Azərbaycanın yeni tarixinin bütöv bir mərhələsi XX əsrin nəhəng dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır. Onun adı xalqın simvoluna, əməlləri isə şəxsi hünər rəmzinə çevrilmişdir, həyat və fəaliyyəti doğma xalqa və torpağa məhəbbət və sədaqət meyarı olmuşdur.
Azərbaycanda möhkəm dövlətçilik ənənələrinin və demokratik cəmiyyətin bərqərar olmasında şəxsiyyətin rolu böyükdür. Bir sistem kimi yanaşsaq cəmiyyətin digəri ilə əvəzlənməsi prosesi mürəkkəb və ziddiyyətli tərəfləri ilə seçilən sosial hadisədir. Elmi-metodoloji istiqamətlərdən baxsaq, aydın olur ki, bir cəmiyyətin digəri ilə əvəzlənməsi prosesində təkamül edən, formalaşan və bərqərar olan formasiya həmin proses zamanı daxildən irəli gələn dinamik qüvvənin hesabına reallaşmaqla yanaşı, formalaşacaq cəmiyyətin təkamülü prosesinə şəxsiyyətin timsalında təsir edən həlledici qüvvə mühüm rol oynayır.
Azərbaycanın ən yeni siyasi tarixi göstərdi ki, xalqımızın bütün ümummilli məsələlərdə olduğu kimi konkret olaraq, demokratik cəmiyyətin formalaşmasında da şəxsiyyət fenomeni böyük rol oynayır. Aydın olur ki, Ümummilli Lider Heydər Əliyev özünün böyük həyat təcrübəsi, nüfuzu, iradəsi və ən mürəkkəb situasiyalarda dəqiq qərarlar çıxarmaq bacarığına görə demokratik cəmiyyətə keçid mexanizmini müəyyənləşdirərək, bu istiqamətdə ardıcıl və sistemli siyasət həyata keçirmişdir. Əslində bu görkəmli şəxsiyyət Azərbaycanda müstəqil dövlət və demokratik cəmiyyət formalaşdırmaq kimi tarixi vəzifəni böyük çətinlikləri dəf edərək yerinə yetirmişdir. Heydər Əliyev xalqımızın Ümummilli Lideri kimi siyasi hakimiyyətə gələrkən, ölkədə mövcud olan vətəndaş müharibəsini, hakimiyyət böhranını,etnik separatiizm meyllərinin qarşısını almaqla və müxtəlif dövlətlərin ölkəmizə yönələn geostrateji maraqlarını uzlaşdırmaqla Azərbaycanda demokratik cəmiyyətin inkişafına təminat yaratdı. Bir sözlə, xalqının tarixinin ən mürəkkəb və ağır dövrlərində böyük öndər Mustafa Kamal Atatürkün Türkiyədə, Mahatma Qandinin Hindistanda, Adenaurenin Almaniyada yerinə yetirdikləri tarixi missiyanı Heydər Əliyev Azərbaycanda reallaşdırdı və bu gün də öz ideyalarının müdrikliyi ilə Ümummilli Lider kimi xalqımız qarşısında üzərinə düşən vəzifələri şərəf və ləyaqətlə yerinə yetirərək zəngin və qüdrətli Azərbaycana gedən yola işıq salır. Əslində bu danılmaz həqiqət kiminsə istəyib-istəməməsindən və yaxud siyasi mənsubiyyətindən asılı deyil, Azərbaycan reallıqlarında gedən proseslərin məntiqindən irəli gəlir. Azərbaycanın ən yeni tarixinə nəzər salsaq, bir daha aydın olar ki, onun hər bir məqamı Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyəti ilə sıx şəkildə bağlıdır.
Heydər Əliyevin ilk dəfə 1969 - cu ilin yayında Azərbaycana rəhbər seçilməsi ərəfəsində cəmiyyətdə bədbinlik, ətalət, laqeydlik əhval - ruhiyyəsi hökm sürürdü. Sosial - iqtisadi göstəricilərin əksəriyyəti, o cümlədən əmək haqqının səviyyəsinə, mənzil təminatına, məktəblərin və xəstəxanaların sayına, istehlak səviyyəsinə görə respublika ölkədə axırıncı yerlərdən birini tuturdu. Ərzağın xeyli hissəsi ittifaq fondundan alınırdı. Ermənistanın respublikaya qarşı növbəti ərazi iddiaları da həmin dövrə aiddir. Əlbəttə, bu iddiaların hansı faciəli nəticələrə gətirə biləcəyini əhalinin böyük hissəsi dərk etmirdi. Lakin bu iddialar şəraiti xeyli kəskinləşdirir, xalqın respublika rəhbərlərinə inamsızlığını daha da artırırdı. Hər yerdə söhbət gəzirdi ki, hansısa ərazilər ermənilərə satılmış, yaxud tamah məqsədilə hədiyyə edilmişdir. Hamı başa düşürdü ki, respublika rəhbərlərinin ittifaq orqanlarında nüfuzu yoxdur, onlar respublikanı ağır vəziyyətdən çıxarmağa qadir deyildirlər. Yalnız yenicə respublika rəhbərliyinə gəlmiş Heydər Əliyevin qətiyyətli mövgeyi, şəxsi nüfuzu həmin dövrdə Azərbaycanın növbəti ərazi itkisi ilə üzləşməsinin qarşısını aldı. Heydər Əliyev inamsızlığın və sosial ətalətin aradan qaldırılmasına dair yeni ideyalar tapdı və bu ideyaları ilə Azərbaycan KP MK - nin avqust plenumunda açıq çıxış etdi. Heydər Əliyevin həmin plenumda dəlil - sübut baxımından kəskin məruzəsi vəziyyətin həqiqi mahiyyətini açıb hamıya göstərdi. O dövrdə təşəkkül tapmış normalara, ideoloji tələblərə görə belə çıxış gözlənilmirdi, çünki mövcud dövlət quruluşunun tənqidi məsələləri yol verilən hədd meyarı ilə dəqiq müəyyən edilmişdir. Heydər Əliyevin açıq şəkildə söylədiyi fikirlər Moskvada bəzilərin xoşuna gəlməsə də, bu, bir reallıq idi.
Heydər Əliyevin təklif etdiyi dəyişikliklər qanunauyğun xarakter daşıyırdı. Dövr yeniliklər dövrü idi və yalnız zamanın məntigindən çıxış edən innovativ qərarlar tərəqqini təmin edə bilərdi. Elə qərarlar ki, onlara əsaslanaraq cəmiyyət öz inkişafında keyfiyyətcə yeni sıçrayış edə bilsin. Heydər Əliyev özünün konkret fəaliyyətində həmişə tarixi inkişafın obyektiv qanunauyğunluqlarına söykənən dərin bilgisinə arxalanmış, xalqın potensial imkanlarına və cəmiyyətin sağlam qüvvələrinə güvənmişdir. Məhz bunun nəticəsi idi ki, Azərbaycan xalqı gənc, enerjili və dinamik siyasi liderinin məqsəd və niyyətlərini qəbul etdi. O dövrdə Azərbaycan əhalisinin yaridan çoxu kənd yerlərində yaşayırdı. Onların bütün həyatı, rifah halı kənd təsərrüfatında işlərin necə getməsindən asılı idi. Işlər isə pis gedirdi. Istehsal həcmi ildən - ilə azalırdı. Iqtisadiyyatın çox vacib sahələri perspektivsiz sıralara aid edilmişdi. Heydər Əliyev respublikanın rəhbəri seçildikdən sonra onun görkəmli təşkilatçılıq qabiliyyəti, xalqı səfərbər edib öz arxasınca aparmaq istedadı sayəsində 1969 - cu kənd təsərrüfatı ili uğurla başa çatdırıldı. Uzun illər ərzində ilk dəfə olaraq kənd təsərrüfatı məhsulları istehsalında artım əldə edildi.
1969 - 1982 - ci illər ərzində bütün kənd təsərrüfatı və onunla bağlı sahələr köklü dəyişikliklərə uğradı. Azərbaycan tarixi bu qədər geniş miqyaslı və dərin dəyişikliklər görməmişdir. Bu illər nəinki bütün kənd təsərrüfatı məhsullarının istehsalı artdı, həm də mühüm sosial dəyişikliklər həyata keçirildi, insanların güzəranı yaxşılaşdı, kənd əhalisinin həyat tərzi dəyişdi. Minlərlə yaşayış məntəqəsi yaradıldı və abadlaşdırıldı, avtomobil və dəmir yollarının inşasına, məktəblərin, tibb müəssisələrinin tikintisinə diqqət artırıldı, demək olar, hər rayonda və bir çox kəndlərdə mədəniyyət sarayları və klublar ucaldıldı, muzeylər yaradıldı. Su kəmərləri tikintisi böyük miqyas aldı, yaşayış məntəqələrinə qaz gəldi.
Bu illərdə sənayenin baza sahələrinin inkişafı üçün işlər görüldü. Burada üstünlük verilən istiqamətlər - sənayenin strukturunun təkmilləşdirilməsi və mövcud istehsalatın modernləşdirilməsi idi. O vaxt sənayenin əsas həcmini neftmaşınqayırması və neft emalı zavodlarının məhsulları təşkil edirdi. Bu məhsulların keyfiyyəti də yüksək deyildi. Əhalinin rifah halı istehsalın çox məhdud bir sahəsində işlərin vəziyyətindən asılı edilmişdir. Problem çoxdan yaranmışdı. Lakin respublikanın əvvəlki rəhbərlərinin heç biri bu məqsədlər üçün vəsait ayrılmasına nail ola bilməmişdi. Məhz Ulu öndərin gərgin səyləri nəticəsində Azərbaycanda iqtisadiyyatın differensiallaşdırlmasına nail olundu, qeyri - neft sahəsinin inkişafına yeni nəfəs gəldi və ölkədə sürətlə yeni istehsal sahələri yaradılmağa başlandı. Heydər Əliyev dünyada baş verən proseslərin təsiri nəticəsində ölkənin ictimai - siyasi həyatında yenicə yaranmaq istəyən meylləri məharətlə sezir və respublikanı qarşıdakı sınaqlara vaxtında hazırlamaq üçün hər şeyi edirdi. Onun gərgin fəaliyyəti nəticəsində respublikada yeni ali məktəblər və tədqiqat müəssisələri, onlarca kafedra və laboratoriyalar yaradılmış, ali məktəblərə qəbul xeyli artmışdı. Moskvanın, Sankt - Peterburgun, Kiyevin və ölkənin difər şəhərlərinin ali məktəbləri hər il Azərbaycandan əvvəlcə 500, sonralar isə 1000 nəfət gənci qəbul etməyə başlamışdı. Hərbi ixtisaslar üzrə kadr hazırlığına böyük diqqət yetirilirdi. Heydər Əliyev Azərbaycanda kosmonavt hazırlamaq vəzifəsini də qarşıya qoymuşdu. Bu məqsədlə ixtisaslaşdırılmış uçuş məktəblərinə onlarca gənc göndərilmişdi. Iqtisadiyyatda və sosial sahədəki nailiyyətlər cəmiyyətdə nikbinlik meyllərini gücləndirirdi. Ziyalılar, əhalini geniş təbəqələri öz ölkəsinə və liderinə görə fəxr edirdilər. Artıq bütün Sovetlər İttifaqında Heydər Əliyevin istedadlı rəhbər və dövlət xadimi olması fikri formalaşmışdı. Beləliklə, bu görkəmli şəxsiyyətin fəaliyyəti öz yüksək qiymətini aldı və 1982 - ci ildə Heydər Əliyev SSRİ Nazirlər Soveti həmsədrinin birinci müavini təyin edildi. Bu yeni vəzifə həll edilən məsələlərin mürəkkəbliyinə və miqyasına görə Heydər Əliyevin əvvəlki fəaliyyəti ilə heç bir müqayisəyə gəlməzdi. O vaxtkı sistemin hər bir rəhbərin fəaliyyətini simasızlaşdırmaq və bərabərləşdirmək xüsusiyyəti nəzərə alınarsa, Moskvanın hakimiyyət dəhlizlərində itməmək, böyük siyasətin adi statistinə çevrilməmək olduqca çətin idi. Lakin Heydər Əliyevin qüdrətli istedadı, müstəsna təşkilatçılıq qabiliyyəti, məlum problemlərin həllinə qeyri - standart yanaşma tərzi, görkəmli natiqlik məharəti burada da özünü göstərdi. SSRİ Nazirlər Sovetinin sədrinin birinci müavini vəzifəsində Heydər Əliyev ən çox quruculuq işlərini həyata keçirmişdi. Indiyədək postsovet məkanında dövlət və ictimai xadimlər, sadə insanlar Heydər Əliyevin gördüyü işlər haqqında dərin minnətdarlıq hissi ilə söz açırlar. Onun təklifi ilə Azərbaycanın Xəzər sahilboyunda kurort zonasının yaradılmasına dair ittifaq əhəmiyyətli proqram qəbul edilmişdi. Bütün bunlara əsasən heç də təsadüfi deyil ki, Qərbin analitik mərkəzləri Heydər Əliyevi Sovet dövlətinin yeni parlayan ulduzuna bənzədirdilər.
Lakin Sovet dövlətinin başçısı Mixail Qorbaçov bu qədər nüfuzlu, istedadlı dövlət xadimini öz yanında görmək istəmirdi. Belə ədalətsiz münasibətə etiraz olaraq, 1987 - ci ildə Heydər Əliyev partiyada və dövlətdə tutduğu bütün vəzifələrdən istefa etdi. Bu dövrdə respublika rəhbərlərinin fəal iştirakı ilə ittifaq rəhbərliyi Heydər Əliyevin ləkələnməsi üçün görünməmiş kampaniyaya başladı. Lakin bütün bu cəhdlər iflasa məhkum idi. Çünki Heydər Əliyev əvvəlki kimi xalq tərəfindən sevilirdi, respublikada çox böyük nüfuza və təsirə malik idi.