü mühüm işlər və onun xatirəsi türkdilli ölkələrdə daim anılır. Sonra ulu öndərin həyat və fəaliyyəti ilə bağlı "Dünyaya pəncərə" filmi nümayiş etdirilmişdir. İştirakçılara ulu öndər haqqında səfirlik əməkdaşlarının hazırladıqları məlumatlar toplusu paylanmış, belə bülletenlər ölkənin dövlət idarələrinə, səfirliklərə və beynəlxalq təşkilatların nümayəndəliklərinə də göndərilmişdir.
Qırğızıstan Dövlət Teleradio Yayımları Şirkəti "Heydər Əliyev xatirələrdə" sənədli filmini nümayiş etdirmişdir. Qırğızıstanın Dövlər Radiosunda Azərbaycan dilində efirə gedən "Azəri" proqramının aparıcısı və müəllifi Rasim Şirinov Heydər Əliyev haqqında xüsusi buraxılış hazırlamış və efirdə səsləndirmişdir.
MƏRAKEŞ
Ölkəmizin Mərakeş Krallığındakı səfirliyində Mərakeş - Azərbaycan Dostluq Cəmiyyəti, SSRİ Universitetlərində Təhsil Almış Mərakeşlilər Cəmiyyəti üzvlərinin, Krallıqda yaşayan həmvətənlərimizin və yerli ictimaiyyət nümayəndələrinin iştirakı ilə xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd edilmişdir. Ulu öndərin xatirəsinə dərin ehtiram əlaməti olaraq səfirlikdəki büstü qarşısına əklil qoyulmuşdur.
Səfir Sabir Ağabəyov dahi siyasətçinin həyat və fəaliyyəti, hələ sovetlər birliyi dövründə Azərbaycana rəhbərlik edərkən respublikamızın çiçəklənməsi naminə gördüyü işlər, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1993-2003-cü illərdə dövlət başçısı kimi yeritdiyi siyasət sayəsində əldə olunan sabitlik və iqtisadi inkişaf haqqında söz açmışdır. Ümummilli liderin Azərbaycan xalqının ürəyində daim yaşayacağını vurğulayan diplomat onun siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırmışdır. Tədbirin iştirakçıları böyük azərbaycanlının həyat və fəaliyyətinə həsr edilmiş fotosərgi ilə tanış olmuş, sənədli filmə baxmışlar.
MİSİR
Azərbaycanın Misir Ərəb Respublikasındakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü qeyd olunmuşdur.
Əvvəlcə səfirliyin əməkdaşları, Misirdə çalışan həmvətənlərimiz, bu ölkədə təhsil alan azərbaycanlı tələbələr Qalyubiyyə vilayətinin Qanatır əl-Xeyriyyə şəhərinə gedərək, orada yerləşən Azərbaycan-Misir dostluq parkını ziyarət etmiş və burada unudulmaz rəhbərin abidəsi önünə gül dəstələri düzmüşlər. Mərasimdə Qanatır əl-Xeyriyyə şəhərinin meri Nəqva əl-Aşiri və Qalyubiyyə vilayətinin nümayəndələri iştirak etmişlər. Sonra parkın ərazisində yerləşən və Misirin birinci xanımı Suzan Mubarəkin adını daşıyan kitabxanada ictimaiyyətin nümayəndələri ilə görüş keçirilmişdir. Kitabxananın fonduna Azəbaycanın mədəniyyəti, tarixi abidələri haqqında ərəb dilində kitablar, milli suvenirlər, Misirdə təhsil alan azərbaycanlı tələbələrin "Vətən" tələbə təşkilatı tərəfindən ərəb dilində nəşr olunan "Azərbaycan" qəzetinin yeni nömrəsinin nüsxələri təqdim olunmuşdur. Tədbirdə ulu öndər Heydər Əliyevin həyatı və fəaliyyəti ilə bağlı film nümayiş olunmuşdur.
BELARUS
Azərbaycanın Belarusdakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü münasibətilə tədbir keçirilmişdir. Tədbirdə Belarusda yaşayan Azərbaycan icmasının üzvləri, ziyalılar, habelə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin xətti ilə Belarusda təhsil alan tələbələr də iştirak etmişlər. Mərasimdə ulu öndərin həyat və fəaliyyətinin, tanınmış elm və incəsənət xadimlərinin ümummilli lider haqqında xatirələrinin əks olunduğu film nümayiş etdirilmişdir. Tədbirdə çıxış edən səfir Əli Nağıyev ulu öndərin həyat və fəaliyyətinin parlaq səhifələri, Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi, ölkənin tərəqqisi və xalqın firavanlığı işinə böyük töhfəsi barədə danışmışdır.
Ulu öndərimizin rəhbərliyi dövründə Azərbaycanın sürətlə inkişaf etdiyini, ictimai-siyasi sabitliyin bərqərar olduğunu faktlarla əsaslandıran səfir vurğulamışdır ki, istər sovet dövründə, istərsə də müstəqillik illərində xalqımızın taleyüklü problemlərinin həllində dahi şəxsiyyət əvəzedilməz rol oynamışdır. Belarusda yaşayan tanınmış azərbaycanlılar, tələbələr Heydər Əliyevin təhsilin maddi-texniki bazasının inkişafına daim yüksək diqqət və qayğı göstərməsindən, onun ensiklopedik biliyə malik olmasından, ulu öndərin təşəbbüsü ilə Azərbaycan gənclərinin keçmiş SSRİ-nin ən yaxşı ali məktəblərinə təhsil almağa göndərilməsindən danışmışlar. Vurğulanmışdır ki, bu gün Azərbaycan və Belarus arasında əlaqələr yüksələn xətlə inkişaf edir. Azərbaycanın beynəlxalq aləmdə nüfuzunun daha da artdığını və sosial-iqtisadi sahədə böyük irəliləyişlərə nail olduğunu diqqətə çatdıran natiqlər qeyd etmişlər ki, hazırda ümummilli liderimizin siyasi kursu Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir.
AHİK-də Ümumilli lider Heydər Əliyevin büstünün açılışı olub
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ərəfəsində Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) inzibatı binasının foyesində ulu öndərin büstünün açılışı olub. AHİK-in sədri, Milli Məclisin deputatı Səttar Mehbalıyev deyib ki, XX əsrin ən parlaq və qüdrətli şəxsiyyətlərindən biri olan ulu öndərimiz Heydər Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında layiqli yer tutan bir təşkilata çevrilməsi üçün böyük səy göstərib. Ulu öndərimizin həmkarlar ittifaqlarını vaxtında dəstəkləməsi, təşkilata xeyirxah münasibəti, AHİK-in birinci qurultayına təbrik məktubu göndərməsi və təşkilat haqqında xoş sözlər deməsi bizi bir çox vəzifələrin yerinə yetirilməsi sahəsində uğurlu addımlar atmağa yönəldib. Azərbaycan həmkarlar ittifaqları ulu öndər Heydər Əliyevin ideyalarına və tövsiyələrinə cavab olaraq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni həyatında mühüm rol oynamaqla yanaşı, dünya həmkarlar ittifaqları hərəkatında da fəal iştiraka nail olub. S.Mehbalıyev bildirib ki, ümummilli lider Heydər Əliyevin miras qoyub getdiyi müstəqil və suveren Azərbaycanı çox böyük və möhtəşəm günlər gözləyir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bütün tədbirlərdə Azərbaycan həmkarlar ittifaqlarının çoxsaylı üzvləri onun yanında olacaq, əhalinin sosial mənafelərinin qorunması istiqamətində bundan sonra da fəal iş aparacaq, dövlətimizin möhkəmlənməsi və ölkəmizdə demokratiyanın daha da inkişaf etdirilməsi məqsədilə bütün imkanlardan məqsədyönlü istifadə edəcəklər. Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov çıxışında deyib ki, müasir Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsi hər bir azərbaycanlının qəlbində əbədi yaşayacaq. Ona görə ki, Heydər Əliyev həyatın bütün sahələrində olduğu kimi, həmkarlar ittifaqları sahəsində də fəaliyyətin təməlini qoyan insan idi. Azərbaycanda yeni şəraitdə həmkarlar ittifaqlarının yerinin, vəzifəsinin müəyyən olunması konsepsiyasını məhz Heydər Əliyev irəli sürmüşdür. 1994-95-ci illərdə həmkarlar ittifaqlarına dair yeni qanunun qəbul olunması da ümummilli liderimizin adı ilə bağlıdır. Heydər Əliyevin həmkarlar ittifaqlarının qurultayına ünvanladığı proqram xarakterli məktub həmkarların konkret fəaliyyət istiqamətlərini müəyyən etmiş, Azərbaycan əməkçilərinin hüquqlarının qorunmasında onların sistemli fəaliyyətini stimullaşdırıb.
Bazar iqtisadiyyatı şəraitində həmkarların rolu daha da artmışdır və onun ən başlıca vəzifəsi vətəndaşların əmək, sosial və digər hüquqlarını qorumaqdan ibarətdir. Ulu öndərin şah əsəri olan müasir müstəqil Azərbaycanda həmkarlar ittifaqları öz fəaliyyətini bu istiqamətdə qurmuş və ötən müddətdə uğurlar qazanmışdır. Ona görə bu binada ulu öndərin büstünün qoyulması əlamətdar hadisədir. Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov deyib ki, bu gün bütün Azərbaycan vətəndaşları üçün ikiqat fərəh və sevinc günüdür. Ona görə ki, bu gün ölkəmizdə həm ümummilli liderimizin anadan olmasının 86-cı, həm də faşizm üzərində Qələbənin 64-cü ildönümü qeyd olunur. Ümummilli liderimiz Heydər Əliyev Azərbaycanda qeyri-hökumət təşkilatlarının, həmçinin həmkarlar ittifaqlarının inkişafına həmişə qayğı göstərib. Bunun nəticəsidir ki, ölkəmizdə həmkarlar ittifaqlarının fəaliyyətinin tənzimlənməsi ilə bağlı mükəmməl möhkəm hüquqi baza yaradılıb. Sonra büstün üzərindən ağ örtük götürülüb. Bütöv ağ mərmər blokda yonulmuş, gözəl sənət əsəri olan büstün müəllifi Azərbaycanın görkəmli tişə ustalarından biri, xalq rəssamı Ömər Eldarovdur. Açılış mərasimində Prezident Administrasiyasının beynəlxalq əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov, Milli Məclisin komitə sədrləri, deputatlar iştirak edirdilər.
ATXƏM ÜMUMMİLLİ LİDER HEYDƏR ƏLİYEVİN ANADAN OLMASININ 86-CI İLDÖNÜMÜ MÜNASİBƏTİLƏ "DƏYİRMİ MASA" KEÇİRİB
Azərbaycanlıların və digər Türk Xalqlarının Əməkdaşlıq Mərkəzində (ATXƏM) ümummilli lider Heydər Əliyevin anadan olmasının 86-cı ildönümü ilə əlaqədar "dəyirmi masa" keçirilmişdir.
Əvvəlcə tədbir iştirakçıları Fəxri xiyabana gələrək, türk dünyasının böyük oğlu, ümummilli lider Heydər Əliyevin məzarı önünə əklil və gül dəstələri qoymuş, ulu öndərin əziz xatirəsini ehtiramla yad etmişlər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üzərinə tər gül dəstələri düzülmüşdür. Tədbirdə ATXƏM-in sədri İlham İsmayılov ümummilli lider Heydər Əliyevin Azərbaycan xalqı və bütün türk dünyası qarşısında xidmətlərindən danışmış, ulu öndərin keçdiyi çətin və şərəfli həyat yoluna nəzər salmışdır.
Qeyd olunmuşdur ki, tarixdə şəxsiyyətin rolu danılmazdır. Bu şəxsiyyətlər yalnız məxsus olduqları xalqları deyil, eyni zamanda digər qardaş xalqları çətin vəziyyətdən çıxarmaq üçün qüvvələrini əsirgəmir, taleyüklü məsələlərin həllində müdriklik nümayiş etdirərək ən optimal həll yollarını müəyyən edir, onu həyata keçirirlər. Bu baxımdan görkəmli ictimai-siyasi və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində, türk xalqlarının birliyinin formalaşmasında misilsiz xidmətləri olmuşdur. Müstəqil, müasir Azərbaycan dövlətinin memarı və qurucusu kimi milli dövlətçiliyimizi bərpa edən Heydər Əliyev, türk xalqlarının birliyinin möhkəmlənməsi istiqamətində gərəkli addımlar atmışdır. Tədbirdə ATXƏM-in icra aparatının rəhbəri Şahin Verdiyev, Türkiyədən gəlmiş professorlar Səpon Aykutata, xanım Əzmi Özlər və başqaları ümummilli liderimizin dövlət müstəqilliyimizin möhkəmləndirilməsi, hüquqi-demokratik dövlət quruculuğu, iqtisadi islahatların aparılması, uğurlu xarici siyasət və digər sahələrdə həyata keçirdiyi böyük və möhtəşəm işlərindən danışmışlar. Türkiyə və Azərbaycanı bir millətin iki dövləti adlandıran ulu öndərin bu qardaş xalqlar arasında əlaqələrin möhkəmləndirilməsi, dövlətlərarası münasibətlərin strateji tərəfdaşlıq səviyyəsinə qalxması istiqamətində həyata keçirdiyi Bakı-Tbilisi-Ceyhan neft və Bakı-Tbilisi-Ərzurum qaz kəmərləri kimi nəhəng layihələrin əhəmiyyəti xüsusi vurğulanmışdır.
Tədbirdə gənc xanəndələrin ifasında Vətənə və ulu öndərə həsr olunmuş mahnılar ifa olunmuşdur.
"HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN İQTİSADİYYATI" MÖVZUSUNDA "DƏYİRMİ MASA" KEÇİRİLİB
İqtisadi İnkişaf Nazirliyində (İİN) ümummilli liderimiz Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda "dəyirmi masa" keçirilmişdir. Tədbirdə nazir Şahin Mustafayev müasir Azərbaycan dövlətinin banisi Heydər Əliyevin ölkənin inkişafı üçün gördüyü mühüm işlərdən geniş bəhs etmiş, bu fenomen şəxsiyyətin dövlətçiliyimizin möhkəmləndirilməsində, iqtisadiyyatımızın inkişafında misilsiz xidmətlərindən danışmışdır.
Qeyd edilmişdir ki, böyük siyasət korifeyinin gərgin əməyi, uzaqgörən siyasəti nəticəsində iqtisadi inkişafımızın dönüş nöqtəsi hesab olunan "Əsrin müqaviləsi" imzalanmış, Azərbaycan nüfuzlu beynəlxalq təşkilatlara üzv olmuş, irimiqyaslı regional layihələrin fəal iştirakçısına çevrilmişdir. Əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş sosial-iqtisadi inkişaf strategiyasının Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilməsi nəticəsində bu gün Azərbaycan iqtisadi artım tempinə görə dünyada lider dövlətlərdəndir, regionun mədəni mərkəzidir. Təsadüfi deyil ki, son 5 ildə ümumi daxili məhsulun (ÜDM) real həcmi 2,6 dəfə, onun adambaşına düşən həcmi 5 dəfə, qeyri-neft sektoru 1,8 dəfə artmışdır. Hazırda dünyada baş verən qlobal iqtisadi böhranın Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməsi də məhz əsası Heydər Əliyev tərəfindən qoyulmuş və uğurla davam etdirilən iqtisadi siyasətin nəticəsidir. Dahi siyasət korifeyinin Azərbaycan xalqı qarşısında misilsiz xidmətləri ən böyük ehtirama layiqdir. Böyük azərbaycanlı Heydər Əliyev və onun ölməz ideyaları bəşəriyyət durduqca yaşayacaq, xalqımızın daimi and və inam yeri olacaqdır.Sonra ümummilli lider Heydər Əliyevin ömür yoluna həsr olunmuş film nümayiş etdirilmişdir.
Nazirliyin şöbə müdiri Ədalət Muradov "Heydər Əliyev və Azərbaycan iqtisadiyyatı" mövzusunda məruzə ilə çıxış etmişdir. Məruzədə Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə 30-a yaxın mühüm əhəmiyyətli dövlət proqramının təsdiq edildiyi, iqtisadiyyatın bütün sahələrində islahatların aparıldığı, qarşıdakı illərdə dinamik iqtisadi inkişaf üçün möhkəm zəmin yaradıldığı vurğulanmışdır. Bildirilmişdir ki, 1996-2003-cü illərdə ÜDM-nin həcmi 90,1 faiz, dövlət büdcəsinin gəlirləri 3,5 dəfə, ölkənin valyuta ehtiyatları 85 dəfə, xarici ticarət dövriyyəsi 4 dəfə artmış, bu illərdə bütün maliyyə mənbələri hesabına ölkə iqtisadiyyatına 20 milyard ABŞ dollarından çox investisiya yatırılmışdır. Hazırda Azərbaycan iqtisadiyyatının davamlı inkişafı Heydər Əliyev siyasətinin alternativsizliyini bir daha sübut edir.
İİN-in İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev, Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev, nazirliyin baş məsləhətçiləri Fəridə Əhmədova və Kərim Ramazanov Heydər Əliyevin ölkənin sosial-iqtisadi həyatının ayrı-ayrı sahələrinin inkişafı üçün göstərdiyi misilsiz xidmətlərdən danışmışlar. Nazir Şahin Mustafayev tədbirə yekun vuraraq, tarixin sınağından böyük uğurla çıxmış Heydər Əliyev iqtisadi strategiyasının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən davam etdirilməsinin ölkəmizin gələcəkdə də sosial-iqtisadi inkişafının uğurlu olacağına ən möhkəm zəmanət olduğunu bir daha vurğulamışdır.
QİYMƏTLİ KAĞIZLAR ÜZRƏ DÖVLƏT OMİTƏSİNDƏ ÜMUMMİLLİ LİDERİN DOĞUM GÜNÜ QEYD EDİLİB
Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində (QKDK) xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 86 illiyi münasibətilə tədbir keçirilmişdir. Komitənin əməkdaşları əvvəlcə ulu öndər Heydər Əliyevin QKDK-nın binasındakı büstü önünə gül qoymuş, ümummilli liderin əziz və unudulmaz xatirəsinə ehtiramlarını bildirmişlər. QKDK sədri Rüfət Aslanlı ulu öndərin həyat və fəaliyyətindən söz açmış, 1969-cu ildə siyasi hakimiyyətə gəlişi ilə ölkə həyatının bütün sahələrində dirçəlişin başlandığını vurğulamış, müstəqil Azərbaycan dövlətinin formalaşması, qorunub saxlanması və inkişafında misilsiz rolunu qeyd etmişdir.
Qurumun əməkdaşı Musa Musayevin "Heydər Əliyev yeni Azərbaycanın qurucusudur" məruzəsi dinlənilmişdir.
Sonda komitə sədri Heydər Əliyevin siyasi kursunun hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini bildirmişdir.
MÜASİR AZƏRBAYCANIN TARİXİHEYDƏR ƏLİYEVİN ADI İLƏ BAĞLIDIR
Bu fikir Azərbaycan Müəllimlər İnsitutunun Quba filialında ulu öndər Heydər Əliyevin anadan olmasının 86-cı ildönümünə həsr olunmuş elmi-nəzəri konfransda bildirilmişdir. Çıxış edənlər ümummilli liderin respublikaya ilk dəfə rəhbərlik etdiyi 1969-1982-ci illərdə, həmçinin Sov.İKP MK-da çalışdığı dövrdə Azərbaycanın gələcək müstəqilliyi üçün əsaslı zəmin və möhkəm bünövrə yaradıldığını, siyasi, iqtisadi və mədəni sahələrdə böyük nailiyyətlər qazanıldığını söyləmişlər.
Konfransda xüsusi vurğulanmışdır ki, müasir Azərbaycanın tarixi ulu öndər Heydər Əliyevin adı, titanik siyasi və dövlətçilik fəaliyyəti ilə bağlıdır. Sonda ali təhsil ocağının bir qrup müəllim və tələbəsinə Yeni Azərbaycan Partiyasının üzvlük vəsiqələri təqdim olunmuşdur.
QUSARLILAR ÜMUMMİLLİ LİDERİN DÖĞUM GÜNÜNÜ TƏNTƏNƏ İLƏ QEYD ETMİŞLƏR
Qusar ictimaiyyəti müasir Azərbaycanın banisi və qurucusu Heydər Əliyevin doğum gününü təntənə ilə qeyd etmişdir. Əvvəlcə ulu öndərin abidəsi önünə əklil və gül dəstələri qoyulmuş, görkəmli siyasətçinin xatirəsi ehtiramla yad edilmişdir. Daha sonra siyasi xadimin dövlətçilik fəaliyyətinə həsr olunmuş elmi-nəzəri konfrans keçirilmişdir. Konfransda çıxış edən Qusar rayon icra hakimiyyətinin başçısı Şair Alxasov müstəqil ölkəmizin yaradılmasında məhz Heydər Əliyevin məntiqi, dərin təfəkkürü və xalqı səfərbər etmək bacarığının dayandığını bildirmişdir. Yığıncaqda ulu öndərin həyat və fəaliyyətinin müxtəlif dövrləri və xalqımız qarşısındakı xidmətləri haqqında danışılmışdır.