PDF Oxu

Əsas

  • 27

Yeni Azərbaycan Partiyası “Yay məktəbi” layihəsini uğurla həyata keçirir

Yeni Azərbaycan Partiyası “Yay məktəbi” layihəsini uğurla həyata keçirir

Məlum olduğu kimi, Yeni Azərbaycan Partiyasının Gənclər Birliyi öz növbəti uğurlu layihəsini - "Yay məktəbi" layihəsini reallaşdırmaqdadır. Həyata keçirilən layihənin digər layihələrdən fərqi ondan ibarətdir ki, burada fəal gənclərin Azərbaycanın dilbər guşələrində səmərəli istirahət etmələrinə, ekskursiyalarına geniş şərait yaradılır, eləcə də, onlar qədim diyarımızın tarixi, çoxşaxəli folkloru, qədim abidələri, zəngin təbiəti barədə yeni-yeni informasiyalar toplayır, onları öyrənirlər. Layihə boyu fəal gənclər respublikamızın müxtəlif bölgələrinə səfərlər edir, bölgələrdə yaşayan gənclərlə ünsiyyətlər yaradır, qarşılıqlı əlaqələr qururlar ki, bu da gələcəkdə onların dünyagörüşlərinin artmasına, daha geniş fikir mübadilələri aparmalarına stimul verir.

Qeyd edək ki, artıq layihə çərçivəsində gənclər Oğuz, Qəbələ və Lerik rayonlarında olublar və yaxın günlərdə digər bölgələrə də səfər edərək, müasir otellərdə, istirahət və əyləncə mərkəzlərində layihə çərçivəsində öz səmərəli istirahətlərini davam etdirəcəklər. Xatırladaq ki, fəal gənclərlə Yeni Azərbaycan Partiyasının Sədr müavini, İcra katibi, millət vəkili Əli Əhmədov da görüşüb. Görüş zamanı qeyd olunub ki, ölkəmizin gözəl guşələri ilə tanışlıq baxımından bu cür ekskursiyalar mühüm əhəmiyyət kəsb edir. Onu da bildirək ki, YAP üzvləri olan qız və oğlanlardan ibarət təşkil olunmuş komandalarda respublikamızın müxtəlif bölgələrindən olan gənclərimiz təmsil olunurlar. Gənclər öz səfərləri çərçivəsində rayon mərkəzlərində ucaldılmış Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edib, önünə təzə-tər çiçəklər düzüblər. Fəal gənclər, eyni zamanda, tarix-diyarşünaslıq muzeylərinə, qədim kurqanlara, arxeoloji qazıntılar aparılan sahələrə gedib, orada sərgilənən maddi-mədəniyyət nümunələri, arxeoloji tapıntılarla və başqa eksponatlarla tanış olublar.

Eyni zamanda, gənclərin təbiət qoynunda gəzintiləri də təşkil edilir, onların sərbəst vaxtlarını daha səmərəli keçirmələri üçün maraqlı mövzular ətrafında, çoxşaxəli, məzmunlu diskussiyalar aparılır.

Onu da xatırladaq ki, keçirilən diskussiyalardan başqa, layihə proqramı çərçivəsində Ulu Öndər Heydər Əliyev və dövlət gənclər siyasəti, sosial şəbəkələr və gənclərin bu istiqamətdə fəallığı, gənclik və müasirlik, eləcə də, digər bu kimi maraqlı mövzuları əks etdirən konfranslar təşkil edilib və layihənin keçirildiyi müddətdə davam etdiriləcək.

Təbii ki, bütün bunlar bilavasitə Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevin yürütdüyü uğurlu gənclər siyasətinin bariz göstəricisidir. Qeyd edək ki, fəal gənclər Yeni Azərbaycan Partiyasının Sədri, Prezident İlham Əliyevə öz ürək sözlərini təşəkkür teleqramı şəklində ünvanlayıblar. Yeni Azərbaycan Partiyası Gənclər Təşkilatının "Yay məktəbi" layihəsi davam etməkdədir.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər