PDF Oxu

Əsas

  • 13

“Məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması”

“Məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması”

Dünən "Avropa" mehmanxanasının "Bakı" zalında "Azərbaycanda məcburi köçkünlərin və yerli fermerlərin həyat şəraitinin yaxşılaşdırılması - FAO təcrübəsinin ölkənin digər rayonlarında yeni salınan qəsəbələrdə təkrarlanma imkanları" mövzusunda konfrans keçirildi. Konfransda beynəlxalq humanitar təşkilatlarla yanaşı, dövlət və hökumət nümayəndələrinin təmsilçiləri iştirak etdi.

İsveçrənin "İnkişaf və Əməkdaşlıq" beynəlxalq humanitar təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Filip Kellerin giriş sözü ilə çıxış edərək, keçirilən tədbirin məqsədi barədə məlumat verdi: "Konfransın keçirilməsində əsas məqsəd ölkənin digər regionlarında da məcburi köçkün və yerli fermerlərin gəlirlərinin artırılmasına töhfə vermək üçün Azərbaycan hökuməti və donor ictimaiyyətinin bütün səylərini bir araya gətirməkdir".

Əli Həsənov: "Azərbaycan hökuməti bu gün qaçqın və məcburi köçkünlərin bütün sosial problemlərini tam həll etmək iqtidarındadır"

Tədbirdə çıxış edən Baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda bütün beynəlxalq təşkilatlara hörmətlə yanaşıldığını bildirdi: "Azərbaycanda fəaliyyət göstərən beynəlxalq təşkilatların nümayəndəliklərinə hörmətlə yanaşırıq və bu, qarşılıqlı olmalıdır. Bizə də hörmətlə yanaşılmalıdır".

Ə.Həsənov onu da söylədi ki, Azərbaycanda məcburi köçkünlərlə bağlı layihə həyata keçirən istənilən təşkilat "Bu layihə Ermənistanın Azərbaycana təcavüzü nəticəsində əziyyət çəkən insanlar üçün həyata keçirilir" fikrini ifadə etməlidir. Əgər hansı təşkilat, hansı donor bunu demirsə, bu layihənin icrasına icazə verilməyəcək. Necə ola bilər ki, Azərbaycanda 20 ildir, məcburi köçkün həyatı yaşayan insanlar üçün layihə həyata keçirəsən, amma bir kəlmə də dilinə gətirməyəsən ki, bunlar ermənilərin təcavüzündən əziyyət çəkən insanlardır. Bu, düzgün deyil".

Ə.Həsənov layihələrin həyata keçirilməsinin müsbət nəticələri olduğunu da vurğuladı. Onun sözlərinə görə, ilin sonunadək məcburi köçkünlərə xərclənən vəsaitlərin həcmi 4,5 milyard dollara çatacaq. Azərbaycan hökuməti Ağdam və digər rayonlardan köçkün düşmüş, müvəqqəti olaraq çadır düşərgələri və dəmir yol vaqonlarında məskunlaşmış məcburi köçkün ailələrinin həyat şəraitinin yaxşılaşdırılması üçün müxtəlif tədbirlər həyata keçirir. Əsas məqsəd, əsasən, Ağdam rayonu ərazisində lazımi fiziki və sosial infrastrukturu təmin etməklə normal həyat şəraitinin yaradılmasıdır.

Baş nazir mavini Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Kazanda keçiriləcək görüşü ilə bağlı məsələyə də münasibət bildirdi. Onun dediyinə görə, Qarabağ probleminin həllində maraqlı olan beynəlxalq təşkilatlar Ermənistana təsir etməlidirlər: "Azərbaycanın torpaqları 20 ildir işğal altındadır. Azərbaycan 20 ildir bəyan edir ki, gəlin, problemi sülh yolu ilə həll edək. Ona görə birgə bəyanatlar veriləndə hər iki tərəfə eyni gözlə baxmaq, guya balans gözləmək düzgün deyil. Mənim şəxsi fikrimdir ki, hər iki tərəfə eyni qaydada nəyisə diktə etmək düzgün deyil. Birmənalı olaraq, Ermənistana təsir etmək lazımdır. Bütün dünya bilir ki, Ermənistan razılığa gəlmir. Ermənistan rəhbərliyi qeyri-konstruktiv mövqedədir. Qəti addımlar atmaq lazımdır ki, münaqişənin həlli ilə bağlı sülh müqaviləsi imzalansın. Azərbaycan xalqı nə qədər səbr etməlidir? Əgər beynəlxalq təşkilatlar Ermənistana təsir etsələr, ola bilsin ki, növbəti görüşdə nəticə əldə olunsun".

Tədbirdə çıxış edən kənd təsərrüfatı nazirinin müavini Bəhrəm Əliyev bildirdi ki, artıq birinci faza başa çatmışdır: "Bu fəaliyyətlərin bir hissəsi olaraq, Birləşmiş Millətlərin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı tərəfindən həyata keçirilən, Azərbaycan və İsveçrə hökumətləri tərəfindən maliyyələşdirilən və 2007-ci ildən həyata keçirilən "Ağdam rayonu ərazisində yeni salınmış qəsəbələrdə məskunlaşmış məcburi köçkün və qaçqınlar üçün bacarıqların artırılması naminə inkişaf layihəsi" böyük mənfəətçi kütləsini əhatə edərək, məcburi köçkün və yerli fermerlərin davamlı gəlir əldə etmələrinə şərait yaradır.

Nazir müavini onu da vurğuladı ki, kənd təsərrüfatı sektoru üzrə yerli xidmət təchizatçılarının dəstəyi ilə layihə çərçivəsində 45 aparıcı fermer seçilmiş və 68 fermer əsaslı təşkilatı yaradılmışdır: "Nəticə etibarı ilə, Ağdam rayonunda layihənin hədəf zonasında məskunlaşan ailələrin təxminən 57 faizinə birbaşa və dolayı yolla dəstək verilmişdir. Mənfəətçilərlə yanaşı, məsləhət xidmətləri təklif edən təchizatçılarda tərəvəz istehsalı, xəstəlik və zərərvericilərlə mübarizə, marketinq, istixanaların idarə edilməsi və açıq sahədə məhsul istehsalına dair praktiki təlimlərlə təmin olunmuşlar. Nazirlik Ağdamda tətbiq olunan təcrübənin ölkənin digər regionlarında da tətbiq edilmə mümkünlüyünün təhlil edilməsini FAO təşkilatına təklif etmişdir. Bu yanaşma digər rayonlarda da tətbiq oluna bilər. Lakin Azərbaycanın digər rayonlarında sosial-iqtisadi vəziyyət fərqli olduğundan, məcburi köçkün və yerli fermerlərin daimi gəlir ehtiyaclarını aradan qaldırmaq üçün Ağdam rayonunda həyata keçirilən layihə yanaşmasının yerli şəraitə uyğunlaşdırılması vacibdir və bu yanaşma hökumətin qaçqınlar və məcburi köçkünlərlə bağlı və həmçinin, kənd təsərrüfatı siyasəti çərçivəsində olmalıdır".

Tədbirdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Ağdam rayon icra hakimiyyətinin başçısı Nizami Sadıqov və başqaları çıxış edərək, belə layihələrin həyata keçirilməsini müsbət dəyərləndirdilər.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər