Dünən Milli Məclisin növbədənkənar sessiyası keçirildi. Milli Məclisin Sədri Oqtay Əsədov sessiyanı açıq elan etdi, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildi.
Siyavuş Novruzov: "Əfv Fərmanı məhkum olunmuşlara verilir, istintaq altında olanlara yox"
Gündəlikdəki məsələlərin müzakirəsinə keçməzdən əvvəl deputatlar onları maraqlandıran məsələlər barədə fikirlərini bildirdilər, təkliflərlə çıxış etdilər. Cari məsələlərin müzakirəsi zamanı əfvlə bağlı səslənən qeyri-obyektiv fikirlərə münasibət bildirən YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov bildirdi ki, Əfv Fərmanı məhkum olunmuşlara verilir, istintaq altında olanlara yox: "Hələ istintaq bitməmiş, kimisə əfv etmək mümkün deyil. Ona görə də həmin şəxslərlə bağlı, hələlik, istintaq işi başa çatmayıb və bu baxımdan onların əfvi mümkün deyil. Bəlkə istintaq sübut etdi ki, onlar tamamilə günahsızdır və ya əksinə, onların günahları var. Ona görə də, bu məsələni indidən qaldırmaq düzgün deyil".
S.Novruzov, həmçinin, həmkarlarının hərbi məsələ ilə bağlı düzgün fikirdə olmadığını da söylədi: "Bizim həmkarlarımıza demək istərdim ki, 3 növ hərbi xidmət var. Həqiqi hərbi xidmət, alternativ hərbi xidmət və alternativ xidmət. Alternativ hərbi xidmət kontrakt əsasında olur. Amma Konstitusiyamızda etdiyimiz dəyişikliklərə əsasən bizdə alternativ xidmət olmalıdır. Bu cür xidmət haqqında qanun var. Müəyyən baxışlı insanlar hərbi xidmət çəkə bilməz. Azərbaycanda isə hər hansı bir şəxsə əlinə silah götürmək qadağası yoxdur. Konkret olaraq, hərbi çağırışın əsasları haqqında qanun var və hər bir kəs bu qanuna tabe olmalıdır".
Bahar Muradova: "Bu günlərdə tez-tez təbii fəlakətlər baş verir, ancaq təəssüflər olsun ki, bundan ciddi nəticələr çıxarmırıq"
Parlamentin növbədənkənar sessiyasının iclasında çıxış edən Milli Məclis Sədrinin müavini Bahar Muradova son günlər yağan yağışlarla bağlı təmsilçisi olduğu Füzuli rayonuna getdiyini və leysan yağışların və dolunun rayona ciddi ziyanlar vurduğunu söylədi. Ölkəmizin sığorta qanunvericiliyinin kifayət qədər mükəmməl olduğunu deyən B.Muradova əhali arasında maarifləndirmə işlərinin aparılmasına böyük ehtiyacın olduğunu dedi. Milli Məclis Sədrinin müavini bu məsələdə cavabdeh qurumların da fəaliyyətsizliyini diqqətə çəkdi: "Xüsusilə, əhalinin yağışlardan, daşqınlardan ziyan çəkmiş təbəqəsinin sığortaya cəlb edilməsi məsələsində ciddi problemlər qalmaqdadır. Bu məsələdə ciddi maarifləndirməyə ehtiyac var. Çox təəssüflər olsun ki, sığorta işi ilə məşğul olan qurumlar bu məsələdə fəaliyyətsizdirlər. İlk növbədə, onlar bu məsələdə məsuliyyət daşıyırlar. Onlar əhali arasında bu yöndə maarifləndirməni artırmalıdırlar".
Dağlıq Qarabağ danışıqları ilə bağlı yeni mərhələnin başladığını deyən B.Muradovanın sözlərinə görə, hər bir siyasətçi, hər bir mətbuat nümayəndəsi buna bir nömrəli məsələ kimi yanaşmalı, öz töhfəsini verməyə çalışmalıdır.
Sonra gündəlikdəki məsələlərin müzakirəsi başladı. Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" və "Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanun layihələri ilə bağlı məlumat verdi. Komitə sədri bildirdi ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa bu məzmunda 19.3-cü maddənin əlavə olunması nəzərdə tutulur: "Əmək kitabçasında müvafiq qeydiyyat aparılan əsas iş yeri üzrə elmi tədqiqat və ya təhsil müəssisələrində azı 25 il çalışmış elmi dərəcəsi olan işləməyən əmək pensiyaçılarının ( bu Qanunun 20-ci maddəsinə əsasən qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilmiş əmək pensiyaçıları istisna olmaqla) əmək pensiyasının baza hissəsinin üzərinə elmlər doktoru elmi dərəcəsinə görə 200 manat, fəlsəfə doktoru elmi dərəcəsinə görə 120 manat əlavə hesablanır".
Əmək Məcəlləsinin 4-cü maddəsinə nəzərdə tutulan əlavədə isə göstərilir ki, Azərbaycan Respublikasının qanunlarında müəyyən edilmiş dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi ali təhsil və elmi tədqiqat müəssisələrinə şamil olunmur.
İclasda iştirak edən Dövlət Sosial Müdafiə Fondunun sədri Səlim Müslümov Azərbaycanda elmi dərəcəsi olan şəxslərin sayı barədə məlumat verdi. Qeyd etdi ki, hazırda Azərbaycanda elmi dərəcəsi olan 10723 nəfərdən 1827 nəfəri elmlər doktoru, 8896 nəfəri isə elmlər namizədidir. Bu insanlardan 5910 nəfəri pensiya yaşındadır. Bunların 1460 nəfəri elmlər doktoru, 4460 nəfərə yaxını isə elmlər namizədi olan şəxslərdir. Səlim Müslümovun sözlərinə görə "Əmək pensiyaları haqqında" qanuna dəyişiklik qüvvəyə mindikdən sonra pensiyaların artımla verilməsi üçün 1 ayda 830 min manata yaxın, 6 ayda isə 5 milyon manat vəsaitə ehtiyac var. DSMF sədri onu da qeyd etdi ki, bu praktika Litva, Ukrayna və Rusiyada da var.
Hər iki qanun layihəsi millət vəkillərinin səs çoxluğu ilə təsdiq olundu.
Milli Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli "Ölkədən getmək, ölkəyə gəlmək və pasportlar haqqında", "Məhkəmə və hüquq mühafizə orqanları işçilərinin dövlət müdafiəsi haqqında", "İcra məmurları haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında", "İcra haqqında", "Azərbaycan Respublikasında dövlət dili haqqında" "Məhkəmə-Hüquq Şurası haqqında" qanunlarda, Mülki Prosessual, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Cinayət və Mülki məcəllələrdə, o cümlədən, Azərbaycan Respublikasının 1999-cu il 22 iyun tarixli 691-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Hakimlərin xidməti vəsiqəsi haqqında Əsasnamə"də dəyişikliklərin edilməsi barədə qanun layihələri, o cümlədən, "Azərbaycan Respublikası Ali Məhkəməsi və İqtisadi Məhkəməsi hakimlərinin xidməti vəsiqəsinin nümunələrinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Milli Məclisinin 2000-ci il 30 sentyabr tarixli 930-IQR nömrəli Qərarının qüvvədən düşmüş hesab edilməsi barədə" Azərbaycan Respublikası Milli Məclisinin qərar layihəsi barədə məlumat verdi.
Qısa müzakirədən sonra qanun layihələri və qərar layihəsi təsdiq olundu.
Qısa fasilədən sonra Milli Məclisin iclası davam etdirildi. Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi ilə bağlı məlumat verdi. Bildirdi ki, qanunun 12-ci maddəsinin ikinci hissəsində bu məzmunda ikinci hissənin əlavə edilməsi nəzərdə tutulur: " Qaçqın vəsiqəsinin və yol sənədinin verilməsinə görə "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş məbləğdə dövlət rüsumu tutulur"
Qanun layihəsi qəbul olundu.
İclasda "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında" qanunun layihəsi də müzakirə edildi. Layihə ilə bağlı Milli Məclis Sədrinin müavini, parlamentin Təbii Ehtiyatlar, Energetika və Ekologiya Komitəsinin sədri Valeh Ələsgərov məlumat verdi. V.Ələsgərov layihə barədə məlumat verərək qeyd etdi ki, sənəd qanunvericilik təşəbbüsü qaydasında ölkə Prezidenti tərəfindən təqdim edilib. Vergi Məcələsinin 106-cı maddəsinə nəzərdə tutulan dəyişikliyə əsasən neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlərə uyğun olaraq əsas fondların, daşınar əmlakın və digər aktivlərin hər hansı şəkildə həmin sazişlərdə Azərbaycanı təmsil edən tərəfə təqdim edilməsi üzrə əməliyyatların vergidən azad edilməsi nəzərdə tutulur. 122-ci maddəyə təklif olunan dəyişikliyə görə neft-qaz ehtiyatlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü, ixrac boru kəmərləri haqqında və bu qəbildən olan digər sazişlər üzrə mənfəətin bölüşdürülməsi, habelə, müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş hallarda hüquqi şəxsin tam mülkiyyətində olan törəmə müəssisələrin xalis mənfəətinin həmin hüquqi şəxsin mərkəzləşdirilmiş fondunda cəmləşdirilməsi üzrə köçürmələr və bu şəxsin həmin gəliri vergiyə cəlb olunmur.
Layihə ilə bağlı deputatlardan Etibar Hüseynov, Arif Əşrəfov fikirlərini bildirdilər. Qısa müzakirədən sonra qanun layihəsi təsdiq olundu.
Rəbiyyət Aslanova: "Zamanın tələblərindən irəli gəlmiş bu dəyişikliklər, din-dövlət münasibətlərinin tənzimlənməsi məsələlərində mühüm rol oynayıb"
İclasda son olaraq "Dini etiqad azadlığı haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikası qanununun layihəsi müzakirə edildi. Layihə ilə bağlı Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Rəbiyyət Aslanova ətraflı məlumat verərək bildirdi ki, "Dini etiqad azadlığı haqqında" Qanun 1992-ci ildə qəbul edilib: "Ötən müddət ərzində bir sıra dəyişikliklər edilmişdir. Zamanın tələblərindən irəli gəlmiş bu dəyişikliklər, din-dövlət münasibətlərinin tənzimlənməsi məsələlərində mühüm rol oynayıb. Yeni layihədə qanunun müvafiq maddələrində 19 dəyişikliklər nəzərdə tutulub".
R.Aslanova bildirdi ki, sözügedən sənədə yeni 4-cü maddə əlavə edilir ki, bu da "Peşəkar dini fəaliyyət və din xadimi" adlanır. Bununla yanaşı, adıçəkilən sənədin 6-cı maddəsinə təklif olunan dəyişiklikdə qeyd olunur ki, dini qurumlar tərəfindən gənclərin və yaşlıların müqəddəs kitabları öyrənmə kursları (qrupları) həmin dini qurumların nizamnamələrinə uyğun olaraq, tabe olduqları dini mərkəz və idarələrin razılığı ilə yaradılır.
R.Aslanova, həmçinin, qeyd etdi ki, mövcud qanunun 7-ci maddəsinə təklif olunan dəyişiklikdə qeyd edilir ki, dini mərkəz və idarələr, dini təhsil müəssisələri və dini icmalar, onların birlikləri dini qurumlardır. Eyni zamanda, Azərbaycan Respublikasında fəaliyyət göstərən islam dini qurumları Qafqaz Müsəlmanları İdarəsinə öz fəaliyyətləri haqqında hesabat təqdim edirlər.
Siyavuş Novruzov: "Gürcüstan Müsəlmanları İdarəsinin yaradılması düzgün deyil"
YAP İcra katibinin müavini, millət vəkili Siyavuş Novruzov Gürcüstan Müsəlmanları İdarəsinin yaradılmasının əleyhinə olduğunu bildirdi. Millət vəkilinin dediyinə görə, belə bir qurumun yaradılması düzgün deyil: "Bununla bağlı Milli Məclisin Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupu öz mövqeyini Gürcüstan parlamentinə və rəhbərliyinə çatdırmalı, etirazını bəyan etməlidir".
Müzakirələrdə deputatlardan Tahir Rzayev, İlyas İsmayılov, Qüdrət Həsənquliyev, Musa Qasımlı, Fəzail Ağamalı, Aydın Mirzəzadə layihə ilə bağlı fikirlərini bildirdilər.
İclasda iştirak edən Qafqaz Müsəlmanları İdarəsi sədrinin müavini, Bakı İslam Universitetinin rektoru Hacı Sabir Həsənli də layihəyə münasibətini bildirdi.
Müzakirələrdən sonra qanun layihəsi təsdiq olundu
RƏFİQƏ HÜSEYNOVA