PDF Oxu

Əsas

  • 19

“Böyük xilaskarlıq missiyası”

“Böyük xilaskarlıq missiyası”

Nəsimi


15 İyun Milli Qurtuluş Gününün 18 illik tarixi ilə bağlı Nəsimi rayon icra hakimiyyətinin akt zalında keçirilən tədbirdə çıxış edən rayon icra hakimiyyəti başçısının birinci müavini Zahid Xəlilov tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü ilin 15 iyun gününü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əziz olduğunu bildirdi: "Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil Qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan və Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, xalqına arxalanan və xalqa arxa olan bir böyük şəxsiyyət Ümummilli Liderimiz Heydər Əliyev idi. Ümummilli Liderimiz Heydər Əliyevin xalqımızın və tariximizin qarşısında ən böyük xidmətləri kəskin geosiyasi ziddiyyətlərin mövcud olduğu bir şəraitdə Azərbaycan dövlətçiliyini xilas etməsində, Azərbaycan varlığını parçalanıb yox olmaq təhlükəsindən qurtarmaqda idi. Dövlətimizin qorunub saxlanılması isə azadlığımızın, müstəqilliyimizin qorunub saxlanması deməkdir, Qurtuluş deməkdir!"

RİH-in şöbə müdiri Xalid Kərimov da çında söylədi ki, 1993-cü ilin iyun ayında başlanan Gəncə hadisələri ölkəmizin artıq vətəndaş qarşıdurması ərəfəsində olmasının aydın işarəsi idi: "Məhz belə tarixi məqamda Azərbaycan xalqı seçimini etdi. Xalqımız özünün böyük oğlu, Ümummilli Liderimiz Heydər Əliyevi köməyə çağırdı və hakimiyyət sükanını Ona etibar etdi. 15 iyun 1993-cü ildən - Milli Qurtuluş Günündən başlanan müstəqilliyin inkişaf etdirilməsi, uğurlu dövlət quruculuğu, sabit vətəndaş cəmiyyətinin yaradılması bu gün də qətiyyətlə davam etdirilir. Dövlətçilik konsepsiyasını məhz Ümummilli Lider Heydər Əliyevin strateji kursu üzərində formalaşdıran möhtərəm Prezidentimiz İlham Əliyev milləti Heydər Əliyev ideyaları ətrafında birləşdirir, özünü azərbaycanlı sayan, bu mənsubiyyətdən qürur duyan hər kəsi Ulu Öndərin yarımçıq qalmış arzularının, ideyalarının həyata keçirilməsinə səfərbər edir. Bizi xəyallarımızda yaşatdığımız tam demokratik, qüdrətli Azərbaycanın qurulması üçün Prezidenti İlham Əliyevin liderliyi altında mühüm vəzifələr gözləyir".

Tədbirdə Nəsimi bələdiyyəsinin sədri Natiq Abbasov, rayon gənclər və idman idarəsinin rəisi Elbrus Abdullayev, 133 saylı tam orta məktəbin direktoru Füzuli Həsənov və başqaları görüş iştirakçılarını bayram münasibətilə təbrik etdi və bildirdilər ki, 15 İyun Milli Qurtuluş Günü xalqımızın fəlakətdən qurtulduğu, dövlətimizin bütövləşdiyi tarixi gündür.

Lənkəran


Dünən Lənkəran Şəhər İcra Hakimiyyəti, Lənkəran Regional Elm Mərkəzi və Lənkəran Dövlət Universitetinin 15 İyun Milli Qurtuluş Gününə həsr edilmiş konfransda universitetin rektoru, fizika-riyaziyyat elmləri doktoru, əməkdar elm xadimi, professor Asəf İsgəndərov çıxış edərək, iştirakçıları bayram münasibətilə təbrik edib. A.İsgəndərov Ümummilli Lider Heydər Əliyevin müstəqil dövlətimizin yaranmasında, möhkəmlənməsində və dünya ölkələri arasında tanınmasında tarixi xidmətlərindən danışıb.

A.İsgəndərov 1993-cü ilin may-iyun aylarında yaşanmış Azərbaycan tarixinin ən ağır günlərini xatırladaraq, ilk növbədə, Qarabağ müharibəsində böyük itkilərdən, hərbi uğursuzluqlardan, iqtisadi tənəzzüldən və dövlət rəhbərliyindəki çəkişmələrdən geniş məlumat verib: "Azərbaycan xalqının və Azərbaycan Respublikasının tarixinə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyun günü onu qiymətləndirənlər, dərindən dərk edənlər üçün çox əzizdir. Vətənini, xalqını sevən həmin çətin, ağrılı günlərin dəhşətlərini yaşayan, hadisələri gözləri ilə görən insanlar üçün 15 iyun əsil qurtuluş tarixi, Azərbaycanda ölüm-dirim mübarizəsinin tarixidir. Bu tarixi yaradan isə yenə də Azərbaycanın inkişafında, müstəqilliyində, gələcəyində müstəsna rol oynayan, daim xalqına arxalanan və xalqa arxa olan bir insandır Ulu Öndərimiz Heydər Əliyev".

Universitetin dil və ədəbiyyat kafedrasının dosenti, filologiya elmləri namizədi Yədulla Ağazadə "Ümummilli Lider Heydər Əliyev və Azərbaycan Respublikasının dövlət müstəqilliyi" mövzusunda məruzə edərək, Ulu Öndərin böyük siyasətə və müstəqil Azərbaycanın rəhbərliyinə yenidən qayıdışı ilə əlamətdar olan 1993-cü il 15 iyun gününün müstəqillik tariximizə yeni, mühüm bir dövrün başlanğıcı, Milli Qurtuluş Günü kimi daxil olduğunu bildirib. Y.Ağazadə müstəqil dövlətimizin Qurtuluşdan ötən dövr ərzində imza atdığı uğurlardan geniş bəhs edib. Vurğulayıb ki, Azərbaycan yerləşdiyi coğrafi məkana, malik olduğu təbii resurslara görə daim dünyanın diqqət mərkəzində olub. Bu gün həmin marağın daha da artdığının şahidiyik. Böyük enerji layihələrinin mərkəzinə çevrilən Azərbaycanın dünyada iqtisadi və siyasi mövqeyinin möhkəmləndiyini deyən Y.Ağazadə bugünkü reallıqların əsas səbəbini açıqlayaraq, bildirib ki, bu, Ulu Öndər Heydər Əliyevin "İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir" fikrini bir daha təsdiqləyir.

Görüşdə YAP Lənkəran şəhər təşkilatının universitet ərazi ilk təşkilatının sədri Tofiq Paşayev, fəlsəfə elmləri doktoru, professor Səyavuş Talışlı, universitetin baş müəllimi Qabil Əmənullayev, magistrantlardan Sədiqə Rəfizadə, Mircavid Əhmədov və başqaları çıxışlarında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili və xarici siyasətinə dəstək olduqlarını və müdafiə etdiklərini bildirdilər.


Ağstafa


Dünən Ağstafa rayon icra hakimiyyətinin müşavirə zalında 15 İyun Milli Qurtuluş Günü ilə əlaqədar "Heydər Əliyev Azərbaycanın xilaskarıdır" mövzusunda görüşü keçirilib.

Tədbir iştirakçıları əvvəlcə rayonun mərkəzində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə təzə- tər gül dəstələri düzüblər.

Ağstafa rayon icra hakimiyyətinin başçısı vəzifəsini icra edən və YAP Ağstafa rayon təşkilatının sədri Ramiz Tatarov görüşdə çıxış edərək, 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir iştirakçılarını və rayon ictimaiyyətini təbrik etdi. R.Tatarov qeyd edərək bildirdi ki, tarixə Milli Qurtuluş Günü kimi daxil olmuş 1993-cü ilin 15 iyunundan 18 il keçir: "Bir xalqın və bir dövlətin tarixi üçün 18 il çox qısa zamandır. Amma həmin Qurtuluş Günündən ötən bu illər böyük dəyişikliklərlə yadda qalmışdır. Azərbaycan xalqı milli dövlətini yaratmış və özünün xilaskarının fəaliyyəti nəticəsində bu dövləti əbədi etmişdir. Əgər həmin gün xalqın istəyi və tələbi ilə dövrümüzün müdrik tarixi şəxsiyyəti, təcrübəli və iradəli dövlət xadimi, Ümummilli Liderimiz Heydər Əliyevin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, indi biz müstəqil, qüdrətli, hər zaman tərəqqi edən, yeniləşən və demokratikləşən Azərbaycan dövlətindən danışa bilməzdik. Həmin vaxtdan indiyə qədər Azərbaycan xalqı 15 iyun gününü əziz bayram kimi qeyd edir və Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi dəyərləndirir".

Tədbir Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti ilə başa çatıb.

Tərtər

Dünən YAP Tərtər rayon təşkilatı və Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 İyun Milli Qurtuluş Gününə həsr olunmuş ümumrayon toplantısı keçirilib. Tədbir iştirakçıları ilk öncə rayon mərkəzində ucaldılan Ümummilli Liderimiz Heydər Əliyevin əzəmətli abidəsini böyük ehtiram və hörmətlə yad edib, abidə önünə gül-çiçək dəstələri düzdülər. Rayon mədəniyyət evində keçirilən tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndikdən sonra tədbiri giriş sözü ilə açan Tərtər rayon icra hakimiyyətinin başçısının birinci müavini Vidadi Bəylərov iştirakçıları 15 İyun Milli Qurtuluş Günü münasibətilə təbrik edib, onlara müstəqil Azərbaycanın tərəqqisi və inkişafı yolunda siyasi fəaliyyətlərində uğurlar arzuladı: "Azərbaycanı bugünkü inkişaf, tərqqi yoluna çıxaran, dünya birliyində layiqli yer tutmasına səbəb Ulu Öndər Heydər Əliyevin düşünülmüş və məqsədyönlü siyasəti və bu xəttin hazırda Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsidir. Bu gün harada yaşamasından asılı olmayaraq hər bir Azərbaycan vətəndaşı ölkəmizin bugunkü uğurları ilə fəxr edir, böyük qürur hissi keçirir. Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı qarşısındakı xidmətlərindən günlərlə, aylarla danışmaq olar. Onun ən böyük xidməti müasir Azərbaycandır. Ulu Öndərimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə Azərbaycanı yenidən qurdu, dünyada tanıtdı, yeri və mövqeyini daha da möhkəmləndirdi. Ümummilli Liderimiz Heydər Əliyev hakimiyyətə qayıdışı ilə xalqa bu sevinci bəxş etdi".

Tədbirdə çıxış edən YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov 15 iyun Milli Qurtuluş Gününün ölkəmizin tarixində mühüm əhəmiyyət kəsb etdiyini açıqladı və yaddaşımıza həkk olunan 1993-cü ilin iyun hadisələrini, yaranmış ictimai-siyasi vəziyyəti geniş təhlil etdi: "15 iyun 1993-cü ildə müstəqil Azərbaycanın memarı və qurucusu, fenomenal tarixi şəxsiyyət Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixə Milli Qurtuluş Günü kimi daxil oldu. Məhz həmin gündən Azərbaycan xalqının və dövlətinin həyatında dönüş, müstəqilliyin qorunması və möhkəmləndirilməsi uğrunda şərəfli mübarizə dövrü başlandı. Bu, adi qurtuluş, adi xilasetmə deyildi. Bu, Azərbaycanın müstəqilliyinin qorunması və əbədiliyə çevrilməsi, dönüş və yüksəlişin təməlinin qoyulması demək idi. YAP Tərtər rayon təşkilatının sədri onu da bildirdi ki, o dövrdə dövlətçiliyimizin başı üzərini almış fəlakəti xalqımızın təkidli tələbi ilə respublika rəhbərliyinə yenidən qayıdan Ulu Öndər Heydər Əliyev aradan qaldırdı: "Onun təcrübəsi, qətiyyəti, cəsarəti, uzaqgörənliyi sayəsində xalqımız düşdüyü bəlalardan xilas olaraq sabitliyə, əmin-amanlığa qovuşdu, demokratik prinsiplərə əsaslanan dövlət quruculuğuna başladı. Ulu Öndər Heydər Əliyevin zəngin dühası və qüdrəti ilə müstəqil Azərbaycan siyasi, ictimai, iqtisadi və mədəni həyatın bütün sahələrində irəliləyişlərə nail oldu".

Tədbirdə MTN-nin rayon şöbəsinin rəisi Raquf Məmmədov, rayon təhsil şöbəsinin müdiri Aydın Qarayev, Ağabəyalı kənd inzibati ərazi üzrə nümayəndəsi İlyas Həsənov, mərkəzi rayon xəstəxanası poliklinika şöbəsinin müdiri Pərvin Xudiyeva və digər çıxışçılar Ulu Öndərin Azərbaycan xalqı qarşısında əvəzsiz xidmətlərindən bəhs edərək, Milli Qurtuluş Gününün dövlətimizin şərəfli tarixi olduğunu söylədilər.


RƏFİQƏ KAMALQIZI

Digər xəbərlər