PDF Oxu

Əsas

  • 22

Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluğu Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

Dövlət İdarəçilik Akademiyasında Dövlət Qulluğu Gününə həsr edilmiş elmi-praktiki konfrans keçirilib

İyunun 23-də Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında (DİA) dövlət qulluqçularının peşə bayramı - Beynəlxalq Dövlət Qulluğu Gününə həsr olunmuş "Azərbaycanın dövlət qulluğu yeni inkişaf mərhələsində" mövzusunda elmi-praktiki konfrans keçirilmişdir.

Konfransı giriş sözü ilə açan akademiyanın rektor əvəzi, professor Əlikram Abdullayev dövlət qulluqçularını peşə bayramları münasibətilə təbrik etmiş, onlara fəaliyyətlərində uğurlar arzulamışdır. Ə.Abdullayev ölkəmizdə bayram kimi qeyd edilən bu günün vacibliyindən danışmış, dövlət qulluğunun Azərbaycandakı inkişaf proseslərinə ümummilli liderimiz Heydər Əliyevin verdiyi töhfəni xüsusi qeyd etmişdir.

Ə.Abdullayev dövlət idarəçiliyi istiqamətində respublikamızda həyata keçirilən islahatlar nəticəsində əldə edilən irəliləyişlərdən söz açaraq, bu sahənin Prezident İlham Əliyev tərəfindən daim diqqətdə saxlandığını vurğulamışdır. Ölkəmizdə çevik dövlət qulluğu sisteminin formalaşdığını qeyd edən rektor əvəzi Dövlət Qulluğunu İdarəetmə Şurasına Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, uzun illər ərzində idarəçilik sistemində fəaliyyət göstərən və bu sahədə zəngin təcrübəyə malik olan akademik Ramiz Mehdiyevin başçılıq etməsinin qurumun uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdən biri olduğunu bildirmişdir.

Tədbirdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın sədri, hüquq elmləri namizədi Bəhram Xəlilov Azərbaycanda dövlət qulluğunun inkişafı və bu sahədə həyata keçirilən işlərdən danışmışdır.

Ölkəmizdə dövlət qulluğu sisteminin daha da təkmilləşdirilməsi istiqamətində Prezident İlham Əliyev tərəfindən aparılan islahat və uğurlu işlərdən danışan B.Xəlilov, bu sahəyə işçilərin qəbulunun elektron yolla, yəni internet vasitəsilə həyata keçirildiyini də diqqətə çatdırmışdır. Elektron qəbulun uğurlarını xüsusi qeyd edən komissiyanın sədri bunun şəffaflığa xidmət etdiyini, məmurlarla vətəndaşların birbaşa deyil, vizual yolla əlaqəsinin təmin edildiyini bildirmişdir. Artıq dövlət qulluğuna işə qəbullar zamanı subyektivliyin aradan qaldırıldığını da diqqətə çatdıran B.Xəlilov, təmsil etdiyi qurumun internet səhifəsinin ölkə vətəndaşlarına yüksək səviyyədə xidmət göstərdiyini də vurğulamışdır.

Konfransda BMT-nin İnkişaf Proqramının daimi nümayəndəsinin müavini xanım Nato Alxazişvili "BMT-nin dövlət qulluğuna dair məsələlərə yanaşması", DİA-nın dövlət idarəetməsi və menecment kafedrasının müdiri Eldar Azadov "Elektron xidmətlər elektron hökumətin tərkib hissəsi kimi" mövzularında məruzələrlə çıxış etmiş, son vaxtlar dövlət qulluğu sahəsində əldə olunan nailiyyətlərdən söz açmışlar. Konfrans ümumi müzakirələrlə başa çatmışdır.

Digər xəbərlər