"Mən İctimai Palata adlanan qurum tanımıram, amma bir sıra partiyalar
yığışıb birlikdə hansısa aksiya keçirmək istəyirdilər. İyunun 19-da edilən mitinq
cəhdi onların növbəti iflası oldu. Həmin hadisələrdə iştirak edən təxminən 50 nəfərin
də tərkibinə baxanda görürsən ki, burada nə partiya sədrləri, nə də onların müavinləri
var idi. Burada sadəcə, öyrədilmiş bir qrup adam cəmləşmişdi ki, onlara da paytaxtda
ictimai-siyasi sabitliyi pozmaq tapşırığı verilmişdi. Orada hansısa aksiya keçirməkdən
söhbət getmirdi". Bu fikirləri YAP İcra katibinin müavini, Milli Məclisin deputatı
Siyavuş Novruzov deyib.
S.Novruzov bildirib ki, artıq bütün cəmiyyət həmin dairələrin
fikirlərini başa düşür. Onun fikrincə, belə iflasdan sonra təfəkkürü, tərbiyəsi,
qabiliyyəti olanlar bundan sonra fəaliyyətlərinə xitam verməlidirlər. Çünki artıq
reallıq açıq-aşkar ortalıqdadır, bu adamlar özləri cəmiyyət tərəfindən boykot olunmuş
adamlardır.
"Həmin müxaliflərin eləsi var ki, seçkilərdə bir-birinə rəqib, alternativ olublar, indi ikisi də bir yerdədirlər. Yəni, bu qurum tam ziddiyyətli xarakter daşıyır. Ona görə onlar bu təşkilatın qapısını qıfıllayıb evlərinə çıxıb getməlidirlər, başqa işlərlə məşğul olmalıdırlar. Bəlkə o zaman özlərinə və xalqa yararlı olan nə iləsə məşğul olarlar. Hakimiyyət icazəli aksiyalar üçün müvafiq yerlər ayırıb və təklif edib. Buyurub getsinlər, nə qədər istəyir, aksiya keçirsinlər. Ancaq bunlar orada aksiya keçirə bilməyəcəklərini yaxşı bilirlər. Bilirlər ki, onların sosial bazası yoxdur, həmin məkanlara istədiklərinin heç onda biri qədər adam gəlməyəcək. Məhz bunun üçün icazəsiz aksiyada, qarşıdurmada maraqlıdırlar"- deyə YAP İcra katibinin müavini vurğulayıb.