PDF Oxu

Əsas

  • 39

Paytaxtımız nura boyandı

Paytaxtımız nura boyandı

Dünən Bakı şəhər İcra Hakimiyyətinin təşkilatçılığı ilə paytaxt Bakıda Ulu Öndər Heydər Əliyevin 1969-cu il 14 iyulda hakimiyyətə gəlişinin 42-ci ildönümünə həsr olunmuş bayram tədbiri keçirildi. Paytaxt Bakımız sanki nura boyanmış, gözəlliyi və möhtəşəmliyi ilə göz oxşayırdı. Vətəndaşların istifadəsinə olan park və xiyabanlarımız gül-çiçəklərlə bəzədilmiş, buraya istirahətə gələn insanlar qeyd edilən bayramı xoş ovqatla qarşılamışdır. Əsas bayram tədbiri isə Milli Parkın ərazisində yerləşən Saat Qülləsinin qarşısında keçirildi. Paytaxt sakinləri və şəhərimizin qonaqları tanınmış incəsənət ustalarının iştirakı ilə keçirilən konserti maraq və sürəkli alqışlarla izlədilər. Bir-birini əvəzləyən şux, oynaq musiqi təranələri altında əylənən gənclərimiz öz sevinclərini paytaxt sakinləri və qonaqları ilə bölüşüblər.

Onu da qeyd edək ki, Bakı şəhər İcra Hakimiyyəti bütün bayram tədbirlərini zövqlə təşkil edir, sakinlərin bayram tədbirlərini daha maraqlı şəkildə qeyd etmələrinə geniş imkan və şərait yaradır. Buna misal olaraq, hər il öz möhtəşəmliyi ilə qeyd olunan, artıq ənənə şəklini alan 10 May Gül Bayramını, 15 İyun Milli Qurtuluş Gününü, eləcə də Novruz və Yeni il şənliklərini də buraya aid etmək olar.

Paytaxt Bakı ilə yanaşı, respublikamızın hər bir bölgəsində, hər rayonunda və şəhərində qeyd olunan bu bayramlar xalqımız tərəfindən böyük rəğbət və sevinc hissləri ilə qarşılanır. Bütün bunlar, təbii ki, ölkədə gedən davamlı inkişafın məntiqi nəticəsidir. Dünən öz möhtəşəmliyi ilə seçilən bayramda da hər bir kəs Ulu Öndərimiz Heydər Əliyevin 1969-cu ilin yayında hakimiyyətə gəlişinin ildönümünü tükənməz fərəh hissi ilə qarşıladı. Tanınmış incəsənət ustalarının konsert proqramından sonra, Bakımızı nura boyayan möhtəşəm və rəngarəngliyi ilə göz oxşayan atəşfəşanlıq təşkil edildi. Bayram tədbiri gecə saatlarınadək davam etdirildi.

RÖVŞƏN RƏSULOV

Digər xəbərlər