PDF Oxu

Əsas

  • 15

Azərbaycanın yeni iqtisadi sistemə transformasiyasında neft faktoru

Azərbaycanın yeni iqtisadi sistemə transformasiyasında neft faktoru

(I hissə)


Müasir müstəqil Azərbaycanın yüksək inkişaf mərhələsinə çıxmasında, milli-iqtisadi təhlükəsizliyinin möhkəmlənməsində və zəngin iqtisadiyyata malik olmasında neft amili xüsusi rol oynayır. Neft sərvətlərinin mənimsənilməsi, işlənilməsi və nəqli, ən əsası isə düzgün, düşünülmüş iqtisadi strategiyaya uyğun neft siyasətinin həyata keçirilməsi respublikamızın hazırkı tərəqqi mərhələsinə çatmasına dərin əsaslar yaradıb.

Ölkəmizdə neft sənayesinin tarixi çox qədimdir və Azərbaycanda neft resurslarının olmasına dair kifayət qədər çoxlu tarixi məlumatlar mövcuddur. Ərəb tarixçiləri, coğrafiyaşünasları və səyyahları hələ bir neçə əsr əvvəl Abşerondakı iqtisadi həyatın qədimdən neftlə bağlı olduğunu göstərən, Bakının neftlə zəngin torpağa malik olmasına dair məlumatlar veriblər. İtalyan səyyahı Marko Polo Bakı neftinin Yaxın Şərq ölkələrinə aparılması, alman diplomatı və səyyahı Adam Oleari Bakıdakı neft quyularının mövcud olması, türk səyyahı Övliya Çələbi isə neft mədənlərindəki işlər, "qara qızıl"ın İrana, Orta Asiya, Türkiyə və Hindistana satılması haqqında qeydlərlə çıxış ediblər. Yerli mütəxəssislərimizin Balaxanıdakı neft quyularından birində aşkar etdiyi daş üzərindəki yazıda qədimdən burada neft çıxarılması öz əksini tapıb. Digər tarixi mənbələrdə də göstərilir ki, hələ 7-8 əsr əvvəl Bakı ətrafında 500-ə qədər neft quyusu mövcud olub. 1683-cü ildə Balaxanı, Binəqədi, Suraxanı yataqlarında olan İsveç səfirliyinin katibi, alman səyyahı Engelbert Kempfer qeyd edib ki, Abşerondan çıxarılan neft İran, Orta Asiya və Şimali Qafqaza daşınır.

Çar Rusiyası dövründə Azərbaycanda 1847-ci ildən neft mexaniki üsulla qazılmış quyulardan hasil edilməyə başlanır və Bibiheybət, Balaxanı yataqlarında sənaye əhəmiyyətli neft əldə olunur. Həmin ildən etibarən ölkəmizdə neft sənayesinin inkişafı başlanır. 1859-cu ildə Bakıda ilk neftayırma zavodu (qurğusu) tikilir. 1863-cü ildə Cavad Məlikov Bakıda kerosin zavodu tikdirir və dünyada ilk dəfə neftayırma prosesində soyuduculardan istifadə olunur. 1867-ci ildə 15 neftayırma qurğusu fəaliyyət göstərirdi. Beləliklə, sənaye üsulu ilə quyuların qazılması yeni neft yataqları aşkar edilməsinə və işlənməsinə səbəb olur. Neft sənayesinin infrastrukturu və neftin emalı inkişaf etməyə başlayır, neftin hasilatı, emalı və satışı üzrə yüzlərlə firmalar yaradılır. Azərbaycanda milli burjuaziyanın formalaşması Bakı şəhərini dünyanın sənaye mərkəzlərindən birinə çevirir. Həmin illərdə neft sənayesinin inkişafında milli "neft milyonçuları"nın (Hacı Zeynalabdin Tağıyev, İsa bəy Hacınski, Murtuz Muxtarov, Şəmsi Əsədullayev, Seyid Mirbabayev və b.) böyük fəaliyyətləri olub. 1872-ci ildə isə neft sənayesində münasibətləri tənzimləmək məqsədilə iki qanun qəbul edilir: "Neft mədənləri və neft məhsullarından aksiz vergisi haqqında" və "İcarədarların əlində olan neftli sahələrin hərracla fiziki şəxslərə satılması". 31 dekabr 1872-ci ildə neftli sahələrin ilk satışında Balaxanıda 15 sahə, Bibiheybətdə 2 sahə hərraca qoyulur. 1874-cü ildə Bakıda ilk səhmdar neft şirkəti - "Bakı neft cəmiyyəti" yaradılır.

Neft sahələrinin hərrac yolu ilə fiziki şəxslərə satılmasına dair qanunun qəbulu və neft yataqlarının hərraca çıxarılması xarici sərmayəçilərin ölkəmizə axınına yol açır. 1873-cü ildə milliyətcə isveç olan Robert Nobel Bakıya gəlir. 1876-cı ildə Nobel qardaşları Bakıda neft hasilatı və emalı üzrə neft şirkəti yaradırlar. O vaxtlar Azərbaycanda bir sıra neft mədənləri, neft emalı zavodları, ilk dəfə Xəzər dənizində quraşdırılmış neftdaşıyan tanker, barjlar, dəmiryolları, mehmanxanalar və s. Nobel qardaşlarına məxsus idi. 1876-cı ildə neft məhsullarına tətbiq olunan aksiz vergisi ləğv edildikdən sonra yeni neftayırma zavodları tikilib istismara verilir. 1878-ci ildə Balaxanı yatağı ilə Bakı neftayırma zavodunu birləşdirən 12 km uzunluğunda Rusiyada ilk neft kəməri inşa edilir. 1898-ci ildə neft mədənləri ilə Bakı neftayırma zavodlarını birləşdirən neft kəmərlərinin ümumi uzunluğu 230 km idi. Bu kəmərlərdə ildə 1 milyon ton neft nəql edilirdi.

1883-cü ildə Bakı-Batumi dəmiryolu tikilib istifadəyə verilir ki, bu da neft və neft məhsullarının Avropa ölkələrinə ixrac edilməsinə imkan verir. 1883-cü ildən Rotşild Bakıda maliyyə-kredit əməliyyatlarına başlayır və neftin satışı ilə məşğul olmağa başlayır. 1886-cı ildə Rotşildin Xəzər-Qara dəniz neft şirkəti yaradılır. Beləliklə, Azərbaycan bölgədə mühüm neft tədarükçüsünə çevrilir. 1901-ci ildə ölkəmizdə 11 milyon ton neft hasil edilir ki, bu da dünya neft hasilatının 50 faizdən çoxunu təşkil edirdi.

Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra neft sənayesində yeni mərhələ başlayır və 1920-ci ildən etibarən neft sənayesinin milliləşdirilməsi prosesi həyata keçirilir. Bu proses neft sənayesində bir sıra problemlər də yaradır və hasilat 1920-1925-ci illərdə 2-3 milyon tona düşür. Yalnız 40-cı illərdə hasilat artmağa başlayır. İkinci dünya müharibəsi illərində neft hasilatı ildə 23-24 milyon tona çatdırılır ki, bu da o dövrdə SSRİ-nin neft hasilatının 76 faizini təşkil edirdi.

1949-cu ildə açıq dənizdə "Neft Daşları" yatağının kəşf olunması isə sənayenin tamamilə yeni formaya keçməsinə səbəb oldu. "Neft Daşları"nın istismara verilməsi ilə Azərbaycanda dəniz neft sənayesinin inkişafı başlandı. 1969-cu ildən başlayaraq Azərbaycanın neft və qaz sənayesində işlər daha da sürətlənir və bu sahə dinamik inkişaf mərhələsinə qədəm qoyur. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin birinci dövrü ərzində neft və qaz sənayesinin, xüsusilə də, dəniz neftinin hasilatı əhəmiyyətli dərəcədə yüksəldi. Ulu öndərin birbaşa təşəbbüsü ilə 1970-ci ildə "Xəzərdənizneft" İstehsalat Birliyinin yaradılması isə Azərbaycan neftçilərinin Xəzərin bütün sektorlarında geoloji-kəşfiyyat, qazma, işlənmə, istismar və digər işlərin aparılmasına yol açdı. 1970-80-ci illərdə ağır yük qaldıran kran gəmilərinin, "Xəzər" və "Şelf" tipli yarımdalma üzən qazma qurğularının alınması nəticəsində dənizin daha dərin sahələrində zəngin neft və qaz yataqlarının kəşf olunmasına imkan yarandı. Nəticədə 60-cı illərin sonu ilə müqayisədə yeni 8 neft və qaz yataqları kəşf edildi, neft ehtiyatları iki, qaz ehtiyatları isə üç dəfə artırıldı. Həmin illərdə zəngin neft ehtiyatlarına malik "Günəşli", "Çıraq", "Azəri", "Kəpəz" və digər yataqlar kəşf olundu. Bu dövrdə dünyada analoqu olmayan Dərin Özüllər Zavodu tikilib istifadəyə verildi. Həmçinin, 70-80-ci illərdə Xəzər dənizinin digər respublikalara aid hissəsində yerləşən ən çətin yataqlarda kəşfiyyat işləri Azərbaycan neftçilərinə həvalə edildi.


Azərbaycanın iqtisadi inkişafında tarixi dönüş: "Əsrin müqaviləsi"nin imzalanması və yeni neft strategiyası...


Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra neft sənayesində tamamilə yeni mərhələnin əsası qoyuldu. Bu dövrdə başlıca vəzifə müstəqil ölkənin neft sənayesinə xarici neft kompaniyalarını cəlb etmək və yeni nəql marşrutları yaratmaqdan ibarət idi. Çox təəssüf ki, 1992-1993-cü illərdə hakimiyyətdə olan insanların səriştəsizliyi, idarəçilik qabiliyyətinin olmaması, ölkəni bürümüş daxili ziddiyyətlər, səbatsızlıq, özbaşınalıq Qərbin neft şirkətlərini Azərbaycandan çəkindirdi. Eyni zamanda, həmin dövrdə Qərb şirkətləri ilə neftin istismarına dair aparılan danışıqlarda Azərbaycanın iqtisadi maraqları tam təmin olunmurdu. Bir sözlə, milli iqtisadiyyatın inkişafında mühüm rol oynaya biləcək əsas faktor olan neft amilindən istifadə olunmaması ölkədəki siyasi-iqtisadi-sosial böhranı daha da dərinləşdirirdi. Belə bir vəziyyətdə xalqın çağırışı və təkidi ilə 1993-cü ildə Ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanın siyasi və iqtisadi həyatında, eləcə də, neft strategiyasının müəyyənləşməsində əsaslı dəyişikliklərin başlanğıcını qoydu.

Ümummilli liderin gərgin əməyi və qətiyyəti sayəsində neft müqaviləsi üzrə müzakirələrə, danışıqlara yenidən başlandı və nəhayət, çətin danışıqlar prosesindən sonra Azərbaycanın maraqlarına tamamilə cavab verən müqavilə şərtləri hazırlandı. 1994-cü il sentyabrın 20-də Bakıda "Gülüstan" sarayında dünyanın 8 ölkəsindən 11 iri neft şirkəti ilə "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalandı. Bununla da, Azərbaycanın dünya iqtisadi sisteminə inteqrasiyasının və ölkənin enerji təhlükəsizliyinin möhkəm təməli qoyuldu. Ulu öndər həmin sazişin respublikamızın iqtisadi, siyasi, sosial, humanitar, ictimai həyatında böyük dəyişikliklərə səbəb olacağını bildirirdi: "1994-cü ildən Azərbaycan dövləti özünün yeni neft strategiyasını həyata keçirir və bu strategiyasının da əsas mənası, əsas prinsipləri Azərbaycanın zəngin təbii sərvətlərindən, o cümlədən, neft və qaz sərvətlərindən Azərbaycan xalqının rifahı naminə daha da səmərəli istifadə etməkdən ibarətdir".

"Əsrin müqaviləsi"nin həyata keçirilməsinə başlanan vaxtdan Azərbaycan iqtisadiyyatında dönüş yarandı və böyük işlərə başlandı. Birinci növbədə 1995-ci ildə ilkin neft hasilatı layihəsi çərçivəsində "Çıraq-1" özülü qərb standartlarına uyğun olaraq bərpa olundu və böyük mailli quyuların qazılması məqsədilə bu özülün üst modulu modernizə edilərək yeni qazma avadanlıqları ilə təchiz olundu. 1999-cu ilin dekabrında Azərbaycanın ilk mənfəət nefti ilə doldurulmuş tanker dünya bazarlarına çıxarıldı.

Ulu öndər Heydər Əliyev neft strategiyasının əsas istiqamətlərindən biri kimi, Azərbaycan neftinin dünya bazarlarına nəqlini vacib hesab edirdi. Bu sahədə Azərbaycanın mənafelərinin uzunmüddətli şəkildə qorunması, genişmiqyaslı beynəlxalq iqtisadi əməkdaşlığın inkişafı, regionda neft hasilatının artması ilə əlaqədar neftin dünya bazarlarına nəqlinin təmin edilməsi məqsədi ilə strateji əhəmiyyətli Şərq-Qərb marşrutunun yaradılması başlıca məqsədlər idi. Məhz bu məqsədlə "Azəri-Çıraq-Günəşli" yataqlarından hasil olunan yanacağın Avropaya nəqlini təmin edə biləcək trans-kommunikasiya dəhlizinin yaradılması olduqca vacib sayılırdı. Ulu öndər Heydər Əliyev dünyanın ən nüfuzlu siyasi liderləri, müxtəlif ölkələrin dövlət və hökumət başçıları, işgüzar dairələrin nümayəndələri, neft şirkətlərinin rəhbərləri ilə mütəmadi danışıqlar apararaq Azərbaycan neftinin Türkiyə vasitəsilə Qərbə ixracını nəzərdə tutan strateji marşrutun çəkilməsi üçün dövlətlərarası sazişin imzalanmasına çalışırdı. Bunun üçün regionda ən təhlükəsiz və uzunömürlü, rentabelli marşrut olan Bakı-Tbilisi-Ceyhanın (BTC) çəkilməsi təklif olunurdu. Həmin dövrdə Bakı-Novorossiysk və Bakı-Supsa neft kəmərləri Azərbaycan neftini dünya bazarlarına çıxarılmasında rol oynasa da, BTC qədər beynəlxalq miqyasa malik və rentabelli ixrac dəhlizi sayıla bilməzdi. İlkin dövrlərdə BTC-nin reallaşmasını istəməyən qüvvələr çox idi və onlar neftin digər marşrutlarla nəqlinə çalışırdı. Lakin həmin qüvvələrin müxtəlif təxribatlarına və təzyiqlərinə baxmayaraq Heydər Əliyevin əzmkarlığı və qətiyyəti nəticəsində Bakı-Tbilisi-Ceyhanın çəkilməsinə dair sazişin imzalanması mümkün oldu. Türkiyə-Gürcüstan-Azərbaycan dövlətlərinin birliyi, Amerika Birləşmiş Ştatlarının dəstəyi nəticəsində, ən əsası isə Ulu öndərin qəti əzmkarlığı sayəsində çoxlarının əfsanə hesab etdiyi layihə reallığa, gerçəkliyə çevrildi.

Digər xəbərlər