Dünən Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasında Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tarix üzrə fəlsəfə doktoru Sevinc Budaqovanın "Ümid qapısı, mərhəmət ünvanı" kitabının təqdimat mərasimi keçirildi.
Tədbiri giriş sözü ilə açan AMEA Tarix İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Yaqub Mahmudov bu elmi-publisistik əsərin Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisinin deputatı Mehriban xanım Əliyeva fenomeninin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olduğunu söylədi. Mehriban xanımın ictimai-siyasi fəaliyyətindən söhbət açan alim onun Heydər Əliyev Fondunun rəhbəri, millət vəkili kimi mədəniyyət, incəsənət, təhsil, maarifçilik, eləcə də, cəmiyyətimizin digər sahələrində gördüyü işlər, həyata keçirdiyi xeyriyyəçilik əməllərindən danışdı. O bildirdi ki, Mehriban xanım Əliyeva humanizm prinsiplərinə əsaslanaraq elm, təhsil, mədəniyyət, səhiyyə, idman, ekoloji sahələrinə aid proqram və layihələr hazırlanıb həyata keçirilir. Sevinc xanımın "Ümid qapısı, mərhəmət ünvanı" kitabında Mehriban Əliyevanın bu istiqamətdə həyata keçirdiyi məqamlar geniş şəkildə işıqlandırılıb. Kitabın yazılmasında qarşıya qoyulan əsas məqsəd də, elə bu gün Azərbaycan cəmiyyətində formalaşan Mehriban xanım Əliyeva fenomeninin öyrənilməsi, Heydər Əliyev Fondunun fəaliyyətinin tarixilik və müasirlik kontekstində təhlilindən, bu sahədə irsi və varislik ənənələrinin araşdırılmasından ibarətdir.
Y.Mahmudov, həmçinin, Mehriban xanımın təşəbbüsü və təbliği ilə ölkəmizdə və onun hüdudlarından kənarda görülən məqsədyönlü işlərdən də söhbət açdı: "Ümid qapısı, mərhəmət ünvanı" kitabı Mehriban xanımın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun fəaliyyətinin tarixilik və müasirlik kontekstində araşdırılması, öyrənilməsi və gələcək nəsillərə ötürülməsinə öz töhfəsini verəcək".
Tədbirdə MEK-in direktoru, filologiya elmləri doktoru Aybəniz Əliyeva-Kəngərli çıxış edərək, Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya həsr olunmuş bu elmi-publisistik əsəri Onun ictimai-siyasi fəaliyyətinin öyrənilməsi baxımından olduqca əhəmiyyətli olduğunu söylədi. O, kitaba daxil olan bölmələrdəki yazıları diqqətə çəkərək Mehriban Əliyevanın fəaliyyətinin nəticəsi olaraq Azərbaycanda müxtəlif sahələrdə olan yeniləşmələri diqqətə çəkdi. Maarifçilik ideyaları ilə çıxış edən və daha geniş bir aspektdə humanizm prinsiplərini gerçəkləşdirməyə çalışan Mehriban xanım Əliyeva Azərbaycanda mövcud olan sosial məsələlərin həlli yönümündə öz bacarıq və iradəsini ortaya qoyaraq, daha geniş şəkildə fəaliyyət göstərdiyini bildirən Aybəniz xanım Onun Heydər Əliyev ideologiyasını davam etdirdiyini nəzərə çatdırdı:"Humanizm prinsiplərini gerçəkləşdirmək üçün Heydər Əliyev Fondunun yaradılması Onun çoxsaylı layihələrinə imza atdı. "Yeniləşən Azərbaycana yeni məktəb" Proqramına uyğun olaraq Azərbaycanın bir sıra rayon və kəndlərində yeni məktəb binalarının inşa, təmir və bərpa olunaraq istifadəyə verilməsi bu görülən işlərin davamı olaraq reallaşır. Məktəblər müasir avadanlıqlarla təchiz edilərək, dünya standartlarına uyğun qurulur. Mehriban Əliyeva tərəfindən səhiyyə ocaqlarının bərpa edilməsi və inşası ilə bağlı layihələri hər kəsin gözü önündə baş verir."
Sevinc Budaqovanın müxtəlif bölmələr əsasında təqdim etdiyi kitabda Azərbaycan mədəniyyətinin geniş təbliği, sağlam mənəvi dəyərlərin qorunması ilə bağlı aparılan işlərə nəzər salınır. O, Azərbaycanın birinci xanımının təşəbbüsü ilə Azərbaycan muğamı, Aşıq sənəti, Novruz bayramı, İçərişəhər YUNESKO-nun şah əsərləri sırasına daxil edildiyini də vurğuladı. Bütün bu nailiyyətlər Mehriban xanımın yorulmadan həyata keçirdiyi layihələr əsasında öz əksini tapır: "Mehriban xanım Əliyevanın bütün fəaliyyəti müasirliklə ənənənin vəhdətini əks etdirir. Bu kitab Mehriban Əliyeva və onun prezidenti olduğu Heydər Əliyev Fondunun fəaliyyətini müasirlik və tarixilik kontekstində araşdırılmasında, öyrədilməsində və gələcək nəsillərə ötürülməsində töhfəsini verəcəkdir. Elmimizə, təhsilimizə, mədəniyyətimizə böyük nailiyyətlər gətirən, milli-mənəvi dəyərlərimizə diiqqət yetirən Mehriban Əliyevanın həyat yoluna, ictimai-siyasi həyatına işıq saldığı üçün kitabın müəllifinə minnətdarlığımızı bildiririk".
Təqdimat mərasimində çıxış edən akademiklər Bəkir Nəbiyev, Arif Həşimov, millət vəkilləri Gülər Əhmədova, Qənirə Paşayeva, tarix elmləri doktoru Tamilla Musayeva və Sevinc Budaqova elmimizi, təhsilimizi, mədəniyyətimizi daim qoruyan, xalqımızın rifahı naminə çalışan, milli mənafeyimizi hər şeydən uca tutan, humanist ziyalı Mehriban xanım Əliyevanın geniş ictimai-siyasi fəaliyyəti ətrafında söz açdılar.
Tədbirin sonunda kitabın müəllifi Sevinc Budaqova çıxış edərək, tədbirin təşkilatçılarına və eyni zamanda, onun ərsəyə gəlməsində rolu olanlara dərin təşəkkürünü bildirdi.
Tədbir zamanı Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın geniş fəaliyyətinə həsr olunmuş ədəbiyyat sərgisi və virtual görüntülər də nümayiş etdirildi.
Qeyd edək ki, kitabın elmi məsləhətçisi AMEA-nın müxbir üzvü Yaqub Mahmudov, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru Cəbi Bəhrəmovdur.
ZÜMRÜD