İyunun 4-də Sankt-Peterburqdakı Tavriçeskiy sarayında Rusiyanın Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) üçüncü konfransı işə başlamışdır. İki gün davam edəcək bu tədbir RAGT-ın yaradılmasının ikinci ildönümünə həsr olunub. Konfransda Rusiyanın bütün regionlarını təmsil edən RAGT nümayəndələri iştirak edirlər.
Konfransın əvvəlində Azərbaycanın və Rusiyanın dövlət himnləri səslənib.
Heydər Əliyev Fondunun vitse-prezidenti, RAGT-ın sədri Leyla Əliyeva tədbirdə çıxış edərək təşkilatın iki illik fəaliyyəti barədə məlumat verib. O, vurğulayıb ki, bu dövrdə kifayət qədər yaxşı nəticələr əldə edilib. RAGT sədri təşkilatın coğrafiyasının genişlənməsindən, Moskva və Sankt-Peterburq ilə yanaşı, Arxangelsk, Tver, Yekaterinburq və bir sıra başqa regionlarda da azərbaycanlı gənclərin klublarının fəaliyyətdə olduğunu bildirib. Leyla xanım Əliyeva RAGT-ın iki illik fəaliyyəti dövründə keçirilmiş aksiyalar, tədbirlər və görüşlər barədə də məlumat verib. O, "Xocalıya ədalət" kampaniyasına xüsusi diqqət yetirərək qeyd edib ki, bu aksiya sayəsində dünyada insanların getdikcə daha çox hissəsi Azərbaycan xalqına qarşı törədilmiş bu faciədən xəbər tutur. Leyla Əliyeva əmin olduğunu bildirib ki, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ədalətli həllini tapacaq və Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcəkdir.
Konfransda Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, gənclər və idman naziri Azad Rəhimov, MDB Parlamentlərarası Assambleyasının Baş katibi Mixail Krotov, Azərbaycan Prezidenti Administrasiyasının siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, Sankt-Peterburq Administrasiyasının Gənclər Siyasəti Komitəsinin sədri Aleksandr Nikolayev, Sankt-Peterburq Dövlət Universitetinin prezidenti Lyudmila Verbitskaya, İslam Konfransı Təşkilatı Gənclər Forumunun baş katibi Elşad İsgəndərov, Rusiya prezidentinin Sankt-Peterburqdakı səlahiyyətli nümayəndəsi Aleksandr Volox, Latın Amerikası gənclər təşkilatının vitse-prezidenti Xulian Luqo Mendes, Moskvanın, Sankt-Peterburqun və mərkəzi federal dairənin gənclər təşkilatlarının nümayəndələri də çıxış ediblər.
Axşam Petropavlovsk qalasının Narışkin bastionunda RAGT-ın yaradılmasının ikinci ildönümünə həsr edilmiş konsert təşkil olunub.
İyunun 5-də Sankt-Peterburqda dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin 870 illik yubileyi münasibətilə onun adını daşıyan bağın təntənəli açılışı olmuşdur.
Açılış mərasimində Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak etmişdir.
Leyla Əlyeva mərasimi açaraq bildirmişdir ki, Nizami Gəncəvi adına bağın açılışı Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi ilə Sankt-Peterburq Administrasiyasının daha bir layihəsidir. O demişdir ki, "2002-ci il iyunun 9-da XII əsrin dahi Azərbaycan şairi və mütəfəkkirinin Sankt-Peterburqda abidəsinin açılışında prezidentlər Heydər Əliyev və Vladimir Putin iştirak etmişdilər. Bakıda hazırlanmış abidə Azərbaycan xalqının Sankt-Peterburqa hədiyyəsi olmuşdur. Nizaminin obrazını Azərbaycan heykəltəraşı, V.Muxina adına Leninqrad Ali Rəssamlıq Məktəbini məzunu Qəyruş Babayev yaratmışdır. Bu il şairin anadan olmasının 870 illiyi tamam olur. Bununla əlaqədar, Fondun nümayəndəliyinin hamiliyi ilə bağda qranitdən nadir skamyalar və Nizaminin əsərlərindən fraqmentlər təsvir olunmuş pannolar qurulmuş, şairin abidəsi bərpa olunmuşdur. Sankt-Peterburq qubernatorunun qərarı ilə bu gözəl bağa Nizami Gəncəvinin adı verilmişdir. Göstərdiyi dəstəyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirən Leyla Əliyeva əmin olduğunu bildirmişdir ki, Heydər Əliyev Fondu və Sankt-Peterburq Administrasiyası gələcəkdə hələ xeyli maraqlı layihələr həyata keçirəcəklər.
Sankt-Peterburqda Nizamiyə abidə ucaldılmasının tarixçəsindən söz açan Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu vurğulamışdır ki, Şimal paytaxtının ziyalıları Böyük Vətən müharibəsinin ən ağır illərində dahi şairin 800 illik yubileyini qeyd etmişlər. Böyük Nizamiyə bu qayğıkeş münasibəti Azərbaycan xalqının heç vaxt unutmayacağını vurğulayan səfir Sankt-Peterburqda onun abidəsinin ucaldılmasında iştirak edənlərə və bu ideyanı dəstəkləyənlərə minnətdarlığını bildirərək demişdir: "Bu abidə və bağ Azərbaycan və Rusiya arasında olan dostluğu, yaxşı münasibətləri təcəssüm etdirir".
Sankt-Peterburq hökumətinin Mədəniyyət Komitəsi sədrinin müavini Aleksandr Platunov sözügedən hadisənin Sankt-Peterburq sakinləri üçün əhəmiyyətindən, Rusiya və Azərbaycan xalqları arasında dostluq münasibətlərinin möhkəmlənməsində oynadığı roldan söz açmışdır.
Ümumrusiya Azərbaycan Konqresinin icraçı direktorunun mavini İlqar Hacıyev iki xalq arasında dostluğu və qarşılıqlı anlaşmanı möhkəmləndirmək üçün belə aksiyaların böyük əhəmiyyət daşıdığını vurğulamışdır.
Azərbaycanın Sankt-Peterburqdakı baş konsulu Qüdsi Osmanov bağın açılışını Şimal paytaxtında Azərbaycan icmasının həyatında əlamətdar hadisə adlandıraraq vurğulamışdır ki, Heydər Əiliyev Fondunun Rusiya nümayəndəliyi Rusiyada çeşidli layihələr həyata keçirir. Əfsanəvi Fərman Salmanovun abidəsinin, "Nevski pyatoçok" deyilən ərazidə qəhrəman azərbaycanlıların xatirəsinə stelanın ucaldılması belə layihələrdəndir. Bu gün isə Nizami Gəncəvinin adını daşıyan bağın açılışıdır. Dəstəyə görə şəhər administrasiyasına minnətdarlığını bildirən Q.Osmanov demişdir: "Abidə peterburqlulara hədiyyə edilmişdir, bağ da Azərbaycan xalqı adından şəhərlilərə hədiyyədir".
Sonra Leyla Əlyeva rəmzi lenti kəsərək, dahi Azərbaycan şairinin abidəsi önünə çiçəklər qoymuşdur.
NƏZAKƏT