PDF Oxu

Əsas

  • 13

“Pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb”

“Pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb”

Azərbaycan Prezidenti İlham Əliyev "Əmək pensiyaları haqqında" qanuna vətəndaşların 2006-cı il yanvarın 1-dən əvvəlki dövrdə qazanılmış pensiya hüquqlarının yeni əmək pensiyaları sisteminə daha sıx inteqrasiyasının təmin olunmasını nəzərdə tutan əlavə və dəyişiklikləri təsdiq edib. Qanundan irəli gələn vəzifələrin bölgələrdə vaxtında həyata keçirilməsi, bu sahədə şəffaflığın tam təmin olunması, əhalinin müraciətlərinin operativ şəkildə cavablandırılmasını təşkil etmək məqsədilə Dövlət Sosial Müdafiə Fondu regional müşavirələrin keçirilməsinə start verib.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan SİA-ya bildirilib ki, ilk belə müşavirə Ağdam rayonunda keçirilib.

Tədbirdə çıxış edən DSMF sədri Səlim Müslümov vurğulayıb ki, cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda əhalinin sosial müdafiəsi sahəsində həyata keçirilən köklü islahatlar nəticəsində vətəndaşlarımızın yaşayış səviyyəsi daha da yüksəlməkdədir. Əmək pensiyaçılarının sosial müdafiəsinin möhkəmləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılaraq, bu istiqamətdə mühüm addımlar atılmaqdadır.

DSMF sədri bildirib ki, pensiya artımlarının əhaliyə çatdırılmasını vaxtında təmin etmək üçün Fond tərəfindən hazırlıq tədbirləri həyata keçirilir. Yenidən hesablama 01.01.2010-cu ilədək mövcud olan bütün pensiya işlərinin hər birinə yenidən baxılmasını tələb edir ki, bu da Azərbaycanın pensiya tarixində hazıradək analoqu olmayan bir tədbirdir və görüləcək iş çox böyük texniki həcmə malikdir. Bütün bunlara baxmayaraq, DSMF prosesin maksimum tez yekunlaşmasını hədəf seçib və Fondda mövcud olan avtomatlaşmış idarəetmə sistemi bu işin icrasına böyük təkan verəcəkdir.

Müslümov vurğulayıb ki, artıq pensiyaların yenidən hesablanmasını yüksək səviyyədə icra etmək məqsədilə xüsusi komissiya yaradılıb və komissiyanın gərgin əməyi sayəsində qısa müddət ərzində Bakının rayonları, Abşeron rayonu və Sumqayıt şəhəri pensiyaçılarının məlumatlarının dəqiqləşdirilməsi prosesi başa çatıb.

Digər xəbərlər