Dünən Dövlət Sərhəd Xidmətinin Nərimanov rayonunda inşa olunmuş yeni yaşayış kompleksində müstəqillik tariximizə Azərbaycan xalqının yenilməzliyinin simvolu kimi həkk olunmuş 15 İyun Milli Qurtuluş Günü münasibəti ilə tədbir keçirilmişdir. Tədbiri giriş sözü ilə açan Dövlət Sərhəd Xidmətinin rəisi - Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev milli dövlətçilik təntənəsinin 18-ci ildönümü münasibətilə tədbir iştirakçılarını təbrik etmişdir. Qeyd olunmuşdur ki, bayram tədbirinin Dövlət Səhəd Xidmətinin yeni inşa olunmuş 264 mənzilli yaşayış binaları kompleksinin qarşısında təşkil olunmasının böyük rəmzi əhəmiyyəti vardır.
Çünki dövlət sərhədində dövləti maraqların müdafiə olunması, sərhədboyu ərazilərdə qanunçuluğun təmin edilməsi üzrə işlərin başlanğıc nöqtəsi - Dahi Öndər Heydər Əliyevin dövlətçiliyimizin xilaskarı missiyasını uğurla gerçəkləşdirdiyi 1993-cü ilin 15 iyun tarixi - Milli Qurtuluş Günüdür. Həmin taleyüklü hadisələri daima xatırlamaq və Ulu Öndərin fəaliyyətini əsl vətəndaşlıq nümunəsi kimi nəsillərin yaddaşında yaşatmaq hər birimizin sədaqət borcudur.
Tədbirdə 90-cı illərin əvvəllərində ölkəmizdə yaranmış ictimai-siyasi vəziyyətə, baş verən hadisələrə qısa da olsa, nəzər salınmış və qeyd edilmişdir ki, əgər 1993-cü ilin 15 iyununda xalqımızın istəyi və tələbi ilə müdrik tarixi şəxsiyyətin, təcrübəli və iradəli dövlət xadiminin hakimiyyətə qayıdışı gerçəkləşməsəydi, heç şübhəsiz ki, indi müstəqil, qüdrətli, yeniləşən və demokratikləşən Azərbaycan dövləti də olmayacaqdı. Mürəkkəb, çətin və ziddiyyətli proseslərin cərəyan etdiyi ağır günlərdə Ulu Öndər Heydər Əliyevin xalqın iradəsi ilə ikinci dəfə hakimiyyətə QAYIDIŞI ilə müstəqilliyimizi məhv olmaqdan xilas etdi. Bu, sözün əsl mənasında, böyük vətəndaşlıq hünəri idi. Heç də təsadüfi deyildir ki, 1997-ci il iyun ayının 27-də Milli Məclis xalqın bütün təbəqələrinin istək və arzularını nəzərə alaraq 1993-cü il 15 iyun tarixini Azərbaycan dövlətinin qurtuluşunun başlanğıcı kimi qiymətləndirdi və həmin günü "Milli Qurtuluş Günü" elan etdi. Bu gün azad və firəvan yaşayan xalqımız öz nicatına və tərəqqisinə görə Ulu Öndər Heydər Əliyevə minnətdardır.
Bayram tədbirində xüsusi olaraq vurğulandı ki, yalnız Dahi Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra Azərbaycan sərhəd mühafizəsinin təşkili və formalaşmasında əsaslı islahatların keçirilməsi mümkün olmuşdur. Ümummilli Lider Heydər Əliyevin müəyyən etdiyi milli sərhəd siyasətinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı altında ardıcıl həyata keçirilməsi mühüm xidməti nailiyyətlərin əldə olunması imkanını yaratmışdır.
XX əsrin 90-cı illərinin ortalarından başlayaraq Azərbaycan sərhəd mühafizəsi böyük inkişaf yolu keçmiş, müasir silah və texnika ilə təchiz edilmiş, mobil, qarşıya qoyulan tapşırıqları yüksək səviyyədə icra etməyə qadir olan hərbi potensial əldə etmişdir. Vətənpərvər, Azərbaycan Respublikasının Prezidentinə və milli dövlətçiliyə sadiq hərbi kollektivin formalaşdığı Dövlət Sərhəd Xidməti öz inkişaf səviyyəsinə görə Avropa miqyasında lider mövqeləri fəth etməyə nail olmuşdur.
Dövlət sərhədində və hərbi hissələrdə həyata keçirilmiş böyük miqyaslı tikinti-quruculuq işləri sayəsində müasir sərhəd-mühafizə infrastrukturu yaradılmış, dövlət sərhədlərinin daha etibarlı mühafizəsi təmin olunmuşdur. Son illər ərzində Horadiz, Göytəpə, Xudat, Şəki, Zaqatala, Şəmkir sərhəd dəstələrinin qarnizon kompleksləri, sahil mühafizəsinin yeni bazası, akademiya, "Sərhədçi" idman-olimpiya və istirahət mərkəzləri, hərbi anbarlar, aviasiya dəstəsi, Cəlilabad rayonunda vahid tədris mərkəzi, atçılıq mərkəzi, xidməti heyvanların təlimatçılarının hazırlanması mərkəzi, yüzlərlə sərhəd məntəqəsi və digər xidməti obyektlər istifadəyə verilmişdir. Son 5 il ərzində Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissələrində cəmi 910, o cümlədən, təkcə Bakı şəhərində 492 xidməti mənzil inşa edilmişdir.
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin tapşırıqlarına əsasən Nərimanov rayonunda yaradılmış yaşayış kompleksi sərhədçilərin mənzil-məişət şaraitinin yaxşılaşdırılmasına göstərilən dövlət qayğısının yeni ifadəsidir.
Tədbir iştirakçıları may ayının 19-da Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin yaşayış kompleksinin istifadəyə verilməsi münasibəti ilə keçirilən təntənəli mərasimdə iştirakını böyük qürur hissi ilə qeyd etmişlər. Bu tarixi hadisənin sərhədə və sərhədçiyə göstərilən qayğının yeni təzahürü olduğu vurğulanmış, qeyd edilmişdir ki, cənab Prezidentin sərhədçilərlə hər bir görüşü ölkəmizin sərhəd mühafizəsi salnaməsinin parlaq səhifəsidir.
Kompleksdə sərhədçilər üçün bütün şərait yaradılmışdır. Burada iki və üçotaqlı mənzillərdən ibarət 12 mərtəbəli 264 mənzilli yaşayış binası, uşaq bağçası, qadın və kişi fitnes salonları, market və kafe, voleybol və basketbol meydançaları, avtomobil dayanacağı və istirahət parkı vardır. Kompleks yanğınsöndürmə, işıqlandırma, suvarma sistemləri ilə təchiz olunub. Ərazidə abadlaşdırma və yaşıllaşdırma işləri aparılıb, çəmənliklər salınıb, dekorativ ağac və kollar əkilib.
Mərasimin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi-Sərhəd Qoşunlarının Komandanı, general-leytenant Elçin Quliyev yeni mənzillərin orderlərini sərhədçilərə təqdim etmişdir.
Mərasim Dövlət Sərhəd Xidmətinin Nümunəvi Hərbi Orkestrinin ifa etdiyi musiqi sədaları altında furşetlə davam etdirilmişdir.
İ.ƏLİYEV