PDF Oxu

Əsas

  • 17

Qurtuluşa aparan yol

Qurtuluşa aparan yol

Azərbaycan tarixində elə məqamlar yaşanıb ki, həmin məqamlar mühüm mərhələnin başlanğıcı kimi tariximizə həkk olunub. Belə məqamlardan biri də Ümummilli Lider Heydər Əliyevin 1993-cü ilin 15 iyununda xilaskar missiyası ilə yenidən hakimiyyətə qayıtması ilə tarixə düşən hadisədir.

Ulu Öndər Heydər Əliyevin 1990-cı ilin yayında Moskvadan Azərbaycana qayıtması, lakin ona Bakıda qalmağa imkan verilməməsi səbəbindən doğulub boya-başa çatdığı Naxçıvana getməsi anından hakimiyyətdə olan qüvvələr daim Onun yenidən böyük siyasətə qayıdışına hər cür maneçilik törətmiş, hətta Onu fiziki cəhətdən məhv etməyə cəhd göstərmişdilər.

Azərbaycan MEA A.Bakıxanov adına Tarix İnstitutunun elmi işçisi Nazim Mustafa belə düşünür ki, Heydər Əliyevin 1990-ci ilin iyununda Moskvadan Vətənə qayıtmasından başlamış, 1993-cü ilin iyununda xilaskar missiyası ilə Naxçıvandan Bakıya qayıtmasınadək olan dövrü bir neçə mərhələyə bölmək olar.

Birinci mərhələ Heydər Əliyevin Moskvadan Naxçıvana qayıtması dövründən, 1992-ci ilin iyun ayına qədər olan dövrü əhatə edir. Həmin dövrdə Ulu Öndər Heydər Əliyev Naxçıvanda xalq hərəkatının şəriksiz lideri kimi yenidən böyük siyasətə qayıtmış, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Ali Sovetinə deputat seçilmişdi.

O zamankı hakimiyyətin hər cür təzyiqlərinə baxmayaraq, Naxçıvanın sosial-iqtisadi problemlərinin həllini təkbaşına öz çiyinlərinə götürmüşdü. Həmin dövrdə Heydər Əliyev kimi təcrübəli bir dövlət xadiminin Naxçıvana rəhbərlik etməsi Xalq Cəbhəsinə də sərf edirdi. Onlar məhz Heydər Əliyevin sayəsində A.Mütəllibov qaragüruhuna qarşı müqavimət göstərə bilirdilər.

Oktyabrın 24-də Naxçıvan Xalq Cəbhəsinin yerli qurumlarına məxsus olan silahlı dəstələr Daxili İşlər Nazirliyinin binasını və televiziya studiyasını ələ keçirdilər. Lakin naxçıvanlılar onları müdafiə etmədilər və silahlı çevriliş cəhdi baş tutmadı. Xalq qətiyyətlə görkəmli siyasi xadim Heydər Əliyevi dəstəklədi.

Üçüncü mərhələni "soyuq müharibə" dövrü adlandırmaq olar. Bu mərhələ 1992-ci ilin oktyabrından 1993-cü ilin fevral ayınadək olan dövrü əhatə edir. Bu dövrdə AXC-Müsavat iqtidarı, sözün həqiqi mənasında, Naxçıvanın blokadasını daha da sərtləşdirmişdi. Ali Sovetin Sədri Heydər Əliyev bir tərəfdən genişlənən erməni təcavüzünün qarşısını alır, digər tərəfdən isə İran və Türkiyə ilə şəxsi əlaqələri hesabına muxtar respublikanın ərzaq və yanacaq problemlərini həll edirdi.

Dördüncü mərhələ 1993-cü ilin fevralından AXC-Müsavat iqtidarının süqutuna qədər olan dövrü əhatə edir. Fevralın əvvəlində Əbülfəz Elçibəy dərk etmişdi ki, Onun komandası ölkəni fəlakətə sürükləyir. Məhz bundan sonra Ə.Elçibəy Heydər Əliyevin dövlətçilik təcrübəsindən, idarəetmə məharətindən faydalanmağı zəruri hesab etmişdi.

Ölkənin idarəolunmaz vəziyyətə düşdüyünü görən Ə.Elçibəy fövqəladə vəziyyət tətbiq edilməsi haqqında Fərman imzalamışdı. Gəncəbasarda qanuni hakimiyyəti bərqərar etmək, qiyamçı 709 nömrəli briqadanı tərksilah etmək məqsədilə iyunun 4-də olduqca səriştəsiz bir əməliyyat həyata keçirilmişdi. Gəncəyə 3 minədək canlı qüvvə və texnika yeridilmişdi.

Qardaş qanı tökülmüş, 35 nəfər həlak olmuş, 135 nəfər yaralanmışdı. 1200 döyüşçü, habelə, respublikanın baş prokuroru İxtiyar Şirinov və milli təhlükəsizlik nazirinin müavini Sülhəddin Əkbərov girov götürülmüşdülər. Hökumət qüvvələri biabırçılıqla məğlub olmuşdu. Surət Hüseynovun dəstələri Bakı üzərinə hərəkətə başlamışdılar.

Azərbaycan xalqı xaos və anarxiyadan, dövlətçiliyini itirmək təhlükəsindən xilas oldu. Azərbaycan xalqının azadlığının, müstəqil dövlətçiliyinin müqəddəratının həll edildiyi ən ağır günlərdə Heydər Əliyevin hakimiyyətə qayıdışı əsaslı dönüş nöqtəsi oldu. Qurtuluş missiyalı bu qayıdış Azərbaycan xalqının itirilmiş inamı özünə qaytardı, sabaha, gələcəyə olan ümidini artırdı.

Məhz Heydər Əliyevin siyasi hakimiyyətə qayıdışından sonra ölkədə ilk demokratik prezident seçkiləri keçirildi. 1993-cü il oktyabrın 3-də Azərbaycan xalqı yekdilliklə öz böyük oğlunu ölkənin prezidenti seçdi. Daxili və xarici qüvvələrin Azərbaycanın dövlətçiliyini sarsıtmaq istiqamətində əlbir iş gördükləri bir vaxtda hakimiyyətə qayıdan Heydər Əliyev böyük çətinlikləri dəf etməli oldu.

Azərbaycanın müstəqilliyinə və ərazi bütövlüyünə qəsdlər təşkil edən cinayətkar qruplaşmalar cəmiyyətdən təcrid edildilər. İctimai-siyasi sabitliyi pozan qanunsuz silahlı dəstələr ləğv edildi. Nizami ordu quruculuğuna başlanıldı. 1994-cü ilin mayında Ermənistan-Azərbaycan müharibəsində atəşkəs sazişi imzalandı. Ölkənin ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrin genişlənməsində əsil dönüş yarandı.

1994-cü ilin sentyabrında "Əsrin müqaviləsi" imzalandı və yeni neft strategiyasının həyata keçirilməsinə başlanıldı. Ölkədə ictimai-siyasi sabitliyin bərqərar edilməsi neft-qaz sektoruna milyardlarla dollar sərmayə yatırılmasına imkan yaratdı. İqtisadi və sosial islahatların həyata keçirilməsi istiqamətində böyük addımlar atıldı.

Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi strateji xətt bu gün onun siyasi kursunun davamçısı möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ölkəmizin iqtisadi, siyasi, mədəni həyatında mühüm və gələcəyə yönəlmiş sanballı addımlar atılır. Azərbaycan yüksək sürətlə inkişaf edir.

Bir sözlə, Ümummilli Lider Heydər Əliyevin siyasəti yaşayır və uğurla həyata keçirilir. O dövrdə baş verən hadisələrin təhlili göstərir ki, əgər 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ümummilli Liderimiz Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı. Ona görə də 15 iyun 1993-cü il müasir tariximizdə mühüm mərhələnin başlanğıcı kimi xarakterizə edilir.


Elçin Bayramlı

Digər xəbərlər