PDF Oxu

Əsas

  • 44

“14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir”

“14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir”

Mingəçevir


Dünən "14 iyul Azərbaycanda milli intibahın başlanğıc tarixidir" mövzusunda YAP Mingəçevir şəhər təşkilatı və Mingəçevir Şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda birinci dəfə hakimiyyətə gəlməsinin 42 illiyinə həsr olunan elmi-nəzəri konfrans keçirilib. Konfrans iştirakçıları ilk öncə şəhərin mərkəzində ucaldılan Ulu Öndər Heydər Əliyevin abidəsini ziyarət edərək, önünə gül-çiçək dəstələri qoyublar.

Elmi-praktiki konfransı giriş sözü ilə açan Mingəçevir Şəhər İcra Hakimiyyətinin başçısı, YAP Mingəçevir şəhər təşkilatının idarə heyətinin üzvü Mübariz Ağayev Ulu Öndər, dahi şəxsiyyət Heydər Əliyevin 1969-cu ildə ilk dəfə hakimiyyətə gəlişindən, ölkəmizin inkişafında Onun xüsusi xidmətlərindən danışdı: "40 il əvvəl - 1969-cu il iyulun 14-də Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi ilə xalqımızın tarixində yeni dövrün başlanğıcı oldu. Ulu Öndər Heydər Əliyevin xalqı üçün miras qoyduğu müstəqil Azərbaycan dövlətində bu gün dinamik inkişaf və möhtəşəm quruculuq işləri proqramının həyata keçirilməsi yeni mərhələyə qədəm qoyub. Bu gün Ümummilli Liderimiz Heydər Əliyevin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyevin düzgün və məqsədyönlü siyasəti nəticəsində Azərbaycan güclü, qüdrətli ölkəyə çevrilməkdədir".

Elmi-praktiki konfransda çıxış edən YAP Mingəçevir şəhər təşkilatının sədri Cavanşir Yusubov "14 iyul 1969-cu ildə Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda siyasi hakimiyyətə gəlişi tarixi zərurət idi" mövzusunda geniş məruzə etdi. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmlənməsi və inkişafındakı xidmətlərindən danışan rayon təşkilatının sədri onu da vurğuladı ki, Heydər Əliyev özünün dərin zəkası, liderlik xarizması, milli ideallara, adət-ənənələrə möhkəm bağlılığı, zəngin idarəçilik keyfiyyətləri ilə hələ ötən əsrin 70-80-ci illərində qanunçuluğun qorunması və möhkəmləndirilməsi istiqamətində prinsipial addımlar atmış, xalqın hüquqlarının əzmkar müdafiəçisinə çevrilməklə milli ruh, iradə və özünüdərk meyillərinin ictimai şüurda möhkəmləndirilməsinə nail olmuşdur: "Azərbaycan xalqı fenomenal liderinin rəhbərliyi altında yüksək iradə nümayiş etdirməklə milli yaddaşını, mənəvi-əxlaqi dəyərlərini, tarixi dövlətçilik ənənələrini qoruyub saxlamağa nail olmuş, dövlət müstəqilliyi üçün zəruri siyasi-hüquqi və iqtisadi zəmin formalaşdırmışdır. Bu gün 1969-cu ildən başlayan müasir tariximizi, Ulu Öndərimizi həm də ona görə qürurla xatırlayırıq ki, ölkəmiz müstəqilliyini bərpa edəndən sonra da Azərbaycanın inkişaf etməsində, Onun dünya dövlətləri arasında özünə layiqli yer tutmasında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olmuşdur".

Tədbirdə YAP Mingəçevir şəhər təşkilatı qadınlar şurası idarə heyətinin üzvü D.İlyasova "1969-1982-ci illər Azərbaycanın iqtisadi, sosial-mədəni tərəqqi və milli oyanış mərhələsidir", Mingəçevir Politexnik İnstitutunun dosenti, kimya üzrə fəlsəfə doktoru M.Mehdiyev "1969-1982-ci illərdə Azərbaycanda həyata keçirilən siyasət müstəqilliyə hazırlıq mərhələsi idi", Azərbaycan Müəllimlər İnstitutu Mingəçevir filialının baş müəllimi, dissertant K.Hüseynova "Ümummilli Lider Heydər Əliyevin 2-ci dəfə siyasi hakimiyyətə gəlişi müstəqilliyimiizin qorunub möhkəmləndirilməsinə etibarlı təminatdır" mövzularında çıxış etdilər.

Çıxış edənlər ölkəmizi dünyanın qabaqcıl dövlətləri sırasına çıxaran məqsədyönlü daxili və xarici siyasətin təməlinin 1969-cu ildə Ulu Öndərimiz tərəfindən qoyulduğunu diqqətə çatdırdılar.


Tərtər


Dünən YAP Tərtər rayon təşkilatı ilə Tərtər rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin Azərbaycanda hakimiyyətə gəlməsinin 42-ci ildönümü ilə bağlı geniş tədbir keçirildi. Tədbir iştirakçıları ilk öncə rayonun mərkəzində ucaldılan Heydər Əliyevin abidəsini ziyarət edərək, abidə önünə tər gül dəstələri düzdülər. Tarixi günlə bağlı keçirilən tədbir YAP Tərtər rayon təşkilatının qərargahında davam etdi. Tədbirdə Tərtər rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərliyə gəlməsindən ötən 42 ilin hər səhifəsinin Azərbaycanın inkişaf, sınaq və özünütəsdiq səhifəsi olduğunu söylədi: "Çünki bu səhifələri vərəqləmək Azərbaycan tarixinin bütöv bir qərinəsinə nəzər salmaq deməkdir. 14 iyul 1969-cu il tarixli gündə Ulu Öndərimiz Heydər Əliyevin Azərbaycana rəhbərlik etməsi xalqımızın və ölkəmizin uğurlu gələcəyinin təmin olunması idi. Ulu Öndərimizin Azərbaycan rəhbərliyinə gəlişi dövründə respublikada, sözün əsil mənasında, baxımsızlıq hökm sürürdü, iqtisadiyyat sürətlə geriləyir, sosial problemlər artırdı. Onu da qeyd edim ki, bu dövrdə müstəqillikdən danışmaq ölümə bərabər idi. Müstəqil Azərbaycan haqqında yalnız düşünmək olardı, müstəqilliyin mənəvi, mədəni və iqtisadi əsaslarını yaratmaq olardı. Ümummilli Liderimiz Heydər Əliyev də bu yolu tutdu. Azərbaycanın inkişafı üçün sovet dövrünün və dövlətinin verdiyi bütün imkanlardan istifadə etdi. Qısa bir müddətdə Azərbaycan inkişaf edərək respublikada keçirilən sosializm yarışlarının qalibinə çevrildi. Hazırda müstəqil Azərbaycanın bütün əhəmiyyətli sənaye və istehsal sahələri, elm və mədəniyyət mərkəzləri Heydər Əliyevin adı ilə bağlıdır".

YAP Tərtər rayon təşkilatının sədri Ramiz Şabanov tədbirdə çıxış edərək bildirdi ki, 42 il ərzində Ümummilli Liderimiz Heydər Əliyev bütün fəaliyyəti ilə ictimai şüura daxil oldu, xalq üçün, dövlət üçün yaratdı, qurdu: "İyul ayı Azərbaycan tarixində bir hadisə ilə daha çox yadda qalıb. 1969-cu ilin iyulun 14-də Ulu Öndərimiz Heydər Əliyev Azərbaycana rəhbərlik etməyə başlayıb. Məhz həmin dövrdən Azərbaycan özünün yeni inkişaf dövrünə qədəm qoyub. Bu gün həmin tarixdən 42 illik bir zaman keçir. Lakin xalqımızın orta və yaşlı nəsli həmin dövrü unutmayıb. Çünki Azərbaycan xalqının bir millət kimi inkişaf etməsi, respublikasının iqtisadi gücünün artması kimi tarixi proseslər məhz 1970-ci ildən start götürmüşdü".

R.Şabanov, həmçinin, onu da vurğuladı ki, bütün varlığı ilə Vətəninə, xalqına bağlı olan müdrik siyasi və dövlət xadimi Ümummilli Lider Heydər Əliyev əsrlər boyu xalqımıza xidmət edəcək çox böyük irs qoyub getmişdir: "Müstəqil Azərbaycan dövləti bu irsdən faydalanır, sürətlə inkişaf edir, dünya dövlətləri cərgəsində öz mövqelərini getdikcə möhkəmləndirir. 1971-ci ildə Azərbaycan inkişafın tempinə və sürətinə görə keçmiş sovetlər birliyində ən qabaqcıl respublikaya çevrildi. Ulu Öndər Heydər Əliyevin 42 il bundan əvvəl Azərbaycana rəhbər seçilməsi hərtərəfli inkişafına zəmin yaratdı. Həmişə zaman böyük tarixi şəxsiyyətlərə ehtiyac duyub. Azərbaycanın Ulu Öndər Heydər Əliyevə ehtiyacı olanda Ümummilli Lider o tələbə uyğun olaraq tarixi çağırışa cavab verərək, hakimiyyətə gəldi. Ulu Öndər Heydər Əliyevin hakimiyyətinin hər iki dövründə xalqın bu ehtiyacı özünü qabarıq şəkildə büruzə verib. Hələ Ümummilli Liderin hakimiyyətinin birinci dövründə görülən işlərin ondan sonra baş verəcək dəyişikliklər üçün nə dərəcədə zərurət olduğu aydın idi. Azərbaycan 1990-cı illərin əvvəllərində fəlakət astanasında olanda yenə də xalqın çağırışına səs verən Ulu Öndər Heydər Əliyev tarixi missiyasını yerinə yetirmiş oldu. Bu gün bu siyasəti Ulu Öndər Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı ölkə Prezidenti İlham Əliyev uğurla aparır".

Tədbirdə YAP Tərtər rayon təşkilatının üzvü Sayəddin Musayev, rayon xəstəxanasının həkimi Yasəmən Şərifzadə, YAP Tərtər rayon təşkilatının aparat rəhbəri Kamil Məmmədov, rayon telekommunikasiya qovşağının rəisi Rüfət Qurbanov, YAP Tərtər rayon təşkilatının qadınlar şurasının sədri, Tərtər rayon icra hakimiyyətinin başçısının müavini Xatirə Məmmədova, Tərtər rayonu 2 saylı məktəb liseyin direktoru Gülarə Əkbərova və başqaları çıxış edərək, Ulu Öndər Heydər Əliyevin Azərbaycanda rəhbərliyə gəlməsindən ötən 42 ilin ölkəmizin inkişafında, beynəlxalq aləmdə imicinin daha da möhkəmlənməsində, xalqın sosial-rifah halının yaxşılaşdırılmasında və dövlətimizin gələcək strategiyasının müəyyənləşdirilməsində rolu ilə bağlı fikirlərini bildirdilər. Çıxış edənlər qeyd etdilər ki, 14 iyul 1969-cu il Azərbaycan xalqının Heydər Əliyev müdrikliyinin işığında birləşdiyi əlamətdar gündür.


RƏFİQƏ HÜSEYNOVA

Digər xəbərlər